Azərbaycan qrossmeysteri Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Champions Chess Tour turnirinin seriyasında birinci olan Skilling Open onlayn turnirində iştirak edir.
PİA.az bildirir ki, yarışın 7-ci turunda şahmatçımız erməni qrossmeysteri Levon Aronyanla mübarizə aparıb. Şahmatçımız ağ fiqurlarla oynayıb və qələbə qazanıb. Bununla da T.Rəcəbov 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.
Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.
Champions Chess Tour-un mükafat fondu 1,5 milyon dollardır. Skilling Open 100.000 dollar qarşılığında oynanır. Qalib 30 min dollar qazanacaq.
pia.az