Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arayış almaq üçün qapı-qapı gəzib, manat-manat xərcləməkdən qurtulmaq zamanıdır

Əliməmməd Nuriyev: “Hələ də sənədlərin kağız formasında toplanması formasından istifadə olunur ki, bunu həll etmək lazımdır”.

Xəbər verdiyimiz kimi, ali məktəblərə qeydiyyat başlayıb. Hazırda tələbə adını qazananlar oradan-buradan müvafiq arayışları toplamaq üçün valideynləri ilə müxtəlif qurumlara müraciət edirlər. Bu da həm zaman itkisinə, həm də əlavə xərclərin çıxmasına səbəb olur.

Azərbaycan İnternet Forumunun prezidenti, İKT mütəxəssisi Osman Gündüz də bu günlərdə şəxsi “Facebook” hesabından bu məsələyə diqqət çəkib. Bildirib ki, on illərdir ölkədə e-gov quruculuğu aparılsa da, arayış problemi öz həllini tapmayıb: “DİM gec də olsa, qəbul nəticələrini açıqlayıb. Güman ki, bundan sonra ali təhsil müəssisələri qeydiyyat üçün qəbul olan tələbələrdən müxtəlif arayışlar istəməyə başlayacaq. Baxmayaraq ki, on illərdir ölkədə e-gov quruculuğu aparılır, hələ də bizdə arayış problemi həll olmayıb. Səlahiyyətli qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzi indiyədək bu problemi həll edə bilməyib”.

Gündüz qeyd edib ki, mygov.az-da vətəndaşlar xeyli arayışlar əldə edə bilsə də, bunların heç bir hüquqi əsası yaradılmadığına görə bu resursdan istifadə edənlər demək olar ki, yoxdur: “Dövlət qurumları arasında inteqrasiya olmadığından, müvafiq hüquqi mexanizmlər yaradılmadığından vətəndaşlardan hələ də  kağız formada arayışlar tələb olunur. Düşünürəm ki, Dövlət Agentliyi qanunvericiliyi sadələşdirərək, optimallaşma apararaq, ya arayışların ləğvi məsələsini gündəmə gətirməli, ya da əziyyət çəkərək myGov-da hazırlığı elektron arayışların hüquqi əsaslarını yaratmalıdır”.

Mövzu ilə bağlı AYNA-ya danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də hesab edir ki, xidmətlərin elektronlaşdırılması həm vaxta, həm də xərclərə qənaətdir: “Əlbəttə, “Elektron hökumət”ə keçidlə bağlı bir sıra nəticələr var. Müxtəlif qurumların inteqrasiyası prosesi gedir. Əslində DİM artıq tam elektronlaşmış formada fəaliyyət göstərir. Təbii ki, universitetlərin də elektronlaşdırılması çox vacib məsələdir. Bu gün universitetlərdə elektronlaşma səviyyəsi qeyri-bərabərdir. Məsələn, UNEC artıq tamamilə elektronlaşıb. Lakin digər ali təhsil ocaqlarının elektronlaşması hələ baş verməyib, buna görə də bir sıra hallarda sənədlərin kağız formasında toplanması formasından istifadə olunur”.

“Əgər rəqəmsal hökumətə keçid varsa, bütövlükdə dövlət qurumları, publik hüquqi şəxslər hamısı rəqəmsallaşmalı və bu proses universitetləri də əhatə etməlidir. Belə olan halda vətəndaşlarımız, tələbələrimiz qeydiyyat və sonrakı mərhələlərdə kağız-kuğuz işləri ilə vaxt itirməkdən azad olacaqlar. Bu, həm vaxta qənaətdir, həm də xərclərin azalmasına gətirib çıxarır. Həmçinin, rəqəmsallaşma istənilən ali təhsil ocağının özündə də resurslara qənaət etməsinə imkanlar verəcək. Bu baxımdan elektronlaşma istiqamətində addımlar nə qədər daha sürətli atılsa, o qədər yaxşıdır”, - ekspert deyib.

Nuriyev onu da qeyd edib ki, xidmətlərin elektronlaşdırılmasının sürətləndirilməsi üçün müəyyən maliyyə resurslarına və proqram təminatına ehtiyac var: “Mənə elə gəlir ki, yaxın zamanda Təhsil Nazirliyi tərəfindən universitetlərə də bu barədə göstərişlər veriləcək. Həmçinin, ali təhsil ocaqları da vəsaitlərinin bir qismini elektronlaşma məsələsinə yönəltməlidir ki, bu istiqamətdə xərclər azalsın, vaxta qənaət edilsin, insanların məmnunluğu təmin olunsun. Lakin təbii ki, bu, bir qədər zaman alan məsələdir. Çünki müxtəlif qurumların bir-birinə inteqrasiyası baş verməlidir. Universitetlərlə DİM arasında da inteqrasiya tam təmin olunmalıdır. İnteqrsiya baş verdikdə məlumat bazasından informasiyaların istifadəsi mümkün olacaq".

"Lakin hələ məlumat bazaları ilə bağlı da problemlər var. Doğrudur, məlumat bazaları var, amma onların sistemləşdirilməsinə ehtiyac var ki, istifadə asanlaşsın. Bundan ötrü də müəyyən maliyyə resursları və proqram təminatları lazımdır. Hər halda cənab Prezidentin rəqəmsal hökumətə keçid, xidmətlərin rəqəmsallaşdırılması ilə bağlı göstərişləri var. Ümid edirik, universitetlər də bu istiqamətdə addımlarını sürətləndirəcək”, - müsahibimiz vurğulayıb.

Qeyd edək ki, “Elektron hökumət”in formalaşdırılması inkişaf etmiş ölkələrdə demokratiyanı möhkəmləndirən amillərdən biri kimi qiymətləndirilir. “Elektron hökumət”in məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında “məsafəni” azaltmaq, bu istiqamətdə tərəflər arasındakı münasibətləri sadələşdirmək, şəffaflaşdırmaqdır. Eyni zamanda, dövlət orqanlarında elektron xidmətlərin artırılması keyfiyyətin yüksəldilməsinə, vətəndaşlara xidmət sahəsində məmnunluğun artırılmasına xidmət edir.

Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması istiqamətində beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılıb. Bundan əlavə, Prezident İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökümətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs kimi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx əlaqələrin yaradılması üzrə fəaliyyəti həyata keçirir(məlidir). Həmçinin, “Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar