Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda mənə heç kim iş təklif etmədi“



Vladiqafqazda Nazim Süleymanovun 50 illik yubileyi münasibətiylə keçirilən qarşılaşmaya Rasim Abışov da gəlmişdi


Azərbaycan millisinin keçmiş üzvü hazırda Stavropolda yaşayır və işləyir. Təbii ki, onunla söhbətləşmək şansını əldən verə bilməzdik.


- Azərbaycanın futbol ictimaiyyəti çoxdandı sizdən xəbər tutmur. Rasim Abışov niyə görünmür, nə ilə məşğuldu?

- Azərbaycana hər il gəlirəm. Vətənə gələndə bəzi şəxslərlə görüşürəm. Hazırda Stavropolda uşaq məşqçisi kimi fəaliyyət göstərirəm. Uğurlarım var. Şükür Allaha, yavaş-yavaş işləyirəm.

- Neçə yaşlı uşaqlarla məşğul olursuz? 

- On iki yaşlı uşaqları çalışdırıram.

- Nəyə görə Stavropolda qalmağa, işləməyə üstünlük verdiz? 

- Yox, elə bir səbəb yox idi ki, onu əsas gətirib Stavropolda qalım. Sadəcə, Azərbaycanda mənə heç kim iş təklif etmədi. Ona görə də məcburiyyətdən burda qalmalı oldum.

- Milli komandada oynamış bir futbolçuya Azərbaycanda niyə iş tapılmasın? Azərbaycan futbolu bu qədərmi inkişaf edib ki, Rasim Abuşovun təcrübəsinə gərək qalmır? 

- Vallah, bu barədə nəsə deyə bilmərəm. Yəqin ki, orda təcrübəli və istedadlı məşqçilər çoxdu ki, mən yada düşmürəm.

- Azərbaycanlı futbolçular karyeralarını bitirdikdən sonra uşaq məşqçisi kimi çalışmağı özlərinə sığışdırmırlar. Sizdə də belə kompleks var?

- Qətiyyən! Heç bir kompleksim yoxdu, rahatlıqla işləyə bilərəm.

- Azərbaycanda uşaq futbolunun durumundan məlumatlısız? 

- Demək olar ki, məlumatsızam.

- Stavropolda uşaq futbolunun durumu necədi?

- Burda istedadlı uşaqlar çoxdu, amma maliyyə durumu yaxşı deyil.

- Son vaxtlar Azərbaycan futbolunda maliyyə böhranı yaşanır... 

- Eşitmişəm bu barədə. Çempionatımızla maraqlanıram, internet vasitəsiylə izləyirəm.

- Siz Azərbaycan çempionatında oynamış ən yaşlı futbolçusuz. Səhv etmirəmsə, Nazim Süleymanov sizi 42 yaşınızda "Xəzər Lənkəran"a dəvət etdi. O, sizi dost olduğunuza görə komandaya çağırdı, yoxsa... 

- Yox, heç bir dostluq münasibətindən söhbət gedə bilməz. Nazim Süleymanov məni oyunuma görə komandaya dəvət etmişdi.

- Yəni o vaxt bu yaşda çempionatımızda top qovmaq asan idi?

- Mən öz gücümə inanırdım. Lənkərana gücümə inandığım üçün gəlmişdim.

- Övladlarınızdan futbolla məşğul olanı var?

- Məşğul olanları var. Bir oğlum "Saxalin"də, bir oğlum isə Stavropolun komandasında oynayır.

- AFFA-dan, Azərbaycandan övladlarınızla maraqlanan olub?

- Yox, heç kim maraqlanmayıb.

- Sizi tez-tez qırmızı vərəqəylə cəzalandırırdılar. Çox kobud futbolçuyduz?

- Özümü kobud futbolçu hesab etmirəm. Sadəcə, meydana çıxarkən bütün qüvvəmlə mübarizə aparmışam.

- Azarkeşlər Rasim Abışovu həm də Portuqaliya ilə oyunda aldığı qırmızı vərəqəyə görə xatırlayırlar... 

- Elə mən də xatırlayıram o oyunu (gülür).

- Azərbaycan millisinin oyunlarını izləyirsiz? O vaxtdan nə dəyişib?

- Heç bir inkişaf yoxdu. Anlaya bilmirəm, o cür şərait ola-ola milli komanda niyə inkişaf etməsin ki?

- Legioner karyerasına neçə yaşınızda başladız?

- Azərbaycandan 31 yaşında getdim.

- 31 yaşda Rusiyaya getdiz və dərhal da heyətə düşdüz? 

- Əlbəttə, dərhal heyətə düşdüm. Özü də o vaxt Stavropola gedərkən məni "Anji" də, "Tekstilşik" də istəyirdi.

- Amma indi 24-25 yaşlı futbolçularımız Türkiyənin ikinci dəstəsində heyətə düşə bilmirlər. 

- İndiki futbolçularımızda peşəkar keyfiyyətlər yetərincə deyil.


- Onların peşəkar ola bilməməsinin səbəbi nədədi? 

- Bizim üçün ən ümdə amil futbol idi. Meydana çıxarkən pul haqqında qətiyyən düşünmürdük. Eləcə, oynamaq istəyirdik. Ancaq indikiləri ancaq pul düşündürür. Amma pulu da oynayıb, haqq edib qazanmaq lazımdı.

- İndi 23-24 yaşlı futbolçularımız ilə 200-250 min manat qazanır. Onların villaları, bahalı maşınları var. Sizin 31 yaşda nəyiniz vardı?

- Heç nəyim yox idi. Təkcə komandadan ev vermişdilər. Vəssalam. Ayda da 800 manat məvacib alırdım.

- Sizin nəsildən olan futbolçular "Neftçi"dən müəmmalı şəkildə ayrıldılar. Siz komandadan hansı səbəbə görə ayrıldız, Stavropol variantı necə yarandı?

- Səhv etmirəmsə, 1996-cı ildə milli komanda ilə Kiprdə təlim-məşq toplanışındaydıq. Orda Stavropol "Dinamo"sunun məşqçiləri məni komandaya dəvət etdilər. Hansısa oyunumuza baxıb, bəyənmişdilər. Maliyyə şərtləri də ovaxtkı duruma görə yaxşıydı. Ayda 2 min dollar məvacib verirdilər. Hər oyuna görə də 1500 dollar alırdım. Dərhal da start heyətində yer aldım. Müdafiəçi mövqeyində çıxış etsəm də, hər mövsüm 5-6 qol vururdum. Lənkərandan qayıdandan sonra, 43 yaşında da Stavropolda bir il oynadım.

- Sizi bu şəhərə nə bağlayır ki, orada qalmaq qərarı verdiz? 

- Xüsusi heç nə bağlamır. Sadəcə, uşaqlara, işə görə burda qalmağa məcburam. Azərbaycandan heç bir təklif olmadığı halda, başqa neynəmək olardı?

- Belə çıxır ki, övladlarınıza və ya özünüzə Azərbaycandan təklif gəlsə, vətənə qayıdarsız? 

- Əlbəttə, qayıdaram.

- Milli komandanın heyətində unuda bilməyəcəyiniz qələbə və məğlubiyyət hansıdı?

- İsveçrə üzərində qazandığımız qələbəni hələ də xoş hisslərlə xatırlayıram. Portuqaliyaya 0:7 hesablı məğlubiyyəti də milli komandada ən pis oyun kimi yaddan çıxara bilmirəm.

- Bəs Lixtenşteynə məğlubiyyəti?

- Orda nə baş verdiyini hələ də anlaya bilmirəm. Tam arxayın idik ki, qalib gələcəyik. Meydana da rahat çıxdıq. Onlar cəmi iki dəfə hücum etdilər və hər ikisi qolla nəticələndi. Məncə, arxayınçılığın qurbanı olduq. Portuqaliyaya, Fransaya məğlubiyyətlərə nə iləsə haqq qazandırmaq olardı. Amma bu məğlubiyyətə əsla. O məğlubiyyət bütün ömrümüz boyu bizi izləyəcək.

- Əhməd Ələsgərov necə qalıb yaddaşınızda?

- Allah rəhmət etsin, çox güclü mütəxəssis, əsl psixoloq idi. Futbolçuları oyuna onun kimi kökləyə bilən az-az məşqçi var.

- Nazim Süleymanovu necə xarakterizə edərdiz?

- Olduqca güclü futbolçu və mükəmməl insan.

- İndi hamı burdan Bakıya, siz isə Stavropola qayıdacaqsız. Yəqin ki, qulağınız daim Bakıdan gələcək səsdə olacaq ki, sizi vətənə dəvət etsinlər... 

- Çox istəyərdim ki, elə olsun. (komanda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar