Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gənclərimiz internetin əsirinə çevrilirlər“



Gövhər Baxşəliyeva: “Dövlətin yüksək ixtisaslı kadrlarsız inkişafı mümkün deyil”


Millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın Gün.Az-a müsahibəsi:

- Gövhər xanım, bugünlərdə Prezident Adminstrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasında bu ali məktəbin 15 illik yubileyi münasibətilə keçirilən iclasda çıxışı  zamanı bir çox mühüm məsələlərə toxunub. 

İstərdik ki, bir alim, bir elm adamı, bir ziyalı, bir millət vəkili və bir vətəndaş kimi həmin məsələlərə münasibətinizi bildirəydiniz...

- Həqiqətən də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oktyabrın 25-də Dövlət İdarəçilik Akademiyasında akademiyanın 15 illik yubileyinə həsr olunan Elmi Şuranın iclasında çıxışı mənim diqqətimi çox cəlb etdi. İlk növbədə ona görə ki, dövlət səviyyəsində, belə yüksək səviyyədə ölkənin mənəvi-intellektual sahəsində mövcud problemlərə toxunulub. Əlbəttə, Ramiz müəllim çıxışında ilk öncə ölkədə əldə edilən nailiyyətlərdən danışıb.

Çünki doğrudan da nailiyyətlərimiz çoxdur, bunu heç kim inkar edə bilməz. Amma bunlarla bərabər bu gün ölkəmizdə müəyyən problemlər də var və bu problemlər haqqında da hörmətli akademikimiz tam səmimi bir söhbət aparıb. Eyni zamanda, təəssüflər olsun ki, bəzi mətbuat orqanlarında bu çıxışın müxtəlif cümlələri kontekstdən çıxarılaraq təhrif olunmuş şəkildə təqdim olunur.

Halbuki bu, belə deyil. Həmin çıxışda yalnız və yalnız Azərbaycan cəmiyyətində bu gün mövcud olan problemlərdən səmimi şəkildə söhbət açılır ki, bütün cəhdlərimizi, səylərimizi birləşdirib həmin o problemlərin həllinə yönəldək. Ümumiyyətlə, həmin çıxışda cəmiyyət üçün son dərəcə aktual məsələlərə toxunulub.

Mən deyərdim ki, hətta, həyati əhəmiyyət daşıyan məsələlərə toxunulub. Çıxışda bu gün bizim cəmiyyətdə gedən proseslərə tam adekvat reaksiya verilib. Mən bu səmimiyyətə, ölkədə gedən bu proseslərə bu cür həssaslıqla yanaşdığına görə də Ramiz müəllimə çox minnətdaram. Çünki bu problemlər biz ziyalıları da çoxdan narahat edir...

“Dövlətin müvafiq kadrları olmayanda o dövlətin gələcək inkişafı sual altına düşür”

- Məsələn, həmin çıxışda dövlət idarəçiliyinin müxtəlif sahələrində ən yeni metodlara yiyələnmiş yüksək hazırlıqlı kadrların yetişdirilməsi zəruriyyətinə toxunulur. Sizcə, bu zəruriyyət, bu narahatlıq nədən irəli gəlir?

- Doğrudan da, dövlətin müvafiq kadrları olmayanda o dövlətin gələcək inkişafı sual altına düşür. Dövlətin kadrlarsız inkişafı mümkün deyil, xüsusilə də, dövlət idarəçiliyinə aidiyyəti olan kadrların. Akademik Ramiz Mehdiyev də çıxışında bu gün həm yüksək ixtisaslı kadrların çatışmazlığından, həmçinin, kadr qıtlığından danışıb. Onun da vurğuladığı kimi, həm nazirliklər, həm Prezident Administrasiyası, həm digər yerli hakimiyyət orqanları bu gün yüksək ixtisaslı kadr problemi ilə üzləşirlər. O, daha sonra qeyd edib ki, “biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq”. Bu fikirləri də elə bilirəm ki, təkcə idarəçilik sisteminə yox, eyni zamanda, həm də elmə şamil etmək olar.  Bilirsiniz, indi həyat çox dinamikdir, hər gün dəyişikliklər baş verir, yeniləşmə prosesi gedir və bu baxımdan, kadrlar elə yetişdirilməlidir ki, onlar həyatımıza yeni daxil olan o yeniliklərin özünü, onların ruhunu, fəlsəfəsini tam qavraya bilsin və o yeniliklərdən istifadə edə bilsin. Yəni, onlar ömür boyu öz təhsillərini artırmalıdırlar. Bunsuz bu gün inkişaf yoxdur. Doğrudan da, istənilən kadr nə qədər gözəl təhsil alsa da belə, zaman-zaman təkmilləşməyə böyük ehtiyac yaranır.

“Bir çox insanlar bizdə hələ də həmin o sovet dövründə mövcud olan kateqoriyalarla düşünməyə davam edirlər...”

O, eyni zamanda qeyd edir ki, o dövlətin totalitar olmasına baxmayaraq, ideoloji buxovlarla yanaşı, o zaman insanların sosial müdafiəsi daha güclü təmin olunmuşdu və onların maarifləndirməyə, mədəni proseslərə cəlb olunması, digər məsələlər özünün kifayət qədər düzgün həllini tapmışdı. Mən isə o dövrdəki qadın siyasətini də bura əlavə edərdim. Çünki qadın siyasəti ilə bağlı sovet dövrünün çox gözəl nailiyyətləri olub.

Amma akademikin də bildirdiyi kimi, bu dövr artıq tarixə qovuşub, bununla belə, insanlarla söhbət zamanı görürük ki, onların çoxu hələ də cəmiyyət, sosial ədalət, iqtisadi problemlər, digər məsələlərlə bağlı düşünərkən, marksizm ideologiyasından çıxış edirlər və məmurlarımız da bu baxımdan, heç də istisna təşkil etmir. Həqiqətən də belədir. Bir çox insanlar bizdə hələ də həmin o sovet dövründə mövcud olan kateqoriyalarla düşünməyə davam edirlər. Halbuki həyat yenilənir, ancaq həmin insanlar  yeni şəraitə uyğunlaşa bilmirlər...

“Virtual məkanda, internetdə  gedən məlumatlar heç də həmişə doğru-düzgün deyil, heç də reallığı əks etdirmir”

-Yeri gəlmişkən, PA rəhbəri virtual məkan haqqında da öz fikirlərini bildirir, xüsusən də, gənclərin həyatlarının çox hissəsinin həmin o virtual məkanda keçirdiklərini  qeyd edir...

- Çox təəssüflər olsun ki, bu həqiqətən belədir. Gənclərimiz internetin əsirinə çevrilirlər. Bu baxımdan nəsə bir mexanizm düşünüb tapmalıyıq, nəsə bir yollar aramalıyıq ki,  insanlarımızın virtual məkandan bu qədər böyük asılılığını bir qədər azaldaq. Çünki bəzi insanlar, xüsusilə, gənclər bütün vaxtlarını buna sərf edirlər.  Xüsusən də nəzərə alsaq ki, o virtual məkanda, internetdə  gedən məlumatlar heç də həmişə doğru-düzgün deyil, heç də həmişə reallığı əks etdirmir və bunun özü də bəzən nəticə etibarı ilə həmin insanlara, yeniyetmələrə, gənclərə çox mənfi təsir edir. Sirr deyil ki, gənc yaşında insan heç də həmişə həqiqətlə yalanı ayıra bilmir, yalanı doğrudan seçə bilmir. Ona görə də bu kimi məsələlərdə biz bir qədər diqqətli, ehtiyatlı  olmalıyıq.

“Bəzi valideynlər qızları özləri məktəb təhsilindən yayındırırlar, hətta, müəyyən sinifdən sonra onları məktəbdən çıxarıb ərə verirlər...”

- Ramiz Mehdiyev çıxışında eyni zamanda, ölkədə dindarlıqla bağlı narahatçılığın bildirir, hətta, orada bəzi rayonlarda qızların oğlanlarla müqayisədə nə qədər  az qəbul komissiyasına sənəd vermələri qeyd olunur...

- Bu da bugünkü reallıqdır. Mən özüm də  hər zaman  müsahibələrimdə bu haqda danışıram, deyirəm ki, bəzi valideynlər qızları özləri məktəb təhsilindən yayındırırlar, hətta, müəyyən sinifdən sonra onları məktəbdən çıxarıb ərə verirlər. Bu nə deməkdir? İrəli getməkdənsə, biz geriyə doğru addım atırıq! Çıxışında da Ramiz müəllim narahatlıqla bildirir ki, “mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə prosesinin nə dərəcədə təhlükəli olduğunu diqqətinizi cəlb edim”.

Doğrudan da, qadınlarımız sanki geriyə doğru gedir, hicab, çadra məsələsi, erkən nikah və sairə məsələlər bu gün heç də ürəkaçan deyil. Düşünürəm ki, bu sahələrdə bütövlükdə cəmiyyətimiz  bu proseslərə  müqavimət göstərə bilməsə, irəlidəki illərdə biz daha da böyük geriləmə müşahidə edəcəyik. Biri var ki, qadın dindarlığı, hicabı tam könüllü, ürəyinin səsi ilə, əqidəsinin hökmü ilə seçə, biri də var ki, evdə ailənin, ananın, qardaşın, atanın təsiri ilə, təkidi ilə örtünə. Təəssüflər olsun ki,  belə təsir halları çoxdur.

Odur ki, akademik öz çıxışında bütün ziyalılarımızın narahatlığın ifadə edərək deyir ki, “bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm. Yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı, Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizdə yenidən qayıdır?” Şəxsən mən də hörmətli akademikimizin narahatçılğını bölüşərək hesab edirəm ki,  ümumilikdə yollar axtarmalıyıq ki, bu cür geriləmələrin qarşısını vaxtında ala bilək. Bunu  bu gün etməsək, sabah gec ola bilər.

“Bəzən görürsən ki, müəllimin səviyyəsi elədir ki, heç onu sinifə, auditoriyaya bəlkə də qoymaq olmaz...”

- Sözügedən çıxışda tədris müəssisələrində təhsil mühitinin get-gedə zəifləməsindən də danışılır...

- Bu məsələ ilə bağlı bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Bu yaxınlarda  Bərdə İmamzadəsinə həsr olunmuş konfrans keçirildi. Mən də o konfransda iştirak edirdim. Həmin konfransdan çıxanda cavan bir oğlan yaxınlaşdı,  dedi ki, nəinki tələbələrin mədəni səviyyəsinin, hətta,  bizim müəllimlərin mədəni səviyyəsinin artmasına böyük ehtiyac var və bununla bağlı layihə hazırlayıb Bilik Fonduna təqdim etmək fikrindədir.

Şəxsən mən həmin fikri çox bəyəndim. Çünki doğrudan, bəzən görürsən ki, müəllimin səviyyəsi elədir ki, heç onu auditoriyaya bəlkə də qoymaq olmaz. Yəni, o, öz mürtəce, geridə qalmış fikirləri ilə gənc nəsli irəliyə  aparmaqdansa,  geriyə aparır.

“İdeoloji sahədə böyük işlər aparılmalıdır”

- Ramiz Mehdiyev onu da qeyd edir ki,  Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslər gedir. Siz bu haqda nə deyərdiniz?

- Mən də şəxsən həmin fikirləri bölüşürəm. Məsələn, Suriyaya gedən insanlar təkcə böyük təzminat müqabilindəmi oraya gedirlər? İnanmıram. Bəzən onları o yerlərə hansısa “ideya” aparır. Ancaq biz bunun səbəbini tapıb müəyənləşdirməliyik ki, bu ideyanı o harda qavrayır? Kim bu adama təsir edir? Bunlar hamısı təhlil olunmalıdır, ideoloji sahədə böyük işlər aparılmalıdır. Bu baxımdan mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  yeni rəhbərliyinə və Azərbaycan Prezidenti yanında yeni yaradılmış Bilik Fonduna böyük ümidlər bəsləyirəm.

Yeri gəlmişkən, akademik vaxtaşırı cəmiyyəti, ictimai həyatı tədqiq etmək üçün sosioloji sorğuların aparılmasının zərurətini vurğulayır. Çünki həqiqətən cəmiyyətin bütün meyllərini öyrənmək üçün həmin o sosioloji sorğuların böyük əhəmiyyəti var və  Ramiz müəllim də qeyd edir ki, bütün bu narahatlıqlardan qurtarmaq üçün müvafiq fəaliyyət proqramı işlənib hazırlanmalı və həyata keçirilməlidir.

Yəni, burada bütün ziyalılar öz sözünü deməlidir. Düşünürəm, bəlkə də müəyyən qəzetlərdə bir rubrika açılmalıdır ki, Ramiz müəllimin çıxışı ilə əlaqədar cəmiyyətdə tanınan ziyalılar, mütərəqqi fikirli işıqlı insanlar öz fikirlərini bildirsinlər. Öz mövqelərini ortaya qoysunlar, hörmətli akademik tərəfindən qoyulmuş suallara cavab versinlər. Çünki bu cavablar həqiqətən də hörmətli akademikimizin dediyi kimi “Azərbaycanın sabahkı inkişafını şərtləndirən və müəyyən edən taleyüklü məsələlərlə bağlıdır”.

Şəxsən mənim bununla bağlı bir sıra təklif və mülahizələrim var ki, onlar haqqında yaxın günlərdə mətbuata yazı verəcəm.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar