Cümə axşamı, 13 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“İsrailin bu planı böyük toqquşma yaradacaq” – İordaniya səfiri 

Sami Asem Ğoşeh: “İsrailin planları Fələstin xalqının hüquqlarına açıq təcavüz hesab olunur”

“Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir və siyasi əməkdaşlığın həcminə adekvat deyil”

İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Asem Ğoşeh Yaxın Şərqdə baş verən hadisələr, İsrailin Fələstinə qarşı atdığı addımlar, dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı ölkəsinin gördüyü qabaqlayıcı tədbirlər, İordaniya-Azərbaycan əlaqələri və digər mövzularla bağlı “AzPolitika.info”-ya müsahibə verib.

Səfirlə müsahibəni təqdim edirik:

- Cənab səfir, Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi ehtimalı var. İsrailin İordan çayının Qərb sahilindəki ərazilərin anneksiyası planları Ammanda da çox ciddi etirazla qarşılanıb. Necə düşnürsünüz, Təl-Əviv bu planlarından geri çəkiləcəkmi, yoxsa yenidən qarşıdurma şiddətlənəcək?

- Hal-hazırda söhbət İsrailin İordan çayının Qərb sahilindəki regionları ilhaq etməsi planları ilə əlaqədar olan bir neçə ssenaridən gedir. Lakin bu ssenarilər nə olursa olsun, Krallığın mövqeyi aydın və dəyişməzdir ki, bunu da Əlahəzrət Kral II Abdullah bildirib. Mövqe ondan ibarətdir ki, böyük bir toqquşma yaradacaq və regionu daha çox gərginliyə sövq edəcək bu planları Krallıq rədd edib. Belə ki, tam suveren, müstəqil və paytaxtı Şərqi-Qüds olmaqla 1967-ci il 4 iyun tarixli sərhədlərində yaşamağa qadir Fələstin Dövlətinin qurulmasına bağlı olan İordaniya Dövləti onun ali strateji maraqlarına toxunan İsrailin bu addımı qarşısında bütün variantları araşdırır. İsrailin planları Fələstin xalqının tarixi, qanuni və siyasi hüquqlarına açıq təcavüz, BMT nizamnaməsinin, beynəlxalq qanunvericiliyin və BMT-nin müvafiq qətnamələrinin kobud şəkildə pozulması hesab olunur. Habelə bu, sülh prosesinin əsaslandığı bütün təməl prinsipləri yox edəcək və irqi ayrı-seçkilik sisteminə əsaslanan vahid dövlətin qurulmasına gətirib çıxaracaq ki, beynəlxalq ictimaiyyətin tamamilə rədd etdiyi də məhz budur.

- ABŞ prezidenti Tramp tərəfindən Ərəb-İsrail münaqişəsinin həlli ilə bağlı irəli sürülən plan bölgə ölkələri tərəfindən müsbət qarşılanmadı. Rəsmi Amman bu planı necə dəyərləndirir?

- Krallıq Fələstin probleminin ədalətli və tam həllinə nail olmaq məqsədini güdən istənilən beynəlxalq təşəbbüsləri dəstəkləyir, bir şərtlə ki, bu təşəbbüslər qardaş Fələstin xalqının bütün legitim hüquqlarına cavab versin, ədalətli və daimi sülhün bərqərar olmasına qadir olsun. Həmçinin, təsdiq edilmiş beynəlxalq qanunvericilik, ərəb sülh təşəbbüsü və beynəlxalq qanunvericiliyin qətnamələrinə müvafiq olaraq yekun vəziyyətin bütün problemlərini həll edən ciddi və birbaşa danışıqların başlanması zərurətini təsdiq etmiş olsun.

Habelə Krallıq ərazilərin ilhaqı, işğal edilmiş Fələstin torpaqlarında yaşayış məskənlərinin genişləndirilməsi, Qüdsdəki müqəddəs yerlərdə hüquqların pozulması kimi yeni faktların ortaya çıxması məqsədini güdən hər hansı birtərəfli İsrail addımlarının və tədbirlərinin tətbiq edilməsini rədd edir. Yeganə həll Fələstin xalqının legitim hüquqlarına, xüsusilə azadlıq və İsrail ilə yanaşı sülh və əmin-amanlıq içərisində yaşamaqla paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədlərindəki dövlət qurmaq hüququna cavab verən iki dövlət həlli prinsipidir.

- “COVİD-19” pandemiyası beynəlxalq məsələləri və konfliktləri müvəqqəti olaraq arxa plana keçirib. Amma buna baxmayaraq, Fars körfəzi bölgəsi dünyanın ən problemli çoğrafiyası olaraq qalır. Suriyada daxili qarşıdurma davam edir, Yəməndə də vətəndaş müharibəsi gedir, İranla bölgə ölkələrinin münasibətləri gərgin olaraq qalır. Bəs İordaniya bölgədəki problemlərin həlli üçün hansı yanaşmanı irəli sürür?

- Ərəb Müsəlman Ümmətinin üzləşdiyi müstəsna və daha əvvəl görünməmiş çağırışlarla bağlı müştərək ərəb fəaliyyətinin aktivləşməsi üçün səylərin koordinasiyasına, bu çağırışlara davam gətirmək üçün ərəb-müsəlman dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinə, ümmətimizin strateji maraqlarına və həlledici taleyüklü problemlərinə mənfi təsirlərin və izlərin minimuma endirilməsinə çağırırıq.

Krallıq Fələstin probleminin tam əhatəli və ədalətli həllinin Yaxın Şərqin üzləşdiyi digər problemlərin də açarı olduğuna əmindir. Belə ki, ədalətin olmaması, sülh prosesinin dayanması və ümidin itməsi Yaxın Şərq regionunda gərginlik və zorakılığın artmasına töhfə verən ən böyük amillərdəndir. Habelə Krallıq hər zaman zorakılıqdan çəkinməyə və müvafiq beynəlxalq qanunvericiliyə və qətnamələrə uyğun olaraq istənilən münaqişələrin sülhlə nizamlanmasına çağırır və regionda istənilən münaqişənin tam və ədalətli həllinin əsası kimi danışıqların əhəmiyyətini vurğulayır.

- Cənab Səfir, pandemiya ilə bağlı sizin ölkədə vəziyyət necədir? Pandemiyanın İordaniya iqtisadiyyatına vurduğu ziyanın həcmini deyə bilərsinizmi?

- Əlhəmdulillah, ölkəmizdə “Covid -19”-la bağlı vəziyyət orta təhlükəli hesab olunur. Belə ki, gündəlik olaraq 10-dan da az daxili yoluxma qeydə alınır və bunun səbəbi koronavirus böhranının idarə edilməsində İordaniya Haşimilər Krallığının qabaqlayıcı tədbir görməsinə əsaslanır. Belə ki, ölkənin sərhədləri erkən bağlandı, bundan əlavə tam karantin şəraiti tətbiq olundu, yoluxmaların mənbəyini aşkar etmək və onu məhdudlaşdırmaq üçün laboratoriya müayinələrinin aparılması genişləndirildi və infeksiyadan qorunmaq yolları ilə bağlı vətəndaşların maarifləndirilməsi işləri aparıldı ki, bu da epidemiyanın məhdudlaşdırılmasına və onun yayılmasının qarşısının alınmasına töhfə verdi. Biz İordaniya vətəndaşını maarifləndirməyi unutmuruq ki, bu da hazırkı nəticəni əldə etməyə gətirib çıxardı.

Habelə bilirsiniz ki, yeni nov koronavirus sərhədlər tanımır və beynəlxalq bir təhdiddir. Virus istisnasız olaraq bütün dünya dövlətlərinin, o cümlədən İordaniyanın da iqtisadiyyatına mənfi təsir edib. Belə ki, əksər dünya dövlətlərinin tam qapanması, turizmin dayanması və ticarət dövriyyələrinin aşağı enməsi nəticəsində iqtisadiyyatda yavaşlamanın olması gözləniləndir. Lakin digər tərəfdən bu böhran ola bilsin ki, Krallığa dünyadakı neft qiymətlərinin aşağı düşməsindən istifadə etməyə, İordaniya iqtisadiyyatının rəqəmsallaşdırılması layihəsini həyata keçirməyə, iqtisadi fayda və sosial müdafiəni artırmaq və böhrandan çıxmaq üçün özəl sektoru qorumağa müsbət mənada fürsət versin.

- Cənab səfir, may ayının sonlarından etbarən həftədə iki dəfə olmaqla Bakıdan Ammana birbaşa aviareys açılmalıydı. Amma məlum səbəblərdən bu plan həyata keçirilmədi. Ümumiyyətlə, iki ölkə arasında nə kimi əməkdaşlıq planları hazırlanmışdı? Perspektivdə bu planların gerçəkləşməsiylə bağlı nə deyə bilərsiniz?

- Amman və Bakı arasında birbaşa hava yolunun açılması iki dost ölkə arasında iqtisadi və turizm əlaqələrinin gücləndirilməsi baxımından mühüm addım hesab olunur. Əlahəzrət II Kral Abdullahın keçən ilin 10 dekabrında Azərbaycana səfərindən sonra Azərbaycan Hava Yolları (AZAL) şirkətinin rəhbəri ilə may ayının sonundan etibarən həftədə iki reys olmaqla “Buta” hava yolları şirkəti vasitəsilə Bakı və Amman arasında uçuşun həyata keçirilməsi barədə razılıq əldə olunub. Lakin təəssüf ki, dünyada koronavirus epidemiyasının yayılması səbəbilə ümumiyyətlə, epidemioloji vəziyyət düzələnə qədər uçuşların təxirə salınması nəzərdə tutulub. Bildirmək istəyirəm ki, bu planlar hazırda da qalmaqdadır və yaxında, böyük ehtimalla gələn il ərzində işə düşəcək. Nəticədə iki dost ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə müsbət mənada töhfə verəcək.

- Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının son iclası 2018-ci ildə Ammanda keçirilib, növbəti iclas bu il Bakıda planlaşdırılırdı. İlin sonuna kimi iclasın keçirilmə ehtimalı varmı? Ümumiyyətlə, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın prioritetləri hansı sahələrdir? Səhv etmirəmsə, bu sahədə irəliləyişin olmadığını demişdiniz...

- Faktiki olaraq hal-hazırda dünyadakı epidemioloji vəziyyət çərçivəsində bu kimi iclasların keçirilmə çərçivəsində bu kimi iclasların keçirilməsi üçün təklif olunan vaxtlar barədə danışmaq tez olardı. Lakin şübhəsiz ki, iki ölkə arasında iqtisadi və turizm əməkdaşlığını gücləndirmək məsələsi prioritet təşkil edir. Ticarət dövriyyəsinin həcmi çox kiçikdir və siyasi əməkdaşlığın həcminə adekvat deyil. Xüsusilə nəzərə alsaq ki, hər iki ölkə rəhbərlikləri arasında əlaqələr çox gözəldir.

Habelə vurğulamaq istərdim ki, iki ölkə arasındakı ticarət dövriyyəsi üçün əsas olan bir çox məhsullar mövcuddur. Misal üçün Krallıq Azərbaycandan çoxlu növdə qida və kənd təsərrüfatı məhsullarını (tərəvəzlər, meyvələr), bundan əlavə pambıq, alüminium kimi bəzi metallar, yüngül sənaye məhsulları və avtomobillər idxal edə bilər. Habelə Azərbaycan da Ölü dənizin məhsullarını (duz, palçıq) və digər kalium və fosfat kimi maddələri, bununla bərabər kənd təsərrüfatı, qida, dərman və sağlamlıq məhsullarını idxal edə bilər. Həmçinin müdafiə sənayesi də iki ölkə arasında ticarət dövriyyəsi üçün əsas ola bilər.

- Cənab səfir, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz da Yaxın Şərq kimi mürəkkəb çoğrafiya sayılır. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Dağlıq Qarabağ münaqişəsini çox zaman Ərəb-İsrail münaqişəsilə də müqayisə edirlər. Siz bir diplomat kimi Qarabağ ətrafında aparılan danışıqların perspektivini necə dəyərləndirirsiniz? Və Qarabağ konfliktinin Ərəb-İsrail münaqişəsi ilə müqayisəsi nə dərəcədə düzgündür?

- Dünyadakı digər münaqişələr kimi Dağlıq Qarabağ münaqişəsi də beynəlxalq qanunvericilik və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq əhatəli və ədalətli sülh nizamlanması tələb edən münaqişədir. Burada mən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, xüsusilə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tam şəkildə icra edilməsinin vacibliyini vurğulamaq istərdim. Habelə, İƏT tərəfindən qəbul edilən bir çox qətnamələrdə münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri çərçivəsində sülh yolu ilə həll edilməsi vurğulanıb. Eyni zamanda mən 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin zirvə toplantısının yekun sənədini, xüsusilə iştirak edən dövlət və hökumət başçılarının AzərbaycanErmənistan arasındakı münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsinə görə təəssüflərini ifadə etdikləri yekun sənəddəki 662 və 663-cu abzasları göstərmək istərdim. Onlar BMT nizamnaməsində göstərilən gücdən istifadə etməmə prinsipini, münaqişə tərəflərini Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərinə zəmanət verən danışıqlar yolu ilə nizamlanmaya nail olmağa həvəsləndirməyin vacibliyini vurğulayıblar.

- İordaniya həm də qədim Petra şəhərinin vətənidir. “Qızılgül Şəhəri” (The Rose City) nadir tarixi arxitekturaya malikdir. UNESCO tərəfindən 7 yeni dünya möcüzəsi siyahısına salınıb. Azərbaycanda da dünyanın nadir memarlıq və arxitektura abidələri var. Bəs Siz, ölkələrimiz arasında mədəniyyət, incəsənət, dünyagörüş baxımından hansı bənzərlikləri müşahidə edirsiniz?

- Faktiki olaraq, Azərbaycana gəldiyim ilk gündən bəri diqqətimi çəkən məqam Azərbaycan və İordaniya mədəniyyətlərinin bənzərliyi, eləcə də insanların münasibətlərindəki yaxşılıq və hörmət nöqteyi-nəzərindən böyük oxşarlığın olmasıdır. Bununla bərabər hər iki ölkə rəhbərlikləri arasında mövcud olan siyasi əlaqələrin möhkəmliyi və dünyada mövcud olan problemlərlə əlaqədar onların eyni mövqedən çıxış etməsi məni sanki özümü ikinci vətənimdə olduğum kimi hiss etməyimə sövq edib. Azərbaycan və İordaniya memarlıq və təbii müxtəlifliklə səciyyələnir və bu, hər bir turist üçün mühümdür. Krallığa gəlincə, orada çoxlu sayda turizm üçün cəlbedici yerlər var. Bunlardan paytaxt Amman öz gözəlliyi və bir çox alış-veriş mərkəzləri, restoranları, tarixi yerləri və muzeyləri əhatə etməklə səciyyələnir. Bundan əlavə, Ölü dəniz duzları ilə zəngin suları, nadir və əlverişli təcrübə yaradan metalları ilə fərqlənir və dünyada aparıcı təbii müalicəvi bölgələrdən hesab olunur. Bura mən Petranı (çəhrayı şəhər və dünyanın 7 möcüzəsindən biri), düşərgə həvəskarları üçün Vadi Rum bölgəsini, Qırmızı dənizə açılan və ecazkar mərcan qayaları ilə fərqlənən Akaba körfəzini əlavə etmək istərdim. Habelə Krallıq oraya səfər edən istənilən turist üçün nadir təcrübə olan təbii qoruqlar, turistik və dini yerlərlə zəngindir.

Eyni vəziyyəti Azərbaycan üçün də deyə bilərəm ki, bu ölkə böyük müxtəlifliklə səciyyələnir. Azərbaycanın ecazkar bölgələri var. Paytaxt Bakı orjinallıq və müasirlik baxımından səciyyələnir, belə ki, şəhər müasir memarlıqla keçmişin mirasını birləşdirir. Mənə gəlincə, ən çox xoşuma gələn qədim şəhər olan İçərişəhər, Qız qalası və müasir memarlıq töhfələrindən hesab olunan Heydər Əliyev Mərkəzidir. Burada mən Quba, Qəbələ, Gəncə kimi gözəl təbiəti olan yerləri də unutmuram. Azərbaycana səfər etməyi planlaşdıran istənilən turist üçün bu yerlərə də baş çəkmək nadir təcrübələrdən biri olardı.

- Son illər azərbaycanlıların xaricə səfərləri çoxalıb. İordaniya necə, onların marağını cəlb edə bilibmi?

- Təəssüf ki, İordaniya və Azərbaycan arasında turist mübadiləsinin həcmi hələ də çox zəifdir. Belə ki Krallığa 2018-ci ildə səfər edən azərbaycanlı turistlərin sayı 646 nəfər olub. Lakin keçən 2019-cu ildə turistlərin sayında azca artım olub və bu say 677 nəfərə çatıb. İndi mühüm olan odur ki, biz iki ölkə arasındakı turizm mübadiləsinin həcmini artıraq. Hesab edirəm ki, Bakı və Amman arasında birbaşa hava yolunun açılması turizmdə hərəkətliliyin və qeyd etdiyim bu rəqəmlərin artmasına gətirib çıxaracaq.

pia.az 


Etiket: Səfir


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Gərginlik: Ramin Bayramlı Rüfət Quliyevlə nəyi paylaşa bilmir?

Karantin rejimi yenidən sərtləşdirilə bilər — Açıqlama

Dünən gecə çox sayda livanlı erməni Ermənistana gəlib

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən açıqlama

Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında! - Sensasion həbslər gözlənilir...

Manantın devalvasiyası qaçılmazdır - Ekspert belə hesab edir...

Hadi Rəcəblinin rəis qardaşını işdən çıxardılar

“Bandotdel”lə bağlı fotosu yayılan şəxs açıqlama verib

Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası: Bentley, Range Rover, Mercedes... - Foto

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

loading...

Ən çox oxunanalar