Çərşənbə axşamı, 07 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qadın bədəninin “əşyalaşdırılması”: Moda, yoxsa istismar?

Gözəllik standartlarına uyğunlaşmağa çalışan qadınlar zamanla özlərinə yadlaşırlar və artıq hər şeyi cəmiyyət tərəfindən sevilmək üçün edirlər. Əsl istismar elə bu deyilmi?..

Fatimə Əliyeva yazır...

Qadın bədənindən bir əşya kimi istifadə etmək və ya onu cansız bir oyuncaq kimi görmək bəşər tarixi boyunca davam etmiş, lakin müasir kapitalist dünyada daha da kəskinləşmiş bir utancdır. Bəs qadın bədənini əşya kimi görmək nə deməkdir? Gəlin daha yaxından baxaq.

Qadınların illər uzunu ev əşyası - ütüləyən, bişirən, uşaq baxan, ər geyindirən, hər yeri silən bir robot yerinə qoyulması hər kəsə tanış mənzərədir. Çünki hər gün evə gedib anasını və ya həyat yoldaşını salamlayan kimi onun xətrindən, halından çox, hansı yeməyi bişirdiyi ilə maraqlanmağın normal hesab edildiyi bir cəmiyyətdə yaşayırıq. Qadın bədəninin bu cür istismarı, təbii olaraq cəmiyyətdəki “böyük patriarxat” fiqurunu qorumaq cəhdidir. Çünki azadlıq anlayışını dərk etməyən cəmiyyətlər qadın bədənini hər zaman idarə etməyə çalışırlar. Səbəbi isə mülkiyyət sistemini qorumaq və insanları daha idarə edilə bilən hala gətirməkdir. Dahası, bunu bəsləyən isə yenə də cəmiyyətdir. Çünki Azərbaycan kimi inkişaf etməkdə olan və ya ümumiyyətlə, inkişaf etməmiş ölkələrin ən nəzərəçarpan xüsusiyyətlərindən biri də qadını idarə etmək, onun cəmiyyətdəki roluna və ən əsası da, cinsi həyatına nəzarət etməkdir. Bu da inkişafın, sağlam toplumun qarşısında duran ən ciddi problemlərdən biridir.

Bəs qadın bədəninə nəzarət təkcə məişət problemlərindən ibarətdirmi? Əlbəttə, deyil.

Mağazalara baş çəkən zaman markaların üz qabığında, əsasən, müəyyən gözəllik standartlarına uyğun olan və bir-birinə bənzəyən qadınların olması diqqətinizi çəkməmiş olmaz. Həmçinin, bir çox yerdə çılpaq qadın bədənindən tez-tez reklam məqsədilə istifadə edildiyini görürük. Üstəlik, bu cür posterlərdəki qadınların standart bədən quruluşuna sahib olması da çox ciddi bir problemdir. Hər şeydən əvvəl, qadın bədəninin bu cür kommersiya məqsədilə istifadə edilməsi çox qeyri-etik və aldadıcıdır. Çünki standart qadın bədəni ölçüləri hər şəkildə kommersiya vasitəsi kimi istifadə edilir və nəticədə nə olur? Bütün qadınlar “maniken kimi” bədənə, düz bir buruna sahib olmaq və ya daim makyajlı gəzmək üçün bir-biriylə yarışa girirlər. Üstəlik, insanlar bu cür tabulara uyğunlaşmayan qadınları baxımsız hesab edərək, onlara istehza edir və eyni qəlibə salmağa çalışırlar. Halbuki, insanın olduğu kimi görünmək və heç bir istehsalat tabusu içinə girməmək haqqı var.

Ən dəhşətlisi isə budur ki, gözəllik standartlarına uyğunlaşmağa çalışan qadınlar zamanla özlərinə yadlaşırlar və artıq hər şeyi cəmiyyət tərəfindən sevilmək üçün edirlər. Əsl istismar elə bu deyilmi? Dünyanı ələ salan bu sistem hansı cürətlə qadını depressiv və özünü sevməyən bir insana çevirir ki? Dahası, biz niyə buna icazə verək ki? Qeyd etdiyim kimi, bu problemi öncə qadınlar başa düşməli və bununla mübarizə aparmalıdırlar. Çünki “mən varam” deyib, tabuları yıxmaq əvvəlcə ən yaxın yerdən, yəni bədənimizdən başlayır.

Digər bir sarsıdıcı məqam isə qadınların uşaq yaşlarından etibarən “Barbie” oyuncağı və ona bənzər qəhrəmanların olduğu cizgi filmləri ilə böyüdülməsidir. Hələ beyninin yeni-yeni inkişaf etdiyi zamanlardan etibarən bu cür “ideal” görünüşlü - sarı saçlı, uzun boylu, arıq, mavi gözlü - oyuncaqlarla böyüyən kiçik bir qız zaman keçdikcə öz bədənindən necə razı qala bilər? Axı o, yalnız 1 bədən quruluşunun ideal olduğunu görüb və öz bədəni bu standarta uyğun gəlmədiyi üçün zaman keçdikcə özünə nifrət edəcək. Uşaqları bu qədər özgüvənsiz şəkildə və kitablardan çox, kuklalarla böyütmək bizə xəstə cəmiyyət, monopoliyalara isə potensial müştəri verməkdən başqa heç nəyə yaramır. Çünki məlum məsələdir ki, həmin kiçik qızlar sabah böyüyüb, öz bədənindən utandıqları üçün makyaj, geyim və plastik cərrahiyyə tüccarlarının ən böyük müştərisi olacaqlar.

Qadının əşya kimi təqdim edilməsi ilə bağlı başqa bir fakt isə seks işçiliyidir. Seks işçisi qadınlar cəmiyyətdə ən çox istismar olunan və təhqir edilən qisim olsalar da, ən çox tələbat da yenə onlaradır. Seks işçilərinin həyatına söyən kişilərin bir çoxunun bu qadınlara möhtac qalması görmədiyimiz bir durum deyil.

Qadın bədənini seks maşını kimi görmək də bir istismar üsuludur. Bu baxımdan guya seks işçilərinin vəziyyətini yaxşılaşdırmaq və təcavüz hallarının qarşısını almaq məqsədilə Amerika və Yaponiya kimi ölkələrdə qadın bədəninə bənzər, şar kimi doldurulan seks oyuncaqları istehsal edilir. Bu, sadəcə bir əşya olduğu üçün təbii ki, alınıb-satılması qeyri-etik deyil. Lakin ortaya belə bir sual çıxır: Qadın bədənini əşya kimi görən və onunla vəhşi kimi davranan təfəkkürlə mübarizə aparmaqdansa, bu cür təfəkkürlü insanların “əllərinə oyuncaq vermək” nə dərəcə etikdir? Bununla təcavüz halları azalırmı? Bəlkə, potensial təcavüzkarların zəifliyindən istifadə edib pul qazanmaq və buna müxtəlif cür “humanist” donlar geyindirmək daha asan gəlir?

Azərbaycanda bu cür oyuncaqlar satılmasa da, artan təcavüz cinayətləri, ailə daxilində və ya məktəblərdə gizlədilən cinsi qısnama və təcavüz halları ölkəmizdə də qadın bədəninin seks aləti kimi təqdim edildiyindən xəbər verir.

Bədən azadlığı ilkin və sadə bir cığırdır. Bədənini tanımayan və onu sevməyən insanların düşüncəsi heç vaxt sağlam ola bilməz.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

Qadın bədəninin “əşyalaşdırılması”: Moda, yoxsa istismar?

loading...

Ən çox oxunanalar