Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deputat olmağı heç zaman qarşıma məqsəd qoymamışam“


Millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə müsahibəni təqdim edirik:


-Azay müəllim, ölkə prezidentinin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlamasından sonra cəmiyyətdə nələr dəyişdi və QHT sektoru nə qazandı? Ümumiyyətlə, QHT sektoru Azərbaycanda öz sözünü deyə bilirmi?

- Bunu bizim QHT təmsilçilərimizdən soruşsanız, onlar daha geniş cavab verərlər. Hər halda sual vermisinizsə, deməliyəm ki, Şura yarandıqdan sonra Azərbaycan cəmiyyətində, ictimai həyatımızda çox şeylər dəyişdi. 2008-ci ildən QHT-dövlət münasibətlərində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyulub. Ölkədə elə bir sahə yoxdur ki, oraya aid, ictimai əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı dövlət QHT-ləri tərəfdaş kimi əməkdaşlığa cəlb etməsin. Artıq dövlət çox maraqlıdır ki, ictimai, xüsusilə sosial sferada olan problemlərin həllində QHT-lər yaxından iştirak edib öz sözlərini desin və təkliflərlə çıxış etsinlər. Dövlət bu gün tam şəkildə QHT-lərlə dialoq mühiti yaradıb: hakimiyyətin bütün strukturları bu və ya digər məsələlərin həllində QHT-lərlə məsləhətləşir, onların rəyini ictimaiyyətin mövqeyi kimi nəzərə alır. Artıq QHT-lər cəmiyyətimizdə qərarqəbuletmə prosesində çox ciddi tərəfə çevriliblər. Təsadüfi deyil ki, məhz bizim Şuranın təşəbbüsü ilə hazırlanmış və artıq Milli Məclisdə qəbul edilmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilərək qüvvəyə mindi. Dövlət başçısı bu qanundan irəli gələn məsələlərin həlli ilə bağlı geniş sərəncam imzaladı. Ən önəmli cəhət odur ki, “İctimai iştirakçılıq haqqında” qanunun 10.1 maddəsi ilə bağlı müddəaların icrasına nəzarəti cənab Prezident öz üzərinə götürdü. Bu, dövlət başçısının ictimai sektora, vətəndaş cəmiyyətinə nə qədər böyük əhəmiyyət verdiyini göstərir.
Bir məsələni də deyim ki, Şura yaranmamışdan əvvəl qeyri-hökumət təşkilatlarının cəmiyyətdə, ictimai mühitdə tanınma dərəcəsi o qədər yüksək deyildi. Bu yaxınlarda QHT-lərin keçirdiyi sorğu zamanı bəlli oldu ki, son 6 ildə həyata keçirilən işlər nəticəsində artıq əhalinin 80%-i QHT haqqında məlumatlıdır. Əlbəttə ki, yuxarıda qeyd etdiklərimin hamısı məhz cənab prezident İlham Əliyevin siyasi iradəsi və güclü vətəndaş cəmiyyəti quruculuğu istiqamətində sərgilədiyi prinsipal mövqeyi hesabına mümkün olmuşdur.

- Bir çoxları müasir Azərbaycanda QHT sektorunun yaranması və inkişafının Sizin adınızla bağlıyır.

-Gəlin məsələni belə qoymayaq. Bu, bir az qeyri-təvazökar səslənər. Mən bir fərd və QHT rəhbəri olaraq 1992-ci ildən bu sektordayam. Həmkarlarımla ilk dəfə gənclər təşkilatını, 1995-ci ildə gənclər təşkilatlarının böyük koalisiyası olan Milli Şuranı, 1999-cu ildə milli QHT Forumunu yaratdıq. Bunlar vətəndaş cəmiyyətinin inkişafında xüsusi mərhələlərdir. Mən də çalışmışam ki, bu proseslərdə aktiv olum, yeni, müstəqil dövlətimizin qurulmasına öz kiçik töhfələrimi bacardığım işlə verə bilim.

- QHT sektorunun fəaliyyətinin Sizin adınızla bağlı olmasını qəbul etməsəniz də, bu sahə üzrə gənc yaşlarınızda xidmətləriniz olub. Maraqlıdır, QHT fəaliyyəti ideyası necə yarandı?

- 1992-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyurdum. O dövrlər ölkənin ümumi mənzərəsi çox acınacaqlı idi. Müstəqillik yeni əldə edilsə də, ölkədə çox böyük hərc-mərclik tüğyan edirdi. Bir neçə tələbə yoldaşımla belə qərara gəldik ki, bir gənclər birliyi yaradaq. Dövlət quruculuğu prosesində iştirak edib töhfələrimizi verək. Sovet dövründə azsaylı QHT-lər olsa da onlar müstəqil deyildilər. Onlar kommunist partiyasının və ideologiyasının nomenklaturası sayılırdı. Sovet sistemi çökdükdən sonra həmin ideologiya ortadan qalxdı, amma cəmiyyətdə müəyyən ictimai boşluq yarandı. Ona görə də gənclərin bir paltforma altında birləşməsinə ehtiyac vardı. Gənclər hara getsin, hansı ideologiya altında çalışsın. Təbii ki, bu suallara tam cavab vermək mümkün deyildi. O vaxt Azərbaycan üçün yeni qurumlar olan müstəqil QHT-lər Qərb analoqları üzrə yaranmağa başladı.

Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra bu ilk gördüyü mühüm işlərdən biri düzgün gənclər siyasəti formalaşdırmağa və gənclərə dövlət qayğısını reallaşdırmağa başladı. 1994-cü ildə ulu öndər Heydər Əliyev tarixi bir qərar qəbul edərək Gənclər və İdman Nazirliyini yaratdı. Bu nazirlik yaranandan sonra gənclər hərəkatında canlanma baş verdi. Biz o vaxtkı gənclər təşkilatı olaraq Gənclər və İdman Nazirliyinin yaranmasında bilavasitə iştirak edirdik. Qeyd etməliyəm ki, həmin dövrdə o vaxtkı gənclər və idman naziri Əbülfəs Qarayevin gənclər sektorunun və bütövlükdə gənc kadrların formalaşmasında çox böyük rolu olub. O vaxt gənclərlə iş üzrə idarənin rəisi vəzifəsində çalışan Cəfər Cəfərovun və həmin idarənin şöbə müdiri Tahir Süleymanovun da fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onların gənclər hərəkatının formalaşmasında əziyyətləri az olmayıb. Mən bunları həmişə qeyd edir və yüksək qiymətləndirirəm.

- Azay müəllim, hər bir işin başlanğıcı maliyyə məsələlərinə söykənir. Maraqlıdır, o vaxtlar Sizin gördüyünüz işlərin maliyyə tərəfi necə həll olunurdu?

- O dövrdə maliyyədən danışmaq sadəcə mümkün deyildi. O vaxt biz tələbə olaraq ölkənin həm ictimai-siyasi baxımdan ziddiyyətli, həm də maddi baxımdan kasıb vəziyyətini həm yaşayırdıq, həm də görürdük. Bütün bu maddi çətinliklərə baxmayaraq, biz pul qazanmaq haqqında fikirləşmirdik. Mən QHT-də ilk maaşımı 2001-ci ildə almışam. Almaniyanın Texniki İnkişaf Agentliyində yoxsulluğun azaldılması üzrə dövlət dəstəyi proqramı çərçivəsində vətəndaş cəmiyyəti üzrə ekspert idim. Ona qədər nə maaş, nə də pul almışam. Belə bir şey ağlımızdan da keçmirdi. Açığı, verən də yox idi. Sadəcə olaraq, o dövrün gənclərində könüllülük əsasında işləmək, çalışmaq yeni ideyalarla çıxış etmək istəyi vardı. Xatırlayıram ki, 1990-cı illərdə milli ideologiya ilə bağlı nə qədər ciddi qanunlar, təkliflər hazırlayırdıq. Gənclər siyasətinin əsas hüquqi bazası məhz 90-cı illərin ortalarında qoyuldu.

- Deməli, bugünkü gəncliklə 20 il bundan öncəki gəncləri asanlıqla müqayisə edə bilirsiniz.

- Əlbəttə, mənə o vaxtkı gənclik daha təşəbbüskar görünür. Bilmirəm, bəlkə də bütün nəsillərin nümayəndələri müasirlərilə müqayisədə özlərini belə sayırlar. Amma baxın, mən neçə illərdir QHT Şurasının sədriyəm, bizə daxil olan layihələri araşdıranda, xüsusilə gənclər təşkilatlarında yeni ideya çatışmazlığını, düşüncə ətalətini görürəm. Məncə, yeni ideya baxımından gənclik həmişə qaynar qazan kimi olmalıdı.

- Deputat olmaq haqqında nə fikirləşirdiniz? Amma səmimi cavab verin.

- Tam səmimi deyirəm, mən deputat olmağı heç zaman qarşıma məqsəd kimi qoymamışam. Amma həyat həmişə eyni nöqtədə dayanmır, inkişaf edir və özü ilə yeni tələbatlar, yeni yanaşmalar gətirir. Mənim deputat mandatını iki dəfə necə qazandığımı Şirvan şəhərinin camaatı gözəl bilir. Yeri gəlmişkən, göstərdikləri yüksək etimada görə şirvanlılara bir daha öz minnətdarlığımı bildirirəm və daim bu etimada layiq olmağa çalışıram.

- Əslən Qərbi Azərbaycandansınız. O yerləri necə xatırlayırsınız?

- Zəngəzur mahalının Sisian rayonunda doğulmuşam. Orta məktəbi də orda bitirmişəm. 1988-ci ildə baş verən hadisələrlə əlaqədar ailəliklə Bakıya köçdük. Həmişə o yerləri ağrı-acı hissi ilə xatırlayıram. Təəssüflər olsun ki, ermənilər bizim torpaqlarımızı mərhələlərlə işğal ediblər. Görünür, zamanında ya laqeyd olduq, ya da geosiyasi oyunların qurbanına çevrildik. Hər halda, beynəlxalq güclərin maraqlarının qurbanı olduq. Zəngəzurumuzu, Göyçəmizi itirdik. Bu proses təəssüf ki, davam etdi və 90-cı illərin əvvəllərində Dağlıq Qarabağı və ətrafını itirdik. İstəməzdim ki, onlar haqqında keçmiş zaman formasında danışaq. İnşallah, biz Qarabağımızı da, 7 rayonumuzu da geri qaytaracağıq. Buna inanıram.

Doğulduğum yerlə bağlı bir çox məqamları xatırlayıram. Oralar çox səfalı, bərəkətli torpaqları olan yerdir. Böyüdüyüm kənd mühiti mənə çox doğmadır. O yerlərdə yaşayıb vətənpərvər olmamaq çox çətin idi. Çünki o yerlər tarixi torpaqlarımız olsa da, ermənilərlə bir yerdə yaşayırdıq və bizimlə bağlı qərarları özgələr verirdi. Buna görə də ermənilərdən kifayət qədər fərqlənməli idin. Yaxşı oxumalı, savadlı olmalı idin. Rəhmətlik atam müəllim idi. Ona görə də həmişə müəllim ailəsinin məsuliyyətini hiss etmişik. Müəllim ailəsinin məsuliyyəti bizə daim öz üzərimizdə çalışmağı diktə edib. Xüsusilə, ermənilərlə eyni mühitdə yaşadığımıza görə biz daha çox fərqlənməli və özümüzü müdafiə etməli idik. Bizdə vətənə, xalqa, dövlətə bağlılıq instinkti artıq torpaqdan yaranan və mühitin formalaşdırdığı məcburi instinktlər idi. Kimliyimizi və tariximizi itirsəydik qısa müddət ərzində assimilyasiya olunub gedərdik.

-Mövzunu bir qədər dəyişək. Son bir neçə ay ərzində Türkiyənin daxilində qarşıdurmalar baş verdi. Qardaş ölkədə baş verənlərin təsiri Azərbaycanda da hiss olundu. Bu məsələlərdə sizin mövqeyinizi bilmək istərdik.

- Türkiyədə baş verən hadisələrin Azərbaycana təsiri təbiidir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət iki dövlətik. Hər iki dövlətdə hakimiyyətlərin mövqeyindən asılı olmayaraq, xalqlar arasında bu tellər o qədər ciddi şəkildə bir-birinə bağlıdır ki, qoparmaq mümkün deyil. Ona görə də hər iki dövlətdə baş verən hadisələr bir-birinə təsirsiz ötüşmür. İkincisi, biz həmişə vurğulamışıq ki, heç vaxt Türkiyənin daxili işlərinə qarşımırıq. Türkiyədə baş verən siyasi proseslər Türkiyənin öz işidir. Türkiyədə kimlər hakimiyyət uğrunda mübarizə aparır, kimlər hakimiyyətə gəlmək istəyir, bu Türkiyənin konstitusiyasına və qanununa uyğun şəkildə həyata keçirildiyi təqdirdə alqışlanmalıdır.

Üçüncü, Türkiyənin yalnız inkişafını və güclənməsini arzu edirik. Türkiyədə sabitliyin pozulması, çaxnaşmaların baş verməsi, Türkiyənin beynəlxalq aləmdə nüfuzunun zədələnməsi bizim marağımıza uyğun deyil. Türkiyədə AKP son bələdiyyə seçkilərində xalqın böyük səsini qazandı və seçkiləri uddu. Bu bizi çox sevindirdi. Hesab edirəm ki, Ərdoğanın yenidən qələbə çalması Türkiyədə stabilliyin qarantiyası rolunu oynadı. Türkiyədə iqtisadi, siyasi baxımdan təlatümlərin qarşısını aldı. Ona görə də burda bizim mövqelərimiz kifayət qədər aydındır.

-Fətullah Gülənlə Ərdoğan arasında cərəyan edən proseslər Türkiyə dövlətinin inkişafı üçün hansı əngəlləri yaratdı? Ərdoğan-Gülən münasibətləri Azərbaycanda Türkiyənin maraqlarına zidd addımların atılmasına şərait yarada bilərmi?

- Gülən camaatı ilə Ərdoğanarası münasibətləri neçə müddətdir izləyirik. Əlbəttə, dövlətin içində əlavə paralel dövlət və ya şəbəkənin olması narahatedici və eyni zamanda qanunsuz haldır və buna heç cürə yol vermək olmaz. Dövlətin qanunlarından kənar, konstitusiyasına uyğun olmayan fəaliyyətlərin olması bütün hallarda üzücüdür. Sevindirici haldır ki, türk xalqı son seçkilərdə dövlətçiliyini təhdid edən, maraqlarına zərbə vuran bu paralel şəbəkəyə öz qəti və bir mənalı sözünü dedi, hər kəsə öz yerini göstərdi. Bu qələbə təkcə cənab Ərdoğanın deyil, bütövlükdə türk xalqının qələbəsi oldu. Bu baxımdan cənab prezident İlham Əliyevin aprelin 4-də Baş nazir Ərdoğanla Bakıdakı görüşü zamanı verdiyi açıqlama kifayət qədər aydın mesajdır. Hesab edirəm ki, o mesaj hamı üçün əsas istiqamətdir: Türkiyənin milli maraqlarına zidd hər hansı addımın atılması Azərbaycan üçün qeyri-məqbuldur. Bu istər Azərbaycan daxilində, istərsə də Azərbaycandan kənarda yolverilməzdir. Azərbaycan bununla bağlı üzərinə düşən bütün işləri görür və bundan sonra da görəcək.

- Həmçinin, Türkiyədə nurçularla bağlı məsələlərin gündəmə gəlməsi Azərbaycanda da böyük əks-səda verdi. Sizcə, bu cür dini cərəyanların Azərbaycan üçün təhlükəsini nə qədər real hesab edirsiniz?

- Azərbaycanda təkcə nurçuluğun deyil, istənilən dini cərəyanın fəaliyyəti tam şəkildə dövlətin nəzarətindədir. Bu barədə heç kimin şübhəsi və narahatçılığı olmasın. Bu baxımdan deyə bilərəm ki, bu kimi dini cərəyanların hər hansı bir qanunsuz addımı, xüsusilə dövlətçilik əleyhinə fəaliyyəti vaxtında aşkarlanaraq müvafiq tədbirlər görülür və əminəm ki, bundan sonra da bu belə olacaq.

- Sizinlə razıyam. Amma dövlətimizə əl altından təzyiqlərin olması sirr deyil. Suriyaya gedib vuruşan vəhhabi azərbaycanlıları nəzərdə tuturam. Onların belə bir cərəyana xidmət etməsi gələcəkdə dövlətimiz üçün təhlükə mənbəyi ola bilərmi?

- Əlbəttə radikal dini qrupların silahlanması kifayət qədər təhlükə mənbəyi hesab olunmalıdır. Xüsusilə, bir qrup gənclərimizin Suriyada gedən vətəndaş müharibəsində tərəf tutması və oradakı döyüşlərdə iştirak etməsi təhlükəli olmaqla yanaşı, həm də utanc gətirən haldır. 20 faiz torpağı işğal olunan azərbaycanlının vuruşduğu və öldüyü yer Hələb, Humus və ya Şam deyil, Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Fizuli, Qubadlı, Zəngilan, Cəbrayıl və digər işğal altında qalan torpaqlarımız olmalıdır.

Burada ən böyük təhlükə bu gəncləri yoldan çıxaran və ‘beyinlərini yuyan’ radikal dini cərəyanların və maraqlı qrupların ölkəmizdəki fəaliyyətidir. Hər hansı bir anlaşılmaz, heç bir hədəfi bəlli olmayan bir ideya uğrunda özlərini həlak edir və deyirlər ki, “biz cənnətə düşəcəyik”. Bax bu bizi ciddi düşündürməlidir. Burada qanunun sərtləşdirilməsi və cinayət təqibinin gücləndirilməsi ilə yanaşı, düzgün dini təbliğatın da aparılmasına ciddi ehtiyac var. Məhz bu zərurətdən irəli gələrək, bizim şura keçən ay elan etdiyi qrant müsabiqəsində milli və əxlaqi dəyərlərimizin təbliğini əsas mövzulardan biri kimi qeyd edibdir.

- Millət vəkili Mixail Zabelin Rusiyanın Krımı işğal etməsinə fərqli münasibət bildirib. Onun sözlərinə görə, Rusiya Krımı işğal etməyib, sadəcə, öz tarixi torpaqlarına sahib olub. Sizin bu barədə fikirləriniz necədir?

- Tarixlə bağlı geniş polemika açmaq istəmirəm. Tarixə baxsaq, Krım nə Rusiyanındır, nə də Ukraynanın. Krım tarixən türklərin olub. Orda Krım tatarları, türklər yaşayıb. Bu əzəli torpaq türklərə aiddir. Bəlkə də bu gün Krımın daha çox müstəqil olmağa haqqı var. Çünki deportasiya kimi böyük dəhşətə məruz qalmış Krım tatarlarının heç bir dövləti yoxdur. Amma beynəlxalq hüquqa baxsaq, bu yolverilməzdir. Bir ölkənin digər bir ölkənin ərazisini işğal etməsi faktıdır. Çünki Rusiya Krımı ilhaq etdi. İlhaq prosesində saxta referenduma istinad etdi. ATƏT-in Parlament Assambleyasının büro iclasında da məsələ qaldırdım ki, artıq konfliktlərin tarixinə nəzər salanda görürük ki, dövlətlərarası konfliktlərin hamısı məhz saxta referendumlarla başlayıb. Bir dövlət digər dövlətin ərazisini işğal etməsi faktına hüquqi don geydirmək üçün saxta referendumlar keçirilir. Başqa referendumların da şahidi oluruq. Məsələn, Şotlandiyada hal-hazırda referendum keçirilir. Şotlandıyada bu referenduma bir neçə ildir ki hazırlıq gedir. İkincisi, bu Britaniya hökumətinin razılığı və Britaniya konstitusiyası çərçivəsində həyata keçirilir. Üçüncüsü isə vətəndaşlara hər hansı bir güc və ya basqı tətbiq edilmir. Amma Krımda bu baş vermədi. Ukrayna dövlətinin razılığı olmadan keçirilmiş referendumun nəticələri beynəlxalq hüquq baxımından heç bir qüvvəyə malik deyil.

- Bizimlə eyni məkana bağlı bu xoşagəlməz hadisələr fonunda SSRİ-nin yenidən bərpa olunması fikirləri Sizə nə dərəcədə real görünür? Rusiya Azərbaycana güc tətbiq edərmi?

- SSRİ-nin bərpası haqqında səslənən fikirləri “xülya” adlandırıram. SSRİ heç vaxt əvvəlki formada bərpa oluna bilməz. Sadəcə olaraq Rusiyanın təsir dairəsinin genişlənməsi məsələsindən söhbət gedə bilər. Bu gün faktiki olaraq, Rusiyanın keçmiş postsovet məkanında təsir dairəsi kifayət qədərdir. Pribaltika ölkələri vaxtında Avropa Birliyinə sığına bildilər və NATO-nun üzvü oldular. Baxmayaraq ki, bu gün Ukrayna hadisələrilə bağlı onlarda da ciddi narahatçılıq var. Bir neçə gün öncə Litvada olan zaman litvalıların ciddi narahatlığın şahidi oldum, yəni, “Rusiya bizi işğal edə bilər”. Onlar NATO-nun üzvüdürlər. NATO-nun üzvü dövlətlər bu gün bu qədər narahatlıq keçirirsə, dedim, onda biz nə edək? Çünki Rusiyanın ciddi təzyiqi var. Hətta, NATO-nun üzvü olan ölkələr əmin deyillər ki, Amerika onları tam şəkildə müdafiə edəcək. Çünki özlərini güvənli hiss etmirlər. Bu da xüsusilə, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra bir daha qabardıldı. Çünki Gürcüstan bölgədə Qərbin ən yaxın müttəfiqi hesab olunurdu. Buna baxmayaraq, Rusiya çox asanlıqla Gürcüstanın ərazisinə qoşun yeritdi, Cənubi Osetiya və Abxaziyada özünün səfirliyini yaratdı. Bununla bağlı heç bir addım atılmadı və Gürcüstan çıxılmaz duruma düşdü.

O ki, qaldı Rusiyanın Azərbaycana güc tətbiq etməsinə, mən Rusiyanın açıq şəkildə ölkəmizə hücüm etməsinə və ya bizə qarşı hərbi gücdən istifadə etməsinə inanmıram. Buna heç bir əsas da görmürəm. Digər tərəfdən deməliyəm ki, prezidentimizin apardığı müdrük siyasət də bu nikbinlik üçün kifayət qədər zəmin yaradır.

-Siyasi proseslərdən xeyli danışdıq. Heç bir siyasi partiyanın üzvü olmasanız da, cəmiyyətdə iş prosesindən kənar fəaliyyətinizi görməməişik.

- Siyasi partiyanın üzvü olmamağın üstünlükləri var. Vətəndaş cəmiyyəti siyasi partiyalardan və siyasi hakimiyyət uğrunda gedən mübarizədən bir qədər kənarda durmalıdır. Bu prinsipə uyğun olaraq öz seçimimi etmişəm. Bu o demək deyil ki, siyasi partiyanın üzvü olmamaq dövləti müdafiə etməmək anlamına gəlir. Özümü dərk edəndən imkanlarım daxilində dövlətimizin maraqlarını qorumağa çalışmışam. Bu maraqlar mənim üçün bütün məsələlərdən üstündür.

- Bunu anladım. Bəs səhhətinizi necə qoruyursunuz? İstirahətinizi necə keçirirsiniz?

Açığı deyim ki, bu haqda bir az düşünsəm pis olmaz (gülür). Evdə də istirahətə vaxt ayırmamağıma, daha çox işdə və xarici səfərlərdə olmağıma görə narazılıq edirlər. Görünür, insanın bir yaş dövrü var. Bu yaş dövrünün, enerjinin mövcud olduğu zaman insan yalnız iş haqqında düşünür. Bunun yaxşı və ya pis olmasını deyə bilmərəm. Amma burda məsuliyyətdən də söhbət getməlidir. Hər hansı işi üzərinə götürmüsənsə, bunun məsuliyyətini dərk etməli və vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışmalısan. Bununla yanaşı ailə başçısı və ya övlad kimi üzərinə düşəni də etməyi bacarmalısan.

Yəqin əsl istirahəti 50 yaşınızdan sonra planlaşdırırsınız.

Allah qismət etsə, 50 yaşdan sonra baxarıq. Onu da deyim ki, siz məni yaman danışdırdınız.(modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar