Azərbaycanın 1 nömrəli şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın "chesspro" portalına geniş müsahibə verib
Fanat.az dünya şöhrətli idmançımızla müsahibəni təqdim edir.
- Tromsödə Azərbaycan yığması 1 il əvvəl Avropa çempionu titulunu qazandığı heyətlə mübarizə aparırdı. Çin yığmasının parlaq oyunu olmasaydı bölüşdürdüyünüz 2-5-ci yerlərdən daha uğurlu nəticəyə ümid etmək olardı? Əlavə göstəricilərin hesablanma qaydalarında nə kimi dəyişiklik etmək istəyərdiniz? Bəlkə turların sayının artırılmasının tərəfdarısınız ki, daha ədalətli nəticələr ortaya çıxsın?
- Əlavə göstəricilərin hesablanmasında dəyişiklik etmək məndən asılı məsələ deyil. Turların artırılması əlbəttə ki, daha ədalətli nəticələrin ortaya çıxmasına kömək edər. Qalan məsələlərdə isə hər şey ədalətli oldu.
- Olimpiadada reytinqi 2700-dən yüksək olan qrossmeysterlərlə keçirdiyiniz 6 partiyada 4,5 xal topladığınız halda, daha "aşağı çəkili" rəqiblərinizlə baş tutan 4 oyunda cəmi 2,5 xal yığdınız. Belə qənaətə gəlmək olar ki, daha elitar şahmatçılarla oyunlara motivasiyanız xüsusi olur.
- Xeyr, razılaşa bilmərəm. Zənnimcə, bir yarışla bunu ölçmək doğru deyil. Orta hesabla hər şey öz yerini tutur. Sadəcə, bu dəfə belə alındı.
- İsveçrə sistemi ilə iştirak etdiyiniz yarışların 1-ci yerin müqəddəratı həə olunan son turunda zəif rəqib arzulamısınız?
- Məgər baş mükafatın taleyi həll olunan son turda zəif rəqiblə düşmək ehtimalı var? Axı bu, İsveçrə sistemidi!
- Növbəti Olimpiada Bakıda təşkil olunacaq. Bu, futbol deyil ki, doğma meydan amilini qabardasan. Paytaxtınızda keçiriləcək yarışda hamının sizdən qələbə gözləyəcəyi aydındı. Çətin olmayacaq?
- Evdə oynamaq həm çətin, həm də xoşdu. Gərək zalı dolduracaq azarkeşlərimizi pərişan etməyək. Əminəm ki, anşlaq olacaq.
- Yəqin, Məmmədyarovlar ailələr arasında dünya çempionatı keçirilsəydi, asanlıqla qalib olardı...
- Yox, axı Polqar ailəsini siyahıdan silmək olmaz. Rəqabət var.
- Bəs Şəhriyar Məmmədyarovun motivasiyasını hansı amil artıra bilər? Gözəl bir qızın gülümsəməsi? Yaxın dostun zəngi? Doğma şəhərdən telefon zəngi?
- Dərhal bir neçə faktor adı çəkə bilmərəm. Ancaq bunu əminliklə söyləyə bilərəm ki, gözəl bir qızın gülümsəməsi ilə oyuna motivasiya ola bilmərəm.
- Özünüzü şimalda, yoxsa cənubda daha rahat hiss edirsiniz?
- Əlbəttə, Cənubda. Biz cənublular soyuğu sevmirik.