Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ kartı” vurulan Sərkisyan “xalq üsyanı” ilə üz-üzə- Təhlil


“Xəyalpərəstləri nağılla bəslə” üsulu müəyyən dövrdə effektli olsa da, obyektiv faktor qarşısında tab gətirmir...


Ermənistanda sosial problemlər ildən-ilə kəskinləşsə də, kütləvi aksiyalar geniş miqyas almayıb və mütəmadi xarakter daşımayıb. 

Burada kütləvi şüurun qorxu hissinə tabe olması faktoru əsas rol oynayır. Cəmiyyəti ciddi siyasi dəyişikliklərə aparacaq aksiyalardan çəkindirən Dağlıq Qarabağ amilidir. Erməni cəmiyyətində “ölkədə sabitlik pozularsa, bu, Azərbaycanın hərbi əməliyyatlara başlayaraq Dağlıq Qarabağı azad etməsinə gətirib çıxara bilər” qorxusu var. Sərkisyan bu qorxu hissindən həmişə siyasi maraqları üçün istifadə edib və “biz olmasaq, Qarabağ əldən gedər” tezisi qeyri-rəsmi təbliğatın ana xəttini təşkil edib. Hətta indi Ermənistanın beş şəhərində kütləvi aksiyalar davam etdiyi dövrdə belə Sərkisyanın media resursları dayanmadan kütləvi şüuru bu tezislə sakitləşdirməyə çalışırlar. Etiraf etmək lazımdır ki, “Qarabağın Ermənistanın nəzarətində qalması siyasi sabitlikdən asılıdır” təbliğatı son illərə qədər Sərkisyanın hakimiyyət maraqları baxımından müəyyən effekt verib. Hakim partiya narazı kütləni qorxu ilə idarə etməyə çalışıb və bunu bacarıb da. Lakin “Qarabağı itirmək qorxusu” belə artıq Ermənistan hakimiyyətinin dadına çata bilmir. Səbəblər isə müxtəlifdir.
 
Gənclik faktoru. Artıq Ermənistanda münaqişənin ağırlığını birbaşa hiss etməyən yeni gənc nəsil formalaşıb. Bu nəsil proseslərə fərqli baxır, Sərkisyanın Dağlıq Qarabağ kartından şəxsi maraqları üçün istifadə etdiyini daha asan anlayır. Sovet dövrünün təbliğat üsulları (ilə ki, Ermənistanda hələ də cəmiyyətə təsir üçün bu üsullardan geniş istifadə olunur) 21-ci əsrdə dilənçi kökündə yaşamağın absurd olduğunu düşünən gənclik şüuruna təsir etmək çətindir. İrəvan və digər şəhərlərdə davam edən aksiyaların əsas təkanverici qüvvəsinin büdcədən maliyyələşən, enerji tariflərinin artmasından əziyyət çəkən təbəqənin deyil, gənclərin təşkil etməsi bununla bağlıdır. 


 
Miqrasiya amili. Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin ölkəyə xeyirdən çox, zərər verdiyini anlayanlar həmişə olub. Və bu təbəqə hətta ölkə əhalisinin əksəriyyətini təşkil edib. Söhbət münaqişənin təsirini üzərində birbaşa hiss edən, iqtisadi böhran bataqlığında çabalamaqdan yeganə çıxış yolunu Ermənistanı tərk etməkdə görən milyonlarla insandan gedir. Müxtəlif hesablamalara görə, son 27 ildə Ermənistan vətəndaşlarından hər üç nəfərdən ikisi ölkəni tərk edib. Təbii ki, Ermənistandan kütləvi köçün əsas səbəbi iqtisadi problemlərdir, lakin ölkədən getmək qərarı verənlər həm də bu iqtisadi problemlərin məhz Dağlıq Qarabağ münaqişəsindən qaynaqlandığını anlayan şəxslərdir. Ermənistanda miqrasiya təkcə iqtisadi, demoqrafik problem deyil, həm də insanların hakimiyyətin siyasətinə bir növ kütləvi etiraf formasıdır. Çünki “Qarabağın Ermənistanın nəzarətində qalması siyasi sabitlikdən asılıdır” tezisi orta statistik erməninin qarnını doyurmur. İnsanlar bu tezisin Sərkisyan hakimiyyətindən başqa kimsənin marağına cavab vermədiyini görürlər. Lakin bütün totalitar rejimlərdə olduğu kimi Ermənistanda da hakimiyyəti dəyişməyin demokratik üsulları mövcud olmadığından insanlar seçim qarşısında qalır: Ya Sərkisyan rejiminin sonsuzluğa qədər hakimiyyətdə qalması və ölkənin hər gün uçurumun dibinə bir addım daha yaxınlaşması faktı ilə barışmalı, ya da ölkəni tərk etməlidirlər. Miqrasiyanın səviyyəsi ermənilərin ikinci seçimə üstünlük verdiyini təsdiqləyir.
 
İqtisadi faktor. Erməni cəmiyyətinin strukturunda bir xəyalpərəstlik var, bu hal ermənilərdə hətta xəstəlik səviyyəsinə çatıb. Ölkə iqtidarı cəmiyyətin bu zəif damarından həmişə istifadə edib və inandırmağa çalışıb ki, yaşadıqları iqtisadi çətinliklərin mükafatı “Böyük Ermənistan” olacaq, Dağlıq Qarabağ müstəqillik qazanacaq və s. “Xəyalpərəstləri nağılla bəslə” üsulu müəyyən dövrdə effektli olsa da, obyektiv faktor qarşısında tab gətirmir. Obyektiv faktor isə iqtisadi böhrandır. Ermənistan əhalisinin 40 faizi yoxsulluq həddində yaşayır, Mərkəzi Bank iqtisadi inkişaf tempinin aşağı düşməyə başladığını açıqlayıb, xarici ölkələrdən pul köçürmələrinin həcmi ildən-ilə azalır, ən nəhayət ərzaq məhsulları sürətlə bahalaşmağa başlayıb. Təkcə bir faktı qeyd etmək kifayətdir - qiymət artımı baş verərsə, bir erməni ailəsinin elektrik enerjisinə sərf etdiyi illik xərc 876 dollara çatacaq. Bu isə bir ailənin bir neçə aylıq maaşını təkcə enerji tariflərinə sərf etməsi deməkdir. Problemlər erməni cəmiyyətini faktiki olaraq diz çökdürüb, hakimiyyət isə enerji tariflərini bahalaşdırmaqla iqtisadi problemləri həll etmək iqtidarında olmadığını göstərir.
 

 
Psixoloji faktor. Kütləvi aksiyaların intensivləşməsində və hakimiyyətin Qarabağ kartından artıq cəmiyyəti sakitləşdirmək üçün istifadə edə bilməməsində əsas rolu psixoloji faktor oynayır. Əsas psixoloji məqam bundan ibarətdir - Sərkisyan iqtidarı erməni cəmiyyətinə ümid verə bilmir. Çünki,
Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzvlük Ermənistanın onsuz da məhdud olan siyasi müstəqilliyini daha da azaldıb;
 Gömrük İttifaqına üzvlükdən sonra yeni gömrük tariflərinin tətbiqi ölkədə sürətli bahalaşmaya səbəb olub və bu amil hakimiyyətin düzgün seçim etməsinə ciddi şübhələr yaradıb.
Beynəlxalq səviyyədə qəbul olunan qətnamələr, verilən bəyanatlar cəmiyyəti Dağlıq Qarabağın müstəqilliyi və Böyük Ermənistan ideyalarının utopiya olduğunu inandırmağa başlayıb. Elə təkcə Avropa İnsan Haqları Məhkəməsinin Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən qərarını xatırlatmaq kifayətdir. Bu qərarlar erməni cəmiyyətini gələcəklə bağlı pessimist əhval-ruhiyyəyə kökləyir, praktik düşünməyə başlayan insanlar isə küçələrə çıxmağa başlayırlar.


 
Ermənistanda aksiyaların hələ bir müddə​t davam edəcəyini söyləmək üçün kifayət qədər əsaslar var. Çünki, Sərkisyan rejiminin vəziyyətdən cəmi üç çıxış yolu var. Birincisi, hakimiyyət hər şeyi gözə alaraq aksiyanı qanlı sonluqla bitirə bilər – bu variant hər zaman realdır, amma effektiv olacağını söyləmək çətindir. Çünki ilk aksiyaların zor tətbiq edilərək dağıdılması ciddi nəticə vermədi, əksinə kütləvi etirazların xəritəsi və miqyası genişləndi. İkincisi, hakimiyyət vətəndaşların tələblərini qəbul edir, Kremlin müdaxiləsi ilə “İnter RAO” şirkəti enerji tariflərinin qaldırılması qərarını ertələyir, parlament isə bununla bağlı qərarı ləğv edir. Bu variant aksiyaların dayanmasına səbəb olsa da, bir növbəti kütləvi etiraz üçün stimul rolunu oynaya bilər. Erməni cəmiyyətində “hakimiyyət qorxdu, hakimiyyət geri çəkildi” fikri möhkəmlənər və hər kiçik problem belə növbəti aksiyaların başlamasına səbəb olar. Üçüncü və ən real variant hakimiyyətin cəmiyyətə qorxu aşılamaq siyasətini davam etdirməsidir. Bunun üçün istifadə olunacaq ən optimal üsul “müharibə kartı”ndan yararlanmaqdır. Qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək, hərbi əməliyyatların eskalasiyası Sərkisyan rejiminə erməni cəmiyyətini hələ bir müddət qorxu içində saxlamağa imkan verər. Lakin əvvəllər dəfələrlə sınaqdan çıxarılmış bu üsulun indi bir çatışmayan cəhəti var - münaqişənin yenidən qızışması halında Azərbaycanın uğurlu cavabı Sərkisyan rejiminin sonu ola bilər. 
 
Sərkisyanın dördüncü yolu yoxdur, çünki proseslər “Maydan”ın bu dəfə Ermənistanda və bu dəfə hakimiyyət üçün daha ağır nəticələrlə təkrarlanmasına doğru aparır.(APA)

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar