Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Belə siyasət, belə idarəçilik olmur”



İqtisadçı alim Qubad İbadoğlu: “Biz istənilən müzakirəyə, polemikaya, dialoqa hazırıq”


Müsavat Partiyasında qurultaydan sonra baş verənlər xəbər məkanında önəmini qoruyub-saxlamaqdadır. Cəmiyyətin və medianın, eləcə də iqtidardakıların müxalifət düşərgəsində cərəyan edən hadisələrə bu qədər həssas yanaşacağı, etiraf edək ki, gözlənilən deyil.

Müsavatda baş verən gəlişmələri izləyənlər artıq bilirlər ki, son qurultayın nəticələrindən narazı olanlar artıq fraksiya yaradıblar. Təbii ki, bunun adını nə qoysalar da, ortada yeni başqan Arif Hacılıdan narazı olanların təşkilatlanması prosesi getməkdədir. Elə buradaca qeyd edək ki, başqan Arif Hacılı da partiyasını yenidən strukturlaşdırır. Bu prosesi aparmaqla yanaşı, həm də üstünə gələn böyük bir tənqid dalğasına səbr etməli olur.

Onun tənqidçilərindən ən birincisi isə heç şübhəsiz, başqanlığa sabiq namizəd Qubad İbadoğludur. Biz Q. İbadoğlu ilə görüşərək, son günlərə aid partiya yenilikləri barədə fikirlərini soruşduq: 

- Partiya daxilində fraksiya yaradılacağı xəbərləri yayılıb. İki gün əvvəl Tural Abbaslının və sizin tərəfdarlarınız bununla bağlı görüşüblər. Görüşdə siz iştirak etmədiniz, bəs müzakirələrdən xəbəriniz varmı?

- O görüş barədə sosial şəbəkədən məlumat almışam. Ancaq nə görüşdə iştirakım, nə təşəbbüsüm olmayıb. Dayım rəhmətə gedib və onun yasında olmuşam (mərhum yazıçı Cəmil Əlibəyov Q. İbadoğlunun dayısıdır -  red.) Bu səbəbdən görüşdə iştirak imkanım və fikrim olmayıb. Müzakirələrdən də xəbərsizəm. Yəqin ki, toplaşanlar partiyanın bugünkü durumunu, gələcəyini müzakirə ediblər. 

- Sizin qurultay və seçki ilə bağlı narahatlığınız əks olunduğu müraciətə partiya tərəfindən ilkin rəy hazırlanıb. Həmin rəylə tanışsınızmı?

- Yox, tanış deyiləm. Mən bildirmişdim ki, bu müzakirələrdə müraciət edən tərəfin nümayəndəsinin iştirakının təmin edilməsi çox vacibdir, amma bizə məlumat verilmədi. Hətta nümayəndəmizin müşahidəçi kimi iştirakına şərait yaradılmayıb. Növbəti müzakirə oktyabrın 30-da olacaq, bizim iştirakımıza şərait yaradacaqlarını bildiriblər. Rəylə tanış deyiləm, artıq Müsavat Məclisində səsləndirilən bəyanat müzakirələrin hansı yönə getdiyini müəyyənləşdirməyə əsas verir. Yəni artıq siyasi mahiyyəti, yönümü Müsavat Məclisi müəyyənləşdirmir. Mən buna çox təəssüf edirəm. Biz göndərdiyimiz sənədi şikayət yox, arayış adlandırmışdıq, bunun məzmununu indiyədək mətbuata təqdim etməmişəm, bu, daxili müzakirə üçündür. Müsavat Məclisinin son bəyanatını əsaslandıranlar isə deyirlər ki, biz arayışda yazılanları mətbuata vermişik, bu, yalandır. Biz partiya maraqlarını önə çəkərək həmin sənədi arayış adlandırdıq və düşündük ki, şikayət olanda daha çox rezonans doğurur, siyasiləşir. İstədik ki, partiyanın nüfuzuna ziyan dəyməsin. Biz təkliflərimizi mətbuata vermişik. Onlar isə tələsik, səbrsiz yanaşmaları, ittihamları ilə bizim indiyədək gördüyümüz işə də xələl gətirdilər. O bəyanatla razılaşa bilmərəm, orada ciddi ittihamlar var.

- Bildirilir ki, həmin bəyanat Məclisdə sərt olduğu üçün qəbul edilməyib və təkliflərdən sonra yumşaldılıb. 

- Yumşaldılmayıb. Sadəcə olaraq, Məclisdə etiraz edənlər olub, onlardan biri Almaz Əliqızı olub. Sənəd necə təqdim olunubsa, elə də qəbul olunub, yumşalmadan söhbət getmir. İndiki halda bu qədər sərtdir, təsəvvür edirsiniz daha sərt olsa, nə deyəcəkdilər? Yazacaqdılar ki, Qubad İbadoğlunu və onun tərəfdarlarını asmaq lazımdır? Onsuz da kifayət qədər sərt olan bu sənəddə ciddi, yersiz ittihamlar var. Bu, MNTK-nın fəaliyyətinə təzyiq vasitəsidir. Heç kəs minnət qoymasın ki, bəyanatı yumşaldıblar. Nəyi yumşaldıblar? Biz partiyanın möhkəmlənməsi üçün öz təkliflərimizi vermişik. İndi bunları siyasiləşdirib bəyanat şəklində təqdim etmək düzgün yanaşma deyil. Bundansa Müsavat Partiyası Məclisi bələdiyyə seçkilərini müzakirə edəydi, iki ay sonra seçkidir. Ancaq partiya hələ də mövqe qoymayıb ortalığa. Bələdiyyə, parlament seçkiləri ilə bağlı müzakirələr aparmağın vaxtıdır. Ancaq Məclisdə müzakirə mövzusu partiya daxilində ayrı-ayrı üzvlərin cəzalandırılması, cavabının verilməsi ilə bağlıdır. Bu müzakirələr partiya üçün yaxşı perspektiv vəd etmir. Bu yanaşmadan əl çəkməlidirlər. Biz arayışımıza rəy alandan sonra dəyərləndirəcəyik, öz mövqeyimizi bildirəcəyik.

- Sonuncu Məclisdə bildirildi ki, iclaslara gəlməyənlərin məsələsinə baxılacaq. Siz hansı qərarı gözləyirsiniz? İclaslara qatılmayanlar əsasən sizin tərəfdarlardır.

- Əvvəla, bir reqlament olmalıdır ki, davamiyyət necədir. Təəssüflər olsun ki, hələ reqlament qəbul olunmayıb. Kimsə bir təklif verir, sabah o, qərar şəklində qəbul edilir. Belə siyasət olmur, belə idarəçilik olmur. Məclisin reqlamenti qəbul olunmalıdır, buna uyğun olaraq da çıxışlar, digər davranışlar tənzimlənməlidir, belə bir sənəd yoxdur. Pərakəndə şəkildə hərə bir təklif verir. O təklifləri dəyərləndirmədən eyforiya ab-havası ilə qəbul edirlər. Nəticədə münasibətlərdə problem yaradır. Bizimsə ümumi qərarımız yoxdur ki, iclasa qatılmayaq. Əvvəl Məclis üzvü olmuşam, Məclisdə elə adamlar vardı ki, seçildiyi 6 il ərzində bir dəfə də olsun iştirak etməyib. Bu gün o məsələni qaldıran adamlar o vaxt müzakirə açmayıblar. O vasitədən də partiyada öz mövqeyini açıq şəkildə bildirən şəxslərə qarşı istifadə olunur. Buna yol vermək olmaz. Məclis belə qərarları ayrı-ayrı insanların davranışlarına uyğun qəbul etməli deyil. Məclisin reqlamenti olmalıdır. Mən o zaman bununla bağlı təklif hazırladım, ancaq qəbul olunmadı. Bu adamlar indiyə qədər davranış qaydaları ilə bağlı sənəd qəbul etməyiblər, indi isə cəzaların tətbiqindən danışırlar. Bu, pərakəndə idarəçiliyin göstəricisidir. 

- Məclisə toplu halında qatılmayanlar sizin tərəfdarlarınızdır. Sizcə, niyə belədir?

- Sonuncu iclas günü partiyadaşlarımızdan birinin yaxınının yası idi. Ötən iclasda tərəfdarlarımızdan Hikmət Hacızadə iştirak edirdi. Bu cür fikirlər də gərginlik üçün müəyyən əsaslar yaradır. Məclisin iclasları əvvəl üç aydan bir keçirilirdi, indi bir ayda iki dəfə keçirilir, hamının gəlmək imkanları olmur ki... Bunu da nəzərə almaq lazımdır. Məclisin dövriliyi pozulub. Gəlməməklə ola bilsin, kimlərsə mövcud vəziyyətə etiraz bildirirlər.  

- Yeni başqan Arif Hacılı narazılara sülh təklif etdi. Siz bu bəyanatdan sonra narazılara münasibətdə yumşalma olacağını gözləyirsinizmi?

- Ardıcıl siyasət olmalıdır. Bir gün qucaqlaşma təklif edirlər, bir gün sülh.., bir gün müharibə aparırlar. Bu, nə yanaşmadır, mən anlaya bilmirəm. Biz Müsavat Partiyasında fəaliyyətimizi davam etdiririk. Münasibətləri tənzimləyən sənədlər olmalıdır, yoxsa bir tərəfdən partiyanın üzvləri üzvlükdən xaric olunur. İndiki halda partiyada münasibətlərin şiddətlənməsi fonunda bir problem yaranıb ki, bu da bir qrup adamların yaratdığı problemdir. O adamları da idarə etmək lazımdır. Ancaq partiya bir qrupun ola bilməz, mümkün deyil. İlk növbədə, biz yol verməyəcəyik, partiya özəlləşdirilə bilməz. 

- Bir qədər konkretləşdirsək, partiyadan təmizləmələrin olacağını gözləyirsinizmi? Gedişat nəyi göstərir?

- Partiya nə zaman çirkləndi ki, təmizləməyə başladılar? Partiyada dəfələrlə müzakirələr olurdu, amma belə açıq şəkildə deyildi. İndi müzakirə gedir, qurultaydan bir aydan çox vaxt keçir, nə gənclərlə, nə qadınlarla, nə ziyalılarla müzakirə təşkil olunmayıb. Bir onları çağırıb soruşmaq lazımdır ki, siz nədən narazısınız? Niyə partiyanın siyasətini, qurultaya hazırlıq işini tənqid edirsiz? 

- Yeri gəlmişkən, sizə və digər narazılara görüş, müzakirə  təklif olunubmu?

- Yox, belə bir təklif almamışam. Biz istənilən müzakirəyə, polemikaya, dialoqa hazırıq. Bu məsələlərlə bağlı dəfələrlə mövqeyimizi bəyan etmişik. Məqsədimiz partiyanın yeniləşməsi, güclənməsi, eyni zamanda idarəçiliyin nizamnaməyə uyğun qurulmasından ibarətdir. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar