Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail qəzeti: “Putin unutmasın ki, Bayden soyuqqanlı döyüşçüdür”

Cozef Baydenin ABŞ prezidenti postunda fəaliyyətinin bir ili tamam oldu.

Bayden 2020-ci ilin noyabrında Demokratlar Partiyasının namizədi kimi Respublikaçılar Partiyasından namizəd Donald Trampı məğlub edərək prezident seçilib. Donald Tramp həmin dövrdə prezidentliyinin birinci səlahiyyət müddətini başa vurmaqda idi. Baydenin qələbəsi Trampı ikinci səlahiyyət müddətinə prezident postuna yiyələnməkdən məhrum edib. 2021-ci il yanvarın 20-də Bayden and içərək prezident postuna əyləşib, Amerikada təzadlı Tramp dövrü geridə qalıb.

2016-cı ilin seçkisində Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlubiyyətə uğradaraq prezident seçilən, 2017-ci il yanvarın 20-dən ABŞ-a rəhbərlik edən Donald Trampın zamanında Vaşinqtonla Moskva arasında münasibətlər indikindən çox fərqli olub.

Baydenin prezidenlik dövrünün ilk ili bu baxımdan həm də ABŞ-Rusiya münasibətlərinin xeyli gərginləşdiyi ildir.

2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etmiş, eyni zamanda Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına almış Rusiya prezidenti Vladimir Putin 2021-ci ilin yazında – Cozef Baydenin ABŞ-a rəhbərlik etməyə başladığı ilk aylarda Ukrayna sərhədinə qoşun yığaraq yeni müharibə təhlükəsi yaradıb. Az sonra Putin qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın o, yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı ehtimalını doğurub. 2022-ci ilin yanvarında bu ehtimal nəinki aradan qalxmayıb, əksinə, daha da güclənib.

2021-ci ilin dekabr ayının 17-də Rusiya ABŞ-dan və NATO-dan Ukraynanın NATO-ya qəbul edilməyəcəyi, keçmiş sovet respublikaları ərazisində hərbi bazalar yaradılmayacağı barədə rəsmi zəmanət istəyib. 2022-ci il yanvarın 10-13-də Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə aparılan danışıqlarda ABŞNATO bu tələbi rədd edib.

Prezidentliyə başlayandan bəri Bayden Putinlə yalnız bir dəfə üz-üzə görüşərək müzakirə aparıb. Həmin görüş 2021-ci ilin iyun ayının 16-da İsveçrənin Cenevrə şəhərində olub.

2021-ci ilin dekabr ayının 7-də isə Cozef Bayden Vladimir Putinlə video formatında görüş keçirib. İki saat çəkən qapalı müzakirədə əsas mövzu Rusiyanın Ukraynaya təhdidləri olub. Məlumatlara görə, Bayden Rusiyanın yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika topladığını xatırladaraq Putinə xəbərdarlıq edib ki, Ukraynaya növbəti hərbi müdaxilə olsa, ABŞ sərt iqtisadi sanksiyalara əl atacaq. ABŞ prezidenti budəfəki sanksiyaların 2014-cü ildəkindən daha geniş olacağını və Rusiyaya çox böyük ziyan vuracağını deyib.

Lakin Ukrayna ətrafında gərginlik bitmək bilmir. Yeni müharibənin alovlanacağı ehtimalı günbəgün artır. Rusiya Ukraynanın NATO-ya qoşulmayacağına, alyansın keçmiş sovet məkanında hərbi bazalar yaratmayacağına zəmanət verilməsində israr edir.

Rusiya-Ukrayna qarşıdurması faktiki olaraq Rusiya-ABŞ qarşıdurmasına çevrilib. Hətta bəzi analitiklər hesab edirlər ki, Putin Ukrayna ətrafında vəziyyəti elə Baydeni sınamaq, onu “testdən keçirmək” üçün gərginləşdirib. Bu mənada hazırkı situasiyaya Putin-Bayden qarşıdurması kimi baxanlar az deyil.

Novator.az saytı xəbər verir ki, İsrailin “Haaretz” qəzetində dərc olunmuş “Ukrayna böhranı: Putin unutmasın ki, Bayden soyuqqanlı döyüşçüdür” başlıqlı məqalədə də məsələyə bu aspektdən yanaşılır.

Məqalənin müəlifi Alon Pinkas keçmiş diplomatdır, İsrailin xarici işlər nazirinin xarici siyasət məsələləri üzrə məsləhətçisi və Nyu-Yorkda baş konsulu vəzifələrində işləyib. Hazırda “Haaretz” qəzetində İsrail və Amerika siyasəti üzrə məqalələrlə çıxış edir.

Alon Pinkas “Ukrayna böhranı: Putin unutmasın ki, Bayden soyuqqanlı döyüşçüdür” məqaləsində yazır: “Vaxtilə Donald Trampla – ona heyranlıqla baxan bu kəmsavad ABŞ prezidenti ilə rahatca apardığı danışıqlar Vladimir Putini pis öyrədib. Ola bilsin, Rusiya prezidenti doğrudan da Trampın xoşuna gəlirdi, amma Putin bir şeyi yaddan çıxarmasın: Bayden soyuq müharibə dövrünün yetirməsidir, o heç vaxt Rusiyaya inanası deyil.

Cozef Bayden dünyada iki fövqəldövlətin (ABŞSSRİ) olduğu, bu dövlətlərin bir-biri ilə düşmənçilik etdiyi və yer üzünü öz təsir dairələrinə böldüyü bir zamanda boya-başa çatıb. O, İkinci Dünya müharibəsindən sonra Vaşinqtonun hazırladığı, Sovet İttifaqının kommunist ideologiyasının qarşısını almaq üçün nəzərdə tutub həyata keçirdiyi başlıca direktivin – “Amerika sülhü” (“Pax Americana”) adlanan liberal nizamın içində yetişib.

Bayden soyuq müharibənin ən qızğın çağında – 1973-cü ildə Senata qədəm qoyub və 36 il senatorluq edib. O, Barak Obamanın səkkiz illik hakimiyyəti zamanı ABŞ-ın ikinci adamı – vitse-prezidenti kimi Vladimir Putinin Rusiyaya sovet dövründəkinə bənzər bir şöhrəti qaytarmaq uğrunda göstərdiyi mənfur cəhdlərin canlı şahidi olub.

ABŞ-ın 46-cı prezidenti, soyuq müharibə dövründən bəri dövlət xadimi… Xeyr, o, Putinlə pişim-pişimlə davranası deyil. Oturub Putini sakitləşdirməklə məşğul olmaq – onun görə biləcəyi bir iş deyil, Baydendən bunu gözləyənlər yanılırlar.

Söhbət ondan getmir ki, ABŞ güc tətbiq edəcək, hərbi əməliyyata başlayacaq. Rusiyanın Ukraynaya müdaxiləsi birbaşa Amerikanın milli təhlükəsizliyini təhdid etmədiyinə görə yəqin ki, ABŞ güc tətbiqi yolunu seçməyəcək. Amma eyni əminliklə ABŞ-ın Rusiyadan qisasını qalan iki yolla – diplomatik və iqtisadi yollarla alacağını da ehtimal etmək mümkündür:”.

Alon Pinkas məqaləsində həmin yollarla Rusiyadan alınacaq qisasın təxmini mənzərəsini cızıb və Baydenin xəbərdarlıq etdiyi kimi bütün bunların həqiqətən Rusiyaya, Putinə çox baha başa gələcəyini vurğulayıb.

Cozef Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində doğulub. 1965-ci ildə Delaver Universitetini tarix və politologiya ixtisasları ilə, 1968-ci ildə Sirakus Universitetinin Hüquq Məktəbini bitirib.

Bir müddət hüquqşünas kimi fəaliyyət göstərən Cozef Bayden 1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib. 1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.

2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.

2020-ci ildə keçirilən prezident seçkisində qalib gələn, 2021-ci il yanvarın 20-dən ABŞ-a prezidentlik edən Cozef Baydenin 2024-cü ildə keçiriləcək seçkidə də prezidentliyə nazmizədliyini irəli sürmək hüququ və niyyəti var.

Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və Dövlət Təhlükəsizliyi Komitəsinin Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. 1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb.

1990-cı ildən əvvəl Leninqrad Dövlət Universiteti rektorunun köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub. 1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.

1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

Vladimir Putin 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012 və 2018-ci illərdə prezident seçilib. Onun növbəti iki prezident seçkisinə də qatılmaq, 2036-cı ilə qədər postda qalmaq hüququ var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar