Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Efiopiyadakı qəbilələrdən qorxmuram”


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri, Azərbaycanın Efiopiya Federal Demokratik Respublikasına yeni təyin olunan səfiri Elman Abdullayevin müsahibəsi:


–    Səfir təyin olunmağınızla bağlı xəbəri ilk eşidən zaman hansı hissləri keçirdiniz?

–     Təbii ki, belə bir xəbəri eşidəndə insan böyük bir qürur hissi keçirir. Çünki cənab Prezident başda olmaqla, Azərbaycan dövlətini təmsil etmək hər bir diplomat üçün böyük şərəfdir. Biz diplomatlar da daim çalışırıq ki, ölkəmiz və xalqımız haqqında aydın təsəvvür yaradaq. Təbii ki, bu da bizim üçün olduqca böyük qürur, etimad və məsuliyyət sayılır. Cənab Prezident bu böyük etimadı göstərməklə mənə qürur hissi yaşatdı. Keçirdiyim sevinc və təəssürat hissi o qədər böyük və güclüdür ki, bunu ifadə etməkdə çətinlik çəkirəm.

Mən 15 ildir ki, diplomatik fəaliyyətlə məşğulam. Bundan öncə, 2000-2004-cü illərdə Azərbaycanın Avropa Birliyi yanındakı nümayəndəliyində işləmişəm, 2006-2010-cu illərdə isə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda çalışmışam. Amma bu təyinat mənim üçün çox fərqlidir. Çünki burada artıq yeni bir məkana komanda ilə gedirsən. Təyin olunduğum ölkə isə elə bir yerdir ki, burada Azərbaycanı tanıtmaq üçün daha çox səy göstərməli olacağam. Səfir təyin olunduğum Efiopiya bizim üçün yeni bir coğrafi məkandır.

Cənab Prezident də hər zaman öz çıxışlarında bəyan edir ki, Azərbaycan diplomatiyasının coğrafiyası ildən-ilə genişlənir. Təbii ki, Efiopiyada Azərbaycan səfirliyinin açılması bunun bariz nümunəsidir. Artıq Azərbaycan diplomatiyası Afrika qitəsində də genişlənməyə başlayır. İndiyədək bizim Afrika ölkələrində cəmi 3 səfirliyimiz mövcud idi. Bunlar Cənubi Afrika Respublikasında, Misirdə və Liviyadadır. Hazırda Liviyada baş verən proseslərlə bağlı səfirliyimiz də öz fəaliyyətini tam şəkildə həyata keçirə bilmir. Ona görə də hazırda real olaraq Afrika İttifaqının üzvü olan 54 ölkə arasında cəmi 2 ölkədə səfirliyimiz tam şəkildə fəaliyyət göstərir. Ancaq cənab Prezident belə bir etimadı göstərməklə bizə böyük və məsuliyyətli işi həvalə edib. Bununla da Azərbaycanın bu coğrafi məkanla ikitərəfli və beynəlxalq münasibətləri daha da genişlənəcək.

–    Niyə məhz Efiopiya?

–    Bu gün bir çox adamlar da sual edir ki, niyə Efiopiya? Hətta cənab Prezident məni səfir təyin edəndən sonra sosial şəbəkələrdə bununla bağlı müzakirələr gedirdi və şərhlər yazılırdı.

Onu deyim ki, əksər beynəlxalq və regional təşkilatların nümayəndəliklərinin qərargahı Efiopiyada yerləşir. 1963-cü ildə yaradılmış Afrika Birliyi Təşkilatının (indiki adı Afrika İttifaqı –red.) mərkəzi qərargahı da Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərindədir. Hətta Əddis-Əbəbə şəhərinə “Afrikanın Brüsseli” də deyilir.
Son illər isə beynəlxalq ictimaiyyətin - ABŞ, Qərbi Avropa ölkələri, Rusiya, qardaş ölkə olan Türkiyə, Çin və digər böyük dövlətlərin Afrikaya diqqət və marağı son illər daha da artıb. Bundan əlavə, Afrika ölkələrinin ümumi ticarət dövriyyələrinin həcmi də genişlənir. Yəni, son vaxtlar dünyanın aparıcı və güclü dövlətləri ilə Afrika ölkələri arasında əməkdaşlığın genişlənməsi tendensiyası müşahidə olunur. Təbii ki, bu məqam Azərbaycanın xarici siyasətində də özünü göstərməkdədir. Hazırda biz bu istiqamətdə də böyük yolun başlanğıcındayıq. Onsuz da Azərbaycan və Afrika İttifaqı ölkələri arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycanın dünyada və beynəlxalq aləmdə qazandığı nüfuzu bu istiqamətdə də əməkdaşlığına yeni imkanlar açır. Açığını deyim ki, bu gün Azərbaycanın sürətli inkişafı dünyanın bir çox ölkələrində böyük maraqla qarşılanır. Azərbaycanın qısa müddət ərzində bu qədər sürətlə inkişaf etməsi ilə bağlı xeyli suallar, yəni ciddi maraq yaranıb. Təbii ki, bütün bunlara görə də Afrikanın bir çox ölkələri Azərbaycanın bu təcrübəsini öyrənmək istəyəcək. Çünki Afrika ölkələrinin əksəriyyəti inkişafın başlanğıcındadır. Azərbaycan da vaxtilə belə ölkələrdən biri olub. Amma bu gün dövlətimiz sürətlə inkişaf edir, böyük nailiyyətlərə imza atıb. Vaxtilə Azərbaycan dövləti borc alan ölkə idi, amma bu gün ölkəmiz borc verən dövlətə çevrilib. İndi Azərbaycan dövləti bir çox ölkələrə yardımlar edir. Dövlətimiz bu gün regionun lider ölkəsidir.

Təbii ki, bütün bunlar da xarici ölkələr üçün böyük maraq kəsb edir. Yəqin ki, həmin dövlətlər bütün bunlarla bağlı araşdırmalar da aparacaqlar. Çünki həmin ölkələr də Azərbaycanın qısa müddətdə əldə etdiyi uğurları qazanmaq istərdi. Azərbaycanın Efiopiyada səfirlik açmasının da əsas səbəbindən biri məhz budur. Bundan belə Azərbaycan Efiopiya ilə daha sıx əməkdaşlıq quracaq. Bu əməkdaşlıq bütün sahələri əhatə edəcək.
Bizim iki əsas məqsədimiz və missiyamız var. Bunlardan biri Azərbaycanın Afrika İttifaqı ilə münasibətlərini daha da inkişaf etdirib yeni səviyyəyə çatdırmaqdır.

Digəri isə Afrikanın müxtəlif ölkələri, o cümlədən Efiopiya ilə ikitərəfli və beynəlxalq münasibətlərin inkişaf etdirilməsidir. Bizim də əsas məqsədimiz həm Azərbaycanı Afrika qitəsində tanıtmaq, həm də Afrika haqqında Azərbaycanda aydın təsəvvür yaratmaqdır.

Efiopiya Şərqi Afrika regionunda yerləşir. Bu region isə Afrikanın ən çox inkişaf edən bölgələrindən biridir. Şərqi Afrika ölkələri son 10 ildə təqribən 10 faiz iqtisadi inkişaf tempini saxlayırlar. Bu isə olduqca yüksək göstəricidir. Bundan əlavə, bu regiona dünya ölkələri tərəfindən böyük sərmayələr də cəlb olunur. Bu bölgənin araşdırılması məsələsi aparıcı dünya ölkələri üçün aktuallaşır. Ona görə Azərbaycan dövləti də öz növbəsində Şərqi Afrika regionunu özü üçün kəşf edəcək.

–    Vəzifənizin icrasına nə zaman başlayacaqsınız?

–    Ümumiyyətlə, adətən, mövcud funksionallığı olan səfirliklərdə səfir səlahiyyətlərinin icrasına qısa müddət ərzində başlayır. Ancaq yeni yaradılan səfirliklərdə məsələ bir qədər fərqlidir. Yeni yaradılan səfirliklər üçün işin və fəaliyyətin tam təmin olunmasına müəyyən vaxt lazım olur. Bu vaxt isə əsasən texniki işlərə - məsələn, komandanın yığılmasına, səfir təyin olunduğun ölkədəki iqtisadi durumun, yaşayış səviyyəsinin, mövcud vəziyyətin öyrənilməsinə və məlumatların təhlil olunmasına və s. sərf olunur. Bütün bunların hamısı öyrəniləndən sonra Azərbaycan səfirliyinin funksionallığı təmin olunur. Mənim də öz səlahiyyətlərimin icrasına başlamağım üçün təqribən 2 aya yaxın vaxt lazım olacaq. İnşallah, bu ilin sonunadək Efiopiyada səfir fəaliyyətimə başlayacağam.

Doğrudan da, görüləsi işlər çoxdur. Ona görə də dərhal fəaliyyətə başlamaq lazımdır.

–    Səfirliyin iqamətgahı hazırdır?

–    Xeyr, hələ hazır deyil. Uyğun yeri özümüz araşdırıb tapacağıq. Bilirsiniz, Efiopiyanın paytaxtı Əddis-Əbəbə bir qədər fərqli şəhərdir, diplomatik mərkəzdir. Yəni bəzən Əddis-Əbəbəni Afrikanın diplomatik paytaxtı da adlandırırlar. Bütün şəhər isə səfirliklərdən və diplomatik nümayəndəliklərdən ibarətdir. Yəni burada səfirliklər hər hansı coğrafi ərazidə deyil. Əddis-Əbəbədə səfirliklərin sayı çoxdur. Burada 110-dan çox ölkənin və bir çox beynəlxalq təşkilatların nümayəndəlikləri fəaliyyət göstərir. Şəhərdə keçmiş Sovet İttifaqı ölkələrindən isə cəmi 5 ölkənin – Rusiyanın, Belarusun, Ukraynanın, Qazaxıstanın və Gürcüstanın diplomatik nümayəndəlikləri mövcuddur. Azərbaycan isə 6-cı MDB ölkəsi olacaq. Qardaş Türkiyənin də paytaxt Əddis-Əbəbədə diplomatik nümayəndəliyi var.  Ermənistanın isə Efiopiyada hər hansı diplomatik nümayəndəliyi mövcud deyil.

–    Yəqin ki, ailə üzvlərinizi də özünüzlə aparacaqsınız. Onların Efiopiyada yaşaması çətin olmayacaq ki?

–    Bəli, ailəvi gedəcəyik. Biz diplomatları daim ailəmiz müşayiət edir. Ona görə də buna məcburuq. Baxaq görək necə olacaq. Hər halda, bizim üçün yeni bir yerdir. Övladım da təhsillərini Efiopiyada davam etdirəcək. Maraqlanmışam, burada bir neçə təhsil müəssisəsi var. Diplomatik korpus üçün çox geniş şərait yaradılıb. Dünyanın bir çox diplomatlarının övladları Efiopiyada təhsil alıb. İnşallah, mənim də övladım burada təhsil alacaq. Xaricdə təhsil əsasən ingilis dilində olur. Mənim də övladım ingilis və rus dillərini bilir.

Ancaq bir müddət yaxın qohumlar və dostlar üçün darıxacağıq, onları gec-gec görəcəyik. Buna da tədricən alışmaq lazımdır. Çünki bu, bizim artıq həyat tərzimizdir.

–    Nəslinizdə sizdən başqa diplomat var?

–    Xeyr, yeganə diplomat mənəm. Mən 1993-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və Azərbaycanın Təhsil Nazirliyinin xətti ilə təhsil almaq üçün xaricə göndərilən ilk gənclərdən biriyəm. Misirin Qahirə Universitetinin İqtisadiyyat və Siyasi Elmlər Fakültəsində təhsil almışam. Yeri gəlmişkən, qeyd edim ki, bu fakültənin bir vaxtlar dekanı olmuş Butros Butros Qali 1992-1996-cı illərdə BMT-nin baş katibi olub. O da diplomat idi...

Daha sonra isə mən ABŞ-ın Kaliforniya Universitetində magistr təhsili almışam. Hər zaman siyasi elmlərə, xüsusilə də beynəlxalq münasibətlərə böyük maraq göstərmişəm.

–    Övladınızın da sizin yolunuzu davam etdirməsini istərdinizmi?

–    Açığı, mən bu barədə oğlumla söhbət etməmişəm. Çünki onun hələ 10 yaşı var. Təbii ki, bu, onun öz seçimi olacaq. Amma Azərbaycan kimi müstəqil bir dövlətin diplomatı olmaq hər bir adam üçün şərəfdir. Ona görə də oğlum diplomat olarsa, mən çox sevinərəm. Çox istərdim ki, oğlum da yaxşı Azərbaycan diplomatı olsun və ölkəmizi yüksək səviyyədə təmsil etsin.  

–    Özünüzlə aparacağınız səfirlik heyəti formalaşıb?

–    Yox, komanda hələ formalaşmayıb. Amma artıq müəyyən işlər görülür və yaxın zamanlarda komanda heyəti məlum olacaq.

–    Səfirlik heyətini sırf özünüz seçirsiniz?

–    Təbii ki, bu elə bir prosesdir ki, komanda üzvlərinin adları Xarici İşlər Nazirliyinin (XİN) rəhbərliyinə təqdim olunur. Təsdiqləndiyi təqdirdə isə heyət bəlli olur. Yəni, normalda bu iş belə aparılır.

–    Komanda üzvləri arasında biz jurnalistlərin də tanıdığı şəxslərdən var?

–    Bəli, var. XİN-in mətbuat xidmətinin əməkdaşlarından da komandada  yer alan var. Həmin şəxsin adını isə hələ açıqlamaq istəmirəm.

–    Hazırda Azərbaycanın Cənubi Afrika Respublikasında (CAR) səfiri olan xələfiniz Elxan Poluxov da Afrikada çalışır. Yəqin ki, tez-tez görüşmək imkanınız olacaq...  

–    Hə, elədir. Elxan müəllim Cənubi Afrika Respublikasında səfirdir. Eyni zamanda, diplomatik fəaliyyəti ətraf ölkələri də əhatə edir. Azərbaycanda normalda da belədir ki, əgər çalışdığın ölkənin ətrafında hər hansı diplomatik nümayəndəlik yoxdursa, o zaman sən ətraf ölkələri də əhatə edə bilərsən.

Mən də həm Efiopiyanı, həm də bir neçə ətraf ölkəni çalışacağam ki, əhatə edim. Təbii ki, hazırda səfirlik ancaq Efiopiyada olacaq. Yəqin ki, gələcəkdə bu coğrafiya daha da genişlənəcək.

–    Deyilənə görə, Efiopiyada “adamyeyən” qəbilə üzvləri olur. Bu, sizi bir qədər qorxutmur ki?

–    Bilirsiniz, insanlarda Afrika haqqında müəyyən fikirlər formalaşıb və insanlar da buna uyğun fikirlər danışırlar. Təbii ki, bütün Afrika ölkələrində qəbilələr mövcuddur. Bu qəbilələr isə onların tarixinin və mədəniyyətinin ayrılmaz hissəsidir. Amma bu qəbilələr şəhərlərdə yaşamırlar. Şəhərlilərin həyat tərzi tamam fərqlidir.
 
–    Yeri gəlmişkən, siz səfir təyin olunandan bir qədər sonra sosial şəbəkələrdə həmin qəbilələrlə necə iş aparacağınız barədə müzakirələr getdi. Bu müzakirələrə münasibətiniz necə oldu?

–    Normal qarşıladım. Çünki insanlar o şəkilləri paylaşırsa, deməli, onların Afrika və ya Efiopiya ilə bağlı daha çox məlumat toplamağa ehtiyacları var. Bu barədə daha ətraflı və dəqiq məlumatların toplanması üçün isə Efiopiya tarixinə nəzər salmaq lazımdır. Bu gün bir çoxları da soruşur ki, nə üçün Afrika İttifaqının mərkəzi qərargahı məhz Efiopiyada yerləşir? Bunun da cavabı ondan ibarətdir ki, Efiopiya heç zaman koloniya olmayıb. Digər tərəfdən, Efiopiya dünyanın ən qədim xristian sivilizasiya mərkəzlərindən biridir. Bu ölkədə xristian dininin və mədəniyyətinin çox qədim kökləri mövcuddur. Hazırda Efiopiyada qədim xristian kilsələri də qorunub saxlanılır. Hətta ölkə əhalisinin yarıdan çoxunu xristianlar təşkil edir. Digər önəmli fakt ondan ibarətdir ki, Efiopiya Afrika ölkələri arasında, bəlkə də, yeganə dövlətdir ki, özünün tarixi əlifbası və dili mövcuddur. Efiopiyanın tarixi dili isə amhar dili adlanır. Bundan əlavə, Efiopiyada 82 dildə danışan müxtəlif xalqlar və tayfalar yaşayır. Ölkədə ən çox istifadə olunan dil isə ingilis dilidir.
 
–  Efiopiya həm də qəhvə ağacının vətəni hesab olunur. Qəhvə ilə aranız necədir?

– Efiopiya qəhvənin əsas vətənlərindən biridir. Efiopiyada qəhvənin içilməsi həm də bir adət-ənənədir. Amma onlardan fərqli olaraq, biz daha çox çay içən millətik. Ölkədə olmayanda da daha çox çaydan ötrü darıxırıq. Ona görə də biz diplomatlar xaricə ezam olunanda özümüzlə daha çox çay aparırıq. Doğrudan da, Azərbaycan çayının yerini heç nə verə bilməz. Harada olmağımızdan asılı olmayaraq, çay içmək mədəniyyətini də heç zaman unutmuruq. Çay insanın yorğunluğunu da aradan qaldırır... Doğrudur, mən qəhvə də içirəm. Amma qəhvə çayın yerini vermir. Bəlkə də, bu, bizim genetikamızdan və mədəniyyətimizdən irəli gəlir.
Afrikada çay ixrac edən bir sıra ölkələr var. Bunlardan biri də Keniyadır. Keniya dünyada ən çox çay ixrac edən ölkələrdən biridir.(publika.az)
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar