Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil”...

Fəzail Ağamalı: “Yaxın 4-5 ildə Ermənistan dövləti olmayacaq...Kəlbəcər və ya Ağdərədə yaşayan ermənilər də oranın müvəqqəti sakinləridir...”

Azərbaycan, RusiyaErmənistan dövlət başçılarının 10 noybrda imzaladıqları razılaşmanın şərtləri yerinə yetirilməkdədir. Bununla belə, rus sülhməramlılarının, eləcə də ermənilərin bəzi addımları ciddi narahatlıq yaradır.

“AzPolitika.info” bu mövzu ətrafında Ana Vətən Partiyasının sədri və Milli Məclisin deputatı Fəzail Ağamalı ilə söhbətləşib:

- Fəzail bəy, sentyabrın 27-dən başlayaraq, son iki ayda baş verənləri – Vətən Müharibəsini və ondan sonrakı prosesləri necə şərh edərdiniz, biz nələri qazandıq və itirdik?

- Əvvəla, onu deyək ki, bu Vətən Müharibəsində Azərbaycan dövləti qalibdir. Biz işğala son qoyduq, işğalçı Ermənistanı diz çökdürdük, onun bel sütununu qırdıq. Onsuz da ağır vəziyyətdə olan, iqtisadi-sosial problemlər içərisində çabalayan Ermənistanda həm də siyasi-hərbi böhran başlandı. Düşünürəm ki, bu proses uzun müddət davam edəcək və bizim Ermənistana, erməni cəmiyyətinin faşist baxışlar sisteminə vurduğumuz zərbələr bu cəmiyyəti darmadağın edəcək. Biz 44 gün ərzində şəhid verdik, qan tökdük və qalib gəldik. Ali Baş Komandanın və Ordumuzun məharəti ilə döyüş meydanında onların təsəvvürlərinə gətirmədikləri qələbəyə imza atdıq. Prezidentin müdrikliyi özünü həm də onda ifadə etdi ki, o, siyasi-diplomatik yolla da müharibənin davamını apararaq ona nöqtə qoymaqdadır. Cənab prezidentin dediyi fikrə söykənərək deyərdim ki, həqiqətən Ordumuz Ağdam, KəlbəcərLaçını da qəhramanlıq göstərərək, azad edəcəkdi. Amma şübhə yoxdur ki, bu ərazilərdə ciddi döyüşlər gedəcəkdi. Ağdam istiqamətində, elə KəlbəcərLaçında da düşmənin ciddi istehkamları vardı. Azərbaycan bu əraziləri geri alacaqdı, amma həm də böyük itkilər verəcəkdi. Beləliklə, Ali Baş Komandan hərbi meydanda əldə etdiyi uğurları 10 noyabr protokolunun imzalanması ilə diplomatik yolla davam etdirdi və artıq buna yekun vurmaq ərəfəsindədir. Bu baxımdan prezidentin atdığı addımlar və əldə olunan nəticə tarixdə çox nadir təsadüf edilən hadisədir.

- Sizin rus sülhməramlılarıyla bağlı bəzi fikirləriniz sosial şəbəkələrdə tənqidlərə məruz qaldı. Konkret olaraq, “Rusiya sülhməramlılarını işğalçı ordu ilə eyniləşdirmək olmaz” ifadəniz...

- Mən bu gün də həmin fikrimdə qalıram. Əlbəttə, bundan narahat olan soydaşlarımızı anlayır, onların vətənpərvərliyini və narahatçılığını yüksək qiymətləndirirəm. Eyni zamanda, bizim hər şeyə peşəkar və doğru yanaşmalı olduğumuzu qeyd edirəm. İndi də o fikirdəyəm ki, 1990-cı illərin əvvəllərindəki SSRİ rəhbərliyilə Azərbaycan arasındakı münasibətləri indiki zaman kəsiyinə transfer etmək düzgün deyil. O zaman başqa durum, münasibətlər sistemi, yanaşmalar mövcud idi. İndi Azərbaycan Ordusu özü yeni reallıq yaratdı. Yeni yanaşma ortaya qoyuldu, rəşadətli ordumuzun qazandığı qələbələrin məntiqinə uyğun olaraq biz siyasi-diplomatik istiqamətdə uğurlar əldə etmişik. Amma məsələ bitməyib. Məsələ ondadır ki, dünya ermənilərin həmin ərazidə yaşamasını istəyir və buna çalışır. Hətta Fransa kimi ölkə daha irəli gedərək, sərhədlərin 1994-cü ildəki vəziyyətə qaytarılmasını arzulayır. Bununla bağlı Senatın qərarı var. Başqa sözlə, biz həmin protokola imza atmasaydıq və bunun müqabilində Rusiya sülhməramlı qüvvələri buraya gəlməsəydi, Xankəndi və onun ətrafındakı ermənilərin istəklərinin Azərbaycan dövlətçiliyinə uyğun şəkildə həll edilməsində çətinlik çəkəcəkdik. Buna imkan verməyəcəkdilər. Bizim üstünlüyümüz onda oldu ki, prezidentin mahir diplomatik gedişi ilə Rusiyanın bu sənədə atdığı imza Fransa və digər ölkələrin Ermənistanı müdafiə edən və bizim ziyanımıza olan mövqeyinin qarşısını alır.

Bu problem hətta BMT Təhlükəsizlik Şurasına çıxa bilərdi. Siz təsəvvür edin ki, məsələ Təhlükəsizlik Şurasına çıxarılır və Rusiya bu məsələdə neytral qalır, ermənilərin yanında olur. Ola bilsin ki, Britaniyanı da bu prosesə bizim maraqlıarımıza uyğun formada cəlb etməyə çətinlik çəkirik, Çinin öz maraqları var, Fransanın mövqeyi ortadadır, ABŞ-ı isə bu məsələ yox, seçkilər maraqlandırır. Təsəvvür edin ki, bütün bunların nəticəsi olaraq, Azərbaycana qarşı dəhşətli qətnamə qəbul edilir və oraya ermənilərin yenidən Azərbaycan ərazilərinə qaytarılması, Dağlıq Qarabağa status verilməsinə dair bəndlər daxil edilir. Bu halda biz hansı vəziyyətə düşərdik? Ona görə də, bu məsələ kifayət qədər incə və hərtərəfli təhlil tələb etdiyindən tövsiyə edərdim ki, soydaşlarımız ona bir qədər dərindən yanaşsınlar.

Digər tərəfdən, buraya rus sülhməramlılarla yanaşı, həm də qardaş Türkiyə gəlir. Türk sülhməramlı qüvvələri lazım olan yerlərdə olacaq, atəşkəsə nəzarət mexanizmi içərisində yer alacaqlar. Rusiya burada hansısa formada hegemonluq edə bilməyəcək, çünki yanında Türkiyə var.

Nəhayətdə, əgər bu gün Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər mövcuddursa, gəlin bunu qoruyub saxlayaq və həm də bundan istifadə edək.

- Fəzail bəy, insanları narahat edən həm də separatçıların liderinin sülhməramlıların komandirləri ilə şəkil çəkdirməsi, onlarla görüşlərdə separatçıların bayrağının qoyulması, Araik Arutunyanın Moskvaya səfər etməsi kimi hallardır. Sizcə, bunlar təhlükəli siqnallar deyilmi?

- Mən SSRİRusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan şəxs olmuşam və bu gün də mövqeyimdə qalıram. Lakin biz, bu gün mövcud olan situasiyada xalq olaraq Rusiyanın sülhməramlılarının üzərinə getməli deyilik. Bunu buraxmalıyıq ölkə prezidentinin diplomatik məharətinə və onun atdığı addımları dəstəkləməliyik. Mən parlamentdə də bildirdim, bizim qələbəmizi təmin edən başlıca şərtlərdən biri xalqımızın həmrəyliyi və bütövlüyü oldu. Xalqımız dövləti və Ali Baş Komandanı ilə bərabər oldu. Ona görə də, bizi heç cür daxildən parçalaya bilmədilər. Cəmiyyət bütöv olduğundan ordu arxayın idi ki, onun ailəsi problem, xaos içində deyil. Odur ki, ordu irəli getdi, qələbə qazandı. Ona görə, biz, bu mövqeyi saxlamalıyıq. Mənim birmənalı mövqeyim odur ki, ölkə prezidenti verdiyi bütün sözləri tutub, arxasında dayanıb.

Separatçılara gəldikdə, dedikləriniz ola bilsin ki, təhlükə görüntüsü yaradır. Mənim özüm də buna baxanda narahat oldum. Gördüm ki, Rusiya generalı separatçı və quldur Arutunyanla foto çəkdirib və o fotoda separatçıların əski parçası da var. Arutyunyan Paşinyanla son dəfə görüşəndə həmin “bayraq” yox idi. Onun Moskvaya niyə getməsinə gəlincə, ola bilsin ki, tapşırıqlar almağa gedib. Amma istənilən halda, Ermənistan özünün faşist düşüncə siyasətini hansısa formada ifadə etməyə cəhd edərsə, cənab prezidentin dediyi kimi, on qat cavabını alacaq. İnsanlarımız bu məsələdə arxayın olsunlar. Nəhayətdə mənim gümanlarıma görə, rus sülhməramlıları 5 il orada qalası deyil.

- Nəyə əsasən belə düşünürsünüz?

- Mənim proqnozuma görə, bütün məsələlər qaydaya qoyulduqdan sonra mümkündür ki, maksimum 15-20 min əlsiz-ayaqsız erməni oraya gəlib yaşamaq istəsin. Onlar filtrasiyadan keçdikdən, Azərbycan vətəndaşı kimi yaşamaq imkanı əldə etdikdən sonra görəcəklər ki, normal münasibətlər çərçivəsində yaşamaq mümkündür. Bu zaman Azərbaycan məsələ qaldıracaq ki, türk qardaşlarımız da daxil olmaqla, sülhməramlıların burada qalmasına ehtiyac yoxdur. Beləliklə, bütün sülhməramlılar Azərbaycanı tərk edəcəklər. Mən bunu gözəyirəm, bu, tamamilə real proqnozdur. Ona görə də, gəlin hadisələri qabaqlamayaq, əksinə, prosesləri ziləyək.

- Siz tarixçisiniz və erməni-türk məsələsini də yaxşı bilirsiniz. Sizə elə gəlmirmi ki, biz uğurlar əldə etsək də, erməni məsələsini kökündən həll edə bilmədik?

- Biz nəinki Azərbaycanda erməni məsələsini, həm də dünyada erməni faşizmi məsələsini həll etdik. Bu, birmənalıdır. İndi 2020-ci ilin noyabr ayıdır. Sağlıq olsun, 2022-ci ilin noyabrında bu məsələyə qayıdarıq. Onda bu cür suallara ehtiyac olmayacaq.

- Sizdən fərqli olaraq, tarixi təcrübə deyir ki, bu regionda hər 40-50 ildən bir hansısa beynəlxalq güclər erməni millətçilərini bizə qarşı qaldırır və nəticədə fəlakətlər yaşamalı oluruq...

- Baxın, 200 il idi ki, ermənilər üzərimizə gəlirdilər. Amma bu tarixdə Azərbaycanda İlham Əliyev kimi sərkərdə, dövlət başçısı hakimiyyətdə deyildi ki, erməni hücumunun qarşısını ala bilsin. Sözsüz ki, bunun obyektiv bə subyektiv səbəbləri də vardır. Heydər Əliyev bunu edə bilərdi. Amma zaman ona bu imkanı vermirdi. Çünki ölkə zəif idi, ordumuz indiki qədər peşəkar deyildi, bu qədər müasir silahlarla təchiz edilməmişdi, dünya miqyasında qüvvələr nisbəti bizim xeyrimizə deyildi, Türkiyənin indiki güclü mövqeyi yox idi. Bunlar çox ciddi amillərdir. Üstəlik, Azərbaycan cəmiyyəti indiki qədər bütövləşməmişdi. Əgər bunlar olsaydı, Heydər Əliyev problemi həll edərdi. Yəni bu, onun imkanı daxilindəydi, sadəcə zaman, qüvvələr nisbəti fərqli idi. Bu amillər məhz İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ildən bu günə qədər formalaşdı və reallaşdı. Məncə, nəinki Azərbaycanda, ümumilikdə regionda erməni məsələsi birdəfəlik bitdi. Mənim gümanlarıma görə, yaxın 4-5 ildə Ermənistan dövləti olmayacaq. Ermənilər mütləq şəkildə oradan köçüb gedəcəklər. Onsuz da onlarda miqrasiya geniş vüsət alıb, demoqrafik böhran yaşanır. Bu müharibə isə onlara elə ciddi psixoloji və fiziki zərbə vurdu ki, artıq bölgədə yaşaya bilməyəcək, dünyanın müxtəlif dövlətlərinə səpələnəcəklər.

- Son xəbərlər belədir ki, ermənilər Zod qızıl yatağını Azərbaycana qaytarmamaq üçün min bir bəhanə irəli sürür, habelə Kəlbəcərin bəzi kəndlərini Ağdərə sayaraq geri qaytarmamağa çalışırlar...

- Bəli, erməni həyasızlığı yenə ortadadır. Ancaq onların düşüncələri və istəkəri reallaşmayacaq. Azərbaycan dövləti öz sözünü deyəcək və tarixi sərhədlərini bərpa edəcək. Eyni zamanda, Kəlbəcər və ya Ağdərədə yaşayan ermənilər oranın müvəqqəti sakinləridir. Təsəvvür edin ki, bu insanlar özlərinin yaşadığı evə od vurublar və sonra da aydın olub ki, onlar burada yaşamalıdırlar. Görün, Allahın bu millətə bundan böyük cəzası varmı?

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar