Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Belə bir siyasətin Müsavat Partiyasında ...”


Oktyabrın 25-də saat 10-da Müsavat Partiyası Məclisinin toplantısı olacaq


Toplantıda Məclisə boş qalan yerlərə, MNTK-ya və Divana  seçkilər keçiriləcək. Müsavat Partiyasında qurultaydan sonrakı dövr ərzində gedən proseslər Məclisin toplantısının maraqlı keçəcəyini söyləməyə əsas verir. Dünən Müsavat başqanı Arif Hacılı ilə onun kabinetində görüşüb gedən partiyada qurultaydan sonra gedən proseslər, irəli sürülən iddia və ittihamlar, gözləntilər barədə suallarımızı ünvanladıq. 

- Oktyabrın 25-də keçiriləcək Məclislə bağlı proqnozlarınız necədir, Məclisdə problemlər yaşana bilərmi? Keçən Məclisdə MNTK-da boş yerlərə namizədlərdən heç kim seçilə bilmədi. Bu dəfə də eyni vəziyyət təkrarlana bilərmi və belə vəziyyət partiyaya zərər vururmu?

- 11 oktyabrda keçirilən Məclis  normal, işgüzar keçdi. Təəssüf ki, ciddi seçki rəqabəti nəticəsində MNTK-ya boş qalan yerlərə seçilən olmadı və sərbəst Məclis üzvlüyünə verilən namizədlərin böyük əksəriyyəti seçkilərdə iştirak edənlərin əksəriyyətinin səsini alsa da Məclis üzvlərinin ümumi sayının əksəriyyətinin səsini ala bilmədi. Bütövlükdə isə Məclis kifayət qədər səmərəli oldu, hər hansı  problemlər yaşanmadı. Düşünürəm ki, 25 oktyabrda keçiriləcək Məclisdə də problemlər yaşanmayacaq. Fırtınalar əsasən sosial şəbəkələrdə və mətbuatdadır. Partiyanın strukturları öz normal gündəlik fəaliyyətini davam etdirir. Yaxın zamanlarda strukturların formalaşması prosesi başa çatdıqdan sonra partiyanın fəaliyyəti daha çevik, daha dinamik olacaq. 

- Bir çoxlarında belə rəy var ki, MNTK tam formalaşan kimi həmin qurum sizin göstərişinizlə hərəkətə keçəcək, partiyada təmizləmələrə başlayacaq. Bugünlərdə Osman Kazımov tərəfindən partiyada təmizləmələrə başlanmalıdır təklifinin irəli sürülməsinin də bunun anonsu olduğunu düşünənlər var. Bu çağırışlarına münasibətiniz necədir? Cəza tədbirlərinə, təmizləmələrə başlayacaqsınız?

“Qurultayda mənə səs vermədiyini açıq bildirmiş qurultay nümayəndələrinin böyük əksəriyyəti ilə görüşmüşəm”

- Mən insanların öz fikirlərini açıq surətdə ifadə edə bilməsini azad cəmiyyətin qurulması üçün vacib şərt sayıram. Plüralizmi, ictimai diskussiyaları  demokratiyanın, təşkilatın inkişafı baxımından həmişə əhəmiyyətli hesab etmişəm. Təbii ki, heç bir partiya üzvü fərqli mövqeyinə, fərqli düşüncəsinə görə cəzalandırıla bilməz. Müsavatda  buna heç vaxt yol verilməyəcək. Əksinə biz diskussiyalar şəraitini, plüralizmi, fikirlərin açıq şəkildə ifadə edilməsinə şəraitini həmişə yaxşılaşdırmağa çalışmışıq. Bu cür davranış qaydaları daha da inkişaf etdiriləcək. Mərkəzi Nəzarət Təftiş Komissiyası Müsavat Partiyasının ali orqanlarından biridir. Yaxşı haldır ki, uzun illər olan fasilədən sonra MNTK nəhayət fəaliyyətə başlayıb. Yəqin ki, növbəti Məclisdə MNTK-nın tərkibi tam şəkildə formalaşacaq. Bu qurum partiya içində olan narazılıqlarla bağlı şikayət ərizələrinə baxacaq və müvafiq qərarlar qəbul edəcək. Bizim MNTK-ya hər hansı göstəriş vermək səlahiyyətimiz yoxdur. 

MNTK müstəqil və yalnız qurultay qarşısında hesabat verən bir qurumdur. Ancaq hər halda MNTK-nın üzvləri də bizim partiyada silahdaşlarımızdır, onlardan da xahiş edəcəyik ki, heç kəsə fikirlərinə, işlətdiyi ifadələrə görə ağır cəza verməsinlər. Təmizləmə siyasəti aparılmayacaq. Belə bir siyasətin Müsavat Partiyasında aparılması qeyri-mümkündür. Müsavat Partiyasının içində fərqli düşünən insanlar var. Təəssüf ki, seçki kampaniyası kontekstində bu düşüncələrin gözünə bəzi təhqirlər, böhtanlar, qeyri-etik ifadələr qatışdi. Yəqin ki, bu məsələlər həm rayon təşkilatları strukturlarında, eyni zamanda MNTK-da müzakirə olunaraq müvafiq qərarlar qəbul ediləcək. Mən Müsavat Partiyasının başqanı kimi çalışacağam ki, cəzalar ağır olmasın. Müsavat Partiyasında ən ağır cəza partiya sıralarından çıxarılmaq cəzasıdır. Ancaq xəbərdarlıq edilməsi, töhmət verilməsi kimi cəzalar da var. Mən istərdim ki, xəbərdarlıq və töhmətə daha çox üstünlük verilsin.

- Müsavat  başqanının səlahiyyəti varmı MNTK-nın qərarı olmadan partiya üzvünü partiyadan xaric etsin?

- Nəinki başqanın, heç partiya qurultayının da belə bir səlahiyyəti yoxdur. Partiya üzvünə hər hansı cəza vermək rayon təşkilatlarının, MNTK-nın və Divanın səlahiyyətidir.

- Sizin barışdırıcı mövqedən çıxış etməyinizə, ötən həftə hər kəslə qucaqlaşmağa hazır olmaq barədə çağırışınıza narazıların bəzi təmsilçiləri ironiya münasibət bildirdilər. Eyni zamanda telekanalların apardığı birtərəfli anti-Müsavat təbliğatında da həmin şəxslər kəskin ittihamlarla çıxış edirlər. Bu ittiham və açıqlamaların içində heçmi Nizamnamə pozuntuları yoxdur?

- Nizamnamə pozuntularının olub-olmamasını müəyyənləşdirmək səlahiyyətimə aid deyil. Bunu rayon təşkilatlarının müvafiq strukturları və MNTK araşdıracaq. Əgər müraciətlər olacaqsa, partiyanın yeni Divanı da bu məsələləri müzakirə edə bilər. Sadəcə, mən Müsavat Partiyasının hər bir üzvünün davranışlarına, fəaliyyətinə və taleyinə məsul olan bir vəzifə daşıyıram. Ona görə də  hər kəsin fikirlərinin motivlərini axtarmağa, kəskin mövqelərin ortalığa çıxmasının səbəblərini araşdırıb bu səbəbləri aradan qaldırmağa çalışacağam.   
       
- Partiyadan çıxanlar barədə səsləndirdiyiniz “həmin şəxslər Rəsulzadənin ruhuna və müsavatçılığa xəyanət ediblər” açıqlamanızı narazılar Sizə qarşı istifadə edərək bildirdilər ki, partiyanın başqanı gərək partiya üzvləri haqqında bu cür ifadələr işlətməsin. Doğrudanmı başqan partiya üzvlərinin hərəkətinə münasibət bildirməməlidir?

- Plüralizm hər kəsə, o cümlədən Müsavat Partiyasının başqanına aiddir. Hər kəs öz fikirlərini azad surətdə ifadə etmək hüququna malikdirsə, kimsə bu hüquqdan məhrum edilə bilməz. Ancaq öz düşüncə və dünyagörüşümə görə, bu məsələlərdə fərqli mövqeyim var. Mən partiya üzvləri haqqında hər hansı bir fikir işlətməmişəm. Partiyadan çıxmış adamlar haqda həmin fikirləri də  300 nəfərin qoşula biləcəyi daxili qrupda yazmışam. Partiyada mənə qarşı partiyadan çıxmış o adamlardan daha sərt mövqedə olan, daha ciddi təftişçilik mövqeyində olan adamlar var. Partiyadan çıxmağı  doğrudan da indiki şəraitdə silahdaşları yarı yolda qoymaq, çətinlikdə silahdaşlardan ayrılmaq kimi dəyərləndirirəm. Daxili qrupdakı statusum da partiyadan istefaların qarşısını almağa yönəlib.

- Səxavət Əlisoy və digər bir neçə narazılıq edənlər son vaxtlar verdikləri açıqlamalarda parlament və prezident seçkiləri dövrlərində seçki qərargahına ayrılmış pulların hesabatının verilməsini tələb edirlər. İttiham xarakterli bu tələblərə birdəfəlik son qoyulması üçün deyəcəkləriniz varmı?

“Müsavata daxil olan maliyyə vəsaitlərinin həcmi barədə məndə məlumat yoxdur, heç vaxt maliyyəyə sərəncam vermək hüququ olan görəv daşımamışam”

- Müsavat Partiyasına daxil olan maliyyə vəsaitlərinin həcmi barədə məndə məlumat yoxdur. Heç vaxt maliyyəyə sərəncam vermək hüququ olan görəv daşımamışam. Seçki kampaniyaları dövründə seçki qərargahına ayrılan maliyyə vəsaitləri barədə  Müsavat Partiyasının başqanına, partiyanın müvafiq strukturlarına, eyni zamanda Mərkəzi Seçki Komissiyasına yazılı  hesabat verilib.

- Narazıların bəziləri isə bildiriblər ki, 100 illik Müsavatın şəffaf tərcümeyi-halına bu qurultayda qara ləkə düşüb. Üzvü olduğun partiya ilə bağlı bu cür danışmağı da plüralizm sayırsınız?

- Müsavatın 8-ci qurultayı partiyanın tarixində şərəfli bir səhifədir. Bu qurultay həm Müsavatın, həm də bütövlükdə Azərbaycanın  siyasi tarixində şərəfli bir səhifə kimi qalacaq. Bu qurultayda Azərbaycan tarixində ilk dəfə seçki kampaniyaları da təşkil olunmaqla alternativli qaydada başqan seçkiləri keçirildi. Müsavatın tarixində də belə bir şey olmamışdı. Çünki bundan əvvəl partiya başqanı olmuş hər kəs bu posta vahid namizəd olaraq seçilib. İkincisi, Azərbaycan tarixində ilk dəfə iki dəfədən artıq hər hansı bir vəzifəyə seçilməyə qoyulan yasaqlamaya  əməl olundu. İsa Qəmbər öz namizədliyini irəli sürməməklə, Nizamnamə dəyişikliyi tələb edənlərə mənfi cavab verməklə yeni bir ənənənin başlanğıcını qoydu. Hesab edirəm ki, əslində bu qurultayın Azərbaycan tarixində qalması üçün bu iki nümunə kifayət də ola bilərdi. Lakin  keçirilən seçkilərin demokratikliyi, bərabərhüquqluluğu, şəffaflığı da Azərbaycan cəmiyyəti üçün ciddi bir nümunədir. Keçirilən bu cür  seçkilərin nəticələrini şübhə altına almaq təbii ki, yolverilməzdir və Müsavat Partiyasının mənafelərinə zərbədir. 

- Telekanalarda, mətbuatda və sosial şəbəkələrdə aparılan təbliğatı izləyəndə belə təəssürat yaranır ki, Müsavat Partiyası parçalanıb, artıq fəaliyyət göstərmir. Bu təbliğat sizcə hakimiyyət tərəfindən idarə olunan prosesdir?

- Müsavat Partiyasının opponentləri çoxdur. Azərbaycan hakimiyyəti uzun illərdir Müsavat Partiyasına qarşı fəaliyyət göstərir. Müsavatı parçalamaq, dağıtmaq arzusu və istəkləri ilə yaşayır. Eyni zamanda bu istiqamətdə konkret addımlar atır. Telekanallarda Müsavat Partiyası ilə bağlı bu cür təbliğat kampaniyasının aparılmasında qeyri-adi bir şey yoxdur. Təəssüf ki, bəzi partiya üzvləri Müsavatı düşmən hesab edən siyasi qüvvələrin partiyaya qarşı apardığı kampaniyada onların mövqelərindən istifadə etdiyini nəzərə almadan, bəzən düşünülməmiş, təsdiq olunmamış, dəlil-sübutu olmayan məsələləri ictimailəşdirir. Bu da təbii ki, Müsavatın mənafelərinə ziddir. 

- Narazıların onu da bəyan edirlər ki, şikayətlərinə veriləcək cavabı gözləyirlər. Onların şikayətləri araşdırılır? Onların atacaqları addım nədən ibarət ola bilər, sizcə birlikdə partiyadan istefa verə bilərlərmi? Bunun baş verməməsi üçün onlarla danışıqlar aparmısınızmı və ya aparacaqsınızmı?

- MNTK təqdim olunan arayışla əlaqədar mənə də sorğu göndərib. Sorğuya cavab vermişəm. Arayışın mətni ilə də tanış olmuşam. Prosesə təsir etməmək məqsədilə bu barədə hər hansı bir rəy səsləndirmək istəmirəm. Bircə onu deyə bilərəm ki, məndə olan məlumata görə, MNTK bir çox partiya strukturlarına və arayışda adı çəkilən şəxslərə sorğular göndərib, peşəkar bir araşdırma prosesi gedir. Yəqin ki, yaxın zamanlarda yekunlaşaraq həm arayışın məzmunu, eyni zamanda ona verilən cavab barəsində arayış müəllifinə və Azərbaycan ictimaiyyətinə məlumat veriləcək. 

Mən dəfələrlə həm partiya strukturlarındakı toplantılarda, həm mətbuat açıqlamalarımda onları müzakirəyə dəvət etmişəm. Ayrı-ayrı şəxslərlə görüşmüşəm. Müsavatın qurultayında mənə səs vermədiyini açıq bildirmiş   qurultay nümayəndələrinin böyük əksəriyyəti  ilə həm bir neçə nəfərlik qrup, həm də təkbətək görüşmüşəm. Onların mövqeləri, düşüncələri ilə tanış olmuşam. Onların demək olar ki, hamısı Müsavat Partiyasının ümumi ideoloji siyasi xəttini dəstəklədiklərini, qurultayın qərarlarını Nizamnamənin tələblərinə uyğun olaraq Müsavat Partiyasının ümumi iradəsi kimi qəbul etdiklərini və partiya strukturlarında fəaliyyətini davam etdirəcəklərini bəyan ediblər. Ayrı-ayrı şəxslər var ki, onlar partiya rəhbərliyi, nümayəndələri ilə təmaslardan yayınırlar. Bizim dəfələrlə dəvət etməyimizə baxmayaraq, partiya strukturlarında fəaliyyətlərini, öz vəzifə borclarını yerinə yetirməkdən imtina edirlər. Bu məsələlərlə əlaqədar da yəqin ki, partiyanın müvafiq strukturlarında müzakirələr aparılacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar