Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq insan haqları təşkilatları David Tonoyanın cinayətlərini sənədləşdirib

Ermənistan ordusunun 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisində törətdiyi hərbi cinayətlər beynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” tərəfindən sənədəşdirilib. Təşkilatın bu günlərdə dərc edilmiş hesabatı başda keçmiş müdafiə naziri David Tonoyan olmaqla erməni hərbi rəhbərliyinin dinc azərbaycanlılara qarşı həyata keçirilmiş hücumlara görə məsuliyyətə cəlb edilməsi üçün mühüm dəlil kimi istifadə oluna bilər.

Məlum olduğu kimi, Ermənistan ordusu və onun Qarabağdakı işğalçı kontingenti hərbi əməliyyatlar başlayan andan etibarən Azərbaycanın dinc yaşayış məntəqələrini qəsdən hədəfə alıb. Əvvəlcə erməni qüvvələri təmas xəttinə yaxın olan Tərtər, Bərdə, Ağcabədi rayonunun kəndlərini, o cümlədən Tərtər şəhərinin özünü intensiv raket-artilleriya atəşinə tutublar. Daha sonra Ermənistan hərbi rəhbərliyi törətdiyi cinayətlərin miqyasını genişləndirib və təmas xəttindən xeyli aralı olan, heç bir hərbi obyektin yerləşmədiyi Bərdə və Gəncə şəhərlərini dağıdıcı döyüş başlıqlarına malik olan qeyri-dəqiq sovet ballistik raketləri ilə atəşə tutub. Bu hücumlar nəticəsində 44 gün ərzində 100-ə yaxın azərbaycanlı mülki sakin, o cümlədən yaşlılar, qocalar, uşaqlar həlak olub. Azərbaycan hüquq-mühafizə orqanları mülki sakinlərə qarşı qəsdən edilmiş bu hücumları və onların nəticələrini sənədləşdirərək cinayət təhqiqatı başladıb.

O zaman “Amnesty İnternational” və “Human Rights Watch” kimi iri beynəlxalq insan haqları təşkilatı Qarabağda gedən hərbi əməliyyatlarda insan haqlarının pozulmasını ancaq Ermənistanın nöqeyi-nəzərindən qeydə alırdı. Nəhayət Bakının çağırışlarından və etirazlarından sonra bu təşkilatlar Azərbaycan tərəfdə də işləməyə başladılar və erməni hərbi rəhbərliyinin qəsdən dinc yaşayış məntəqələrini hədəf aldığına dair faktları sənədləşdirdilər, bəyanatlar verdilər.

İndi təşkilat topladığı faktlar əsasında yekun hesabatını dərc edib. Hesabata əsasən erməni qüvvələri Azərbaycanın dinc yaşayış məntəqələrinə qarşı dəqiq olmayan operativ-taktiki raketlər, idarəedilməyən reaktiv yaylım atəşi sistemləri və artilleriyadan istifadə edib. Hesabatda deyilir ki, ötən il noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşma əldə olunandan sonra “Amnesty İnternational” döyüş əməliyyatlarının getdiyi rayona çıxış əldə edib. Və noyabrın sonlarında, dekabrın əvvəllərində Azərbaycanın atəşə məruz qalan onlarla nöqtəsində olub. Təşkilat yaxınları bu zərbələr nəticəsində həlak olan və yaralanan onlarla adamdan müsahibələr alıb, habelə yerli mülki və hərbi hakimiyyət nümayəndələri, QHT əməkdaşları və jurnalistlərlə söhbətləşib.

“Bizim apardığımız təhqiqatlar necə gəldi və əsaslandırılmayan atəşlər qeydə alıb, bu atəşlər nəticəsində dinc sakinlər həlak olub və yaralanıb, mülki infrastruktur obyektləri dağıdılıb. Dəfələrlə cəbhə xətti boyu əhalinin sıx yaşadığı rayonlar atəşə tutulub, hansı ki, orada yaxında heç bir hərbi obyekt mövcud deyildi”,-təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers hesabatla bağlı bildirib.

Hesabata əsasən “Amensty İnternational” erməni qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə endirdiyi 4 raket zərbəsi nəticəsində ən azı 72 dinc sakinin həlak olduğunu sənədləşdirib.

Belə ki, oktyabrın 17-də Gəncəyə, Muxtar Hacıyev keçəsindəki yaşayış rayonuna “Elbrus” operativ-taktiki raketinin atılması nəticəsində 21 dinc sakin həlak olub, 50-dən çoxu yaralanıb. Sudabə Əsgərovanın qızı Nigar da bu hücumda həlak olub, həmin gün onun 15 yaşı tamam olurdu. “O, mənim yeganə övladım idi. Mənim ondan başqa heç kimim yoxuydu”,-Sudabə “Amnesty İnternational”a bildirib.

64 yaşlı Ramiz Qəhrəmanov isə “Amnesty İnternational”a bildirib ki, həmin raket zərbəsi nəticəsində 34 yaşlı qızı Xatirəni, onun 11 yaşlı oğlu Orxanı, 6 və 18 yaşlı qızları Məryəm və Ləmanı itirib. Ramiz deyir ki, partlayışdan sonra o, aşağı baxıb və evin tam dağıldığını görüb: “Dərhal başa düşdüm ki, onların hamısı həlak olub. Çünki bu dağıntıdan heç kim sağ qala bilməzdi. Mən nəvələrimin meyitlərini tapa bilmirdim. Onların qalıqlarını bir neçə gün sonra qonşu küçədən tapa bildik, bədənlərinin bəzi hissələrini isə ümumiyyətlə tapa bilmədik”.

Oktyabrın 27-də isə erməni qüvvələrinin Qarayusifli kəndinə atdığı raketlərdən 5 nəfər həlak olub, 14-ü yaralanıb. Bir çox evlər zərər görüb. Öldürülənlər arasında 7 yaşlı Aysu İsgəndərli də olub, həmin vaxt o, evlərinin bağçasında yelləncəkdə yellənirdi.

Erməni qüvvələri oktyabrın 28-də də Bərdə şəhərinə iriçaplı raketlərdən zərbə endirib. Baxmayaraq ki, şəhər cəbhə xəttindən onlarla kilometr aralıda yerləşirdi. Raketlərdən üçü şəhərin mərkəzinə düşüb, o cümlədən biri xəstəxananın yaxınlığında partlayıb. Kaset başlıqlı “Smerç” 9M55 raketinin şəhərin insanların sıx olduğu mərkəzi küçəsində partlaması nəticəsində 21 nəfər dinc sakin həlak olub.

Təşkilat müharibənin birinci günündə erməni qüvvələrinin Nafatalan şəhəri yaxınlığındakı Qaşaltı kəndinə endirdiyi artilleriya zərbəsinin nəticələrini də sənədləşdirib, bu hücum zamanı Qurbanovlar ailəsinin beş üzvü həlak olub. Bütün ailə üzvlərini itirən Bəxtiyar Qurbanov “Amensty İnternational”a deyib: “Bizim ailəmiz məhv oldu. Evimizi müharibədən əvvəl təmir etməyə başlamışdıq, amma daha o evdə yaşaya bilmərəm...”

Hesabatda nəyə görəsə erməni qüvvələrinin bütün müharibə ərzində müxtəlif çaplı raketlərdən və artilleriyadan intensiv atəşə tutduğu Tərtər şəhərində törədilmiş cinayətləri öz hesabatına daxil etməyib. Amma hesabatda yer alan faktlar özü də erməni hərbi rəhbərliyinin, o vaxtkı müdafiə naziri David Tonoyanın və digərlərinin məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər mötəbər dəlildir.

Bu hücumlara görə Tonoyanın şəxsən məsuliyyət daşıdığı həm də bu səbəbdən inkaredilməzdir ki, hərbi əməliyyatların gedişində Azərbaycan tərəfi Beynəlxalq Qırmızı Xaç vasitəsilə erməni tərəfini dinc yaşayış məntəqələrini atəşə tutmaqdan çəkinməyə çağırmışdı. Bu haqda prezidentin köməkçisi, hələ hərbi əməliyyatlar davam edərkən Tərtərə səfər edən Hikmət Hacıyev orada yerli və xarici jurnalistlərə açıqlamasında deyib. H.Hacıyev bildirmişdi ki, Beynəlxalq Qırmızı Xaç üzərindən Tonoyana bu mesajın çatdırılmasından sonra erməni qüvvələri Tərtəri daha intensiv atəşə tutmağa başladılar.

Tonoyanla yanaşı bu hərbi cinayətlərə görə əlbətdə ki, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan, Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə naziri” olmuş Calal Arutyunyan (o, artıq Azərbaycan ordusu tərəfindən cəzalandırılıb), qondarma rejimin rəhbəri Araik Arutyunyan (Gəncəyə raket atılmasına şəxsən əmr verdiyini demişdi) və digərləri də məsuliyyət daşıyırlar. Və müharibəni uduzan bu hərbi canilər indi həm də yaxalarını ələ verməmək barədə düşünməli olacaqlar...

Artıq indidən beynəlxalq insan haqları təşkilatlarının bu hərbi cinayətləri sənədləşdirməsi və öz hesabatına daxil etməsi erməni tərəfində narahatlıq doğurub. Ermənistanda bu təşkilatları “Azərbaycana işləməkdə” ittiham etməyə başlayıblar. Hansı ki, cəmi bir neçə ay əvvələ qədər həmin təşkilatlar Azərbaycana qarşı törədilən hərbi cinayətləri görməməzliyə vururdu və təkcə erməniləri “zərərçəkən, əzabkeş” obrazında təqdim edirdi. Lakin erməni qüvvələrinin törətdiyi cinayətlər o cür aşkar və qəddar idi ki, beynəlxalq təşkilatlar nəhayət onları da qeydə almalı oldular.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar