Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«İbn Səba şiəyliyə atılan böhtandır»


Beylaqan rayonunun axundu Hacı Mirsəccad: «Şiəliyin mənşəyinin Abdullah ibn Səba adlı şəxsin fəaliyyətləri ilə əlaqələndirmək böhtandır»


Bir müddət əvvəl «Poliqon» İnformasiya Agentliyində (pia.az) saytının baş redaktoru Azər Qaramanlının «Yəhudilərin islamı yox etmək layihəsi» adlı araşdırma yazı dərc olunmuşdu. Həmin yazıda irəli sürülən bəzi fikirlərə qarşı Beylaqan royonunun axundu Hacı Mirsəccad redaksyimıza yazı göndərib. 

Həmin yazını olduğu kimi, heç bir dəyişiklik etmədən oxucularımızın diqqətinə cəlb edirik:

«Abdullah ibn Səba böhtanı məzhəblərarası qardaşlığımıza zərbədir.

Son vaxtlar vəhhabi qruplaşmaların fikirlərindən təsirlənən və radikal əhli-sünnə alimlərinin kitablarına istinad edərək sensasiya yaratmağa çalışan bəzi xarici və daxili KİV  nümayəndələri şiəliklə yəhudilik arasında əlaqə yaratmağa çalışırlar. Bunun üçün gətirdikləri arqumentləri isə Abdullah ibn Səba adlı şəxsin fəaliyyətləri ilə əlaqələndirirlər. Keçən həftə «Poliqon» İnformasiya Agentliyində (pia.az) Abdullah İbn Səbaya istinad edilərək şiəliyin yəhudiliklə bağlanılması barədə araşdırma yazıya rast gəldim. Həmin məqaləyə cavab yazmağı bir müsəlman olaraq özümə borc bildim. 

Qeyd edilən fikirləri ümumiləşdirsək, anası yəhudi olan Abdullah İbn Səba III Rəşidi xəlifənin dövründən etibarən İslam ümməti arasına nifaq salmağa çalışmışdır. Cəməl döyüşünün əsas səbəbkarlarından olan Abdullah ibn Səba Həzrət Əliyə (ə) üluhiyyət nisbət etmiş və nəticədə Mehdilik və Əhli-beyt prinsiplərini ucaldan şiəlik ortaya çıxmışdır. Əlbəttə tarixi hadisələrin öz seyrindən çıxardılaraq bu günkü yəhudi mifi çərçivəsində dəyərləndirilməsindən ibarət olan bu iddialar əsassız və gülüncdür. Bir daha vurğulamalıyıq ki, bu kimi iddialar mənəviyyat baxımından getdikcə güclənən şiə məzhəbini qeyri-islami və təfriqəçi elan etmək istəyən vəhhabi qruplaşmaların təlqinləri ilə ayrı-ayrı tarixi məlumatların yenidən senariləşdirilməsi nəticəsində ortaya çıxmışdır.
 
Məsələnin məğzi aydın olmaqla yanaşı sözügedən iddiaların nə qədər əsassız olduğunu göstərən bir neçə nüansa qısaca toxunmaq faydalı olar. Hər şeydən əvvəl Abdullah İbn Səba haqqında üç məsələni hər zaman diqqət mərkəzində saxlamaq lazımdır. Birincisi bu insanın şəxsiyyəti və fəaliyyətləri haqqındakı məlumatlar çox qarışıqdır. Dövrün nüfuzlu tarixçilərindən olan İbn Səd Bəlazuri, Nəsr ibn Müzahim, əl-Minkari və Yəqubinin əsərlərində onun haqqında söhbət açılmır. Onunla bağlı olduğu irəli sürülən tarixi məlumatlarda isə İbn Sevda, İbn Səba, İbn Vəhb ibn Səba, İbn Səba əl-Himyəri, İbn Səba Vəhb ər-Rasibi şəklində fərqli adlandırmalara rast gəlinir.
 
İkincisi, məsələni hədis rəvayəti baxımından ələ alsaq, əhli-sünnə alimlərinin də yekdil qənaətinə görə, Abdullah ibn Səba haqqında məlumat verən yeganə şəxs, Harun ər-Rəşid dövründə yaşamış Seyf ibn Ömərdir. Yenə İbn Həcər və Zəhəbi kimi əhli-sünnənin mötəbər qəbul etdiyi rical alimlərinin fikrincə bu şəxs hədis elmi baxımından zəif olduğu üçün onun rəvayətlərinə etimad olunmur. 

Üçüncüsü, Abdullah ibn Səbanın həqiqətən tarixi bir şəxsiyyət olduğunu qəbul etsək belə bu şiəliyin onun fikirləri əsasında yarandığını deməyə əsas verməz. Bunun üçün kafi dərəcədə məzhəblər tarixi biliyinə sahib olmaq kifayətdir. Məsələ ondan ibarətdir ki, KİV nümayəndələri dini bilikləri kifayət dərəcədə olmadığı üçün ümumi və xüsusi mənada şiəliyi birbirindən ayırmağı bacarmırlar. Nəticədə isə bu qədər absurd fikirlər ortaya çıxır. 

Ümumi mənada şiəlik məfhumu “Zeydilik”, “İsmaililik” və ya digər firqələr kimi bir çox məzhəb üçün işlədilən ümumi termindir. Bunlardan bir çoxu, ya varlığını müasir dövrümüzə qədər davam etdirə bilməyib, ya da ətrafına çox cüzi tərəfdar toplaya bilib. Xüsusi mənada şiəlik isə on iki imam şiəliyi, “İsnəəşəriyyə” və ya “İmamiyyə” adı verilən topluluğun adıdır. Digər şiə firqələrində İslam dininin əsas prinsiplərinə uyğun gəlməyən müddəalar tapmaq mümkün olsa da bu fikri imamiyyə şiəliyi üçün səsləndirmək olmaz. 

Dəlil gətirilən tarixi məlumatlardan da görünür ki, Abdullah ibn Səbanın təlqinləri Həzrət Əli (ə) tərəfindən dəstəklənməmiş və bu şəxs cəzalandırılmışdır. Həzrət Əlinin (ə) onu yandırmaqla edam etmək əmri isə son dərəcə məntiqsizdir. Çünki Həzrət Əli (ə) kimi bir hikmət sahibinin İslam dininə uymayan bir cəza növündən istifadə etməyəcəyi aydındır. Qısacası Həzrət Əlinin (ə) insanlar arasındakı mövqeyindən istifadə etməyə çalışan Abdullah İbn Səba ancaq “Səbəiyyə” firqəsinin qurucusu kimi təqdim edilə bilər, şiəliyin banisi kimi yox. Bu baxımdan “Babilik” və “Bəhailik” ilə “Səbəiyyə” arasında mahiyyət etibarilə heç bir fərq yoxdur. 

Mehdi və Əhli-Beyt məfhumlarından hərəkətlə şiəlik və yəhudilik arasında əlaqə qurmağa çalışmaq fikrimizcə ancaq sensasiya xarakterli ola bilər. Bunu başa düşmək üçün İslam dininin əsas prinsiplərini, digər dinlərə münasibətini və tarixi inkişaf prosesini bilmək kifayətdir. Allah qatında dinin İslam olduğunu irəli sürən dinimiz özündən əvvəlki dinləri və peyğəmbərləri əsla inkar etmir, sadəcə olaraq bu peyğəmbərlərin gətirdiyi hökmlərdən bir qisminin insanlar tərəfindən təhrif olunduğunu qeyd edir. Buna görə də İslamın vacib buyurduğu namaz, oruc, həcc, zəkat kimi ibadətlər və ya əxlaqi davranışlarla bağlı hökmlərlə digər ilahi dinlərin buyruqları arasında bənzərlik tapmaq mümkündür. Qurani-Kərimdə Həzrət İsadan (ə) “kəlimətullah” ünvanı ilə bəhs olunması, Həzrət Süleymanın (ə) və Həzrət Musanın (ə) peyğəmbər olduqlarının təsdiqlənməsi İslam dininin yəhudilikdən və ya xristianlıqdan törədiyinə dəlil ola bilməz. 

Eyni şəkildə Mehdilik sadəcə şiəliyə xas bir prinsip deyil, bütün ilahi dinlərdə mövcud olan və şiəliklə yanaşı əhli-sünnə məzhəbləri tərəfindən müdafiə edilən ümumi bir inancdır. Qurani-Kərimdə və hədislərdə bununla bağlı bir çox dəlil tapmaq mümkündür. Əhli-beyt məfhumunun yəhudilikdən gəldiyini və Qurani-Kərimdən qaynaqlanmadığını iddia etmək isə, Quran ayələrinə dair bilgisizliyin zirvə nöqtəsidir. Əhli-beytlə bağlı Quran ayələrini bir çox misal vermək mümkün olsa da, fikrimizcə Əhzab surəsinin 33-cü ayəsindəki “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” buyruğunu göstərmək kifayətdir. Bu ayə nazil olduğu zaman Peyğəmbərin (s) kimləri əbasının altına topladığı haqqındakı faktları isə şiə qaynaqları ilə yanaşı əhli-sünnə qaynaqlarından da tapmaq çətin deyil.
 
Nəticə etibarilə İslam dini və məzhəbləri haqqında qələmə alınan yazılarda ciddi redaktəyə ehtiyac olduğunu düşünürük. Xüsusilə şiə məzhəbinə dair qərəz və aqqresiya xarakterli vəhhabi təsirinin müxtəlif KİV tərəfindən bilinmədən işıqlandırılması Azərbaycanda mövcud olan əmin-amanlıq mühitini və məzhəblərarası qardaşlıq zəminini zədələməkdən başqa bir nəticə doğurmayacağı bilinməlidir. Bunu nəzərə alaraq KİV nümayəndələrimizi dini mövzularla əlaqəli yazıları dərc edərkən sensasiya yaratmaq fikrindən daha çox tarixi faktlara əsaslanmalarını və ən əsası da dinlər tarixi haqqında geniş mütaliə etmələrini xahiş və tövsiyyə edirik. Belə olduğu təqdirdə əminik ki, nə Həsən Səbbahın İsmaililiyin (bu firqənin adı İsmailit deyil) qurucusu olduğu iddia edilərək onunla Abdullah ibn Səba arasında əlaqə qurulmayacaq,  nə sülh dini olan İslam terrorizmlə eyniləşdirilməyəcək, nə də Əhli-beytə sevgi kimi Azərbaycan xalqının mənəvi dəyərlərindən olan dəyərlərimizə qarşı absurd fikirlər səsləndirilməyəcəkdir.

Beylaqan royonunun axundu Hacı Mirsəccad»

Redaksyiadan: Biz bu mövzu ilə bağlı digər ruhanilərimizin, araşdırmaçı yazarlarımızın və tarixçilərin də fikir və mülahizələrini dərc etməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar