Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda radikal müxalifət yoxdur, radikal iqtidar var”


Bu, ölkədə ciddi qarşıdurma şəraiti yaradır” – Arif Hacılı


PİA.AZ Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Arif bəy, 20 illik müxalifət partiyasını ən zəif və keçid dövrü yaşayan bir vaxtında təhvil almaq ərəfəsindəsiniz. Bu çətin missiyanı üzərinizə götürməyə hazırsınızmı?

- İndi bütövlükdə Azərbaycan cəmiyyəti, demokratik düşərgə üçün çətin dövrdür. Mən heç vaxt çətinliklərdən çəkinməmişəm. 1992-ci illərin əvvəllərində AXC Ali Məclisinin sədri seçildiyim dövr də kifayət qədər mürəkkəb bir dövr idi. Həmin zaman da  mənə oxşar suallar verilirdi. Ancaq məsuliyyəti üzərimə götürməkdən çəkinmədim. Hesab edirəm ki,AXC Ali Məclisinin sədri seçilməyim həm AXC həm də cəmiyyət üçün uğurlu oldu.

- O dövr daha çətin idi, yoxsa hazırkı vəziyyət?

- Hər dövrün öz çətinlikləri var. 1992- ci ildə hakimiyyətin quldur dəstələri birbaşa bizim üzərimizə silahlı hücum edirdi. Bizi silahlı adamlar qoruyurdu. Ailələrimizi gizlətmişdik. Mitinqlərə, başqa tədbirlərə “bronjilet”də gedirdik. Amma o dövrdə xalq  siyasi baxımdan daha fəal idi. Bu, o dövrün üstünlükləri idi. İndiki dövrün də öz çətinlikləri var. Müsavat başqanı seçiləcəyəmsə, üzərimə daha böyük məsuliyyət düşəcək. Çünki mən o vaxt AXC Ali Məclisinin sədri seçilmişdim. AXC o dövrdə Azərbaycanın bütün siyasi elitasını özündə birləşdirirdi. Xalq Cəbhəsinin Məclisi də çox mühüm vəzifə idi. Çünki sədr eyni zamanda Rəyasət Heyətinə də rəhbərlik edirdi.  Bir çox  mühüm qərarlar məclisin toplantılarında qəbul olunurdu. Ancaq cəbhənin başında Elçibəy kimi bir siyasi lider dayanırdı. Azərbaycan siyasətinin çox önəmli simaları İsa Qəmbər, Pənah Hüseyn, Tofiq Qasımov, İsgəndər Həmidov, Qurban Məmmədov kimi adamlar Xalq Cəbhəsinin ən yüksək postlarında təmsil olunurdu. Bu adamlarla birgə fəaliyyət göstərmək təbii ki, bir çox problemlərin bölüşdürülməsi baxımından işi  xeyli asanlaşdırırdı. Hazırda hakimiyyət müxalifətin resurslarını kifayət qədər məhdudlaşdırıb. Çox məhdud resurslarla  fəaliyyət göstərmək imkanlarımız var. Ancaq Müsavat Partiyasında uzun illərin sınağından keçmiş, bir çox məhrumiyyətlərə sinə gərmiş, mətin insanlar fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan demokratik müxalifətinin lideri İsa Qəmbərin dəstəyi ilə bu çətinliklərin öhdəsindən gələcəyimizə inanıram.

- Ölkədə həbs dalğası davam etməkdədir. Siz müxalifətin başqanı olsanız, hakimiyyətlə bu cürmü davam etmək istəyirsiniz? Yoxsa hansısa kompromis üsullar axtarmaq niyyətiniz varmı?

- Bizim digər siyasi qüvvələrlə, ilk növbədə hakimiyyətlə münasibətə təsir imkanlarımız təəssüf ki, məhduddur. Biz  qarşıdurma tərəfdarı deyilik. Hakimiyyətlə ümummili məsələlərdə müzakirə aprmağa hazır olduğumuzu hər zaman bəyan etmişik. Heç vaxt bu prinsipdən imtina etməmişik. Hakimiyyət dairələri deklarativ şəkildə belə bəyanatlar versələr də, reallıqda müxalifət qüvvələrini sıradan çıxarmaq,  hesaba almamaq xətti yürüdür. Azərbaycan  hakimiyyəti müxalifəti ölkənin siyasi sisteminin tərkib hissəsi kimi qəbul etmək istəmir. Müxalifətin ölkənin  siyasi sistemə daxil olmasına maneçilik törətməyə çalışır. Müxalifəti məhv etməyə çalışır. Belə bir hakimiyyətlə real qarşılıqlı siyasi münasibətlərin qurulması həddən artıq çətindir. Azərbaycanda radikal müxalifət yoxdur. Bütün müxalifət qüvvələri Azərbaycanın Konstitusiyasına, beynəlxalq hüquq normalarına uyğun olaraq fəaliyyət göstərir.  Xüsusən də demokratik müxalifətə aid olan partiyalar bu illər ərzində daim qanun çərçivəsində fəaliyyət göstərdiklərini  təsdiq ediblər. Azərbaycanda radikal iqtidar var. Müxalifətə qarşı barışmaz mövqe tutur. İqtidar müxalifət münasibətlərinin normallaşması məsələsində  düşünürəm ki, seçim müxalifətin deyil, hakimiyyətin üzərindədir. Hakimiyyət belə münasibətlərin qurulması xəttini seçəcəksə , siyasətində dönüş yaradacaqsa, təbii ki, müxalifət problem yaratmayacaq.

- Belə anlaşılır ki, müxalifət tərəfindən eyni siyasi xətt yürüdülməkdə davam edəcək. Sizin başqanlığa iddiaçı kimi yeni təklifləriniz yoxdur?

- Mən Müsavat başqanlığına namizədliyimi hələ irəli sürməmişəm. Əgər namizədliyimi irəli sürsəm, təbii ki, atacağım addımlar barədə platformamı həm Müsavat partiyası üzvləri üçün, həm də  Azərbaycan ictimaiyyəti üçün açıqlayacam.

-  Siyavuş Novruzov açıqlama verib ki, Müsavat Qurultayını parlament seçkilərindən sonra keçirəcək. Ayın 27-si qurultay baş tutmayacaq...

- İnanmaq istərdim ki, bu hakimiyyətin siyasi qərarı yox, Siyavuş Novruzovun şəxsi fikridir.  Çünki hakimiyyət Müsavatın qurultayının keçirilməsinin qarşısını almaq üçün siyasi qərar verəcəksə, onun buna nail olmaq imkanları genişdir. Hakimiyyət sadəcə  polisə göstəriş verməklə  buna nail ola bilər. Hakimiyyətin zorakı müdaxiləsinin olmayacağı təqdirdə və zal ayrılacağı halda Müsavat Partiyasının qurultayı sentyabr ayının 27-də keçiriləcək.

- Zal verməsələr, başqa variantlarınız varmı?

- Sonuncu dəfə BŞİH-nə müraciət edərkən bizə həm Bakıda olan saraylarla, həm də müvafiq şadlıq evlərinin sahibləri ilə müzakirə aparmağı təklif etmişdilər. Əgər belə bir razılıq əldə olunarsa, hakimiyyətin bu zalların birində qurultay keçirə biləcəyimiz barədə fikir verəcəyi  həmin məktubda əksini tapmışdı.  Ona görə də ümid edirik ki, hakimiyyət dairələri qurultayın keçirilməsinin qarşısını zorakı yolla almayacaq.

- Müəyyən düşüncələrdə, kütlələrdə belə bir bir fikir formalaşıb ki, müxalifətin 20 illik uğursuzluğunun səbəbi İsa Qəmbər, Əli Kərimlidir. Siz bu düşüncəni aradan qaldırmaq üçün  nə kimi  addımlar atacaqsız?

- Mən Azərbaycan müxalifətinin 20 illik fəaliyyətini uğursuz fəaliyyət saymıram. Əslində Azərbaycanda mövcud olan şərtlər daxilində Azərbaycan müxalifəti kifayət qədər fədakar mübarizə aparır. Müxalifət qüvvələri bir çox seçki kampaniyalarında yüksək nəticəyə nail olub. 2000- ci ilin parlament seçkilərində Müsavat Partiyası, 2003- cü ilin prezident seçkilərində İsa Qəmbər qalib gəlib. 2005- ci ilin parlament seçkilərində Azadlıq bloku qalib gəlib. 2013-cü ilin prezident seçkiləri də göstərdi ki, müxalifət çox ciddi elektoral bazaya malikdir. Bu baxımdan müxalifət qüvvələrinin guya uğursuz fəaliyyəti haqqında fikirlər düzgün deyil. Sadəcə mövcud resurslarla və Azərbaycan hakimiyyətinin yaratdığı zorakı çətinliklər qarşısında Azərbaycan müxalifəti maksimum dərəcədə fəaliyyət göstərib. Əgər bu gün ümumi bir siyasi böhran fonunda Azərbaycan həbsxanalarında yüzdən artıq siyasi məhbus varsa , bu gün bütün resurslarının əlindən alınmasına təqib və təzyiqlərə baxmayaraq Azərbaycanda  ən azı iki müxalifət partiyası durmadan fəaliyyətini davam etdirirsə, bunu heç də müxalifətin uğrusuzluğu kimi dəyərləndirmək olmaz.

- Müxalifət cəbhəsində olan insanlar çox vaxt özlərindən başqa, digərlərini hakimiyyətin agenti olmaqda ittiham edir. Sizcə, bu belə olmalıdırmı?

- Bu ölkədə yaranmış anormal ab-havanın nəticəsidir. Bu cür təbliğatın aparılmasında hakimiyyət dairələrinin xüsusi rolu var. Onlar müxalifət partiyalarına yeritdiyi ayrı-ayrı adamlar, öz nəzarəti altında olan mətbuat orqanları vasitəsilə belə görüntü yaratmağa çalışırlar. Xüsusilə daha prinsipial mövqe tutan, hakimiyyətə qarşı daha radikal mövqe olan  insanlar haqqında müxtəlif şayələrin yayılmasını təşkil edilir. Bu yeni bir metod deyil. Çar Rusiyası və sovet hakimiyyəti dövründə də bu metoddan geniş istifadə olunub. Sonrakı dövrlərdə cəmiyyətdə nüfuzlu olan adamlar haqqında da  bu cür şayələr yayılıb. Azərbaycan hakimiyyəti də  bu ənənələri davam etdirir. Bu  yolla müxalifətin aparıcı simalarını nüfuzdan salmağa çalışır.

- Bildirilir ki, müxalifət liderləri gəncləri təhlükəyə salır, mitinqlərə təşviq edir, sonda həmin gənclər həbs olunur və özlərinin uşaqları azadlıqda gəzir. Buna münasibətiniz necədir?

- Mən resurslara uyğun olaraq fəaliyyət göstərməyin tərəfdarıyam. Hesab edirəm ki, siyasi şərait imkan verdiyi təqdirdə Azərbaycanda demokratik hüquq və azadlıqların müdafiəsi, ölkənin tam avtoritar cəmiyyətə çevrilməsinə müqavimət göstərilməsi istiqamətində mübarizə davam etməlidir. Əgər resurslar imkan verərsə, həbslərə və digər məhrumiyyətlərə baxmayaraq aksiyalar davam etməlidir. Eyni zamanda mən müxalifətçilərin guya öz ailə üzvlərini, yaxınlarını mübarizədən yayındırması barədə fikirlərlə razı deyiləm. Azərbaycan müxalifətində fəaliyyət göstərən  bir çox siyasətçilərin yaxınları, övladları da keçirilən aksiyalarda iştirak edib, müxtəlif dövrlərdə həbs olunublar. Azərbaycanda fəaliyyət göstərən siyasi müxalifətdə, gəncliyi təmsil edən insanların da böyük əksəriyyəti müxalifət düşərgəsindən olan fəalların  övladlarıdır.

- Namizədliyinizlə bağlı məsələyə keçmək istəyirəm. Opponentiniz Qubad İbadoğlu bildirir ki, namizədliyini irəli sürəcək  şəxs kimi siz partiyanın icra aparatı rəhbərliyindəın imtina etməlisiniz. Belə əsaslandırır ki, İcra Aparatı birbaşa məsələlərə müdaxilə etmək iqtidarındadır. Bu da seçimə təsir edə bilər. Siz necə düşünürsünüz?

- Mən Qubad İbadoğlunun öz seçki kampaniyasına mənim istefamı tələb etməklə başlamasına görə təəssüf edirəm. Bu real vəziyyətə uyğun olmayan bir təklifdir. Müsavat Partiyasının təqribən 600 qurultay nümayəndəsi var. Onlar kifayət qədər siyasi səviyyəyə yetkin düşüncəyə malik insanlardır. Arif Hacılının bu həftələr ərzində İcra Aparatının rəhbəri olub-olmaması onların seçiminə təsir göstərə bilməz. Bu adamlar əgər belə məsələlərin təsirinə düşsəydilər, indiyə kimi hakimiyyətlə durmadan mübarizə aparan mərhumiyyətlər içində olan bir partiyada qalmazdılar. Həm də bu adamlar siyasi yetkinliklərinə görə rəqabət şəraitində  qurultaya nümayəndə seçiliblər. İkinci tərəfdən isə Müsavat Partiyasının İcra Aparatının rayon təşkilatlarına təsir etmək imkanları yoxdur. Bizim xüsusi  resurslarımız mövcud deyil. İcra Aparatının sərəncamında maliyyə resursları, avtomobil parkı, hansısa digər texniki avadanlıqlar, insanlara təsir etmək üçün digər vasitələr mövcud deyil.  İcra Aparatına daxil olan şəxslər, özüm də daxil olmaqla, gördükləri  işə görə əməkhaqqı almadan könülllülük əsasında fəaliyyət göstəririr. Könüllülük əsasında fəaliyyət göstərən adamların könüllülük əsasında siyasətlə məşğul olan insanlara hansısa rıçaqlardan istifadə edib təsir etmək imkanlarının olduğunu iddia etmək məncə düzgün deyil.

Mən hələ namizədliyimi irəli sürməmişəm. Bundan əvvəlki açıqlamalarımda da demişəm ki, namizdəliyimi irəli sürsəm, bu məsələ ilə bağlı mövqeyimi açıqlayacam.

- Qubad İbadoğlu ona qarşı hakimiyyətdən təzyiq olduğunu bildirir və hətta həbs təhlükəsi ilə üzləşə biləcəyini vurğulayır. Kampaniya başlayan kimi ona olan bu münasibəti necə qiymətləndirirsiniz?

- Hakimiyyətin müxalifət nümayəndələrinə təsir göstərməsində qeyri-adi bir şey yoxdur. Hakimiyyət bir çox siyasətçiləri o cümlədən məni dəfələrlə istintaqa cəlb edib. Çoxsaylı həbslərə də məruz qalmışam. Evimdə dəfələrlə axtarış da aparılıb. Yaxınlarıma təzyiq edilib, qardaşlarım həbs olunub. 2003- cü ildə mənim 34 qohumumu həbs etmişdilər. Təəssüf ki, müxalifətçilərin təzyiqə məruz qalması qeyri-adi hadisə detil. Qubad  İbadoğlunun prokurorluğa çağırılması barədə məlumatim var. Məncə  bu da Azərbaycan hakimiyyətinin müxalifətə təzyiq kampaniyasının tərkib hissəsidir.

- Əsas opponentiniz olan Qubad İbadoğluna təzyiq edilməsini özünüz üçün bir üstünlük hesab edirsinizmi?

- Bir daha deyirəm ki, hakimiyyətin müxalifət nümayəndələrinə qarşı təzyiqi durmadan davam edir. Bu da ölkədə ciddi qarşıdurma şəraiti yaradır.

- Hazırda sizin də şəxsinizə qarşı belə bir təzyiq varmı?

- Hər gün müxalifətin rəhbərliyində olan şəxslərə təhlükə var.

- Sizə hakimiyyət tərəfindən  xəbərdarlıq olurmu?

- Mənim sonuncu dəfə  həbsxanadan çıxmağmdan iki il keçib.

- Çıxdıqdan sonra nəzərdə tuturam...

- Təzyiqlər fasiləsizdir. Müsavat partiyası kimi bir təşkilat daim basqı altındadır.

- Sizcə, müxalifətçilər belə düşünə bilərmi ki, hakimiyyət Qubad İbadoğlu ilə bağlı bu situasiyanı ona görə yaradır ki,  o  özünü reklam etsin...

- Müsavatçılar kifayət qədər yetkin insanlardır. Bir daha qeyd edirəm ki , qurultay nümayəndələri seçilmiş müsavatçılardır. Partiya üzvlərinin hansısa məsələlərdən yanlış nəticə çıxaracağını düşünmürəm. Əminəm ki, bu proseslərə hakimiyyətin hansısa  müdaxiləsi olacaqsa, bu müdaxilənin mahiyyətini müsavatçılar hamıdan tez başa düşəcəklər, seçki zamanı səhvə yol verməmək səviyyəsinə malikdirlər.

- Deyirlər ki, əsas mübarizə  sizlə Qubad bəy arasında gedəcək...

- Müsavat başqanlığına iddiaçı olan şəxslərin hər biri bir-birinə opponentdir. Əvvəllər də demişəm ki, Müsavat Partiyasının daxilində heç kimi özümə rəqib görmürəm, görməmişəm və gələcəkdə də görməyəcəm. Çünki bu seçkilər digər seçkilərdən fərqlənir. Bu seçkilər partiyanın daha çevik, dinamik idarə olunması partiya idarəçiliyində daha uğurlu variantların tapılması istiqamətində aparılan seçkilərdir. Hesab edirəm ki,  partiyada olan çoxluq ən düzgün qərarı verəcək. Ona görə də bu seçkilərdə öz namizədliyini irəli sürmüş şəxslərə rəqib kimi yanaşmıram.

- Siz açıqlamalarınızın birində qeyd etmişdiniz ki, seçkinin nəticəsini əvvəlcədən bilirsiniz. Tural Abbaslı isə bildirir ki, bunu bilmək mümkün deyil. Hansı əsaslara əsasən bunu demişdiniz? 

- Mən Müsavat partiyasının bərpa mərkəzinin üzvü olmuşam.  Bu 21 il ərzində Müsavat partiyasında təşkilatı və seçki  işləri ilə məşğul olmuşam. Fəaliyyət sahəm baxımından Müsavat Partiyasının üzvləri, strukturları ilə ən çox təmasda olanlardan  biriyəm. Ona görə də  partiya üzvlərini xüsusilə qurultay nümayəndələrini yaxşı tanıyıram. Qurultay nümayəndələrinin əksəriyyəti ilə şəxsən tanışam. Onların səsvemə  zamanı hansı kriteriyaları əsas götürərək hansı namizədə necə səs verəcəklərini təxminən bilirəm.

- Onlar hansı kriteriyalardır?

- Bu barədə namizədliyimi irəli sürdükdən sonra açıqlama verəcəyəm. 

- Özünüzü şanslı namizəd hesab edirsinizmi?

- Müsavat başqanlığına namizədliyimi irəli sürsəm, Müsavat başqanı seçiləcəyimə əminəm.

- Ola bilər ki qalibi müəyyənləşdirmək ikinci tura qaldı. Siz məsələn, Tural Abbaslı, Qubad İbadoğlu arasında seçim etməli olsanız, hansına səs verərsiniz?

- Əvvəla biz hələ namizədlərin kimlər olacağını bilmirik.  Digər namizədlərin də olacağı istisna deyil. İkinci turun olub-olmayacağı da məlum deyil. Ona görə də indidən bu məsələlərlə bağlı fikir səsləndirməyim düzgün olmaz.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar