Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnformasiya ən yaxşı halda tez ötürülməlidir”


Rabitə və Yüksək Texnologiyalar Nazirinin müşaviri Müşfiq Əmirov yeni yaradılmış nazirliyin fəaliyyəti, özünün media ilə münasibətlərinə dair müsahibə verib


- Nazirliyin adının dəyişməsi və profilinin genişlənməsi ilə struktur yenidən formalaşdırıldı. Bu müddət ərzində hansı yeniliklər həyata keçirilib?

 - Bildiyimiz kimi,  prezidentin 7 mart 2014-cü il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yaradılıb.  Ötən müddət ərzində Nazirliyin strukturunun formalaşdırılması üçün genişmiqyaslı işlər görülüb. Nazirliyin Əsasnaməsi, yeni tərkibdə strukturu, işçilərinin say tərkibi təsdiqlənib. Bu gün nazirlik telekommunikasiyanın, o cümlədən simsiz texnologiyaların, genişzolaqlı internetin, poçtun, radio-televiziya yayımının inkişafını və radiotezliklərdən səmərəli istifadəni təmin edir. Eyni zamanda, peyk infrastrukturunun genişləndirilməsi üçün zəruri tədbirlər görür və aidiyyəti dövlət qurumları ilə birlikdə kosmik sahənin inkişafı üzrə elmi tədqiqatlar aparır, tranzit informasiya magistrallarının və qovşaqlarının, regional informasiya xidmətlərinin yaradılmasında və genişləndirilməsində iştirak edir. Bildiyiniz kimi, Nazirliyin fəaliyyət istiqaməti daha da genişləndirilib. Hazırda RYTN  aidiyyəti dövlət orqanları ilə birlikdə yüksək texnologiyalar üzrə elmi-texniki və innovasiya siyasətini hazırlayır və həyata keçirir, həmçinin yüksək texnologiyalar sektorunun potensialının gücləndirilməsi, rəqabətədavamlı yüksək texnoloji, elmtutumlu, az resurs məsrəfli məhsul və xidmətlər istehsalının, innovativ sahibkarlığın inkişafının təşviqi üzrə tədbirləri həyata keçirir. Bunlarla yanaşı, artıq nüvə texnologiyalarının dinc məqsədlərlə inkişafı və istifadəsinin təşkili üzrə işlərə də başlanılıb. İnformasiya təhlükəsizliyinin təmin edilməsi, qlobal kiberhücumların qarşısının alınması, milli elektron informasiya ehtiyatlarının mühafizəsi sahəsində siyasətin həyata keçirilməsi də RYTN-nin əsas fəaliyyət istiqamətlərindəndir. Ölkə başçısnın “qara qızılı insan kapitalına çevirək” devizini rəhbər tutan nazirlik informasiya cəmiyyətinin, elektron xidmətlərin inkişafı istiqamətində işləri daha da intensivləşdirib.
 İndiyədək həyata keçirilən tədbirlər isə səmərəli nəticələrlə yadda qalıb. İlk telekommunikasiya peykimiz olan “Azerspace I”in orbitə buraxılması ölkəmizin kosmik sənayenin inkişafı istiqamətində atdığı ən önəmli addımlardan biridir. Bir tərəfdən Azərbaycan kosmik klubun üzvünə çevirildi, digər tərəfdən bu hadisə   Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə dəyərli töhfə oldu.  Bu gün Azərbaycanın adı yalnız nəhəng neft-qaz layihələri ilə assosiasiya olunmur. BMT kimi mötəbər qurum tərəfindən yekdilliklə dəstəklənən layihələrdən biri məhz rabitə və yüksək texnologiyaları sektorundadır. Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülən və ölkəmizi tranzit-informasiya məkanına çevirəcək “Trans Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi dünyanın bir çox ölkələrinin diqqətini cəlb edib və həmin ölkələr layihənin reallaşdırılmasında olduqca maraqlıdırlar. Yaxın vaxtlarda “Milli Genişzolaqlı İnternetin İnkişafı” layihəsinin icrasına  başlanılacaq. Bu da ölkədə internetin inkişafına zəmin yaradacaq. Bundan başqa, ilin sonuna kimi rəqəmsal yayıma  keçid tam başa çatdırılacaq.

 - TASİM layihəsinə marağın böyük olduğunu vurğuladınız. Həmin layihənin mahiyyəti nədən  ibarətdir?

- “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Bu uzunmüddətli təşəbbüsün reallaşması iki mərhələdən ibarət olacaq.
 
Birinci mərhələdə aparıcı region ölkələri və operatorlar Qərbi və Şərqi birləşdirən əsas internet şəbəkəsini yaradacaqlar. Bu şəbəkə “TASİM”-ə kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq İP tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaq.

İkinci mərhələdə “TASİM” qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli bağlantı ilə təmin edəcək. Bununla yanaşı, Milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdirilərək “TASİM” şəbəkəsinə birləşdiriləcək.

“TASİM” layihəsinin reallaşdırılması region üçün aşağıdakı əsas faydaları verəcək:

Təkmilləşdirilmiş regional və qlobal bağlantı;
Telekommunikasiya tranzit marşrutunun diversifikasiyası;
Təkmilləşdirilmiş qəza bərpa çevikliyi;
Rəqəmsal uçurumun azaldılması və Davamlı İnkişaf  Məqsədlərinə töhfə;
Regional innovasiya və müasirləşməyə töhfə.

“TASİM” layihəsi Frankfurtdan Honkonqa istiqamətlən ən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.
Layihə təşəbbüsü 2008-ci ilin noyabr ayında  XIV “Bakutel” Beynəlxalq Rabitə və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində Bakıda keçirilmiş nazirlər görüşü zamanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) tərəfindən irəli sürülmüş,  həmin ayın 11-də “TASİM” layihəsinin yaradılmasına dair xüsusi “Bakı bəyannaməsi” qəbul edilib.

2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında layihəyə dair qətnamə (A/Res/64/186) qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən bu qətnamədə “TASİM”-in əlaqələndirilməsində Azərbaycanın xüsusi rolu qeyd olunub.

2010-cu ilin aprelindən etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “TASİM” layihəsinin İdarəetmə Qrupunu yaratmış və maliyyələşdirməkdə davam edir. İdarəetmə Qrupu beynəlxalq məsləhətçi şirkət (Booz&Co) ilə əməkdaşlıq edərək layihənin ilkin biznes konsepsiyasını hazırlamış, aparıcı regional dövlətlər və operatorlarla birgə “TASİM” konsorsiumunun yaradılmasını müzakirə edib.

2011-ci ilin iyulunda Qəbələ şəhərində hazırlıq işinin nəticəsində Azərbaycan tərəfi  aparıcı telekom şirkətləri  - Çin (Chinatelecom),  Qazaxıstan (Kaztranscom), Rusiya (Rostelecom), Türkiyə (Turktelekom) və Avropa İttifaqı (Pantel) iştirakı ilə “TASİM” üzrə 1-ci Beynəlxalq  seminarı keçirib. Tədbirin nəticəsində layihənin Katibliyi yaradılmış və operatorlar “TASİM” konsorsiumunun yaradılmasına dair təfsilatlı Anlaşma Memorandumu üzərində işləməyə razılaşıblar.

- “Azerspace I” peykinin orbitə buraxılmasından bir il yeddi ay keçir. Bu müddət ərzində dövlət  nə qədər gəlir əldə edib?

 - 16-17 milyon dollar gəlir əldə olunub.

 - Müşfiq müəllim,  hazırda vətəndaşların informasiya təhlükəsizliyi necə qorunur? Bu istiqamətdə hansı işlər görülür?

- Ölkə başçısının 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli fərmanının 5-ci hissəsinə əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb. Mərkəz kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edir. Biz müvafiq qurumlarla işlər aparırıq.  Eyni zamanda beynəlxalq təşkilatların da bu işlə bağlı təcrübəsindən yararlanırıq.

 - İl sonuna kimi analoq yayımdan rəqəmsal yayıma keçid baş tutmalıdır.  Amma əhali hələ də bunun nə demək olduğunu tam anlamır. Onların başa düşəcəyi bir dildə yayımın mahiyyətini izah edə bilərsinizmi?

- Dünyada informasiya texnologiyalarının sürətli inkişafı və əhalinin daha geniş məlumatlar əldə etməyə olan ehtiyacları televiziya yayım şəbəkəsinin dünyada yeni təşəkkül tapmaqda olan standartlara uyğun yenidən qurulmasını zəruri edib.

 Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bu sahə üzrə apardığı araşdırmaların nəticəsi olaraq 2006-cı ilin may ayında İsveçrənin Cenevrə şəhərində Regional Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq qərarlar qəbul edilib və 2015-ci ilədək bu keçidin başa çatdırılması barədə razılıq əldə olunub.

Ölkəmizdə rəqəmli televiziya yayımına keçidi zəruri edən başlıca amil televiziya yayımında keyfiyyətə olan tələbat, məhdud tezlik resurslarından səmərəli istifadə olunması və mobil televiziyaya ehtiyacın olmasıdır.

Hazırda ölkədə dövlət televiziya və radio proqramlarının əhali üzrə əhatə faizi 100%-ə yaxın, ictimai, özəl TV və radio yayımlarının əhatə faizi isə təxminən 85-95% təşkil edir. Analoq yayımla paralel olaraq DVB-T standartlı rəqəmli TV yayımı respublika ərazisində təşkil olunub və şəbəkə genişləndirilməkdədir.

Layihənin həyata keçirilməsinin məqsədi mərhələ-mərhələ ölkənin bütün ərazisində televiziya yayımının analoq standartından rəqəmli standarta keçidini təmin etməkdən ibarətdir. Rəqəmli yayıma keçid genişçeşidli və irihəcmli məlumatların böyük sürətlə və yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasına imkan verəcək.

 Respublikada rəqəmli TV proqramların qəbulu üçün  əhali tərəfindən rəqəmli televizor və ya qəbuledici/çevirici qurğulardan (set-top boks) istifadə edilməsi zəruri hesab olunur.  Hazırda ölkədə rəqəmli çevirici qurğuların istehsalına başlanılıb və eyni zamanda xaricdə istehsal olunan çevirici qurğu və televizorların da respublikada satışı həyata keçirilir.

Gözlənilən nəticələrə gəldikdə deyə bilərəm ki,respublikada yayımlanan TV proqramların sayı və keyfiyyəti yüksələcək, tezlik resurslarından səmərəli istifadəyə şərait yaranacaq, bir televiziya kanalında 10 və daha çox proqramın verilməsi imkanı yaranacaq, televiziya yayımında yüksək keyfiyyət təmin olunacaq və analoq sistemi ilə müqayisədə nisbətən gücü az olan vericilərdən istifadə ediləcək, qonşu ölkələrdən gələn maneə siqnalları minimuma endiriləcək, çanaq peyk antenlərinə (VSAT) tələbat azalacaq.

-  Prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Mərkəzin fəaliyyəti nədən ibarətdir?

- Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı, təbabət və digər sahələrdə vüsət alması Azərbaycanda bu istiqamətdə tədqiqatların genişləndirilməsini və nüvə energetikasının yaradılmasına zəmin yaradıb. Ölkədə nüvə texnologiyalarının tədqiqi ilə bağlı indiyədək müəyyən işlər görülüb, nüvə texnologiyaları ilə məşğul olan alimlər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə iştirak edib, müvafiq təcrübə toplayıbar. Bununla yanaşı, indiyədək aparılan araşdırmalar sırf elmi-nəzəri xarakter daşıyıb. Nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi zərurətini nəzərə alaraq “Milli Nüvə Tədqiqatları Mərkəzi” yaradılıb.

- Ölkədə nə qədər internet istifadəçisi var ?

- 73 faizdən çox internet istifadəçisi var.  Onlardan 55 faizi genişzolaqlı internet istifadəçisidir.

- İnternetdə son günlər yaranan problemlər nə ilə əlaqədardır?

 - Böyük maliyyə dəyəri olan genişzolaqlı internet layihəsi fəaliyyətə başlayacaq. Burada hər bir evə internet nəzərdə tutulub. Bundan sonra hər yerdə internet həm kəmiyyət, həm də  keyfiyyət etibarilə fərqlənəcək. Artıq layihə reallaşmaq üzrədir. Təsdiqlənmə işləri başa çatıb. İcrasına başlamaq məqamındayıq. Bu layihə həyata keçirildikdən sonra ümumiyyətlə internetdə problem olmayacaq.

- Neçə ildir ki, mətbuatla əlaqədəsiniz?

- On yeddi il.  1997- cı ildə universiteti bitirdikdən sonra nazirlikdə işə qəbul olmuşam. Ona qədər isə tələbəlik illərində mətbuatla əlaqəm olub. Qəzetlərdə yazılarım nəşr olunub.

- Hansı qəzetdə yazılarınız dərc olunub?

- Əsasən “Səs”, “Yeni Azərbaycan” qəzetlərində.

-  Yazılarınızın mövzuları nədən ibarət olub?

-  “Gəncləri idrakın səsinə qulaq asmağa çağırıram” adlı ilk yazım 90-cı illərin lap əvvəli “Səs” qəzetində nəşr olunub.  Ümummilli lideri dəstəkləməyə yönəlik bir yazı idi. Yazıda gəncləri bir xilaskar kimi dahi şəxsiyyəti  dəstəkləməyə çağırırdım.

- Çox vaxt jurnalistlər qurumların Mətbuat Xidmətlərinin fəaliyyətindən narazı  olurlar.  Siz media ilə münasibətləri necə tənzimləyirsiniz?

- Mən yeni yaradılmış bir nazirlikdə müşavirlik vəzifəsində çalışıram. Media ilə işləmək də mənim səlahiyyətimdədir. Cənab nazir Əli Abbasovun mətbuata qarşı xüsusi diqqəti var.  11 il qabaq mənə ilk tapşırığı bu olub ki, mətbuatla işi yüksək səviyyədə qurmaq lazımdır. Nazirimiz mətbuata açıq insan olduğu üçün mən də onun tapşırığına ciddi yanaşmışam. Məqsədim həmişə, mətbuatla işimi yüksək səviyyədə qurmaqdır. Eyni zamanda çalışıram ki, mətbuatın istifadə etdiyi informasiya texnologiyalarında problem olmasın. Onlardan telefonla, internetlə bağlı nə kimi problemlərinin olduğunu soruşuram. Sosial şəbəkədə tez-tez oluram. Çünki orada insanların fikirlərini, problemlərini tez  anlamaq olur.

- Neçə ildir ki, facebookdan  istifadə edirsiniz?

- 3 il. Cənab  nazirin özünün də facebook səhifəsi var. Nazir səhifəni özü idarə edir. Sosial şəbəkələr insanlarla ünsiyyət qurmağı asanlaşdırır. Bu gün məsələn, 100 telefondan ikisi işləmirsə, biz onu böyük həyəcanla qarşılayırıq. Biz ümumiyyətlə istəyirik ki, şikayət olmasın. Devizimiz ondan ibarətdir ki, abunəçi həmişə  haqlıdır. Sən əgər evində rahat yatıb abunəçini narahat qoyursansa, bu düzgün deyil. Sən narahat yatmalısan, abunəçi isə rahat olmalıdır. Çünki sən xidmət verənsən.

- Jurnalistlər hər zaman informasiyanın onlar üçün əlçatan olmasını istəyir. Hökumət qurumları isə bu məsələdə bir qədər qapalı qalmaq istəyir. Sizcə, proses necə tənzimlənməlidir?

- İndi informasiyanı gizli saxlamaq mümkün deyil.  Ancaq bu yaxınlarda Prezident Administrasiyanın rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə media ilə bağlı müşavirə keçirildi.  Orada Ramiz müəllim informasiyanın verilməsi, yayılması ilə bağlı dəyərli fikirlər səsləndirdi.  Mən şəxsən o çıxışdan sonra əsas məqamları özümə qeyd kimi götürdüm.  Bugünki gündə də onları fəaliyyətimdə tətbiq edirəm.  Biz hər hansı yanlış informasiyanı mediaya ötürsək, bununla ölkəmizin nüfuzuna zərər vurmuş olarıq.  Amma görülən işlər barasində mediaya məlumat vermək bizim borcumuzdur. Jurnalistin də peşəsi odur ki, informasiyanı vaxtında ala bilsin.  Çalışıram ki, informasiyanı zamanında ötürüm ki, vaxt itkisinə yol verilməsin.
 
- Jurnalistlər belə düşünür ki, belə məsələlər onların informasiya yayımın məhdudlaşmasına gətirib çıxarır. Müvafiq qurumlar bunu necə başa düşür?

- Mən öz başına deyiləm ki, sizə informasiya verməyim. Rəhbərimin mənə tapşırığı odur ki, mətbuata açıq olmaq lazımdır. Bütün suallar cavablandırılmalıdır. Nazir mənə desə ki, mətbuata informasiya vermə, o zaman da  mən də verməyəcəm. Yəni bu məsələlər rəhbərlikdən asılıdır...

- Əməyiniz necə qiymətləndirilir?

- Möhtərəm Prezidentimizin Sərəncamı ilə 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Dəfələrlə cənab Nazirin əmri ilə “Fəxri Fərmanlar”la təltif olunmuşam.

- Bir neçə müddətdir ki, müvafiq qurumlar, nazirliklər, komitələr jurnalistlərdən sorğu göndərməyi tələb edir.  Sorğu cavablandıralana qədər də operativlik itir. Bu sizcə, yaxşıdırmı?

- Bu gün ölkədə mətbuat azaddır. Ancaq bu azadlıqdan sui-istifadə edənlər də olur. Məndə olan məlumata görə, 5000-dən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Haradasa 50 mindən artıq adamın jurnalist vəsiqəsi var. Bu 50 min adam sənə zəng də edə, məktub da göndərə bilər. Bunların işlətdiyi qəzeti, saytı araşdırsan, gərək işini-gücünü  buna sərf edəsən. Elə jurnalist mətbuat orqanı mənə müraciət edib ki, 17 ildə adını bir dəfə də olsun eşitməmişəm, amma sualını cavablandırmışam. İnformasiya ən yaxşı halda tez ötürülməlidir. Mən öz təcrübəmdən  bilirəm ki, informasiya gec ötürüldüyündə o artıq dezinformasiya kimi də yayıla bilir. İnformasiyanı jurnalist soruşmadan da ötürmək lazımdır.

 - İki işin öhdəsindən gəlmək sizin üçün çətindirmi? Yorulursunuz?

-  Yorulsam da, mənə həvalə olunan bu işləri layqincə yerinə yetirməliyəm. Başqa cür də ola bilməz.

- Gün ərzində nə qədər jurnalist sizə müraciət edir?

- Zənglər, sosial şəbəkələr vasitəsilə gün ərzində ünvanıma 40-50 müraciət daxil olur. İndi bu qədər müraciəti cavablandırmayanda və ya birini cavabsız qoyanda şəxsən özüm narahat oluram. Özüm olmayanda da çalışıram ki, jurnalistləri müvafiq şöbələrlə əlaqələndirim.

 - İnformasiya dünyada ən bahalı məfhumlardan biridir. Bizdə isə  bunu hələ də yetərincə dərk edə bilmirlər. Bu nə ilə əlaqədardır sizcə? Bu gün  ölkələr bir-biri ilə informasiya savaşına üstünlük verirlər, nəinki hərb savaşına.

 - Ölkə prezidenti də çıxışında dəfələrlə qeyd edib ki, biz informasiya əsrində yaşayırıq. Ölkəmizin haqq səsini düzgün informasiyalar verməklə dünyaya çatdıra bilərik.  Bu gün ölkəmizin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti, müxtəlif ölkələrdə keçirdiyi görüşlər, tədbirlər həm də Azərbaycanın dünyada tanıdılmasına yönəlmiş çoxsaylı informasiya deməkdir. Çünki bu işləri həm televiziyalar, həm qəzetlər geniş işıqlandırır.  

-  Bu gün 45 yaşınız tamam olur. Ömrün bu çağında özünüzü necə hiss edirsiniz?

 - 45 yaş çox yaş deyil, amma heç az yaş da deyil. Mən bu yaşıma qədər bir şeyi anladım ki, insan çalışıb yaxşılıq etməlidir. “Kəlilə və Dimnə” də belə bir məqam var. “Bir buzov minlərlə inək arasından necə gəlib öz anasını tapırsa, insanın etdiyi yaxşılıqlar, pisliklər də gec-tez gəlib onu tapır”.

Və bir dənə də gözəl fikir var:  

“Sadə ol, sadə yaşa, el tanısın sadə səni,
Sadəlik sadə edər, sadədən də sadə səni”.(qafqazinfo)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar