Çərşənbə axşamı, 07 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Xocalı qatillərinin cəzalanacağına ümid varmı?..

28 ilin hüznünə ehtiramla və qatillərin cəzasız qalmalarına etirazla...

Ülkər İsmayılqızı yazır...

Xocalıdan yazmaq mənə elə gəlir heç bir azərbaycanlı üçün asan deyil. 28 ildir artıq hər il eyni şeyləri deyirik, eşidirik, oxuyuruq... Xocalıda bunlar oldu, vəhşilik, terror, ölüm, zülım ərşə dirəndi və s. Bəs o acını hiss edirikmi? Anlayırıqmı ki, o acını yaşamaq nə deməkdir? Məncə anlamırıq...

Hər il Xocalı adına xaricdə tədbirlər keçiririk, bu dəhşətli soyqırımı dünyaya tanıtmaq istəyirik. Amma özümüz tanıyırıqmı Xocalı soyqırımını. Sözün tam anlamıyla Xocalı soyqırımını tanıyırıqmı?..

Bəzilərimiz hər il Xocalı soyqırımını özünüreklam alətinə çevirir. Xocalıda o dəhşəti yaşayanların acıları və qanları üzərinə özümüzü tanıtmaq istəyirirk və çox, çox təəssüf ki, bizi Xocalı tanıtımlarımız özünüreklamdan o yana gedə bilmir...

Bunun günahı kimdədir? Niyə belə edirik? Niyə Xocalıda yüzlərlə günahsız uşağı, qızı, qadını, qocanı amansızlıqla qətl edən, əsir götürüb inanılmaz işgəncələr məruz qoyan erməni öz “siçanından fil düzəldə bilir” və özlərini təmizə çıxara, özlərini dünyann ən mədəni, ən sivilizasiyalı, eyni zamanda “haqsızlığa” məruz qalana millət kimi tanıda bilirlər? Biz isə haqlı olduğumuz halda haqsız duruma düşürük və vəhşi erməni bizi asanlıqla “vəhşi” qılıfında dünyaya təqdim edə bilir? Bu sualların cavabı bizim özümüzdədir. Bizim məsələlərə yanaşmamızdadır. Bizim facilərimizə yanaşmamızdadır. Əgər biz milli faciələrimizdən şəxsi mənfəət əldə etməyə çalışmasaq və çalışmasaydıq, onda Xocalı həqiqətlərini olduğu kimi bütün dünyaya tanıtdıra bilərdik.

Soyqırımdan 28 il ötməsinə baxmayaraq niyə Xocalıda insanları ən acımasız şəkildə öldürənlərin heç biri ədalət məhkəməsi qarşısına çıxarılmayıb? Xocalıda uşaqlara, qadınlara verdiyi qeyri-insani işgəncələr barədə kitab yazan və Xocalılara verdiyi işgəncələrdən duyduğu qeyri-bəşəri “həzzi” bu kitabında vəsf edən Zori Balayan niyə hələ də yaşayır? Bütün dünyada guya qırmızı bülletenlə aranan o, insalıq adına ləkə olan varlıq əlini qolunu sallaya-sallaya müasir hüququn qaynağı olaraq tanıdığımız Amerikalarda, Avropalarda necə gəzə bilir? Bu sualın cavabını biz bir fərd, millət və dövlət olaraq verə bilirikmi?

Təxminən bir il öncə Xocalıya həsr olunmuş bir kitab oxudum. Müəllifləri Şəmil Sadiq və Müşfiq Xanın olduğu bu kitab mənim nəinki Xocalıya bağlı, bütün həyata fikirlərimi dəyişdi. “Ümidlərin izi ilə”...

Bəli kitabın adı idi bu əvvəldə qeyd olunan :“Yetkinlik yaşına çatmayanların vә ürәyi xәstә olan insanların oxuması tövsiyә edilmir” cümləsini oxuyanda dedim nə qədər dəhşətli ola bilər axı bir əsər?

Tarixi faktlar; əsir və girovluqda olan canlı şahid xatirələri, MTN-nin arxiv materialları əsasında yazılmış roman iki gəncin nakam məhəbbətindən bəhs edir. Bu əsəri oxuyandan sonra mən Xocalının zəhərini daddım, mən nə qədər nankor olduğumu bildim. İlk dəfə Xocalını hiss etdim... Günlərlə ağladım, düşündüm, yuxum ərşə çəkildi. Xocalıda neçə ömür yarıda qaldı, neçə arzu qırıldı, neçə xəyal puç oldu İlahi...

Bir anlıq da olsa özümü əsərdəki Aytəkinin yerinə qoymaq istədim... olmadı... alınmadı... bacarmadım. O qədər özünü sevən, “mən” çərçivəsindən kənara çıxa bilməyən bir cəmiyyət olmuşuq ki... Daş olmuşuq daş...

O kitabı oxuduqdan sonra anladım ki, hər birimiz Xocalıda,Qarabağda şəhid olan, əsir düşən soydaşımızın xəyalını arzusunu yaşamalıyıq... Anladım ki, övladlarını sevgisiylə böyütmək istəyən ananın, ali təhsil almaq istəyən gəncin, sevdiyi ilə ailə qurmaq istəyən gəncin sönmüş arzusunu, puç olmuş həyatını yaşamalıyıq. Xocalıda nə qədər arzu vaxtından əvvəl öldürüldü? Bu həyat əslində bizə onların arzularının əmanəti olmalıdır.

Biraz ayılaq! Araşdıraq, oxuyaq, tanıyaq Xocalını... O acını yaşayaq! Yaşayaq ki, bu qəflət yuxusundan ayılaq. Atanın, qardaşın gözü önündə ananın, bacının namusunun tapdalanması, ananın gözü önündə qundaqdakı körpənin dərisinin soyulması, yandırılması, əzizlərinin min bir işgəncə ilə öldürülməsi necə bir hissdir hiss edin! İnanın ki, ölməzsiniz! Bu hiss sizə düşməni tanıdacaq.

Bu gün Azərbaycanın hüdudlarından kənarda yaşayan həmvətənlərimizdən bəziləri onlarla dostluq edir, süfrədə duz çörək kəsirlər nəyinsə xatirinə...

Bilin ki, o loxma boğma olub boğazında qalır. Hamımızın... 613 şəhidin qanına batmış loxmanı necə yemək olar ki?.. Siz onlarla kimin şərəfinə badə qaldırırsız? Əsirlikdə olmazın işgəncə görən 1275 girovun, ya taleyi indiyəcən bilinməyən, torpağın altındamı, yoxsa üstündəmi olduğu yalnız Allaha bəlli olan 150 itkinin, bəlkə valideynlərini itirmiş körpələrin?...

İmam Əli (Ə) ın bir hədisi ilə yazımı yekunlaşdırıram: “Özünə qarşı edilən pisliyi unut, amma millətinə edilən pisliyi əsla unutma!”

Unutmayaq! Xocalı qurbanlarının ümidlərinin izi ilə gedək... Gedək ki, o yol bizi Xocalı ədalətinin bərqərar olunmasına aparsın...

P. S. Bizə “Daş yuxular” gərək deyil, biz daşlaşmış beyinlərimizi, ürəklərimizi canlandırmalıyıq...

Ülkər İSMAYILQIZI
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

Xocalı qatillərinin cəzalanacağına ümid varmı?..

Evdə qalaq – Sabaha ümidi olmayanlara da ümid olaq

loading...

Ən çox oxunanalar