Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanlı biznesmenin kinoya pul xərcləməsi bir az çətin məsələdir“


PİA.AZ Kulis.az-ın Bakı Film İnstitutu təhsil mərkəzinin təsisçisi, START Gənclərin Beynəlxalq Film Festivalının direktoru, kinoprodüser, rejissor Fehruz Şamıyevlə müsahibəni təqdim edir.


- Fehruz bəy, kino sahəsindəki vəziyyəti saf-çürük etmək üçün belə bir məqamdan başlayaq: bir gənc kinematoqrafçının özünü realizə etmək üçün hansı imkanları var?
 
 - Bizim kinomuzda problemlər yetərincədir. İlk növbədə ona görə ki, hələ kiçik də olsa kino bazarımız formalaşmayıb. Məsələ yalnız filmi çəkməkdə deyil, maliyyəni axtarıb tapmaqdı həm də. Bəla ondadır ki, artıq heç kim dövlətdən kənarda maliyyə axtarışına çıxmır. Bu yaxınlarda özüm üçün maraqlı bir araşdırma apardım və gördüm ki, Azərbaycan müstəqil olandan, yəni Sovet ittifaqında kinoindustriya dağılandan sonra -1991-ci ildən 1998-ci ilə qədər - bir çox bədii filmlər dövlət vəsaiti hesabına yox, zavodların, bankların, müəssisə və digər şirkətlərin pulu hesabına çəkilib. “Yuxu”, “Təhminə və Zaur”, “Ağ atlı oğlan” “Yuxu” və s....  Amma indi özəl şirkətlərin hesabına çəkilən filmlər demək olar ki, yox dərəcəsindədir.
 
- Sizcə, niyə əvvəl var idi, indi yoxdur? Yəni, nə dəyişdi ki?
 
- O zaman hələ o qədər də neft gəlirləri yox idi. İndi dövlətin əlində yetərincə vəsait var. Ona görə bizim prodüser və rejissorlar özəl şirkətlərlə danışığa getməkdənsə, Mədəniyyət və Turizm Nazirliyinə üz tuturlar. Olmaz ki, büdcədən kənarda maliyyə axtarıb müxtəlif layihələr həyata keçirsinlər? Bunu dövləti müdafiə etməkdən ötrü demirəm, situasiyanı izah edirəm. Axı Azərbaycanda yetərincə şirkət var... Məncə onların qapısını bizim rejissorlara göstərmək lazımdır. Məsələnin pis tərəfi budur ki, özəl şirkətlər tanınmamış şəxslərə vəsait ayırmaqda çətinlik çəkirlər, tanınmış rejissorları isə yapışıb nazirliyin ətəyindən. Bu yaxınlarda Oqtay Mirqasımovun müsahibəsini oxudum. Deyir, Mədəniyyət və Turizm Nazirliyinə 5 ssenari vermişəm ki, heç olmasa biri təsdiq olunsun. Çünki birini versəm, o, keçməyə bilər və mən ac qalaram. Sizcə bu, gülməli deyil? Halbuki özləri həmişə deyirlər ki, özəl şirkətləri kinoya cəlb etmək lazımdır.
 
- Bayaq dediniz ki, kino bazarı yoxdur. Əgər bazar yoxdursa, prokat, kinoteatr işləmirsə, şirkətlərin kinoya pul yatırmağa nə marağı olacaq?
 
- Bu proses birdən-birə baş vermir. Onsuz da şirkətlər öz büdcəsində korporativ reklamlara vəsait nəzərdə tutur. Azərbaycandakı şirkətlərin necə və nə cür işləməsi hamıya məlumdur. Bu baxımdan tanınmış şəxslərin onlardan vəsait alıb film çəkməsi normaldır və inanıram ki, lazımı qaydada müraciət edilsə, onlardan film üçün maliyyə almaq olar. Məsələn, Paşabank “Nərimanfilm” şirkətinin bir neçə layihəsinə dəstək olub. Məncə biz kino layihələrini lazım olan istiqamətə yönəltmirik, lazım olan adamlarla görüşmürük. Kinoyla maraqlanan insanlar var. Rusiyada yaşayan azərbaycanlılardan biri ötən il mənimlə görüşmüşdü. Məqsədləri burada kommersiya filmi çəkmək idi. Maraqlı bir fakt deyim sizə. Bu yaxınlarda dostlarımdan biri Afrikaya gedirdi. Dedi ki, bir qrup azərbaycanlı gənc komediya filmi çəkmək üçün Afrikanın uzaq ölkələrindən birinə gedirlər. Bu yaxınlarda çəkilişi bitirib geri dönüblər. Təsəvvür edirsiniz, azərbaycanlılar Afrikada komediya çəkirlər. Deyirik ki, Azərbaycanda film çəkmək üçün pul tapılmır, amma bu komanda özəl şirkətdən vəsait alıb dünyanın o biri başında film çəkir. Aktyorların ora getməsi, texnika və texniki heyətin gedib qayıtması xeyli xərc aparır. Hələ digər xərcləri demirəm.

Düzdür, psixoloji məqamlar da var: Azərbaycanlı biznesmenin kinoya pul xərcləməsi bir az çətin məsələdir. Günümüzün reallığıdır ki, biz əyləncə və istirahət yerlərinə vəsait yatırmağı daha çox sevirik. Çünki oraya qoyulan yatırım özünü tez bir zamanda doğruldur. Məsələn, restoranda müştəri yoxdursa, ora müştəri cəlb etməyin yollarını bizim insanlar çox yaxşı bilir. Dostları, dostların dostlarını, qohumları və başqalarını müxtəlif yollarla dəvət edirlər. Belə olanda həmin məkana çəkilən xərc tez bir zamanda özünü doğruldur. Amma investorlar kinoya qoyulan vəsaiti geri qaytarmaq yollarını bilmirlər. Onların yaxınlarından bu işi bilən yoxdur deyə, kiməsə etibar etməkdə çətinlik çəkirlər. Bu baxımdan əvvəlcə tanınmış kino xadimlərimiz qabağa düşməlidirlər. Üstəlik bu sahəylə yaxından məşğul olan və vaxtını itirmək istəyən insanlar, prodüserlər, demək olar ki, yoxdur. Yəni qapı-qapı gəzib vəsait tapmaq yoxdur.
 
Bu problemin başqa variantı beynəlxalq festivallarda mövcuddur. Məlumdur ki, son vaxtlar milli filmlərimiz beynəlxalq festivallarda iştirak edir. “Karlovi Vari”, “Venesiya” və başqa A kateqoriyalı festivallarda filmlərimiz təmsil olunur. Bu çox yaxşıdır. Festivallarda mükafat almaq üçün prodüserlərin əməyi böyükdür. Prodüserlərin jüri ilə münasibətləri varsa, filmin mükafat almasında rol oynaya bilər. Beynəlxalq festivalların mükafatçıları haqqında bir çox tənqidçilər bildiriblər ki, həmin filmlərdən də maraqlı və mükafata daha çox layiq olan filmlər kənarda qalır. Bu festivallar bir növ “diaspora” məsələsidir. Məsələn, sonuncu “Karlovı Vari” festivalında filmləri izləyən tənqidçilər bildirir ki, “Qarğıdalı adası” filmindən də güclü filmlər var idi proqramda. Amma həmin film baş mükafatı aldı. Qeyd edim ki, həmin filmin prodüserləri müxtəlif ölkələrdəndir. Təsəvvür edin, hər prodüser öz kontaktlarından istifadə edir. Bundan başqa festival tərkibində müxtəlif piar kampaniyalar təşkil olunur ki, bunlar da filmin uğuruna təsir edir. Bu taktika demək olar ki, beynəlxalq festivalların əksəriyyətində var.
 
Biz çalışmalıyıq ki, o maliyyənin mənbəyinə çataq, çünki ölkəmizdə maddi vəsait yetərincədir. Üstəlik indiki vaxtda kino bazarının formalaşması üçün dövlət müəyyən imtiyazlar verməlidir. Heyf ki, bu yöndə hələlik ciddi nəticə yoxdur.
  
- Ümumiyyətlə, nazirliyin özəl prodakşnlara layihə verməsi nə qədər düzgündür?
 
- Söhbət ciddi kinodan gedirsə bu, bütün dünyada var: dövlət bazarı olmayan sahəni stimullaşdırmaq üçün bunu edə bilər. Çünki ciddi kino heç vaxt pul gətirməyəcək. Türkiyənin özündə də festival filmləri var ki, üç milyon büdcə ilə çəkilir, heç bir milyon gəlir gətirmir. Ona görə də bu sahələr birbaşa və ya dolayısı ilə dəstəklənməlidir. Azərbaycanda son illər hər sahədə vəsait artıb, amma kino bazarında hələ də irəliləyiş yoxdur. Dövlət hesabına çəkilən filmlərin büdcəsində onun reklamı və yayımı üçün vəsait nəzərdə tutulmur. Buna görə də çəkilən film kor-koranə şəkildə təbliğ olunur. Sadəcə Nizami Kino Mərkəzinin qarşısında banner vurulur, bir həftə sonra da yığışdırılır.
 
Son illərin uğurlu filmi olan “Dolu”nun səs-küyü çox oldu. Ona görə ki, filmi bütün regionlarda pulsuz nümayiş etdirdilər. Amma bu, kinodan gəlir əldə etmək deyil. Bir tərəfdən bu bazarı qurmaqdan danışırıq, digər tərəfdən bazarın qanunlarını pozuruq. Nizami Kino Mərkəzində “Vəkil hanı” komediyasının nümayişi oldu. Heç kimin xəbəri olmadı ki, belə bir film göstərilir. Filmin reklamı getmədi. Tamaşaçının da xəbəri olmadı ki, nümayiş nə vaxt başladı, nə vaxt bitdi. Düşünürəm ki, Azərbaycan tamaşaçısı üçün bu film uğurlu komediyadır. Məncə, tamaşaçının bu filmdən xəbəri olsaydı, o, mütləq filmi izləməyə gələrdi. Nəzərə alaq ki, hazırda bir tammetrajlı bədii filmin büdcəsi orta hesabla bir milyon manatdır. Qeyd etmək istəyirəm ki, kinonun indiki durumunda istehsal olunan filmin büdcəsində onun reklamı üçün ən azı 50 min manat nəzərdə tutula bilər. Bu işlər özəl şirkətlərə həvalə olunmalıdır. Çünki dövlətin özünün piar kompaniyalar yaratmaq hüququ yoxdur. Digər tərəfdən, dövlət bu prosesi özəl qurumlara tapşırıb ona nəzarət etməlidir. Həmin özəl qurum işin öhdəsindən layiqincə gəlmirsə, müqaviləni başqa şirkətlə bağlaya bilər. Bu məsələlər çəkilən filmlərin yayım məsələsi ilə bağlıdır. O ki qaldı kinolayihələrdə özəl şirkətlərin dəstəklənməsinə, burada elə bir qəbahət yoxdur. Azərbaycan kinosunun indiki durumunda dövlət özəl şirkətlərin layihəsini qiymətləndirməlidir. Onların layihələri müsabiqə yolu ilə qiymətləndirilməli və qalib gələn layihələrə müəyyən vəsait ayrılmalıdır. Qonşu Türkiyədə də belədir, Rusiyada da, İranda da. Qeyd edim ki, sonuncu Kann film festivalının baş mükafatın alan Nuri Bilgə Ceylanın “Qış yuxusu” filminin büdcəsi 2 milyon yevrodan çox idi.
 
Dövlət tərəfindən yaradılan komissiya isə onun filminə 350 min yevro vəsait ayırmışdı. Yəni ciddi kino layihələrinə mütləq şəkildə dövlət tərəfindən vəsait ayrılmalıdır. Özü də xatırladım ki, kino sahəsində ölkəmizdə hansısa güzəştlər nəzərdə tutulmadığı üçün bu mütləqdir. Ən vacib məsələlərdən biri də müştərək filmlərin istehsalıdır. Biz hələ də bu istiqamətdə ciddi nəticə əldə etməmişik.
 
- Belə çıxır ki, problemin həlli üçün ən vacib persona olan prodüser yoxdur. Axı İncəsənət Universitetində belə ixtisas var idi. BFİ-nin də prodüser kursları var. Belə çıxır ki, təhsil keyfiyyətsizdir.
 
- Mən bildiyim qədər universitetdə prodüser ixtisasını çoxdan bağlayıblar. Menecer ixtisası var. Amma onlara kino və kino bazarı anlayışı haqqında bir kəlmə də olsun məlumat verilmir. Mən özüm keçən il həmin fakültədə olmuşdum. Bizdə kino təhsili sıfır səviyyədədir. Mədəniyyət və Turizm Nazirliyi bu problemi çözmək üçün bir neçə gənci xaricə oxumağa göndərdi. Halbuki, Azərbaycanda 2015-ci ilə kimi xaricdə təhsillə bağlı dövlət proqramı var. Təəssüf ki, bu proqramda ancaq iqtisadiyyat, beynəlxalq münasibətlər və sairə ixtisaslar üzrə tələbələr göndərildi. Kino sahəsi üzrə heç kim bu proqramda iştirak etmədi. Xaricdə təhsil proqramına görə, 2010-2015-ci illərə kimi ümumilikdə xaricdə beş min tələbə təhsil almalıdır. Məsələ burasındadır ki, indiyədək iki min tələbə təhsil alıb. Beş mindən cəmi iki mini təhsil alıb və proqram gələn il başa çatır.

- Bəlkə də müraciət edənlər çox olmayıb?
 
- Müraciət çox olub. Amma məmur özbaşınalığı, süründürməçilik-filan... Təhsil naziri dəyişəndən sonra vəziyyət bir az qaydasına düşüb. Bizim Bakı Film İnstitutunun məzunu Cavid Zahidov bu proqramla ötən il dünyanın ən məşhur kino məktəblərindən olan “London Film School”a qəbul olundu. Başqa bir məzunumuz isə bu il həmin məktəbə qəbul olub. Sadəcə sənədlərinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmasını gözləyirik.
 
- Bəs BFİ-nin kursları gənclərə nə verə bilir?
 
- Bütün dünyada kino kursları fəaliyyət göstərir. Başqa ixtisaslı gəncin istedadı varsa, ikinci dəfə ali təhsil almağa vaxt sərf etmir, kurslara gəlir və peşəkar istiqaməti mənimsəyir. Kurs ona müəyyən baza verir, artıq sonrakı inkişaf gəncin özündən asılıdır.
 
- Kursun məzunlarının daha hansı uğurlarını qeyd edə bilərsiniz?
 
- Respublika Kinematoqrafçılar İttifaqının keçirdiyi qısametrajlı film ssenarisi müsabiqəsinin qalibi bizim kursun məzunu Natiq Rəsulov oldu. O, Dövlət İdarəçilik Akademiyasını bitirib, amma kino təhsilini bizim kurslarda alıb. Onun layihəsinin istehsalını da “Nərimanfilm” həyata keçirəcək. Kursun məzunlarının çəkdiyi sosial çarx Gənclər Fondunun keçirdiyi müsabiqədə ikinci yerə layiq görüldü. Bir neçə məzun özünün müstəqil şirkətini qeydiyyatdan keçirdi və audiovizual sahədə fəaliyyətə başladı. Başqa məzun Həmid Həmidov Hollivudda 1 illik rejissor kursu keçir. Qeyd edim ki, Həmid BDU-nu geologiya ixtisası üzrə bitirmişdi. Kursun məzunu Orxan qorxu janrında özünün ilk qısametrajlı filmini çəkdi. Yaxşı da alınıb.
 
Bu il Milli Kino Günündə “Azərbaycanfilm” kinostudiyasının keçirdiyi “yenifilm.az” qısametrajlı film ssenarisi müsabiqəsinin nəticələri açıqlandı. İkinci yerin sahibi Nərmin Muradovanın “Tənəffüs” ssenarisi də Bakı Film İnstitutunda hazırlanmışdı.

- Kinonun inkişafı ilə bağlı həyata keçirilən son layihələr nə qədər effektivdir?
 
- Tammetrajlı filmlərin çəkilməsi tam şəkildə dövlət tərəfindən həyata keçirilir. Və son illər, dediyim kimi, beynəlxalq festivallarda filmlərimiz iştirak edir, müsabiqə proqramına qatılır. Bu, böyük göstəricidir. O ki qaldı gənclərə, onların kinoda özünü realizə etməsi üçün bir neçə il əvvəl Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Bu meydan, bu ekran” layihəsi çox effektli oldu. Hazırda “Azərbaycanfilm” kinostudiyası bir növ həmin layihənin davamı kimi “yenifilm.az” ssenari müsabiqəsini keçirməyə başlayıb. Düşünürəm ki, gələn illərdə bu müsabiqədə qalib ssenarilərin rejissorları da hansısa qaydayla müəyyənləşəcək. Hər halda müsabiqələr inkişafı sürətləndirən amildir.
 
- CİNEMA Mərkəzi hazırda Azərbaycanda kino festivalı keçirən yeganə təşkilatdır. Gənclərin Beynəlxalq Film Festivalına hazırlığı necə gedir

- Rejissorların tanınmasında, kino prosesinin canlanmasında festivalların rolu çox böyükdür. Əslində festivalın azlığı heç də yaxşı hal deyil. Qonşu ölkələr maliyyə baxımından bizdən aşağı olsa da, ən azı beynəlxalq miqyaslı bir neçə festival keçirirlər. Mən bu yaxınlarda dövlət büdcəsindən maliyyələşən, amma kənar sahədən olan bir müəssisənin rəhbəri ilə söhbət edəndə o, təəccübləndi: necə ola bilər ki, ölkəmizdə sırf kinoya yönəlik yalnız bir festival var. START Gənclərin Beynəlxalq Film Festivalı 8 il ərzində 30-dan artıq ölkəni özündə birləşdirib. Məsələn, sonuncu festivalda 20-yə yaxın ölkə iştirak edirdi. Maliyyə baxımından bizə həmişə Gənclər və İdman Nazirliyi dəstək olur, Mədəniyyət və Turizm Nazirliyi müəyyən xərcləri öz üzərinə götürür. Ötən il festivala Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da dəstək verdi. Qurumun sədri Şəfiqə Məmmədova beynəlxalq tərkibli jürinin rəhbəriydi. Rusiyanın ən gəlirli “9-cu rota” filminin prodüseri Yelena Yatsura jürinin heyətində idi. Düşünürük ki, bu il də noyabrın sonu, dekabrın əvvəlində START Gənclərin 9-cu Beynəlxalq Film Festivalını keçirəcəyik. Artıq festivalın hazırlıqlarına başlanılıb. Yaxın günlərdə bütün informasiyaları festivalın saytından əldə edə biləcəksiniz. Maliyyə məsələsinə gəldikdə isə bu problem həmişə var. Amma dayanmaq olmaz. Maliyyə yoxdursa, onu axtarıb tapmaq lazımdır. İnanıram ki, festival yüksək səviyyədə həyata keçiriləcək. Çalışacağıq ki, əvvəlkitək Azərbaycan kinosevərlərinə kino hadisəsi təqdim edək.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar