Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Baş verən hadisə qonşu ölkədə hazırlanmış bir ideoloji layihədir“


“Nəinki hakim komandada, bütövlükdə ölkədə demokratik islahatlar aparmaq zəruridir”


Son həftənin dünya miqyasında ən ciddi hadisəsi Rusiyanın “Su-24" qırıcısının vurulmasından sonra Ankara-Moskva münasibətlərində yaşanan gərginlik oldu. 

Bu gərginliyin Azərbaycana da bu və ya digər şəkildə təsirləri qaçılmazdır. Ancaq Bakının Nardaran kəndində ötən həftə baş verən qanlı hadisə və gərginliyin davam etməsi Azərbaycan vətəndaşı olaraq hər birimizi narahat etməlidir. Regionda və ölkəmizdəki real situasiyanı Böyük Quruluş Partiyasının (BQB) sədri, deputat Fazil Mustafa ilə söhbətimizdə müzakirə etdik. 

- Fazil bəy, ötən həftə Nardaranda baş verənlər, itkilərin olması üzücüdür. Sizcə, qəfildən nə baş verdi ki, yenicə həbsdən çıxmış Hacı Taleh vəziyyəti bu dərəcədə gərginləşdirə bildi? Sizdə informasiya, ya qənaət varmı ki, hadisələr hardan idarə olunur, ssenari kimə yaxud hansı qüvvələrə məxsusdur? Azərbaycanın qarışdırılması planının elementlərini görürsünüzmü? 

- Burada baş verənlər konkret hadisə olaraq əvvəlcədən proqnozlaşdırılmaya bilər, ancaq proses olaraq Azərbaycanın müstəqilliyi əldə olunandan sonra düşünülüb, hazırlanıb və bəzi əlverişli zamanlarda tətbiqini də görməkdəyik. Yəni qəfildən heç nə baş verməyib, adam öz tapşırığını layiqincə yerinə yetirib. Azərbaycanın bütün bölgələrində sosial problemlər kifayət qədər var, ancaq heç bir yerdə marginal məzhəbçilik anlayışı ilə bu problemlərin həllinə yanaşma müşahidə olunmur. Bu səbəbdən də baş verən hadisə sosial xarakterli deyil, qonşu ölkədə hazırlanmış bir ideoloji layihədir. Neçə illərdir bir kənd bu düşmənin bu layihəsinin girovuna çevrilib. Kənddə sağlam düşüncəli insanlar belə bir qrup Qum saatı ilə idarə olunan şəxslərin aqressivliyin təzyiqi altında səslərini çıxara bilmirlər. 

Burada dinin inanclarla bağlı bir təzyiqdən söhbət getsəydi, buna hamılıqla etiraz da bildirmək olardı. Dövlət tərəfindən ancaq inanc adı ilə insanların zorakılığa, özünə işgəncəyə yönləndirilməsinə qarşı tədbirlər görülür. Əsl həqiqətdə burada başqa ölkənin atrubutları ilə Azərbaycan dövlətinin atributlarına meydan oxumaqdan söhbət gedir. Qonşu ölkə bizə öz açıq mesajını verir: narkomaniya və dini cəhalətlə sizə istənilən təzyiqi göstərə bilərik: Qumda hazırlanmış xüsusi ələmanını Nardarana göndərir, orada qarşıdurmaya rəvac verəcək şüarlar səsləndirir və dövlətin konstitusion quruluşunu dəyişməklə bağlı tezislərini dilə gətirir. Adam həbsdən yenicə çıxıb, yaşayış olaraq Nardarana dəxli yox, ancaq birdən-birə bu kəndə “qonaq” sifəti ilə göndərilir və sonda da iki polisimizin və bir neçə kənd sakinin ölümünə səbəb olan hadisə baş verir və bütöv bir kənd ictimai töhmət altında qalır. 

- Son aylarda ölkə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələr var. Hesab etmək olarmı ki, artıq komanda verilib yaxud düymə basılıb? 

- Bu plan həmişə gündəmdədir, ancaq bunu həyata keçirmək üçün iki istiqamətə daha çox üstünlük verildiyini görürük. Birincisi, hakimiyyətdəki yüksək vəzifəli məmurların əli ilə bu qarışıqlıq layihəsinin gerçəkləşdirmək, ikincisi isə sosial narazılıq amilindən yararlanaraq vəziyyəti mürəkkəbləşdirmək. İqtidar birinci layihənin qarşısını almaqda çevik hərəkət etdi və dövlətin təhlükəsizliyi üçün problem yarada biləcək şəxslərin bir qismini zərərsizləşdirdi. İkincisi ilə bağlı prezidentin son addımlarında sahibkarlara və vətəndaşlara qarşı məmur özbaşınalığının yumşaldılması, ASAN xidmətin səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutuldu. Bununla belə, neft gəlirlərinin kəskin azalması şəraitində bu sosial narazılıq simptomları öz təhlükəliliyini qoruyub saxlayır və inhisarçılığın azaldılması istiqamətində ciddi islahatlara başlanılmasa, ağır nəticələr də doğura bilər. Dini ideoloji zəmində bu cür qışqırtmalar Azərbaycan cəmiyyətində çox dəstək qazana bilmir, çünki bu ssenarilərin İran İslam İnqilabı, “Taliban” hərəkatı, “əl-Qaidə”, İŞİD formatlarında insanlıq üçün hansı faciələr bəxş etdiyinin qorxusu insanlarımızın yaddaşına həkk olunub və hətta hakimiyyətdən narazı insanlar belə bu cür hərəkətlənməyə qarşı tərəddüdsüz dövlətin yanında yer alırlar. 

- Hazırda da kənddə vəziyyət çox təhlükəli həddədir. Vəziyyətdən çıxış yolunu necə görürsünüz?  

- Burada ölüm faktının baş verməsi üzücüdür, xüsusilə də cinayətkar qrup tərəfindən iki polisimizin şəhid edilməsi geniş ictimai qınaq doğurur. Ancaq bir reallığı bilməliyik ki, heç bir problem birdəfəlik çözülmür, hansısa situasiyada yenə də üzə çıxır. “əl-Qaidə” bitəcək, İŞİD çıxacaq. Nə qədər ki, İslamın doğru anlaşılması, öyrədilməsi, uşaqların səviyyəli təhsil alması mümkün olmayacaq, cəhalət, kin və nifrət qalacaq. İlk öncə bu kəndin sağlam düşünən insanlarının öz kəndlilərinə müraciət edərək dövlətə qarşı qanunsuz əməllərdən çəkindirməsi lazım. İkincisi, bütün uşaqların təhsilə cəlb olunması lazım. Qızlar üçün ayrıca kollecin açılmasına da çalışmaq vacibdir. Artıq öz fikri formalaşmamış bir uşaq Azərbaycan polisini “kafir” adlandırırsa, o zaman uzun illər dəyişən bir şey olmayacağını indidən söyləmək olar. Əhalinin məşğulluğu ilə bağlı konkret işlər görülməlidir. Bir sıra insanlar işsizlikdən bu proseslərə bulaşırlar. Dini inancla dini ideologiyanın hüdudları insanlara izah olunmalıdır. Kiminsə namaz qılması inancı ilə bağlıdır, ancaq başının üstündə, sosial şəbəkədəki profilində başqa ölkənin bayrağını, onun ruhanilərinin şəkillərini yerləşdirməsinin adı, Aşura günü icazəsiz yürüş keçirilməsi, kiçik uşaqların başının xəncərlə yaralanması ideologiyanın təbliğıdır. Yəni görüləcək işlər xeyli çoxdur. 

- Növbəti dəfə qan tökülməsin deyə, deputatlardan ibarət bir qrup Nardarana gedib danışıqlar apara bilərmi? Vaxtilə belə təcrübə olub...

- Artıq qan tökülüb. Hüquqi prosedur başlayıb və bu hadisələrdə iştirak edən insanların bundan sonrakı qarşıdurmadan imtina edərək istintaqa köməklik göstərməsi lazımdır. Deputat qrupu da formalaşdırmaq, gərginliyi azaltmağa səy göstərmək də olar. Bütün hallarda çalışmaq lazımdır ki, cinayətkarlarla normal vətəndaş kimi yaşamaq istəyən insanları bir-birindən ayırmaq mümkün olsun. Bu kənddə zəhməti ilə dinclik içində yaşamaq istəyən kifayət qədər insan var və bunlar hamısı bizim ölkənin vətəndaşlarıdır. Elə addımlar atılmalıdır ki, bu insanlar başqasının çirkin əməllərinin əziyyətini çəkməsinlər.

- Fazil bəy, Türkiyə və Rusiya arasında gərginlik davam edir. Putin artıq Türkiyə ilə əlaqələri məhdudlaşdıran sənədi imzaladı, antitürk dalğası genişlənir. Hadisələrin sonrakı gedişatını necə proqnoz edirsiniz?  

- Rusiya bu hadisələrdə bir gerçəklə dünyanı tanış etdi: burada qərarlar artıq dərin analizlə yox, isterika ilə, subyektiv emosionallıqla qəbul edilir. Məsələn, mən Rusiyanın Krımın işğal siyasətinin, Ukraynada münaqişə yaratma siyasətinin izahını verə bilərəm. Ancaq eyni şeyi Suriya siyasəti barədə söyləməkdə çətinlik çəkirəm. Xüsusilə də Əfqanıstan təcrübəsi yaşamış bir ölkənin varisinin bu bataqlığa özünü niyə saldığını bir neçə ildən sonra rus cəmiyyəti mütləq bir-birindən soruşacaq. Bu qədər hərbi xərclər yarışının bədəlinin nə olduğunu anlamaq çətin deyil. Və sonda da Türkiyə ilə qarşıdurmaya getmək, uşaqların oynadığı “dava-dava” oyununa bənzər süni gərginlik yaratmaq inanmıram ki, Rusiyanın özünə zərrə qədər fayda versin. Onsuz da bu qarşıdurmanın taleyi ABŞRusiya arasındakı rəqabətdə çözüləcək. Fillər savaşanda mümkün qədər Türkiyənin əzilməməsinə səy göstərmək vacibdir. Bu arada ərəb ölkələrindən ciddi dəstək ala bilməyən Türkiyənin sürpriz bir gediş edərək İsraillə münasibətlərin bərpa olunmasına və bununla da ən azı düşmənlərinin birinin sayının azalmasına çalışması fikrimcə, daha realist bir addım olardı.  
- Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya səfərində bir sıra mesajlar verdi. Ancaq hiss olundu ki, Ankara Bakını təhlükələrə soxmaq istəmir. Azərbaycan isə məhz bu səfərdən sonra Türkiyə və Rusiya arasında vasitəçi ola biləcəyini bəyan etdi. Bakının vasitəçilik niyyətinə Putindən müsbət cavab gələcəkmi?  

- Əlbəttə, Türkiyə İsrail hadisəsində olduğu kimi, Azərbaycanın hansısa tərəfdə duraraq rəsmi mövqe bildirməsini istəməz. İndiki şərtlərdə Rusiyanın Azərbaycan vasitəsilə bu münasibətlərin bərpasına gedəcəyini inandırıcı görmürəm. Ancaq Azərbaycan rəsmi nümayəndələrinin açıqlaması kifayət qədər yerində oldu: Türkiyə ilə qardaşıq, Rusiya ilə dostuq və hər ikisinin barışmasını istəyirik.   

- Bu qarşıdurma Azərbaycanın özünə hansı problemlər yarada bilər? Bu arada rus şovinistlər Azərbaycanı işğalla da hədələyir. Azərbaycanı Türkiyədən ayırmaq, yaxud ölkəmizin Rusiyanın Türkiyəyə qarşı sanksiyalarına qoşulması üçün şimaldan təzyiqlər arta bilərmi? 

- Bir şeyi dərk etməliyik ki, Türkiyəyə yaradılan problem elə Azərbaycana yaradılan problemdir. “Böyük Ermənistan”ın təkcə Türkiyəyəmi təsiri var? Əslində rus şovinistlərindən daha çox Rusiyada erməni siyasətinin canlanmasını müşahidə edirik. Üç hədəni Türkiyəyə yollayanda birini də Azərbaycana eşitdirirlər. Türkiyə mövzusunda Azərbaycana təzyiqlər ola bilər, ancaq Türkiyə ilə münasibətlər bizim dövlət olaraq mövcudluq şərtlərimizdən biridir. Biz Rusiyaya tabe ölkə kimi lazımıq, Türkiyəyə isə müstəqil qardaş dövlət kimi. Ona görə də Azərbaycan Rusiya ilə normal münasibətləri saxlamaqla yanaşı, fikrimcə, heç bir halda Türkiyəyə qarşı sanksiyalarda yer almayacaq.   
      
- Parlament rəhbərliyində digər partiyaların təmsil olunmamasına həmkarınız Qüdrət Həsənquliyevdən də etiraz gəlib. Növbəti iclasda bu barədə məsələ qaldıracaqsınızmı?  
  
- Nə məsələ qaldıraq? Hakim partiya və bitərəflərin çoxluğu müxalifətin Milli Məclisin idarə olunmasında iştirakını istəmirsə, biz nə edə bilərik? Qüdrət bəy haqlıdır ki, tutaq ki, biz ikimiz həmişə hökumətin və büdcənin əleyhinə səs veririk, ancaq görüntü üçün də olsa, ölkənin imicini nəzərə alaraq iqtidarın hər addımını dəstəkləyən digər bir-iki partiya rəhbərinin komitə sədri olması hansı faciəli situasiya yarada bilərdi ki? Ən azı çoxpartiyalılıq haqqında danışmağa real məzmun verərdi. Bu davranışlar da əslində siyasi inhisarçılıq təsiri bağışlayır və təəssüf doğurur.  

- Prezident torpaqların qanunsuz zəbt olunmasını sərtləşdirən qanunu təsdiqlədi, ağır cəzalar gözlənilir. Qanunun geriyə şamil olunması mümkün deyil. Elə isə sizin də vaxtaşırı problem olaraq qaldırdığınız dənizin hasarlanması məsələsi necə olacaq?     

- Ölkə prezidentinin son addımları birbaşa vətəndaşların vəziyyətini yüngülləşdirməyə, məmur özbaşınalığını nisbətən azaltmağa yönəlib. Ancaq bir gerçək var ki, gizli bir şəkildə də olsa, iri masştablı məmurların bu sərəncamların yerinə yetirilməsinə qarşı müqavimət formalaşdıra bilirlər. Heç bir sahibsiz, imkansız adamın həddi çatmaz ki, dənizi hasarlasın. Buna imkanı çatanlar isə çox zaman bu sərəncamı icra etməyə məsul olan məmurlardır. İndi öz tikdiklərini özləri sökəcəklər? Bu məsələdə siyasətçilərin də, medianın da prezidentə dəstək verməsi vacib şərtdir, harada bu göstərişlər yerinə yetirilmir, dərhal işıqlandırılmalıdır ki, ictimai qınağın təsiri altında dərhal qanunsuz əməllərdən əl çəkilsin.

MTN ətrafında baş verənlərdən sonra məmur-vətəndaş münasibətləri daha çox müzakirə olunur. Siz ölkədə normal münasibətlər sisteminin qurulması üçün nələri təklif edərdiniz? Ümumiyyətlə, komandada ciddi islahatların aparılacağını gözləyirsinizmi və buna zərurət görürsünüzmü?  
  
- Nəinki hakim komandada, bütövlükdə ölkədə demokratik islahatlar aparmaq zəruridir. Xüsusilə də MTN hadisələrindən sonra bir şey bəlli oldu ki, harada şəffaflıqdan qorxulursa, oarada korrupsiya və özbaşınalıq baş alıb gedir. Ona görə də ilk olaraq hüquq-mühafizə və təhlükəsizlik orqanları üzərində əksər Avropa ölkələrində olduğu kimi parlament nəzarəti mexanizmi qurulmalıdır. Parlamentə hesabatlılıq olarsa, ən azı bu qurumların məsuliyyəti daha da artar. Normal münasibətlər sisteminin qurulması ilk növbədə parlamentdən başlaya bilərdi. Müxalifətin parlamentin idarəçiliyində təmsilçiliyi nəzərdə tutulmaqla parlamentdən kənar müxalifət üçün də dövlət həyatına faydalı inteqrasyanı stimullaşdırmaq mümkün idi. Yəni bu normallaşma üçün istək və iradə olsa, real təkliflər vermək çətin deyil.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar