Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Necə edək ki, yeni Ramizlər, Ziyalar, Fazillər yetişməsin?

Əlimizlə verdiyimizi, ayağımızla axtaranlar olmuşuq...

Kənardan nə qədər qüsurlu və sadəlövh təsir bağışlasa da, indi ən dəbdə olan mövzu “vurulmuş” oliqarx-məmurların oğurladıqları milyonların, hətta milyardların əllərindən alınıb, Qarabağın yenidən qurulmasına xərclənməsidir. Özü də qəribədir ki, bu mövzunu qaldıranların əhəmiyyətli bir qismi son vaxtlaradək elə həmin məmurlardan qidalananlardır...

Hər necə olsa, “varlıdan alıb kasıba verək” formasındakı bu “Robinqud” yanaşmasını və onun gerçəkləşməsinin nə dərəcədə ağlabatan olmasını bir kənara qoyaraq, “nədən əlimizlə verdiyimizi ayağımızla axtarmalıyıq” və “necə edək ki, yeni ramizlər, ziyalar, fazillər, abidlər, zakirlər və s. yetişdirməyək” kimi suallar üzərində düşünməkdə fayda var.

Çünki artıq uzun illər boyu “yeyilən və üstündən su içilən” pulların nəinki bütövlükdə, hətta qismən də olsa geri qaytarılması kifayət qədər problemli görünür. Bunu “Beynəlxalq bank işi”, Eldar Mahmudovun ətrafında baş verənlər və digər buna bənzər nümunələr təsdiqləməkdədir.

Bəli, hakimiyyətdə ciddi kadr dəyişiklikləri baş verib - illərin aşkar korrupsionerlərini gənc və təmiz reputasiyalı gənclər əvəz edib. Onları korrupsiyalaşma səviyyəsinə görə bir-birilə müqayisə etmək belə mümkün deyil.

Ancaq bugünkü gənc və nisbətən təmiz reputasiyalı məmurların da bir müddət sonra mahiyyət etibarilə öz sələflərinin yerini alacağını tam istisna etmək olmur. Unutmayaq ki, yeni komandada da AQTA və TƏBİB rəhbərləri kimi biznesmen-məmurlar, eləcə də köhnə dəstədən qalma Cavid Qurbanov, Elman Rüstəmov, Əhməd Əhmədzadə, Ramiz Zeynalov kimi şəxslər var.

Onlarınsa “iştahasını” heç kim əllərindən almayıb. Və əgər vaxtında yeni “köhnə qvardiya” yetişməsinin qarşısını almaq istəyiriksə, ilk növbədə dövlət, hakimiyyət bunun üçün zəruri addımlar atmalı, artıq özünü doğrultmayan idarəçilik, xüsusilə icra hakimiyəti sistemini dəyişməli, güclü nəzarət sistemilə belələrinin peyda olmasına imkan verməməlidir.

Ən azından ona görə ki, son hadisələrin də göstərdiyi kimi, vəzifə, inhisarçılıq, korrupsiya, məmur oliqarxiyasının yaratdığı biznes imkanları hesabına varlananlar elə ilk növbədə dövlət, siyasi hakimiyyət üçün problem, təhlükə mənbəyidirlər.

Artıq hakimiyyət tərəfindən kampaniya təsəvvürü yaradan deyil, talançı keçmiş və indiki məmurlara qarşı daha sərt addımların atılması olduqca zəruridir – heç olmasa ondan ötrü ki, vəzifəyə “bir həsir, bir məmmədnəsir” gəlib, 30 ilə yaxın müddətdə gözümüzün qarşısındaca bizdən oğurladıqlarıyla milyonlara, yüz milyonlara, hətta milyardlara sahiblənən oliqarxlar - yeni Ramiz Mehdiyev, Ziya Məmmədov, Fazil Məmmədov, Əli Həsənov, Abid Şərifov, Səlim Müslümov, Heydər Əsədov və digər bu qəbildən olanların “istehsal" dayansın.

Onu da unutmamalıyıq ki, bu şəxslər təkcə korrupsiyalaşmış idarəçilik sisteminin yox, həm də cəmiyyət olaraq, bizim məhsulumuzdurlar. Bəli, biz 8000-10000 verib oğlunu 600-700 manat maaş alan polis serjantı etmək üçün vasitəçi axtaran valideynlərin üstünlük təşkil etdiyi cəmiyyətik.

Biz vaxtilə ən prestijli və hörmətli saydığımız Tətbiqi Riyaziyyat, Fizika, Filologoya, Tarix, Şərqşünaslıq kimi fakültələrdən az qala imtina edib, “çörəkli” ixtisaslara üstünlük verməyə başlayan, övladlarımızı məlum səbəblərdən prokuror, polis rəisi, hakim, icra başçısı, hətta su, işıq, qaz, meliorasiya idarəsi rəisi kimi görmək istəyən topluma çevrilmişik. Və belə görünür ki, o yerlərdə “çörək olmadığını” görməyənədək də dayanan deyilik. Deməli, dövlət bu bəladan qurtulmağımız üçün yuxarıda qeyd etdiyimiz və bu qəbildən olan digər vəzifələri “yağlı tikə” olmaqdan çıxarmalıdır. Bir sözlə, vəzifə hədsiz dərəcədə qanunsuz gəlirlər təmin edən vasitə statusundan məhrum edilməlidir...

Digər yandan dövlət belələrinin hələ vəzifədə olarkən tənqid edilməsinə imkan yaratmalı, mətbuatı sadəcə “gedənin arxasınca danışa biləcək” durumda qoymamalıdır...

Ən əsas məsələ isə əksər icra başçıları da daxil olmaqla, icra orqanları rəhbərlərini qidalandıqları dövlət satınalmaları və tenderlərdən tutmuş rüşvətlə kadr, vəzifə təyinatına qədər bütün korrupsiya mənbələrindən məhrum etməkdir. Bunun üçünsə şəffaflıq, hesabatlılıq və ictimai nəzarətin təmin olunması vacibdir. Və ən nəhayət, yeni təyin olunanlar büdcə oğurluğuna, talana görə cəzanın qaçılmaz olduğunu əyani şəkildə görməlidirlər.

Yəni “yeni yırtıcılar” yaranmasın deyə, mütləq “köhnə yırtıcılar” qanun çərçivəsində layiq olduqları cəzaları almalıdırlar. Bunun üçünsə təkcə Səlim Müslümovun həbsi kifayət deyil. “Sabiqlər” və hazırda vəzifədə olanlar arasında Müslümovdan qat-qat daha iri “balıqlar”, hətta “akulalar” var! Və onların adları hamıya bəllidir...

Cəlal Məmmədov - “AzPolitika.info”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar