Bazar, 27 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Batka” avantürist manevr ilə Rusiyanı məğlub etdi: Nüfuzu sarsılan Kreml “böhran ssenarisi”ni işə sala bilər

Növbəti mərhələdə Rusiya-Belarus ziddiyyətlərinin dərinləşə biləcəyi qətiyyən istisna deyil... Prezident Aleksandr Lukaşenkonun Kremlin tarixi Rusiya ərazısi hesab etdiyi Belarusu ABŞ və Qərblə yaxınlaşdırmağa çalışacağı gözlənilir...

Belarusda seçki gərginliyi davam edir. Yəqin ki, bu ölkədə siyasi gərginlik hələ bir müddət də öz aktuallığını qoruyub, saxlayacaq. Və günlər ötdükcə etiraz dalğası da tədricən zəifləməyə, nəhayət, tamamilə geri çəkilməyə başlayacaq.

Hazırda etiraz dalğasının davam etməsi Belarus prezidenti Aleksandr Lukaşenkonun siyasi opponentlərinin, daha dəqiq desək, seçki rəqiblərinin güclü olmaları ilə bağlı deyil. Hər halda, istənilən seçkidən sonra narazılıqlar olur və etiraz edən kütlələr meydana çıxır.
Əslində, Belarus da indi təxminən seçkilər nəticəsində ortaya çıxmış, ancaq uzun müddətdən bəri yığılmış “narazılıq buxarı”nın tədricən boşaldılması prosesini yaşayır. Belə ki, Belarus MSK-sı “Batka”ya 80 faiz ətrafında seçici səsi yazsa da, bu ölkədə hamının dövlət başçısından məmnun olduğunu düşünmək sadəlövhlük olardı.

Şübhəsiz ki, “Batka”nın özü də Belarusda bütün sosial təbəqələrin dəstəyinə sahib olmadığını çox gözəl anlayır. Ona görə də Belarus liderinin seçkilərə hələ iki il qalmışdan səsvermə gününə maksimum ciddiyyətlə hazırlaşması qətiyyən təəccüblü deyil. Bu hazırlıq çərçivəsində onun qurduğu seçki ssenarisinin nəticəsi olaraq, müxalifətin daha önəmli qüvvələri və təmsilçiləri demək olar ki, “oyundankənar” vəziyyətə salınmışdı.
Müxalifətin adından onun əsas rəqibi kimi seçkiyə qatılan prezidentliyə xanım namizəd Svetlana Tixanovskayanın isə belə taleyüklü siyasi mübarizə modelinə qətiyyən hazır olmadığı təsdiqləndi. Belə ki, seçki ərəfəsində “Batka”nın bütün dövlət resurslarından bu seçkidə istifadə edəcəyi qətiyyən şübhə doğurmurdu. Və həmin resursların sırasında polisin gücünün də olacağı şübhə doğurmurdu.

Ancaq buna baxmayaraq, müxalif namizədin seçki düşərgəsi səsvermədən sonrakı mərhələ üçün təşkilatlanmanı reallaşdıra bilməmişdi. Ona görə də etiraz dalğası kortəbii xarakter daşıyır və təşəbbüsü ələ almaq şansları demək olar ki, mövcud deyil.

Etiraz dalğasına rəhbərlik etməyə borclu olan prezidentliyə əsas müxalif namizəd Svetlana Tixanovskaya isə onun üçün meydanlara çıxan aksiyaçıları lidersiz buraxıb. Bəzi məlumatlara görə, xanım namizəd hazırda gizlənib və daha çox öz təhlükəsizliyi barədə düşünür. Halbuki belə mübarizə taktikası ilə seçki qarşıdurmasında qalib gəlmək mümkün deyil.

“Batka” isə indi nisbətən özünü daha rahat hiss edir. O, Belarusda vəziyyətə nəzarəti öz əlində saxlaya bilməsindən çox məmnun görünür. Bəzi məlumatlara görə, “Batka” seçki ərəfəsində daha çox Ukraynada baş vermiş “Maydan” olaylarının Belarusda da təkrarlana biləcəyindən narahat imiş. Ancaq görünən odur ki, ən azından bu dəfəlik Belarusda yeni “Maydan” yaratmaq mümkün olmayacaq.


Hətta “Batka” etirazçılara qarşı yazın günlərdə sərt addımların atıla biləcəyinin mesajını da verib. Eyni zamanda o, aksiyaçıları kriminal keçmişi olmazda da suçlayıb. Bu isə polis üçün sərt tədbirlərin göstərişi kimi də dəyərləndirilə bilər.

Görünən odur ki, “Batka” seçki prosesinin ölkədaxili hissəsini artıq yoluna qoya bilib. İndi növbəti mərhələ ölkənin xaricindən gözlənilən təzyiqlərin dəf edilməsinə hazırlığın tamamlanmasıdır.

Məsələ ondadır ki, hazırda “Batka” xarici dəstək məsələsi ilə bağlı hər zaman olduğundan daha çox korluq çəkir. Belə ki, hakimiyyətdə olduğu 26 il ərzində Rusiya onun əsas dayağı hesab olunurdu. O, hətta Rusiya və Belarusu vahid dövlətə çevirmək ideyasının da əsas müəllifidir.

Ancaq onun ümid bəslədiyi bəzi gözləntilər özünü doğrultmayıb. Belarusa Rusiyanın vahid dövlət ideyası çərçivəsində təmənnasız maliyyə-iqtisadi, ticari güzəştlər edilə biləcəyi ilə bağlı uzunmüddətli iddialar artıq arxa plana keçib.

Əksinə, Kreml hazırda Belarusdan bəzi “güzəştlər” umur. Belə ki, Ukraynanın Kremlə “dönük” çıxmasından sonra Rusiya Belarusdan “siyasi vassallıq” keyfiyyətində yaxınlaşma gözləyirdi. Ancaq “Batka”nın şəxsi eqosu ona Belarusun Rusiyanın imperialist iddiaları içərisində “əridilməsinə” imkan vermədi. Və bu səbəbdən də hazırda Kremldə “Batka”ya o qədər də güvənmirlər.

Məsələ ondadır ki, keçmiş SSRİ-nin dağılmasına qədər Belarus heç vaxt müstəqil dövlət olmayıb. Bu coğrafi məkan həmişə Rusiya imperiyasının ərazi vahidi olub. Ona görə də, Kremldə Belarusa Rusiyanın tarixi ərazisi kimi yanaşırlar. Və Kreml bu imperialist iddiadan nə vaxtsa, geri addım atmaq niyyətində olmadığını da qətiyyən gizlətmir.  
Son vaxtlar, xüsusilə də, Ukraynanın Rusiyaya arxa çevirib, üzünü Qərbə tutmasından sonra Belarusun əldə saxlanması Rusiya üçün taleyüklü məsələ keyfiyyəti qazanıb. Çünki nə vaxtsa, Belarus da Rusiyadan birmənalı şəkildə üz çevirərsə, bu, Kremlin Ukraynadan sonra “ikinci qolu”nun da qopması anlamına gələ bilər.

Ona görə də Kreml “Batka”nın 2018-ci ildən üzübəri Ukrayna üzərindən Qərbə yaxınlaşmağa can atmasından ciddi şəkildə narahatdır. Rusiya siyasi dairələrində artıq anlamağa başlayıblar ki, “Batka”nın “qırmızı cizgi”ləri belə cəsarətlə aşmasının nəticəsi bir gün Belarusun ABŞ və Qərblə birbaşa ünsiyyət qurub, tam yaxınlaşması ilə nəticələ bilər.

Ona görə də hazırda Rusiyada “Batka”sız Belarus dövrü üçün ssenarilərin hazırlanmasının ön plana keçməkdə olduğu müşahidə edilir. Ən qəribəsi də odur ki, indi “Batka” Rusiyada heç bir siyasi cərəyan tərəfindən rəğbət qazanmış persona sayılmır.

Rusiyanın azsaylı da olsa, hələlik öz mövcudluğunu qoruya bilmiş Qərbmeyilli siyasi qüvvələri “Batka”nı prezident V.Putinlə eyni sıraya qoyurlar. Onların fikrincə, Belarusda A.Lukaşenkonun hakimiyyətdən kənarlaşdırılması əslində, V.Putinin zəiflədilməsində xüsusi rol oynaya bilər.

Kremldə isə onu yaxın gələcəkdə Rusiyaya arxadan zərbə vurmaq potensialına sahib dövlət lideri hesab edirlər. Və bu səbəbdən də “Batka”nın hakimiyyətdə Rusiyaya sadiq şəxslə əvəzlənməsinə ən doğru variant kimi yanaşırlar.

Ancaq hazırda bu, o qədər də asan məsələ deyil. Çünki “Batka”nın Belarusdakı dayaqları hələ çox möhkəmdir. O, hakimiyyətdə olduğu müddətdə özünü Belarusda əvəzləyə biləcək siyasi liderin ortaya çıxmasına da imkan verməyib. Yəni hazırda öz ölkəsində demək olar ki, alternativsiz dövlət lideridir.

Ona görə də, Kreml bütün səhnəarxası cəhdlərə baxmayaraq, bu dəfə “Batka”nı hakimiyyətdən kənarlaşdıra bilmədi. Üstəlik, Belarus prezidenti elə manevrlər etdi ki, Kreml öz cəhdlərində daha israrçı davranmış olsaydı, bu, Rusiya üçün xoşagəlməz nəticələrə yol aça bilərdi.

Xüsusilə də, onun 33 Rusiya vətəndaşını həbs edərək, Kremlin Belarusda dövlət çevrilişinə hazırlaşması barədə hay-küy salması Rusiyanı müəyyən mənada, çıxılmaz vəziyyətə saldı. Üstəlik, onun ABŞ və Qərblə iqtisadi-ticari əlaqələri səhmana salıb, Ağ Evlə diplomatik münasibətləri bərpa etməyə nail olamsı Rusiyanı geri çəkilmək məcburiyyətində buraxdı. Yəni, “Batka”nı avantürist məzmunlu çevikliyi Kremli daha ehtiyatlı və səbrli davranmağa meylləndirdi.

İndi “Batka” hakimiyyətdə qalmaq üzrə mübarizənin ilk mərhələsinin qalibi kimi görünür. Ancaq Rusiyanın səbrinin çox çəkməyəcəyi də qətiyyən şübhə doğurmur. Böyük ehtimalla ən yaxın gələcəkdə Kreml artıq etibarını itirmiş “Batka” ilə bağlı problemi bir dəfəlik həll etmək üçün özünün ehtiyat planlarını işə sala bilər. Ona görə də Rusiya-Belarus münasibətlərində ziddiyyətlərin bundan sonra artan xətt üzrə davam edə biləcəyi qətiyyən istisna deyil. (musavat.com)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Səfər Mehdiyevi əvəz etməsi gözlənilən Azər Məmmədov kimdir?

Rusiyanı yox sayaraq Azərbaycanla birbaşa danışmaq istəyən Paşinyan indi hansı havanı çalır?

Gömrük Komitəsinin açıqlaması gülüşə səbəb oldu - Foto

Bakıdakı milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Estetik əməliyyatın qurbanı olan məşhurlarımız - Fotolar

DTX tərəfindən tutulan Nurupaşa Abdullayev və İlqar Əliyev həbsdən buraxıldılar 

Rusiya nəşrindən etiraf: ““Qafqaz-2020” təlimlərində mesaj  Ankara və Bakıya ünvanlanmışdı”

Məmur övladlarının milyonluq maşın kolleksiyası - Fotolar 

“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” - Elxan Şahinoğlu

Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir

"Mir Şahin Azərbaycanın bir nömrəli propaqandistidir" - Turan İbrahimov

Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu  - Sahil Babayev onu niyə işdən çıxarmışdı?..

loading...

Ən çox oxunanalar