Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın yeganə dostu Türkiyədir“


"Rusiya işğalçılıq siyasətindən imtina etmək niyyətində deyil"


Millət vəkili, parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov Moderator.az-a geniş müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

-Vahid müəllim, niyə hazırladığınız qanun layihələrinə qarşı belə biganə münasibət sərgilənir? Bunun səbəbini heç olmasa komitə sədri Ziyad Səmədzadədən soruşmursunuzmu?

-Komitənin iclasında bu məsələlərə toxunulub. Xüsusən də reklam haqqında qanuna toxunduq. Reklam haqqında qanun da Əli Məsimli ilə mənim tərəfimdən hazırlanıb. Reklam haqqında ilk qanun hələ 97-ci ildə qəbul olunub. Üstündən 17 il keçib. Bu 17 ildə Azərbaycan iqtisadiyyatında və siyasi həyatında çox ciddi proseslər baş verib. O cümlədən bu gün Azərbaycanda reklamın hansı vəziyyətdə olduğunu da hamınız görürsünüz. Xüsusilə dil və reklam mədəniyyəti baxımından çox ciddi problemlər var. Ona görə də biz yeni qanun layihəsi hazırlayıb parlamentə təqdim etmişik. Keçən sessiyada bu qanun layihəsi qanunvericilik planına daxil edilmişdi. Amma bizə qaranlıq qalan səbəblər üzündən plenar iclasa çıxarılmadı. İndi də payız sessiyasının ilk iclasında gündəliyə salınmadığına görə Əli Məsimli öz adından və mənim adımdan çıxış edərək bir daha bu məsələni qabartdı. İclas gedə-gedə Səmədzadə mənə yaxınlaşıb dedi ki, sizi təbrik edirəm. Soruşdum ki, xeyir ola? Dedi ki, “Reklam haqqında” qanunu göstəriş verdilər ki, gündəliyə salın. O ki, qaldı “Rəqabət Məcəlləsi”nə biz artıq 10 ildən çoxdur ki, belə bir qanunun qəbulunu tələb edirik. Əlbəttə, biz bunu israr etməklə heç də o qənaətdə deyilik ki, bu qanun qəbul olunmaqla Azərbaycanda hər şey düzələcək, inhisarçılıq tamamilə aradan qalxacaq. Amma bu qanun qəbul olunsa sözsüz ki, müəyyən irəliləyişlər olacaq. Ən azından nisbətən aşağı səviyyələrdə sahibkarlar üçün normal rəqabət mühiti formalaşdırmaq mümkün olacaq. 

Eyni zamanda xüsusi orqan da yaradılacaq ki, bazara nəzarət mexanizmini həyata keçirsin. Ona görə də biz belə hesab edirik ki, bu məcəllənin qəbul edilməsi Azərbaycan üçün çox vacibdir. Amma çox təəccüblüdür ki, “Rəqabət Məcəlləsi” iki oxunuşda qəbul olunsa da təzədən geriyə-İqtisadiyyat və Sənaye Nazirliyinə göndəriblər ki, bu qanun layihəsinə yenidən baxsın. Yəni parlamentdə iki oxunuşdan keçmiş qanun layihəsi hansı əsasla yenidən nazirliyə qaytarılmalıdır? Bəllidir ki, qanunu qəbul etmək istəmirlər və buna mane olan insanlar var. Bu adamlar Azərbaycanda sahibkarlığın normal fəaliyyəti üçün şəraitin yaradılmasında maraqlı deyillər.

-Elə bu faktın özü məmurların bizneslə məşğul olduqlarının danılmaz sübutu deyilmi?

-Tamamilə haqlısınız. Görünən odur ki, bu qanunun qəbuluna əngəl yaradanların əli çox uzundur.Özü də bu qanun cənab prezident tərəfindən Milli Məclisə qanunvericilik təşəbbüsü ilə göndərilib ki, qəbul olunsun. İlham Əliyevin sahikarlığın inkişafı üçün nələr etdiyi göz qabağındadır. Sahibkarlığa Kömək Milli Fondu yaradıldı və hər il sahibkarlara 300-400 milyon manatdan artıq vəsait verilir. Yəni bu məsələdə prezidentin siyasi iradəsi və dəstəyi ortada olduğu halda müəyyən qüvvələr var ki, bu işin sahmana salınmasına mane olurlar.
Başqa bir problemsə təhsil kreditləriylə əlaqədədir. Yəni Təhsil kreditləriylə bağlı da qanun layihəsi işləyib parlamentə təqdim etmişik, amma bu günə kimi onu gündəliyə salmırlar. Amma hamı istəyir ki, bu qanun qəbul olunsun.

-Bu məsələdə Təhsil Nazirilyi ilə birlikdə təşəbbüsləri daha da gücləndirmək olmazmı?

-Təhsil Nazirliyi də bu təşəbbüsü dəstəkləyir. Problem sadəcə banklardadır. Banklar açıq-aşkar müqavimət göstərirlər ki, bu qanun qəbul olunsa sonradan həmin kreditlərin geri qaytarılmasında çeşidli problemlər yaşanacaq. Eyni zamanda banklar deyir ki, biz bu gün aşağı faizlə kredit verə bilmərik. Amma gec-tez biz bu qanunu qəbul etməli olacağıq. Çünki ölkədə təhsilin inkişafı cənab prezidentin də bir nömrəli tapşırıqlarından biridir.

-Bəlkə təhsil naziri Mikayıl Cabbarov bu məsələni hökumət və prezident qarşısında qaldırsın, o zaman bu qanunun da bəxti açıla?

-Onsuz da nə qədər müqavimət göstərilsə də bu qanunun qəbulu zamanın tələbidir. Yadınızdadırsa, əmanətlərin qaytarılması təşəbbüsümüzdə də nə qədər bəhanələr gətirildi, amma sonda cənab prezidentin qərarı ilə əmanətlər qaytarıldı, heç bir problem də yaşanmadı. Mən dünən rektorların bir neçəsi ilə bu məsələni müzakirə edirdim, fikirlərini öyrənirdim. Onlar da bu qanunun qəbul olunmasına razıdırlar. Onlar da etiraf edirlər ki, bir çox istedadlı və potensiallı tələbələr təhsil haqqını ödəyə bilmədiklərinə görə təhsili yarımçıq qoyub getmək zorunda qalırlar.

-Prezidentin siyasi iradəsi əleyhinə gedilməsindən ki, söz düşdü, o zaman Bakıətrafı 500 min sənədsiz evlərlə bağlı İlham Əliyevin tapşırığı 4 ildir ki, qulaqardına vurulur...

-Mən o qənaətdə deyiləm ki, prezidenti eşitmək istəmirlər. Mən azdan-çoxdan cənab prezidenti tanıyıram, o elə bir iradəli şəxsdir ki, onun dediyi hansısa bir məsələnin yerinə yetirilməməsi ağılabatan deyil. Ola bilsin ki, prezidentə sonradan fərqli informasiyalar verib bu məsələni yubatmaq istəyirlər. Özü də məndə olan informasiyaya görə Bakı Şəhər İcra hakimiyyətində artıq sənədləşmə üçün bütün hazırlıqlar görülüb. Yəni bununla bağlı yaradılmış komissiya işlərini başa çatdırıb sənədləri rəhbərliyə verib. Ola bilsin ki, yaxın vaxtlarda bu barədə ayrıca olaraq prezidentə məruzə olunacaq və bundan sonra sənədləşmə məsələsi həllini tapacaq.

-Deputatlar Avropa Parlamentinə qarşı elə köklənmişdilər ki, adama elə gəlirdi ki, biz bütünlüklə Avropaya inteqrasiyadan imtina edəcəyik...

-Parlamentin iclasında çıxış etmək üçün imkan olmadı. Fürsətdən istifadə edib Avropa Parlamentinin 47 deputatının təşəbbüsüylə qəbul olunan anti-Azərbaycan qətnaməsini qınayıram. Amma unutmaq olmaz ki, Avropa Parlamenti AvropaAvropa İttifaqı demək deyil. Biz Avropa ilə sıx inteqrasiya xətti götürmüşük və buna sadiqlik nümayiş etdirməkdəyik. Ona görə də Avropa strukturlarında təmsil olunan deputatlarımız daha da aktiv olmalıdırlar ki, Azərbaycanın önəmini onlara başa sala bilsinlər. Eyni zamanda biz Avropanın da önəmini dana bilmərik. İclasda İqbal Ağazadə də çıxışında qeyd elədi, biz məhsulumuzun 90 faizindən çoxunu Avropaya ixrac edirik, yəni biz nə qədər Avropaya lazımıqsa, bir o qədər də Avropa bizə lazımdır. Üstəlik, dövlət başçımızın siyasəti də Avropaya inteqrasiya yönümlüdür. Bu siyasətin əsası hələ rəhmətlik Heydər Əliyevin dönəmindən qoyulub. Yəni bütün dünyaya açıq şəkildə bəyan etmişik ki, Azərbaycan Avropa ailəsinin bərabərhüquqlu üzvü olmaq siyasəti götürüb və bu istiqamətdə addımlarımızı davam etdiririk. Ona görə də biz Avropa Parlamentinin qərəzli qətnaməsinə haqlı etirazımızı bildirsək də bütövlükdə Avropanı kənara itələyə bilmərik və itələməməliyik.

-Rus dili Azərbaycanda az qalır doğma dilimizi vurub sıradan çıxara, amma yenə də bu barədə fikirlər səslənir ki, rus dilinə daha geniş arena vermirik...

-Mən bu barədə bir neçə dəfə demişəm və yenə təkrar etmək zorundayam ki, nəinki mən və hansısa başqa bir millət vəkili, heç bir Azərbaycan vətəndaşı Rusiya dövlətinin əleyhinə deyil. Rusiya bizim nəhəng qonşu dövlətdir. Bizi çoxəsrlik birgə əlaqələr bağlayır, bu gün də bu ölkədə milyonlarla soydaşımız yaşayır. Dövlət başçımız da bu ölkəylə münasibətlərdə ağıllı və müdrik siyasət aparır. Amma biz onun da fərqindəyik ki, Rusiya işğalçılıq siyasətindən imtina etmək niyyətində deyil və şəxsən mən Rusiyanın bu cür davranışlarını qəbul edə bilmirəm. O cümlədən Krımın ilhaqını, Ukraynanın digər vilayətlərində baş verənləri qəbul etmək mümkün deyil. Bu sabah Azərbaycanın da başına gələ bilər.

-Onsuz da dünən gətirilib...

-Bəli, vaxtilə biz bunları yaşamışıq. İndi də rus dili problemini qabardırlar. Məgər Azərbaycanda rus dili problemi var? Hətta bəzən bəzi rəsmi çıxışları da rus dilində edənlər tapılır və heç onlara irad da tutulmur. Yəni bu gün Azərbaycanda rus dilinə olan münasibət heç bir MDB dövlətində yoxdur.

-Moskva meri bu günlərdə Bakıda səfərdə olarkən belə bir rəqəm səsləndirdi ki, sanksiyalardan sonra Azərbaycan məhsullarının Rusiyaya ixracı 3 dəfə artıb. O hətta 30 və 300 dəfəlik artımdan dəm vurdu. Amma bizdə “dost yolunda boran olar qar olar” deyib qiymətləri ceyranın belinə qaldırdıq...

-Bilirsiniz, əslində bu Azərbaycan tərəfindən Rusiyaya bir jest idi və məncə bu addım iqtisadi amildən daha çox siyasi anlam kəsb edirdi. Düşünürəm ki, Rusiyanın indiki çətin durumunda buna gedilməliydi. Digər tərəfdən, bu qərar ölkə fermerləri üçün də çox vacib idi. Misal üçün, bu gün Qubada almanın hər kiloqramını həyətdəcə 50 qəpikdən verirlər, sahibkarlar da götürüb Rusiyaya aprırlar. Amma halbuki bir il öncə o almanı yerində 5 qəpiyə də alan yox idi. Camaat məcbur olub yem kimi mal-qaraya yedizdirirdi. Daxili bazara gəldikdə isə mən qıtlığın olması iddiasını qətiyyən qəbul etmirəm. Qıtlığı yaradan insanlar var. Həmin insanlar öz maraqları naminə daxili bazarda qıtlıq yaradırlar ki, qiymətləri diktə edə bilsinlər. Ona görə də İqtisadiyyat və Sənaye Nazirliyi, digər strukturlar bu işə nəzarəti həyata keçirməlidirlər.

-Ölkənin enerji təsərrüfatının çox bərbad vəziyyətdə olmasının səbəblərini soruşmaq istərdik. Son 10 ildə daxili və xarici imkanlar hesabına bu sahəyə ayrılan bir neçə milyard dollar vəsait külək əsəndə, göydən yerə damcı düşəndə “buxarlanır”. Bu gün məmləkətin hər yerində millət necə deyərlər, “İliç lampası”na deyil, mini-generatorlara möhtacdır...

-Hər bir dövlətin strateji hədəflərindən biri özünün enerji təhlükəsizliyini təmin etməsidir. Bu baxımdan Azərbaycan da öz enerji təhlükəsizliyinin qayğısına qalır. İlham Əliyevin bu istiqamətdəki siyasəti də təqdirəlayiqdir və bölgələrin enerji təminatının dayanıqlı olması üçün son illər xeyli işlər görülür. Bunu danmaq olmaz. Ölkənin müxtəlif regionlarında günəş batareyaları quraşdırılır. Amma etiraf edilməlidir ki, xüsusən kənd rayonlarının enerji təchizatında müəyyən problemlər qalır. Çünki bu şəbəkənin tamamilə yenilənməsi külli miqdarda vəsait tələb edir. Kəndlərin, rayonların əksəriyyətindəki işıq xətləri və dirəkləri hələ sovet vaxtı çəkilib. Hardasa qəza baş verərkən müəyyən yerlərin dəyişdirilməsindən savayı bu sahəyə əsaslı vəsait qoyulmayıb. Yəni dediyiniz o milyardlar enerji istehsalına yönəldilib, amma onun son olaraq istehlakçıya çatdırılmasında axsamalar qalmaqdadır. Mən hesab edirəm ki, bu gün prezidentin ehtiyat fondundan yolların tikintisi üçün vəsait ayrıldığı kimi enerji təsərrüfatının yenilənməsi üçün də anoloji addımları atmaq olar. Xüsusən də sərhədyanı rayon və kəndlərdə bu iş təxirəsalınmadan həyata keçirilməlidir ki, cammat əziyyət çəkməsin, dövlətə, hökumətə inamı daha da artsın.

-Son olaraq hamımızın qürurla izlədiyimiz və dövlətimizə güvəncimizi artıran birgə hərbi təlimlərlə bağlı fikirlərinizi oxuculara çatdırmaq yerinə düşərdi.

-Mən həmişə bunu xüsusi olaraq qeyd etmişəm ki, Azərbaycanın yeganə dostu Türkiyədir. Sərhəddəki son olaylar zamanı da biz ilk növbədə Türkiyənin dəstəyini hiss etdik. Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin birgə hərbi təlimlərininsə əhəmiyyətini sözlə ifadə etmək mümkün deyil. Bu təlimlər dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil. O dövlətlər ki, Azərbaycanın müstəqilliyini həzm edə bilmirlər, müstəqil siyasət yürütməsindən qıcıqlanırlar, bu təlimlər həmin dairələrə bir cavab idi ki, Türkiyə-Azərbaycan qardaşlığı sözdə deyil, əməldə də ortadadır və kimsə bu dövlətə yuxarıdan aşağı baxa bilməz, o zaman qarşısında Türkiyəni görər. Mən bunu Türkiyənin Azərbaycandakı səfirinə də dedim. Mən Türkiyə hökumətinə və prezidentinə öz minnətdarlığı bildirirəm ki, çətin anlarda bizi tək qoymurlar. Bu qardaşlıq telləri qarşılıqlıdır və Azərbaycan da borclu qalmır. Yadınızdadırsa bir müddət öncə prezident İlham Əliyev Sərkisyanın cavabını vermişdi, onu Türkiyə əleyhinə dediyi sözə peşman etmişdi və onun bu addımı qardaş ölkədə böyük rezonansa səbəb olmuşdu. Deməyim odur ki, bizi kimsə bir-birimizdən ayıra bilməz və bu qardaşlıq sonda işğal olunmuş torpaqlarımızın geri qaytarılmasında da öz sözünü deməlidir və deyəcək


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar