Cümə axşamı, 06 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Deputat Erkin Qədirli maliyyə hesabatına dair status paylaşdı - müxaliflər təftişə başladı

"Kimsəni inandırmaq kimi bir məqsədim yoxdur" deyən deputat xərclərini qəpik-qəpik açıqladı...

Deputat Erkin Qədirli deputatlara verilən bayram payından çıxış edərək, maliyyə hesabatını paylaşıb. Musavat.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazdığı statusda detallı məlumat verib. E.Qədirli yazıb ki, mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat alıb. Bu isə ortalama aya 3.3 min alınır. Maaşdan başqa gəliri olmadığını yazan deputat sonra onlar barədə bir-bir məlumat verib:

1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);

2) 2,400 (anamın evində təmir işləri);

3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 il sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);

4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);

5) başqa xərclər (kommunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

Bu statusun yazıldığı anda maaş kartımda 9,860 manat 59 qəpik var".

E.Qədirli yazıb ki, hesabat dövründə heç bir əmlak əldə etməyib. Yalnız, doğum günündə dostları Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar.

Sözügedən status sosial şəbəkədə ciddi müzakirəyə səbəb olduğu üçün E.Qədirli xərcləri ilə bağlı daha detallı məlumat vermək zorunda qalıb.

Deputat növbəti statusunda aşağıdakıları yazıb: "Heç bir bankda kreditim və ya depozitim yoxdur. Heç bir şirkətin səhmdarı deyiləm. Adıma yalnız bir əmlak var - 2007-ci ilin buraxılışı olan "Toyota Corolla" (tiptronik). 2007-ci ildə Toyota Mərkəzindən 3 illik kreditlə almışdım. Maşının qiyməti 20,000 manat, ilkin ödənişim 2,000 manat olub (10%). Krediti Bank of Baku-dan götürmüşdüm (öz seçimim deyildi, "Toyota" onlarla işləyirdi). Krediti, yanılmıramsa, 22%-lə almışdım (elə verirdilər). Maşınımı aldığım vaxtda ayda 2,100 manat maaş alırdım (xarici layihədə çalışırdım). Aylıq ödənişim 700 manat olub. 2011-ci ildə krediti bağladım. Arada, işsiz qaldığıma görə, maddi sıxıntılarim oldu, ona görə kredit ödənişlərim yubandı. Adıma daşınmaz əmlak yoxdur. Ağlınıza korrupsiya sxemlərini gətirməyin. İş elə gətirdi. Bunu izah etmək üçün gərək şəxsi həyatımla bağlı detallara girim, onu isə etmək istəmirəm. Bunun deputatlığımla əlaqəsi yoxdur".

Deputat yazıb ki, bundan öncə paylaşdığı hesabatında xərclərilə bağlı suallar oldu: "Şəxsi xərclərimin inandırıcı olmayan dərəcədə az olduğunu yazanlar olub. Güman ki, belə suallar məlumatsızlıqdan qaynaqlanır (başqa şeyi ağlıma gətirmək istəmirəm). Məlumatsızlığınızın mənbəyi də özüməm, çünki hesabatda bəzi şeyləri yazmamışam. Niyə yazmamışam? Çünki onlar maddi məlumatlar deyillər. Amma bir halda ki, sual verildi, şübhə oyandı, cavabımı yazım. Mən tək yaşayıram. 2014-cü ildə yoldaşımla boşandıq. Şəxsi ehtiyaclarım çox deyil, istəklərim ondan da azdır. Aylıq (ortalama) 4-5 manatlıq işıq sərfiyyatım olur. Yalnız oturduğum otağın işığını yandırıram, böyük lampaları işlətmirəm, qaranlığı sevirəm. Yalnız yay aylarında işıq xərclərim bir qədər artır (kondisionerə görə). Qaz xərclərim lap azdır (evdə nadir hallarda özümə nəsə bişirirəm). Yalnız qış aylarında kombi günə 1 manat yandırır. Onu da çox soyuq və güclü külək olanda işlədirəm (soyuğu sevirəm). Ən sabit xərcim internetdir - ayda 18 manat. Telefonla çox az daşınıram (telefonda danışmağı sevmirəm). Yemək xərclərim azdır. Geyim xərclərim lap azdır. Mühafizəkar olduğuma görə, şəxsi həyatımda yenilik arzulayan birisi deyiləm. Paltarı ancaq ehtiyacım yarananda alıram (cırılanda, söküləndə və s.). Deputat olandan bəri özümə yalnız iki köynək, bir cüt ayaqqabı (kostyumla geyinmək üçün), kəmər, bir neçə cüt corab və alt paltar almışam. Ayrıca, bundan öncə paylaşdığım hesabatda ancaq kartdan olan ödənişlərimi yazmışam. Mən ərzağa kartdan nadir hallarda pul xərcləyirəm (hərdən böyük marketlərə gedəndə). Əksər hallarda ərzağı evimin yanında olan kiçik dükanlardan alıram (nağd pulla). Başqa nağd xərclərim də olur. Ümid edirəm, deputat olana qədər pulsuz yaşadığımı düşünmürsünüz və ona qədər, çox da olmasa, bir az pul yığdığımı güman edə bilərsiniz".

E.Qədirli xatırladıb ki, 2016-cı ildə Natiq Cəfərli həbs olunanda, ReAl-ın İdarə Heyətinin bütün üzvlərini prokurorluğa, dindirməyə çağırıb: "Hər birimizin maddi durumu ilə maraqlanırdılar. Mənim dindirməmdə müstəntiq mənə belə bir sual verdi: "Erkin müəllim, nəylə yaşayırsınız, pulunuz haradan gəlir?" Mən də sabit qazancım olmadığını, əsasən daha öncə yığdığım puldan xərclədiyimi, bir də dostların yardımı hesabına yaşadığımı dedim (o illər işsiz olmuşam). Onda müstəntiq soruşdu: "Nə qədər pul yığmısınız?" Dedim: "5-6 min olar, dəqiq yadımda deyil". Müstəntiq (təəccüblə): "5-6 min? Mən Sizi belə zəif bilmirdim". (Haşiyənin sonu). Ümumiyyətlə, harada və necə işlədiyimdən asılı olmayaraq, barəmda hər zaman çeşidli söz-söhbətlərin olduğunu bilmişəm. Nədənsə, çoxları aza qane olduğumu, rüşvət almadığımı və s. ağlına gətirmirdi. 12 il BDU-nun hüquq fakültəsində dərs dedim, axıra qədər barəmdə "əşşi, bu da alır", "ola bilməz ki, almasın", "özünü sadə göstərir, amma yoxlasan, nə qədər pulu çıxar" sayağı dedi-qodu gəzdi. İlk illərdə bu, məni çox rahatsız edirdi. Sonra alışdım. Üstəlik, onsuz da əsas rəyi tələbələr verirdi, ondan isə çox rahat idim. 12 il ərzində üst-üstə minlərlə tələbəyə dərs dedim, birinin də rüşvət aldığımı söyləməyə əsası olmadı. İndi deputatam və eyni dedi-qoduların olduğunu görürəm. Yalnız, bu dəfə belə şeylər məni rahatsız etmir. Mən o psixoloji aşırımı çoxdan keçmişəm".

"Kimsəni inandırmaq kimi bir məqsədim yoxdur" yazan E.Qədirli həmçinin aşağıdakı qeydləri də yazıb: "İstəklərimin çox az olduğunu yuxarıda yazmışam. Məsələ ondadır ki, həyatda istədiyim şeylərin çoxunu pulla almaq olmur. Ona görə də, ya da həm də ona görə də, pul mənim üçün heç zaman məqsəd və ya motiv olmayıb. Bir deyimdə olduğu kimi - pulla çarpayı ala bilərsiniz, amma yuxu ala bilməyəcəksiniz. Mən belə yaşayıram".

Musavat.com xatırladır ki, E.Qədirlini bu statusa yazmağa vadar edən deputatlara verilən bayram payı haqqında yazdıqları olub. Deputat yazmışdı ki, bu, köhnə qayda illərdir tətbiq olunur və deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər: "Beş yüz nə qədərsə manat. Novruz, Ramazan, Qurban və Həmrəylik Günü. Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub.

Ayrıca, mən maaşımdan xeyriyyə işləri üçün pul ayırıram. Bunu reklam etmirəm, çünki: 1) etik saymıram; 2) reklamdan xoşum gəlmir; 3) hamıya yardım etmək imkanım yoxdur".

Musavat.com xatırladır ki, deputatın maliyyə hesabatı sosial şəbəkədə müzakirələrə səbəb olub. İnsanlar onun xərclərinin azlığı ilə bağlı şübhələrini ifadə ediblər. Bir qism şəbəkə istifadəçisi isə bu hesabata gərək olmadığını yazıb. Onların fikrincə, heç kəs rəsmi maaşa görə hesabat vermək zorunda deyil.

pia.az 


Etiket: Erkin Qədirli


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Video, Foto, Yenilənib

Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi

Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs bank işçisiymiş, keçmiş əri isə...

Nadir Qafarzadə: “Bezmişəm, axırda canıma qəsd edəcəm“

Azər Qəriboğlu: "Ayaqyoluna getmək üçün ayaqyolu.az saytında qeydiyatdan keçmək lazımdır?"

Rəfiqələrin yeni təhsil nazirinə sabotajı: Esmira Ağayeva 20 nömrəli məktəb-liseyə necə gəldi

Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ

Vüsal Kərimli iki milyonluq tenderi öz şirkətinə verib?

DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib olub 

Elnarə Xəlilovadan ittiham: "Həkimlər neçə xəstəni baxımsızlıqdan öldürüblər"

loading...

Ən çox oxunanalar