Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda sosial partlayışın baş verməsi üçün kifayət qədər əsaslar var“


Arif Hacılı: "Cəmiyyətdə hələlik mübarizə yolu ilə özbaşınalıqların, qanunsuzluqların aradan qaldırılmasına inam azdır. Bu inamsızlıq aradan qalxdıqdan sonra Azərbaycan cəmiyyəti siyasi və iqtisadi hüquqları uğrunda fədakar mübarizə aparacaq"


Müsavat Partiyası aprelin 19-na təyin etdiyi etiraz yürüşünə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Metronun "20 Yanvar" stansiyasının qarşısından Yasamal rayonundakı keçmiş "Məhsul" stadionuna yürüş təyin edən Müsavat Partiyası bununla etiraz aksiyası keçirmək niyyətini rəsmiləşdirib. Partiyanın başqanı Arif Hacılı "Reytinq"ə müsahibəsində deyib ki, yürüşün əsas şüarları ölkədəki siyasi və iqtisadi problemlərlə bağlı olacaq: 

- Aksiyada iqtisadiyyatdakı inhisarçılığa, korrupsiyaya, gömrükdə və vergi sistemindəki özbaşınalıqlara son qoyulması tələbləri, siyasi məhbuslara azadlıq, demokratik seçkilərin keçirilməsi və digər tələblər irəli sürüləcək. 

- Artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmisiniz. Necə düşünürsünüz, hər hansı bir qadağa ilə qarşılaşa bilərsinmizmi? 

- Azərbaycan Konstitusiyasının 49-cu maddəsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna görə, hakimiyyətin kütləvi aksiyanın keçirilməsinə icazə verməmək hüququ yoxdur. Konstitusiyada Azərbaycan vətəndaşlarının mitinqlər, yürüşlər, nümayişlər keçirmək, piketlər düzəltmək hüququ nəzərdə tutulub. Biz də Konstitusiyada yazılan hüququmuzdan istifadə etmək barədə qərar vermişik. Əgər hakimiyyət bizim müraciətimizlə bağlı qadağa qərarı verərsə, Azərbaycan Respublikasının Konstitusiyanı pozmuş olacaq. 

- Arif bəy, Milli Şura da təxminən eyni tələblərlə mitinq keçirir. Nəyə görə eyni məqsədli aksiyanı birgə keçirmirsiniz? Birgə mitinq daha məqbul olmazdımı? 

- Olardı. Ancaq Milli Şura təkbaşına kütləvi aksiyalar keçirməyə üstünlük verir. Biz Müsavat Partiyası olaraq, öz strukturlarımız vasitəsilə kütləvi aksiyaların keçirilməsi barədə qərar verdik. Ancaq onu da vurğulamaq istəyirəm ki, bu yürüşümüzdə digər təşkilatların, siyasi partiyaların iştirakını arzu edirik və tələblərimizi bölüşən hər kəsi aksiyada iştiraka dəvət edirik. 

- Bundan əvvəlki dövrlərdə müxalifət cəmiyyəti narahat edən ümumi problemlərə qarşı birgə mübarizə aparır, birgə aksiyalar təşkil edirdi. Son bir neçə ildə nə baş verdi ki, pərən-pərən düşdünüz? 

- Biz hər zamankı kimi demokratik qüvvələrin birliyinin tərəfdarıyıq. Bu istiqamətdə əvvəllər də əlimizdən gələni etmişik, indi də edirik. Ona görə də mənə elə gəlir ki, bu sualı birliyə qarşı olanlara yönəltməyiniz daha düzgün olardı. 

- Milli Şuranı nəzərdə tutursunuz? 

- Sizin sualınıza cavab verdim, əlavəm yoxdur. 

- Aydındır. Manatın məzənnəsi ilə bağlı verilən qərardan sonra ölkədə narazılıq daha da artıb. Görünən odur ki, proses daha da inkişaf edəcək və narazılıqlar yüksələcək. Siz bu narazılıq trayektoriyasının inkişafını necə görürsüz? 

- Heç şübhəsiz ki, ölkədə narazılığın səviyyəsi kifayət qədər yüksəkdir. Hesab edirəm ki, manatın devalvasiyasından əvvəl də narazılıq həddən artıq çox idi. Ќarazılıq yalnız siyasi azadlıqların pozulması ilə yox, eyni zamanda, iqtisadi azadlıqların pozulması ilə bağlıdır. Bu gün Azərbaycanda azad bazar iqtisadiyyatı münasibətləri mövcud deyil, sənaye, ticarət və digər sahələr ayrı-ayrı məmurların, nazirlərin inhisarındadır. Bununla yanaşı, gömrükdə, vergi sistemində korrupsiya, rüşvətxorluq, özbaşınalıq baş alıb gedir. Bu da Azərbaycanda azad bazar münasibətlərinin formalaşmasına imkan vermir. İnsanların normal şəkildə öz zəhmətləri hesabına maliyyə vəsaiti əldə etmək və qazandıqlarından dövlət büdcəsinə qanu-nauyğun olaraq vergi vermək imkanları əllərindən alınıb. Müxtəlif sahələrdə çalışan insanlar məmurlar tərəfindən, icra hakimiyyəti, polis, vergi, gömrük sistemi və digər icra strukturları tərəfindən sıxışdırılır. Bütün bunlara görə ölkədə narazılıq həddən artıq çoxdur. Sadəcə olaraq, Azərbaycan cəmiyyətində hələlik mübarizə yolu ilə bu özbaşınalıqların, bu qanunsuzluqların aradan qaldırılmasına inam azdır. Bu inamsızlıq aradan qalxdıqdan sonra cəmiyyət siyasi və iqtisadi hüquqları uğrunda fədakar mübarizə aparacaq. 

- Ancaq son günlər qiymət artımının ölkədə sosial partlayışa səbəb olacağı ilə bağlı fikirlər səslənir. Bunu mümkün sayırsınızmı? 

- Azərbaycanda sosial partlayışın baş verməsi üçün kifayət qədər əsaslar var. Hakimiyyətin apardığı kor-təbii iqtisadi siyasət nəticəsində ölkəmizdə iqtisadi vəziyyətin bundan sonra daha da pisləşəcəyi gözlənilir. Manatın devalvasiyası prosesi bundan sonra da davam edəcək və insanların yaşayış səviyyəsi indikindən dah ağır vəziyyətə düşəcək. Xüsusilə neftin qiymətinin dünya bazarında aşağı düşməsi, Azərbaycanın ticarət əlaqələri geniş olan ölkələrdə iqtisadi böhranın dərinləşməsi və digər amillər ölkədə sosial-iqtisadi vəziyyətin indi olduğundan xeyli pisləşəcəyini proqnozlaşdırmağa əsas verir. Təbii ki, belə olan halda, ölkədə kor-təbii etiraz prosesi başlaya bilər. 

- Bu ilin payızında parlament seçkiləridir. Qeyd etdiyiniz sosial-iqtisadi narazılıqlar fonunda parlament seçkilərinin necə keçəcəyini proqnozlaşdırırsınız? 

- Azərbaycan hakimiyyəti demokratik seçkilər keçirmək niyyətində deyil. Bütövlükdə seçki prosesini, o cümlədən seçki komissiyalarını tamamilə öz nəzarəti altında saxlamaqda davam edir. Əgər Azərbaycan cəmiyyətində ciddi dəyişikliklə baş verərsə, insanlar öz hüquq və azadlıqları uğrunda fədakar mübarizəyə başlasalar, hakimiyyət islahatlar etmək məcburiyyəti qarşısında qalacaq. Müsavat Partiyası olaraq, biz ölkədə demokratik islahatların aparılması, o cümlədən, demokratik seçkilərin keçirilməsi istiqamətində mübarizəmizi davam etdirəcəyik. 

- Bəs, müxalifətin budəfəki parlament seçkilərində hansı formatda iştirakı daha səmərəli ola bilər? Birləşməyə ehtiyac varmı? 

- Mən hər zaman demokratik qüvvələrin seçkilərdə vahid koalisiyada birləşməsinin tərəfdarı olmuşam və bu mövqeyimdə qalıram. Ancaq bugünkü real vəziyyəti analiz edərkən o qənaətə gəlmək olar ki, Azərbaycanın aparıcı siyasi təşkilatları bu seçkidə ayrılıqda iştirak edəcəklər. 

- Müsavat Partiyasında seçkiyə hazırlıq hansı səviyyədədir? 

- Hazırda Müsavat Partiyasında seçkilərə hazırlıq işləri davam edir. Bütün yerli strukturlarımız seçki komissiyalarında çalışacaq şəxslərin, təbliğat kampaniyasını aparacaq və imzaları toplayacaq üzvlərimizin siyahılarının hazırlanması və digər zəruri işləri həyata keçirməklə məşğuldur. Eyni zamanda, seçki dairələri üzrə namizədlərin ilkin olaraq müəyyənləşdirilməsi prosesi sürətlə davam edir. Artıq seçki dairələrinin əksəriyyətindən ilkin olaraq, partiya namizədlərinin kimlər olacağı məlumdur. Bu prose davam edəcək. Sonda isə partiyanın Məclisi namizədlərimizi müəyyənləşdirəcək. 

- Arif bəy, Müsavat Partiyasından deputatlığa namizəd olmaq istəyən şəxslərin başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməsi ilə bağlı məsələ birmənalı qarşılanmadı. Bundan əvvəlki seçkilərdə belə tələblər yox idi, bu dəfə belə bir şərtin irəli sürülməsinin səbəbi nədir? 

- Əvvəlki seçkilərdə də müəyyən fəsadlar olub. Parlamentə seçildikdən sonra həm Müsavat Partiyasının üzvü olan, həm digər müxalifət partiyalarının üzvü olan bəzi deputatların sonradan məqsədəuyğun olmayan mövqelər sərgiləməsinin şahidi olmuşuq. Ona görə də Müsavat Partiyasının Nizmanaməsinə uyğun olaraq, belə bir qayda tətbiq olunur. Müsavat Partiyası fəaliyyəti dövründə bir çox yeniliklər tətbiq edib. Bu da Azərbaycan partiyaları üçün bir yenilik sayıla bilər. Dünyada isə belə qaydaların tədbiq olunduğu partiyalar çoxdur. Kiminsə öz partiyası qarşısında öhdəlik götürməyi qəbahət sayması yersizdir. Çünki hər kəs namizədliyini irəli sürərkən seçki komissiyalarına ərizə yazır və MSK qarşısında öhdəlik götürür. 

- Ancaq bu yenilik mütərəqqi xarakter daşımır, sanki kimlərisə nəyəsə məcbur etməyə hesablanıb. Ona görə də bəziləri narazıdır... 

- (Tələsik) Bu fikirlə razı deyiləm. Orda göstərilir ki, partiyanın seçki platformasına əməl olunacaq, partiyanın seçkilərlə bağlı qərarları yerinə yetiriləcək. Hesab edirəm ki, bu, həmin şəxslərin üzərinə əlavə məsuliyyət qoyur. Bu texniki sənədlər hər namizəd tərəfindən, namizəd olacaqsa, Müsavatın başqanı tərəfindən də qəbul ediləcək. 

- Artıq buna etiraz edənlər var... 

- Bu da bizim sözügedən təlimatı qəbul etməyizin nə qədər vacib olduğunu, Məclis tərəfindən qəbul olunan bu qərarın düzgünlüyünü bir daha təsdiq edir. 

- Belə çıxır ki, ərizə yazıb öhdəlik götürməyənlər Müsavat adından namizəd ola bilməyəcəklər? 

- Müsavat Partiyasının qərarlarını yerinə yetirmək öhdəliyini götürməyən, partiya qərarlarını tanımadığını deyən bir partiya üzvünün namizədliyi nəyə görə partiya adından irəli sürülməlidir? 

- ADR-ə üzv olan müsavatçılar iddia edirlər ki, Arif Hacılı öhdəlik məsələsini onlara görə ortaya atıb. Bu barədə nə deyə bilərsiniz? 

- Bu təlimat Müsavat Partiyasının Məclisi tərəfindən bir-iki Məclis üzvü əleyhinə olmaqla mütləq əksəriyyətin səsverməsi ilə qəbul olunub. Bu, artıq Müsavat Partiyasının iradəsidir. Hər kəs də bunu qəbul etməlidir. 

- Əgər bütün məsələlər səsvermə ilə həll olunursa, o zaman Vurğun Əyyubun Məclis üzvlüyündə çıxarılması məsələsi niyə səsə qoyulmadı?
Hətta bunun Nizamnaməyə zidd olduğu da əsas gətirilir. 

- Nizamnəməyə zidd deyil. Bu məsələ ətraflı müzakirə olunub. Qəbul edilən qərar Nizamnaməyə tamamilə uyğundur. 

- Arif bəy, bir müddət öncə bir sıra müxalifət partiyaları ilə hakimiyyət nümayəndələri arasında görüş oldu. Müsavat Partiyası növbəti görüşdə iştirak edə bilərmi? 

- Bu görüşlər barədə ilk təşəbbüs irəli sürülərkən əsas mövzunun siyasi məhbuslar olacağı bildirilmişdi. İki görüş keçirildi. Heç bir sahədə hər hansı, hətta xırda dəyişikliklər baş vermədi. Siyasi məhbuslar azadlığa buraxılmadı. Əksinə, siyasi motivli həbslər davam edir. Əgər bu görüşlər dialoq imitasiyası daşıyacaqsa, orada iştirakın nə mənası var? 

- Ümumiyyətlə, iqtidarla müxalifətin ortaq məxrəcə gəlməsi zəruri olan məsələlər varmı və bu istiqamətdə hansısa təkliflər vermək fikrindəsinizmi? 

- Həbsdə olan siyasi məhbuslar, o cümlədən, mənim müavinlərim azadlığa buraxıldıqdan sonra onlarla birlikdə bu məsələni müzakirə edə bilərik. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar