Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlətin dollar kreditlərinə sahib çıxmaması bank sistemini çökdürə bilər”

Əkrəm Həsənov: “Problemli kreditlərin əksəriyyəti onsuz da artıq batıb və heç vaxt qayıtmayacaq”


Dollar kreditləri ilə bağlı yaranmış problem iki ilə yaxındır ki, davam edir. Bu müddətdə hökumət problemin həlli istiqamətində heç bir iş görməyib. Əksinə, problem daha da ciddiləşib və geri qaytarılmayan kreditlərin  həcmində kəskin artım olub. Ekspertlər devalvasiyaların yaratdığı problemin hökumət tərəfindən həll edilməsinin vacib olduğunu vurğulayırlar.  Çünki devalvasiyanın səbəbkarı və qərarı verən hökumətdir; bəzi banklar və vətəndaşlar isə qurbanlardır... 

Son olaraq maliyyə naziri Samir Şərifov dövlətin vətəndaşlara yardım etməyəcəyini bildirib: “Hökumət bank sektorunda baş vermiş problemlərlə əlaqədar bir sıra tədbirlər görüb və görməkdədir. Bu tədbirlərdən biri banklarda əmanəti olan əmanətçilərin maraqlarının qorunmasıdır. Bilirsiniz ki, ”Əmanətlərin tam sığortalanması haqqında" Qanun qəbul olundu və qüvvəyə mindi. Onu da bilirsiniz ki, Əmanətlərin Sığortalanması Fondunda vəsait çatmadıqda, belə hallar artıq baş verib, Mərkəzi Bank bu fonda kredit verib və o kreditə dövlət zəmanəti təqdim olunub. Dövlət zəmanəti vermək üçün Maliyyə Nazirliyinə səlahiyyət verilib. Bu da dövlətin əmanətçilərə verdiyi dəstəkdir. O ki qaldı xarici valyutada kreditləri olan şəxslərə dəstəyə, bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır. Biz hər iki tərəf  - həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq. “Dövlət öhdəliyi öz üzərinə götürür” demək asandır. Lakin bunun üçün maliyyə imkanları olmalıdır. Biz anlamalıyıq ki, krediti borcu olan məhdud sayda insanların öhdəliyini bütün cəmiyyətin, yəni vergi ödəyicilərinin üzərinə qoyuruq".

Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, problemli kreditlərin qayıtmayacağı artıq aydındır: “Samir Şərifov əvvəllər də deyirdi ki, dövlət borclulara kömək etməməlidir. Banklar ötən illər ərzində xeyli gəlir əldə edib, indi də buyurub zərərin bir qismini üzərlərinə götürsünlər. Nazir, sadəcə, banklara kömək etmək istəmir. Çünki problemli kreditlərin əksəriyyəti onsuz da artıq batıb və heç vaxt qayıtmayacaq. Düzdür, banklar hədə ilə, məhkəmə ilə və sair yollarla qaytarmağa cəhd edir, amma əksəriyyəti qayıtmayacaq. Nəticədə bir sıra bank çökəcək. Maliyyə naziri də onlara kömək etmir. Düzdür, bir sıra borclu da əziyyət çəkəcək. Amma nazir onlara görə banklara kömək etmək istəmir. Beynəlxalq Banka və ”Bank Standard"a isə ona görə kömək edir ki, dövlət bankıdır və iri bankdır, çöksə, bütün sistem çökəcək". 

Ekspert borcluların etməli olduqlarına da diqqət çəkib: “Borclular banklara qarşı kütləvi məhkəmə iddialarına başlamalıdırlar. Məsələn, Ukrayna təcrübəsi göstərir ki, bu halda banklar çoxsaylı məhkəmə prosesi aparmağa qadir olmadığından real güzəştlərə gedir və bank sahibləri zərərlə tez barışır. Hətta banka əlavə pul da verirlər ki, güzəşt edə bilsin. Bizim insanlar isə möcüzə gözləyir. Möcüzə olmayacaq, göydən 3 alma düşməyəcək. Almanı əkmək lazımdır əvvəlcə”.

“Vətəndaşların kütləvi şəkildə məhkəməyə müraciət etməsi bankları güzəştlərə sövq edə bilər”


Ekspert Elşad Məmmədov isə musavat.com-a deyib ki, ölkədə problemli kreditlərlə bağlı vəziyyət mürəkkəbdir: “Maliyyə nazirinin son bəyanatından belə nəticə çıxır ki, problemli kreditlərin həlli məsələsi banklarla müştərilərin öhdəsinə buraxılıb. Yəni hökumətin maliyyə blokunun bu istiqamətdə hər hansı bir prinsipial qərar qəbul edəcəyi gözlənilmir. Əslində ölkənin bank sektorunda vəziyyət çox mürəkkəbdir, bankların bir çoxunun maliyyə durumu kritik vəziyyətdədir. Maliyyə nazirinin problemli kreditlərlə bağlı son bəyanatı da məhz bununla izah olunur ki, bankların problemli kreditlərlə bağlı güzəştə getməsi bank sektorunun əhəmiyyətli hissəsinin çökməsinə səbəb ola bilər. Bundan başqa, kreditlərin  qaytarılmaması banklarda yerləşdirilən əmanətləri təhlükə altına qoyur. Belə ki, artıq əmanətlərin sığortalanmış hissəsinin kompensasiyası belə müvafiq fondun vəsaitlərinin tükənməsinə və hətta Maliyyə Nazirliyinin zəmanəti ilə Mərkəzi Bankdan bu məsələnin həlli üçün kreditlərin cəlb edilməsinə səbəb olub. Bununla belə, hesab edirəm ki, məsələnin banklarla müştərilərin öhdəsinə buraxılması çıxış  yolu deyil. Çünki artıq aydındır ki, problemli kreditlərin böyük hissəsinin qaytarılmasında mövcud olan çətinliklər daha da dərinləşməkdədir və son nəticədə yenə də öz məsuliyyətsiz kredit siyasəti səbəbindən çökməyə məhkum olan banklar onsuz da çökəcək. 

Aydın məsələdir ki, sərt monetar siyasət çərçivəsində, işgüzar fəallığın zəifləməsi, kredit götürənlərin gəlirlərinin azalması fonunda problemli kreditlərin qaytarılmasında müsbət dinamikanı gözləmək  olmaz. Eyni zamanda nəzərə alınmalıdır ki, ilin sonuna doğru manatın məzənnəsi zəifləyəcəyi təqdirdə dollar kreditləri ilə bağlı vəziyyət daha da mürəkkəbləşə bilər. Belə olan halda məsələnin həlli üçün maliyyə sektoruna cavabdeh olan qurumlar tərəfindən prinsipial qərarların qəbul edilməsi  zəruridir. İlin əvvəlində Maliyyə Bazarlarına Nəzarət Palatası əsasən elə bu növ problemlərin həlli üçün yaradılıb. Fikrimcə, bu istiqamətdə görülməsi məqsədəuyğun olan əsas tədbirlər  bankların müstəqil auditinin aparılması, real maliyyə durumu kritik olan banklarda kənar idarəetmənin tətbiq edilməsi, problemli kreditlərin ümidsiz hissəsinin obyektiv  müəyyənləşdirilməsi, kredit şərtlərinin yumşaldılması,  əmanətlərin sığortalanmış hissəsinin qaytarılmasından, problemli kreditlərlə bağlı vəziyyətləri kritik olan bankların lisenziyaların ləğvindən ibarət olmalıdır. Çünki hər hansı  bankda problemli kreditlərin kritik səviyyədə olması, həmin bankın fundamental olaraq təşkilati və idarəetmə baxımından fəaliyyətinin düzgün qurulmamasının göstəricisidir”. 

Kredit şərtlərinin yumşaldılması və sığortalanmış əmanətlərin qaytarılmasına gəldikdə isə ekspert qeyd edib ki, bu məsələlərin  həlli üçün resurs bazası kimi ilk növbədə həmin bankların aktivləri, sonra isə dövlət resursları çıxış etməlidir: “Fikrimcə, böyük ehtimalla müstəqil audit o bankların və onların sahiblərinin aktivlərinin bəyan etdiklərindən xeyli dərəcədə  artıq rəqəmlərlə ifadə olunmasını göstərəcək. Bununla yanaşı, qısa müddətdə bankların kredit siyasətinin məsuliyyətli şəkildə həyata keçirilməsi üçün real mexanizm hazırlanıb tətbiq edilməlidir. Bu istiqamətdə kompleksli və sistemli tədbirlərin həyata keçirilməsi həm əhalinin sosial müdafiəsi, həm ölkədə maliyyə sektorunda nizam-intizamın bərqərar olması və banklara inamın müəyyən dərəcədə bərpa edilməsi  üçün zəruridir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar