Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir qrup QHT rəhbəri hədəfə çıxarılıb“


Qubad İbadoğlu böyük sirlərin anonsunu verdi; Müsavat başqanlığına iddiaçı Qubad İbadoğlu: “Bir məhkəmə qərarı ilə bir neçə nəfər həbs oluna bilər”; “çox geniş miqyaslı istintaq aparılır...”


Müsavat Divanının keçmiş üzvü, bu partiyanın başqanı postuna iddiaçı, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu avqustun 29-da “Yeni Müsavat” qəzetinin qonağı olub. Onunla müsahibənin ikinci, sonuncu hissəsini təqdim edirik.

- Amma bizə də bəzi məlumatlar daxil olur. Məsələn, doğrudurmu ki, orda (istintaqda) inqilab cəhdindən söhbət gedir? Guya QHT-çilər hansısa fondlardan pul alaraq hakimiyyəti dəyişmək, ölkədə inqilab etmək istəyirlər? 

- Orada əsas ssenari vaxtı ilə haqqin.az saytında yazılanlardan fərqlənmir. 

- Haqqin. az? Hansı yazıdan söhbət gedir? 

- Aylar öncə dərc olunan bir yazıdan... Orda çox müxtəlif və şişirdilmiş rəqəmlər var idi. 

- Yazıda Sizə aid nəsə var idi?

- Bəli, əsas hədəflərdən biri mən idim. Yazıda qeyd olunmuşdu ki, “ABŞ-ın Azərbaycanda inqilab etmək və Azərbaycanı Ukraynaya çevirmək niyyəti var. Bununla bağlı ölkədəki vətəndaş cəmiyyəti institutlarına böyük miqdarda vəsait ayrılıb”. Orada maliyyə ayrılan QHT rəhbərlərindən biri kimi mənim də adım çəkilmişdi. Bunun da əsas səbəblərindən biri budur ki, son illər mən Avropa Tərəfdaşlıq Proqramı çərçivəsində Avropa institutları ilə sıx əlaqədəyəm və kursumu müəyyənləşdirib, Azərbaycanın Avropaya inteqrasiyasına dəstək vermək üçün çalışıram. Düşünürdüm ki, mənim bu istiqamətdə fəaliyyətim Azərbaycanın gələcək strategiyasının seçimi üçün bir töhfə ola bilər. Amma görünür ki, vətəndaş cəmiyyəti institutlarını bu yönə çəkməklə onları çirkaba batırmaq, olmayan şeyləri onların adına yazmaq xətti var. Amma deyim ki, ölkədə heç bir inqilabdan söhbət gedə bilməz. Biz heç 10 QHT rəhbərini bir yerə yığa bilmirik, belə olanda  inqilabi kiminlə edə bilərik ki? Bu, tamam  cəfəngiyatdır. Mənim özüm də xaraktercə inqilabi fikirlərdən uzaq  adamam. Qırğızıstanda olanda onun fəsadlarını da gördüm, hətta 5 ildə  2 dəfə inqilab edənlər belə onun təkrarlanmasını arzulamırlar. Yazılanlara gəlincə,  o, bir neçə istiqamətdə yanlışlığı ilə seçilir. Birincisi, o qədər külli miqdarda vəsait  heç vaxt Azərbaycanda vətəndaş cəmiyyəti institutuna ayrılmayıb...

- Dəqiqləşdirək, nə qədər miqdarda vəsaitdən söhbət gedirdi? 

- 14 milyon dollar. Guya ölkədə inqilab etmək üçün vətəndaş cəmiyyəti institutlarına bu qədər məbləğdə vəsait ayrılıb. 

- QHT-lər inqilab edəcəkmiş? Yaxşı, istintaqa görə, o vəsaitdən sizə nə qədər düşür? 

- (gülərək) Elə bir bölüşdürmə aparmayıblar. Düzü, o işdə adı olan adamlar...

- Üzr istəyirəm, bir şeyi yerindəcə dəqiqləşdirək. “Orda adı olan adamlar” dediyiniz adamlar indi hardadır?

- Bir çoxu həbsdə. 

- Həbsdə olmayanlar varmı? 

- Var. 

- Kimlərdir? 

- Biri mənəm... Başqaları barədə danışmaq istəmirəm. Elə çox deyilik. Əslində bir qrup QHT rəhbəri hədəfə çıxarılıb. 

- Siz təsadüfənmi haqqin.az-da yayımlanan məqalə ilə paralel apardınız? Yoxsa istintaq materiallarının içində bu məqalə var idimi? 

- İndi  düşünürəm ki, bu yazılar elə  əvvəlcədən bu məqsədlər üçün yazılıb və sonradan ondan  bizə qarşı istifadə olunur. 

- Əgər belə məqsədli bir plan varsa, deməli özünüzü də ən pis varianta - azadlığınızın məhdudlaşdırılmasına hazırlamısınız?

- Mən bu ilin  daha çox  hissəsini Qırğızıstanda olmuşam, orda hökumətlə işləmişəm. Son dəfə avqustun 10-da 20 günlük işimi yekunlaşdırandan sonra vətənə qayıtdım. Qayıtmazdan az əvvəl bir status yazmışdım ki, mən Azərbaycana gəlirəm. Hər şeyə də hazıram...

“Mən ona görə ölkəyə qayıtdım ki, öz işimdən, fəaliyyətimdən, peşəkarlığımdan arxayınam”

- Bəs elədirsə, niyə Azərbaycana qayıtdız? Biz bilən, hazırda QHT sektoruna aid xeyli adam ölkədən çıxıb. 

- Əvvəla, mən başqa ölkədə işləsəm də, Azərbaycanda yaşamağa üstünlük verirəm. Mənim buranı tərk etmək fikrim yoxdur. Həm siyasi fəaliyyətim, həm də vətəndaş cəmiyyəti sahəsində mübarizəmi davam etdirmək fikrindəyəm. Hesab edirəm ki, biz demokratik yolla mövcud problemləri həll edə bilərik. Eyni zamanda bu arada bu  həm də  mənəvi məsələ idi. Əgər bizim dostlarımız, həmkarlarımız bu gün məhbəsə atılırsa, özümü kənarda  heç vaxt rahat hiss edə bilməzdim. Xüsusən də İntiqam Əliyevin həbsindən çox məyus oldum. Çünki onun peşəkarlığına, dürüstlüyünə, humanistliyinə hər zaman yüksək qiymət vermişəm. Amma təəssüflər olsun ki, təzyiqlər artdıqca vətəndaş cəmiyyəti institutu nümayəndələri geri çəkilir, hətta bəziləri  ölkəni tərk edirlər. Bu arada qısa bir fasilə də baş verdi. Bəziləri arxayınlaşmışdı ki, proses başa çatıb. Amma son iki gündə baş verənlər göstərdi ki,  proses başa çatmayıb. Proses davam edir, hələ qarşıda məhkəmələr  də olacaq. Məhkəmələr varsa, cəza da olacaq. Buna hazır olmaq lazımdır ki, bir məhkəmə qərarı ilə bir neçə nəfərin də həbsi baş verə bilər. Çünki çox geniş miqyaslı istintaq aparılır. Mən həm də ona görə ölkəyə qayıtdım ki, öz işimdən, fəaliyyətimdən, peşəkarlığımdan arxayınam. Hər hansı yoxlama, dəqiqləşdirmə zamanı da gördüyümüz işlərin şəffaf hesabatını verə bilərik. Amma hamımız bilirik ki, bu ölkədə nə qanunun aliliyinə hörmət, nə də ədalətli məhkəmə sistemi yoxdur... Ona görə də buna o qədər də  güvənmirəm. Mənim indiyə qədərki fəaliyyətimdə isə ən böyük prinsipiallığım şəffaflıq, hesabatlılıqla bağlı olub. Özüm ən çox vətəndaş cəmiyyəti sektorunda hökumətdən şəffaflıq tələb edən  QHT-yə rəhbərlik etmişəm. Ona görə ki, bütün fəaliyyətimiz boyu həmişə çalışmışıq ki, özümüz şəffaf və hesabatlı olaq ki, hökumətdən də onu tələb etməyə haqqımız olsun.

- Qubad bəy, sizin işinizdə də “erməni məsələsi” varmı? 

- Xeyr, bizim işimiz o işdən tamamilə ayrıdır. Mən heç vaxt Ermənistanda olmamışam, dəfələrlə Ermənistana tədbirlərə dəvətlər olub, iştirakdan imtina etmişəm. 

- Niyə? 

-  Baxmayaraq ki, mən kifayət qədər səbirli və təmkinli adamam. Bilirsiniz  ki, doğulduğum rayon düşmən işğalı altındadır. Həmişə düşünürəm ki, ermənilərlə bəzi müzakirələri müəyyən mərhələyə qədər aparmaq olar, amma onların riya, yalan dolu mövqeyinin qarşılığında səbrimi cilovlaya bilmirəm... 

- Hər halda, indi belə demək olarmı ki, Azərbaycanda geniş ictimaiyyətin xəbəri olmadan Qərb və Amerika əleyhinə istintaq orqanları böyük bir proses aparırlar? 

- O proses çoxdan gedir. Bu, birbaşa Qərblə əməkdaşlıqda fəal olan və bu prosesdə iştirak edənlərə qarşıdır.  Çünki biz əsasən Qərb yönlü beynəlxalq donorlarla işləmişik və  əsas tərəfdaşlarımız Avropa və Amerikada fəaliyyət göstərən təşkilatlar olub. Hazırkı proses yalnız onların əleyhinə deyil. Həm də onlarla əməkdaşlıq edən təşkilatlara qarşıdır. Məqsəd bu əlaqələrə son qoymaq və bu prosesdə iştirak edənləri sıradan çıxarmaqdır. Ola bilsin ki, bir neçə aydan sonra yeni bir situasiya yaradılsın. Həmin situasiyada necə ki, hakimiyyətin müəyyən qəzetləri, demokratik institutları var, eləcə də hakimiyyətyönlü QHT-ləri də olsun. Onsuz da bu günə qədər belələri var idi, bundan sonra da həmin proses daha geniş miqyasda davam edə bilər. Burda başlıca məqsəd ölkəyə məhz Qərbin proqramları ilə daxil olan xarici maliyyənin qarşısını almaqdır. 

- Qubad bəy, sanki QHT-lər olaraq müdafiəsiz qalmısız. Görüntüyə görə, nə cəmiyyət, nə demokratik təsisatlar sizi müdafiə edir, nə də Qərb ölkələri və oradakı donorlar... Heç olmasa, biz bilmədiyimiz bir nüans varmı ki, bu söylədiyimizin əksini ortaya qoysun? 

- Məsələnin qoyuluşu ilə tamamilə razıyam. Əslində bizim bir institut olaraq özümüzü təbliğat fəaliyyətimiz zəif olub. Təəssüf, bu gün ciddi olaraq müxalifətdən və mətbuatdan dəstək ala bilmirik. Əksinə, QHT-lər əleyhinə mövqelər səsləndirənlər və yazılar yazanlar var. 

- Hətta “14 milyon dollar olmasa da, yəqin, 1,4 milyon dollar söhbəti var” deyə düşünənlər də yox deyil. Nəyə görəsə sevmirlər QHT-ləri. 

- Hakimiyyət də bunu gözəl bilirdi. Ona görə də təbliğatı o istiqamətdə qurdular və bilirdilər ki, sadə və məlumatsız  insanlar 14 milyona olmasa da, hansısa vəsaitin ortada olmasına inanacaq. Fikirləşəcəklər ki,  od olmasa, tüstü  də çıxmaz. Müəyyən mənada da buna nail oldular və QHT-lərin reputasiyası korlandı. O ki qaldı, donorların dəstəyinə,  aktiv olmasa da, dəstək hiss olunur. Müəyyən müzakirələr olur, bizi də müzakirələrə cəlb edirlər, amma nəticə yoxdur. Çünki onların proseslərə təsir imkanları sanki bitib, çünki Azərbaycan hakimiyyəti onları da eşitmir. Əvvəllər bu və ya digər mövzularda hakimiyyətin bu təşkilatlarla məsləhətləşmələri olurdu. Son zamanlar onlar da belə  müzakirələrə cəlb edilmirlər. 

Mən istintaqa çağırılmaqdan narahat deyiləm. Amma bayaq da dediyim kimi, heç bir xəbərdarlıq edilmədən şəxsi və təşkilatın bank hesablarına həbs qoyulması ondan xəbər verir ki, bu iş ancaq istintaqda şahid qismində ifadə verməklə məhdudlaşmayacaq. Başqa təsir və təzyiq vasitələri də mümkündür. İndiki halda biz bu istiqamətdə nə qədər müdafiəsiz qalsaq da, özümüzü müdafiə etmək və ictimai dəstək qazanmaq üçün lazım olan addımları atacağıq. 

- Düşünürsüzmü ki, Müsavatdakı opponentləriniz “Hakimiyyət qəsdən bu situasiyanı yaradır ki, Qubad İbadoğlunu başqanlığa namizəd kimi reklam etsin”,  - deyəcəklər. Bu cür iddiaya hazırsınızmi? 

- Düşünmürəm. Bunun əksini düşünürəm. Görsənən odur ki, hətta mənim başqanlıqla bağlı iddiamı gerçəkləşdirməyin qarşısını almaq üçün  təzyiqlər var. Amma yenə də belə açıqlama vermək, düşünmək onların haqqıdır. Mən opponentlərimə hörmətlə yanaşıram. Düşünürəm ki, situasiyanı olduğu kimi dəyərləndirib, düzgün çıxışlar edəcəklər. Əgər mənim opponentlərimdən biri ilə bağlı belə situasiya baş versəydi, düşünərdim ki, hakimiyyət onun namizədliyinin gerçəkləşməsinə əngəl yaradır. 

- Qubad bəy, hakimiyyət nəyə görə sizin başqanlığa namizədliyinizə əngəl yaratsın ki? Məntiq nədir burda? Siz və ya bir qeyrisinin namizəd olmasının hakimiyyət üçün fərqi nədir? Çünki girişdə bu təzyiqləri ümumi QHT işinin bir hissəsi adlandırdız, indi isə namizədliklə bağlı təzyiq kimi qiymətləndirirsiz...

- Çünki bu proseslər üst-üstə düşür və ona görə də  biz belə əlaqə yaradırıq. Namizədlik kampaniyasına start verilən günü mən baş prokurorluğa çağılıram, ondan 1 gün əvvəl Bakı şəhərinin iki məhkəməsi mənim   bank hesablarıma həbs qoyur, mənim təmsil etdiyim təşkilatın Ədliyyə Nazirliyinə olan müraciətinə imtina cavabı yazılır. Bunları nə ilə izah etmək olar; açıq və üst-üstə düşən məqamlar olduğundan onun   namizədliklə bağlı olduğunu iddia etmək olar. Nədən belə fikirləşirəm, hakimiyyət mənim iddiamı gerçəkləşdirməyimə mane olur?  Bilirsiniz ki, mən ziyaliyam, siyasətə də elmdən gəlmişəm,  son illərdəki  fəaliyyətimdə ən böyük qazanclarımdan biri də ictimai nüfuzum olub. Eyni zamanda, təmsil etdiyim nəsil də elə nəsildir ki, hakimiyyətin mənə qarşı opponentlik etməsinə çətinlik yaradır. Çünki mən Cəbhə hakimiyyətində işləməmişəm ki, mənə irad tutsunlar ki, sizin hakimiyyətinizdə belə olub, elə olub. Baxmayaraq ki, o iradların heç biri ilə razı olmamışam. Uzun illər  həm partiya daxilində və həm də müxalifət düşərgəsində davam edən konfliktlərdə tərəf olmamışam. Təmsil etdiyim orta nəsil hazırkı gəncliklə köhnə siyasi elita arasında  körpü funksiyasını yerinə yetirə bilər. Mənim beynəlxalq səviyyədəki əlaqələrim də hakimiyyətin hər zaman diqqətində olub...

- Yəni belə anlaşılır ki, hakimiyyət bayaq dediyiniz “QHT inqilabı” ssenarisinə görə Sizi hədəfə götürüb... Hansı ki, o ssenariyə görə, Qərb Azərbaycanda QHT-lərin, vətəndaş cəmiyyətinın dominantlığı ilə  inqilab etmək istəyir; Sizi isə o inqilab resursunun, Ana Müxalifət partiyasının başına keçirmək istəyir? Yaxud özünüz keçmək istəyirsiniz və bu halda, kod adı “QHT inqilabı” olan plan böyük bir təşkilat qazanır. Belə bir versiyanın da təsiri ola bilərmi Sizə münasibət baxımından? 

- Əgər yazılanlar təsdiqini tapsa idi və ortalıqda faktlar olsa idi, bu plan real görsənə bilərdi. Amma  bizdə nə inqilab üçün resurs var, nə də ona istək. Bu yazılanlar hamısı uydurmadır.  

Amma hakimiyyət təmsilçilərinin, iqtidar media orqanlarının Müsavat Partiyası sədrliyinə seçkilərə diqqəti də onu göstərir ki, onları kimin başqan olması ciddi maraqlandırır. 

- Kənardan görünən başqa bir mənzərəni də Sizə deyim. İnsanlar düşünür ki, bu adamın nə işi var Müsavat başqanlığına namizədlikdə? İşi-gücü, qrantı, dolanışığı var...

- Hazırda Müsavat Partiyasında bir keçid dövrü yaşanır. Bunun ağrılı tərəfləri də ola bilər. Mən bir müsavatçı, 18 ilimi bu partiyaya həsr edən adam kimi tərəfdarlarım, partiya yoldaşlarım qarşısında özümü məsuliyyət altında hiss edirəm. Dəfələrlə müraciətlər olub ki, bu vəziyyətdə siz və sizin kimilərin kənara çəkilməsi doğru deyil. Deyilib ki, gələcəkdə biz sizdən hesab soruşacağıq ki, nə üçün partiyada keçid dövrünün olduğunu bildiyiniz halda kənara çəkildiz, məsuliyyəti paylaşmaq istəmədiz. Digər tərəfdən də Qırğızıstanda olanda da başa düşdüm ki, mənim iqtisadi biliklərim öz töhfəsini yalnız demokratik quruluşlu ölkədə verə bilər. Ona görə də ondan qırğızlar bəhrələnirlər, bizlər yox. Düşündüm ki, Azərbaycanda əsas işimi demokratiya və azadlıqlar uğrunda fəaliyyətə həsr edim. Ona görə də  qərara gəldim ki, Müsavat Pariyasında və gənc müsavatçılarla birgə ölkədə sivil qaydada, yeniləşmiş formatda  siyasi mübarizəyə qatılım. O mənada məndə məsuliyyət hissinin artdığını hiss  etdim. Doğru dediniz ki, iş-güc mənasında mənim fəaliyyətim zəngin olub. Beynəlxalq səviyyədə, ölkədə işlərim olub. İndiki zamanda bütün bunlardan imtina edib, Müsavat Partiyasında başqanlığa iddia etmək o qədər asan məsələ deyil. Müəyyən müzakirələr olub, tərəddüdlər də özünü göstərib. Amma indiki proseslərin fonunda mən görürəm ki, düzgün qərar vermişəm. Başqanlıq iddiam hələ reallaşmadan mənə qarşı belə təzyiq və təsirlər varsa, mənimçün bu prosesdə iştirak etmək daha maraqlıdır. Mən işimi davam etdirmək niyyətindəyəm. Təbii ki, bu, məndən asılı deyil. Təzyiqlər o səviyyəyə qədər arta bilər ki, mən bu işimi yarıda kəsim. 

- Qubad bəy, siz başqan olacağınız təqdirdə QHT sektorundan gedəcəyinizi demişdiz. Bu halda hakimiyyətin o qorxduğu ssenari -pulların QHT rəhbəri olaraq sizə inqilab üçün çatdırılması da mümkün deyil axı...

-  Hanı o pullar, axı onlar yoxdur, uydurmadır, ola da bilməz. Heç bir donor QHT-yə bu məqsədlə yardım edə də bilməz, bu mümkün deyil. Bir də ki, mən ictimai fəaliyyətim zamanı QHT fəaliyyəti ilə siyasi fəaliyyət arasında sərhədi bilmişəm və ona həmişə əməl etmişəm. Bəli, mən QHT sektorundan gedəcəyimi açıqlamışam. Amma təhlükələr davam edir,  bu gün QHT-yə, sabah müxalifət partiyasına, sonra mediaya qarşı ola bilər... 

- (zarafatla) Yox, siyasi partiyalara təzyiq olub, mediaya da olub. İndi sıra sizdədir...

- Bizi bitirəndən sonra,  təhlükə təzədən bir də dövrə vura bilər. 

- Qubad bəy, başqanlıq şansınız nə qədərdir? Əgər istintaq sizə mane olmasa, təzyiqlər davam etməsə... Partiya rəhbərliyində, strukturlarda dəstəyiniz varmı? 

- İndiki halda özümü kifayət qədər şanslı hesab edirəm. Bunu əsaslandıran xeyli müşahidələrim və arqumentlərim var. Çünki partiya elitasında, rayon strukturlarında məni dəstəkləyənlər çoxdur. Hesab edirəm ki, kifayət qədər elektoral  dəstəyim var. Onu  artırmaq üçün fəaliyyət göstərmək lazımdır. Amma təbliğat-təşviqat dönəmində əsas enerjim istintaqa və məhkəmələrə sərf olunacaqsa, müxtəlif sanksiyalara məruz qalacağamsa, bu, təbii ki, işimizə mənfi təsir göstəcək. Eyni zamanda, şansım olmasa idi, heç  bu təzyiqlər də olmazdı. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar