Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Əhmədov və Mübariz Qurbanlı formalaşmış siyasətçilərdir”


Fəzail Ağamalı: “Kim qanun pozuntularına yol verirsə, o, qanun qarşısında cavab verməlidir, fərqi yoxdur, Müsavatın üzvüdür, ya YAP-ın aparıcı simasıdır”


Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a geniş müsahibə verib. Hakim partiyanın kursunu müdafiə edən siyasətçidən gündəmdəki bir sıra aktual məsələlərə münasibətini soruşduq. AVP sədri Şamaxıda olduğunu dedi. 

- Son günlər mobil telefonunuza zəng çatmırdı. Dedim yəqin ölkə xaricindəsiniz...

- Xaricdəydim, təzə gəlmişəm. Türkiyədəydim. 

- Sirr deyilsə, harda istirahət edirdiniz, Kəmər, Bodrum, ya...

- Bodrumdaydım. 

- Yəqin sizi oralara aparan özəlliklər var.

- Türk torpağıdır, qardaşım. Həm də istirahət üçün bütün imkanlar yüksək səviyyədədir.

- Azərbaycanda və Türkiyədə istirahət etməyin fərqini hiss etdiniz yəqin.

- Doğrusu, mən Azərbaycandakı istirahət mərkəzlərində olmamışam, bilmirəm burda qiymətlər necədir. Ancaq Türkiyənin istirahət mərkəzlərində həm qiymətlər normaldır, həm də servis yüksək səviyyədədir. Olduğum yerdə mən sanki Azərbaycandaydım. Orda istirahət edənlərin hardasa 50 faizi azərbaycanlılar idi, rəqəmi şişirtmədən deyirəm. Daha sonra ruslar və digər ölkələrdən gələnlər, eyni zamanda Türkiyədən olanlar idi. 

- Bu, həm də o demək deyilmi ki, Azərbaycanda turizmin vəziyyəti qənaətbəxş olmadığı üçün insanlar istirahət üçün ölkə xaricinə üz tutur?

- Bizdə də bu sahə inkişaf edir. Dənizin və təbiətin qoynunda normal istirahət etmək üçün şəraitin yaradılması, turizmin qol-qanad açması, nüfuz qazanması zaman tələb edir.

 Türkiyə artıq neçə illərdir bu sahədə özünün təcrübəsini və üstünlüklərini dünya ilə bölüşür. Mən ayrı-ayrı ölkələrdə olmuşam. Türkiyədə olan yüksək servisi, turizm mədəniyyətini başqa ölkədə görməmişəm. İspaniya, Fransa, İtaliya, Yunanıstanda olmuşam. Onların heç biri Türkiyə qədər, hətta Türkiyəyə yaxınlaşan qədər də deyil. Orda Türkiyə ilə müqayisədə bahalıqdır. Azərbaycan isə yeni-yeni başlayıb. Ümidvaram ki, bizim bu sahə ilə məşğul olanlarımız Türkiyənin təcrübəsindən daha yaxşı bəhrələnəcək. Əgər biz Türkiyənin turizm sahəsindən bəhrələnsək, çox şey qazanarıq. 

- Yəqin Şamaxıda xərclədiyiniz pulla Türkiyədəki xərclərinizi müqayisə etmək imkanınız olacaq... 

- 10-15 günlük gəlmişəm. Burda demək olar ki, pul xərcləmirəm. Yaxın bir adam var, onun evində qalıram. Açığını deyim ki, özümünkü deyil.

- İstirahətdə olsanız da, yəqin Türkiyə gündəmindəki seçki məsələsini də müşahidə etdiniz. Necə bilirsiniz, qalib Ərdoğan olacaq?

- Görünən odur. Mənim müşahidəmə və ordakı proseslərə görə, qarşısına çıxanların heç biri Ərdoğana müqavimət göstərmək gücündə deyil. Ərdoğan kifayət qədər praqmatik, cəmiyyət tərəfindən qəbul edilən liderdir. Baxmayaraq ki, onun fəaliyyəti ilə bağlı da yetərincə narazılıqlar, fərqli fikirlər var. Xüsusilə də onun dini siyasətlə çulğaşdırması müasir türk cəmiyyətini o qədər də razı salmır və onun bu cür siyasətindən yetərincə narazılıqlar var. Ancaq görünən odur ki, prezident seçkilərində Ərdoğan qalib gələcək. 

- YAP-ın icra katibi Mübariz Qurbanlının vəzifə təyinatı barədə xəbəri necə qarşıladınız? 

- Mübariz Qurbanlının bu təyinatını mən çox yerində olan təyinat kimi qiymətləndirdim. Mübariz Qurbanlı yetərincə savadlı, yüksək intellektə malik olan, həm də yetişmiş, formalaşmış bir siyasətçidir. Humanitar sahə üzrə öz sahəsinin mütəxəssislərindən biridir. Dini qurumlarla iş də mahiyyət etibarilə humanitar sahədir. Mən tamamilə əminəm ki, Mübariz Qurbanlı cənab prezidentin ona göstərdiyi etimadı yüksək səviyyədə doğruldacaq. Həm də təmiz adamdır, korrupsiyada adı hallanmayıb, təmtəraqlı həyata meylli deyil, sadə insan, cəmiyyətlə qaynayıb-qarışan siyasətçidir. Ona görə də bu təyinat çox yerində oldu. Mən, əlbəttə, dostu olaraq buna sevindim və onu da təbrik etdim.  
     
- Siz də uzun illərdir hakimiyyətin siyasi kursunu müdafiə edirsiniz. Bənzər təyinatı özünüzlə bağlı gözləyirsinizmi?  

Əli ƏhmədovMübariz Qurbanlı tam mənada yetişmiş, formalaşmış siyasətçilərdir” 

- Mən hər hansı buna bənzər bir şey gözləmirəm. Amma həyat sürprizlərlə doludur, hər şey mümkündür. Hər halda, mənim Milli Məclisdəki fəaliyyətim özüm üçün yetərlidir. 

- 2015-ci il seçkilərində iştirak edəcəksiniz, yoxsa limit bitib?

- Yox, limitin qurtarmasına hələ çox var. (gülür) Mən seçkilərdə iştirak etmək niyyətindəyəm. Əgər siyasətçi özünün intellektini, fikir ifadə etmək qabiliyyətini, hadisələrə müdaxilə etmək və pozitiv nəticələr çıxarıb cəmiyyətə ötürmək imkanlarını itirməyibsə, fiziki durumu yaxşıdırsa, onun siyasətdən getməsi hələ tezdir. Hər işin zamanı var. Təbii ki, zaman gələcək mən də millət vəkili kimi öz fəaliyyətimə son qoyacağam, artıq seçkidə iştirak etməyəcəyəm, dincəlmə yarışında olacağam, siyasətlə bəlkə də vidalaşacağam. Əlbəttə, hər şeyin zamanı var. Düşünürəm ki, hələ mənim bu dediklərimə müəyyən müddət var. 

- Əli Əhmədovdan sonra Mübariz Qurbanlının vəzifəyə irəli çəkilməsinin təhlilləri zamanı belə bir yanaşma da oldu ki, kadr seçimində daha çox YAP-ın sadiqləri irəli çəkilir, “köhnə qvardiya”ya üstünlük verilir. Sizdəmi o fikirdəsiniz ki, gənc kadrların bəzilərinin özünü doğrultmaması amili “köhnələr”in seçimində əsas rol oynadı?  

- Yox, mən deməzdim ki, məsələni bu şəkildə qəlibə salmaq lazımdır. Ölkə prezidentinin siyasətində müasirlik üstünlük təşkil edir. Ona görə də başqa istiqamətlərdə olduğu kimi ölkə idarəçiliyində də müasir baxışlar sisteminə malik gənclərdən də etimad göstərilərək vəzifəyə təyin edilənlər var. Ancaq kim ki, bu təyinatdan düzgün nəticə çıxarmır, yetərincə üzərinə düşən vəzifənin məsuliyyətini başa düşüb ona tapşırılan işi yüksək səviyyədə yerinə yetirə bilmir, təbii ki, o, dəyişilməlidir. Bu, hər kəsə aiddir, hansı nəslə aid olmasına baxmayaraq. Obyektivlik naminə demək lazımdır ki, Əli ƏhmədovMübariz Qurbanlı tam mənada yetişmiş, formalaşmış siyasətçilərdir. Bunları irəli çəkmək, üzərlərinə əlavə məsuliyyət qoymaq dövlətçilik üçün ancaq töhfələr verə biləcək bir anlamdadır. Bundan sonrakı təyinatların içərisində gənclər də ola bilər, orta yaşlılar da. Nəzərə alsaq ki, Əli ƏhmədovMübariz Qurbanlı qocaman deyillər, onları orta yaş nəslinə aid etmək olar.
 
- Siz vaxtilə Elçibəy komandasının üzvü kimi də vəzifə tutmuşdunuz və təcrübəniz də az deyildi. Nədən bu qədər uzun bir müddət keçsə də, sizə vəzifə təklifi gəlmədi?

- Doğrusu, mənim vəzifəyə təyinatımla bağlı təklif 1995-ci ildə bir daha oldu. Rəhmətlik ulu öndərimiz mənə etimad göstərdi, yenidən əmək və sosial müdafiə naziri vəzifəsinə təyin olunmağımla bağlı təklif aldım. Mən, əlbəttə, bunu çox böyük minnətdarlıq hissi ilə qarşıladım, təşəkkürümü bildirdim. Ancaq eyni zamanda parlament seçkilərində iştirak etmək arzumu gizlətmədim. Düşündüm ki, parlamentdə bir siyasətçi olaraq dövlətimizə, xalqımıza xidmət etsəm pis olmazdı. Ona görə də özümü tamamilə siyasətə həsr etdim.

- Yəqin ki, o vaxt vəzifə təklifini qəbul etsəydiniz indi istefada olan şəxslərdən biri olardınız...

- Mən deyə bilməzdim ki, 5-10 il, ya indiyə qədər işləyəcəkdim. Lakin hər halda, mən seçimimi etdim və bu gün öz seçimimdən peşman deyiləm. 

- Son günlər Müsavat Partiyasının fəallarının həbs olunmasına münasibətiniz necədir? Sizcə, nə baş verir? Cəmiyyət və beynəlxalq aləm siyasi məhbusların azadlığını gözlədiyi, düşərgələrarası normal münasibətlərin formalaşdırılması zərurətinin olduğu bir dönəmdə yeni həbslər nəyin əlamətidir? 

- Mən əminəm ki, onların həbs olunmasının onların mövqeyi, yaxud fəal olması ilə hər hansı bağlılığı yoxdur. Çünki Azərbaycanda siyasi hakimiyyətin hər hansı müxalifət partiyası üzvlərinin və fəallarının məhz partiyaçı, siyasətçi olaraq həbs etdirmək fikri, niyyəti yoxdur, belə bir siyasət həyata keçirilmir. Mən bunu xüsusi olaraq, altından xətt çəkməklə ifadə edirəm. Hər bir vətəndaş hansı mövqedə olmağından, baxışları daşımağından, hansı partiyanın üzvü olub-olmamasından asılı olmayaraq, hərəkət və davranışlarında qanun pozuntularına yol verməli deyil. Kim qanun pozuntularına yol verirsə, o, qanun qarşısında cavab verməli, məsuliyyət daşımalıdır, fərqi yoxdur, bu adam Müsavatın üzvüdür, ya YAP-ın aparıcı simasıdır. Ona görə də sizin bu şəkildə izahınızda həqiqət tapmaq demək olar ki, mümkün deyil...

- Fəzail bəy, bəs son günlər qocaman YAP-çı Maksim Musayevin Əli Əhmədov və digərlərinə ünvanlı ittihamlarına münasibətiniz necədir?

- Mən Əli Əhmədovun ünvanına söylənilənləri qərəzli sayıram. Əli Əhmədov Azərbaycan dövlətçiliyinə kifayət qədər ciddi və əhəmiyyətli töhfələr verən bir siyasətçidir. Kiminsə kimdən xoşu gəlməyə, ya hansısa məsələyə görə incikliyi ola bilər, lakin bu incikliyə, şəxsi motivlərə görə bir insanın gördüyü işləri, göstərdiyi çox əhəmiyyətli, müsbət xidmətlərinin üstündən xətt çəkmək ədalətsizlikdir. Ona görə də mən Əli Əhmədovun ünvanına söylənilən bu fikirlərlə razı deyiləm. Bütün bunlar Əli Əhmədovun ünvanına deyilmiş qərəzli fikirlərdir. Əli Əhmədov kimi  Azərbaycan dövlətçiliyinə töhfələr verən bir insanın ünvanına bu cür qərəzli fikirlər söyləmək heç kimə başucalığı gətirmir. Düşünürəm ki, Əli Əhmədov həm siyasətçi kimi, həm də baş nazirin müavini kimi Azərbaycan xalqına və dövlətinə öz töhfəsini verəcək. 

- Fəzail bəy, türk liseyləri qapadılandan sonra nəvələrinizi hansı məktəbdə oxutmağa qərar verdiniz? 

- Xəzər Universitetinin nəzdində “Dünya” özəl məktəbi var. Bir neçə yerə imtahan versələr də, nəvələrimin seçimləri ora oldu. Təhsillərini həmin məktəbdə davam etdirəcəklər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar