Şənbə, 27 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

AQTA-nın şöbə müdiri: "Qəssabın küçədə kəsdiyi heyvan xəstəlik daşıyıcısı ola bilər"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev "Report"a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Bir neçə gün öncə Ümumdünya Heyvan Sağlamlığı (OIE) Təşkilatı tərəfindən bir sıra ölkələrdə blutanq, dabaq, aueski, yüksək patogen "quş qripi", süngərvari ensefalopatiya xəstəliyinin yayılması barədə məlumat verilib. Bu xəstəliklər Azərbaycan ərazisinə keçə bilərmi?

- Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının üzvü olan 182 ölkədən biridir. Buna görə də dünyada baş verən heyvan xəstəlikləri ilə əlaqədar biz mütəmadi məlumatlar alırıq. Özümüzdə olan məlumatları da müvafiq qaydalara uyğun şəkildə aşkar olunduqdan sonra 24 saat ərzində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edirik. Sadaladığınız xəstəliklər barədə məlumatları da həmin təşkilat vasitəsilə əldə etmişik. Ümumiyyətlə insanların yoluxduğu bütün xəstəliklərin 60 faizindən çoxu heyvan mənşəli törədicilərdən yaranır. Eyni zamanda təhlükəli bioloji patogen kimi istifadə olunan həmin xəstəlik törədicilərinin 80 faizindən çoxu isə heyvan mənşəlidir. Bu səbəbdən dünyada vahid sağlamlıq konsepsiyası tətbiq olunur. Söhbət ondan gedir ki, xəstəlik törədən amil varsa, burada səhiyyə və baytarlıq istiqamətində görülən işlər kompleks olmalı və bir-birini tamamlamalıdır.

- Bu cür yoluxucu xəstəliklərin qarşısının alınması üçün AQTA hansı tədbirləri görür?

- Digər sadaladığınız xəstəliklər var ki, onlarla mübarizə tədbirləri və beynəlxalq aləmdə tətbiq olunan normalar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən qiymətləndirilir. Təlimatları həmin təşkilatdan alırıq. Elə xəstəlik var ki, bizim ölkəmiz üçün xarakterikdir, tarixən olub və onlara qarşı mübarizə üsulları tətbiq olunub. Elə xəstəliklər var ki, onlar ölkəmizdə yoxdur. Ona görə beynəlxalq təşkilatdan aldığımız informasiyaya görə müvafiq tədbirlər həyata keçirməliyik ki, həmin xəstəliklər ölkəmizə gəlib çıxmasın. Sizin sadaladığınız blutanq xəstəliyinə heç vaxt ölkəmizdə rast gəlinməyib. Bu qoyunların xəstəliyidir və iqtisadiyyata kəskin ziyan vurur. Amma elə xəstəliklər var ki, onlar təkcə iqtisadi ziyan vurmaqla qalmır, insanlara yoluxma təhlükəsi var. Koronavirus qədər təhlükəli olmasa da, amma ciddi xəstəliklərdən biri də "quş qripi"dir. "Quş qripi"nin elmə məlum olması, fəlakətlər törətməsi bir əsrdən çoxdur ki, məlumdur.

- Sonuncu dəfə ölkədə “Quş qripi”nə nə zaman rast gəlinib?

- Ölkəmizdə sonuncu dəfə 2006-cı ildə baş verib. Abşeron yarımadası və Mərkəzi Aran bölgəsində qeydə alındı və təəssüf ki, insan tələfatı da oldu. “Quş qripi” ilə koronavirus arasında bir neçə oxşar xüsusiyyətlər var. Hər ikisi tənəffüs yollarının infeksiyasıdır. “Quş qripi”nin törədicisi (H5N1) ölkədə yayılan zaman ciddi müzakirələr gedirdi ki, qarşısını tez almaq lazımdır. Çünki törədiciləri mutasiyaya uğraya bilər. O, mutasiya edərək insandan insana yoluxa bilərdi. Quşdan insana yoluxanda onun qarşısını almaq mümkündür, amma insandan insana yoluxma böyük fəlakət törədə bilər. Ona görə bu xəstəliklə ehtiyatlı davranmaq lazımdır.

- Bir neçə gün öncə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsveçdə, İraqda, Vyetnamda yüksək patogen "quş qripi" xəstəliyi qeydə alındığı barədə AQTA məlumat yaymışdı. Təbii ki, həmin ərazilərdən ölkəmizə quş idxalı dayandırılıb. Amma bununla bağlı əlavə olaraq profilaktik tədbirlər keçirilirmi?

- İlk tədbirlərdən biri idxalı nəzarətdə saxlamaqdır. Hazırkı vəziyyətdə AQTA-da müvafiq tədbirlər və media planı təsdiq olunub. Daha çox maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir. Əhalinin müxtəlif sosial təbəqələrinə yönəlmiş mesajlar verilir. Biz çalışmalıyıq ki, öz təsərrüfatımızdakı quşların vəhşi və çöl quşları ilə təmasına yol verməyək. Çöl quşları qarğa, sərçə, çöl göyərçini və s. insanların məşkunlaşdığı yerdə ev quşaları ilə birgə yem yeyirlər. Buna yol vermək olmaz. Ev quşları qapalı saxlanılmalıdır ki, çöl quşları ilə təması olmasın. Bəzən quşlar qapalı yerdə saxlansa da, onların yem qabları çöl quşları ilə təmas olan yerdədir. Digər məsələ, ev quşlarının normal olmayan nəqliyyat vasitəsində pərakəndə daşınması, nəzarət olmayan yerdə açıq şəkildə satılması xəstəlik riskləri yaradır. İndiki dövrdə AQTA-nın təşəbbüsü ilə maarifləndirmə kompaniyası həyata keçirilir. Qadağalara gəldikdə isə Polşada hazırda əksəriyyət ərazilərində "quş qripi" ilə bağlı alovlanma ocaqları var. Ona görə müəyyən müddətə Polşadan quş idxalına qadağa qoyulub. Xəstəlik olan başqa yerlərin bizdə xəritələri var, həmin ocaqlardan idxala qadağa var.

- Heyvanların, quşların müxtəlif xəstəliklərdən qorunması üçün peyvəndləmə tədbirləri həyata keçirilirmi?

- Ümumiyyətlə "quş qripi"nə görə ölkəmizdə peyvəndləmə təcrübəsi yoxdur. 2006-cı ildə “quş qripi”inə yoluxma qeydə alındıqdan sonra bu sahədə geniş araşdırma və hüquqi baza yaradılması ilə bağlı iş getdi. Dövlət başçısının sərəncamı ilə müvafiq dövlət komissiyası da yaradılıb. Amma sonradan dünyada gedən tendensiyalar və araşdırmalar göstərdi ki, “quş qripi”nin 16-ya yaxın ştammı var. Elə ştammlar var ki, onlar yüksək patogen deyillər və insan üçün ciddi təhlükə törətmir. Amma quşlar arasında ölüm, yemdən istifadənin azalması, çəki itirməsi baş verir. Ona görə ölkəmizdə zəif potagen “quş qripi”nə görə vaskinasiya strategiyasının üzərində iş gedir. Nəzərdə tutulub ki, qapalı təsərrüfatlarda yoxlama kimi başlanılsın. Təsiri öyrənildikdən sonra vaksinasiya effekti olsa, tələfatların qarşısı alınsa, bu respublika miqyasında tətbiq oluna bilər.

- Son illər heyvanlar arasında yayılan xəstəliklər səbəbindən kütləvi tələfat olubmu?

- Son illərdə epizootik stabillik mövcuddur. Yəni həm xüsusi təhlükəli xəstəliklərin baş verməsi istiqamətində, həm də müşahidələr göstərir ki, kütləvi təlafatla nəticələnən hər hansı xəstəlik baş verməyib. Ötən iki ildə qarayara xəstəliyi baş verib. Bu xəstəliyə həm xəstə heyvandan, həm də bəzi hallarda torpaqdan yoluxmaq mümkündür. Çünki bu xəstəliyin törədicisi on illərlə torpaqda yaşaya bilir. Aparılan tədbirlər nəticəsində hələlik stabillikdir.

- Koronavirus infeksiyası, SARS-CoV-1 və MERS-CoV epidemiyalarının heyvan mənşəli viruslar vasitəsilə törədildiyi deyilir. Bəs Azərbaycanda heyvanlarda koronavirus infeksiyası aşkar edilibmi? Ümumiyyətlə Azərbaycanda belə bir test aparılırmı?

- Pandemiya başlayan vaxt məlumat verildi ki, bu, kifayət qədər öyrənilməmiş xəstəlikdir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təsnifatında təhlükəli xəstəliklər bölməsi var. Buna da o cür yanaşmaq lazımdır. Biz də ona uyğun tədbirlər həyata keçirdik. Getdikcə tədqiqatlar göstərdi ki, qablaşdırılmış, emal olunmuş məhsullarda xəstəliyin yayılma faizi azdır. Alınan məlumatlara görə, bəzi hallarda xəstə insanın saxladığı ev heyvanında yoluxma aşkar olundu. ABŞ-da xəstəliyə yoluxmuş zoopark işçisindən oradakı pələnglərin yoluxması halına rast gəlindi. Beləliklə heyvanların yoluxması faktları artdı. Ötən ilin sonu məlum oldu ki, su samurları, xəzli heyvanlar bu xəstəliyin daşıyıcısı ola bilir. Ona görə Danimarka, Kanada və Niderlanda çoxlu sayda heyvan məhv oldu. Bizdə su samurları saxlanılmadığı üçün bu təhlükə bizim üçün aktual deyil. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) klinikalara müayinəyə gətirilmiş heyvanlarda koronavirusla bağlı yoxlamalar aparılması üçün tədqiqatlar aparır ki, bununla müəyyən olunsun ki, evdə saxlanılan heyvanlarda yoluxma riski var ya yoxdur. Bu tədqiqatlar davam edir, amma koronavirusa yoluxma halına rast gəlinməyib.

- Quşçuluqla, heyvandarlıqla məşğul olan olan şəxslərə müxtəlif xəstəliklərdən qorunmaları üçün nə tövsiyə edərdiniz?

- Bizdə mənfi tendensiya olaraq bəzən heyvanın harda gəldi kəsilməsinə rast gəlinir. Bəzi insanlar yanlış olaraq onun tərəfdarıdır ki, heyvan gözünün qarşısında kəsilsin, əti etibar etdiyimiz qəssabdan alaq. Həyata keçirdiyimiz təbliğat tədbirlərinin içində bu mövzular xüsusi yer tutur, nəticə də var. Artıq insanlar dərk edir ki, onun bu vaxta kimi etibar etdiyi qəssabın küçədə kəsdiyi heyvan xəstəlik daşıyıcısı ola bilər və mümkündür ki, bundan qəssabın da xəbəri olmasın. Dünyada qəbul olunmuş qayda var ki, heyvan kəsimdən əvvəl laboratoriyada müayinədən keçirilir, qapalı məkanda kəsilir. Bundan sonra da baytarlıq-sanitariya ekspertizası aparılmalıdır. Bundan sonra ətin istehlakına icazə verilə bilər. Bu qaydaların bizdə də olması üçün vaxta ehtiyac var amma mütərəqqi standartların tərəfdarları getdikcə artır. Ümid edirəm ki, qısa vaxtda bu mövzular normal şəkildə qəbul olunacaq.

- Ölkədə, o cümlədən Bakı şəhərində heyvan kəsimi ilə bağlı hansı problemlər qalır?

- Son dövrlərdə modul, mobil və stasionar tipli kəsim məntəqələrinin yaradılmasına göstəriş verilib. Bütün təbliğat tədbirləri ilə bərabər bu məntəqələrin nümunəvi layihəsi hazırlanıb. Oradakı texnoloji sxemlər sahibkarlara təqdim olunub. Yəni sahibkar müraciət edir ki, heyvan kəsim məntəqəsi yaratmaq istəyir. Bizdə hansı potensiala uyğun məntəqə tikmək lazımdırsa, ona görə sahibkara layihələr, məsləhətlər verilir. Eyni zamanda rayonlarda nümunəvi kəsim məntəqələri yaradılması istiqamətində işlər gedir. Agentlik özü daxili imkanları hesabına bu cür məntəqələri yaradıb nümayiş etdirəcək ki, başqa sahibkarlar da o nümunədən istifadə etsin.

- Vətəndaşlara nə məsləhət görərdiniz, əti hansı tip dükanlardan almaq lazımdır?

  • Ət məhsulları riskli məhsullardır. Yəni ət heyvanın sağlamlığından asılı olaraq, özü ilə müəyyən xəstəlik riski daşıyır. Eləcə də daşınmada, saxlanmada yoluxmalar baş verə bilər ki, bu da insanlar üçün təhlükə yaradar. Vətəndaşlar ətlərin harada kəsilməsinə diqqət etsələr, bu elə nəzarətin başlanğıcıdır.Onlar həmçinin ətin harada kəsilməsi, necə daşınması barədə məlumatları tələb edə bilərlər. Bununla onlar həm də AQTA-ya kömək edərlər.

piaaz


z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İlham Əliyev Paşinyanla təmaslarından danışdı: “Biz təsadüfən 1 dəqiqə liftdə olduq...”  

İslahat dalğaları Kəmaləddin Heydərovun qapısına dayanır - FHN hissələrə ayrılacaq və ləğv ediləcək...

Heydər Əsədov həbs edilir? - Mənimsədiyi yüz milyonlar büdcəyə qaytarılmalıdır...

“65 yaşında pensiya çıxan şəxslər 6 il pensiya alacaqlar” - Qubad İbadoğlu

Osmanlı xəyalları ilə uyudulan xalq: ABŞ Türkiyəni niyə mühasirəyə alır?..

Azərbaycanda "Evdə qal" karantin rejimi geri qayıdır? - Açıqlama

İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi

Prezidentdən Fikrət Sadıxovla bağlı sərəncam  

Artur Rasi-zadə:"Xocalı soyqırımı törədiləndən bəri.."

Xırdalanda böyük şirkətlər açan ərəblər kimdir? – Foto

Ələ keçirilən rus sistemi Ankaraya gətirildi – Türkiyə ilə şok anlaşma

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay