Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“KQB-də mənə qədər türk generalı olmayıb” - Heydər Əliyevin 20 il əvvəl TQRT-yə verdiyi məşhur müsahibə


Mərhum prezident Heydər Əliyev 20 il bundan əvvəl Türkiyənin TQRT telekanalına verdiyi müsahibədə bir çox maraqlı məqamlara toxunub


Öz həyatı, Dövlət Təhlükəsizliyi Komitəsindəki fəaliyyəti, Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövr haqqında sualları cavablandıran H.Əliyev həmin dövrün siyasi münasibətləri, sovet rəhbərləri ilə bağlı maraqlı fikirlər açıqlayıb.

PİA.AZ Strateq.az-a istinadla həmin müsahibəni qısa ixtisarla oxucularına təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin TQRT telekanalının “Üz-üzə” proqramına müsahibəsi:

Prezident sarayı, 13 noyabr 1996-cı il

– Cənab prezident, axşamınız xeyir. Görüşümüz gec oldu, bir neçə saatdan sonra günəş doğacaq, azan oxunacaq.

– Axşamınız xeyir.

– Cənab prezident, necəsiniz?

– Yaxşıyam, sağ olun, siz necəsiniz?

– Sağ olun. TQRT-yə xoş gəlmisiniz! İcazə verin, hörmətli tamaşaçılarımıza qısa bir məlumat verim. Azərbaycanın paytaxtı Bakıdayıq. Azərbaycandan hamınıza xeyirli axşamlar diləyirik. İndi Azərbaycanda gecə saat 1-dir. Bəli, üç saatdan sonra səhər azanı oxunacaq, dörd saatdan sonra günəş doğacaq. Gecənin bu saatında cənab prezident Heydər Əliyev ilə “Üz-üzə”də bir yerdəyik. Cənab Heydər Əliyev önəmli bir şəxsiyyətdir. O, Naxçıvandan Sovet Sosialist Respublikaları İttifaqı baş nazirinin birinci müavini vəzifəsinədək yüksələn bir yol, mənalı bir həyat yolu keçmişdir. hazırda Azərbaycan Respublikasının prezidentidir. Bəli, Sovet Sosialist Respublikaları İttifaqının ən parlaq dövründə görkəmli bir türk adlandırılan şəxsiyyət həmin imperiyanın dağılmasının şahididir. Biz həmin imperiyanın yüksəlişinin və süqutunun canlı şahidini bu gecə dinləyəcəyik.

 “Həyatım haqqında danışmaq üçün bir saat bəs etməz”

– Cənab prezident, öz həyatınız haqqında qısa məlumat verərsinizmi ki, harada doğulmusunuz, atanız nə işlə məşğul idi?

– Həyatım haqqında danışmaq üçün çox vaxt lazımdır. Buna bir saat bəs etməz. Amma qısa olaraq deyə bilərəm ki. mən 1923-cü ildə Naxçıvanda anadan olmuşam.

– Yəni bizdə Türkiyə Respublikasının yaradıldığı ildə?

– Bəli, Türkiyə Respublikasının yaradıldığı ildə mən anadan olmuşam.

– Cənab prezident, Siz hansı ayda doğulmusunuz?

– Mən may ayında doğulmuşam. Sizin Cümhuriyyətiniz isə noyabr ayında yaranıbdır.

– Demək, bizim cümhuriyyətlə eyni yaşdasınız?

– Bəli, elədir, eyni yaşdayam. Naxçıvanda böyümüşəm, orada orta təhsilimi almışam. Sovet sistemində orta təhsil on il olmalıdır. O vaxtlar da, indi də belədir. On il oxuyandan sonra ali məktəbə daxil olmaq imkanı yaranırdı. Mən 1939-cu ildə Naxçıvanda onillik orta təhsil alandan sonra Bakıda Texniki Universitetin memarlıq fakültəsinə daxil olmuşam. İkinci dünya müharibəsi başlandı. Sovet İttifaqı bu müharibəyə qoşuldu…

– Cənab prezident, Sovetlər İttifaqının bu müharibəyə qoşulması haqqında danışmazdan əvvəl istərdim ki, deyəsiniz, atanız nə işlə məşğul olurdu?

– Mənim atam dəmir yolunda fəhlə işləyibdir. Keçmiş dövrlərdə Bakıda neft mədənlərində fəhlə olub, sonra Naxçıvanda dəmir yolunda işləyibdir.

– Bəli, indi 1941-ci ilə qayıdaq.

– O illərdə mən universitetdə oxuyurdum. Ancaq müharibə başlandı, təhsilim yarımçıq qaldı, həyatımız bu dünya müharibəsi ilə bağlandı. O vaxt Daxili İşlər Nazirliyində KQB deyilən bir təşkilat var idi, siz bunu bilirsiniz.

– Siz KQB-yə o vaxt qəbul olundunuz?

– Bəli, gənc vaxtlarımda mən ali məktəbdə təhsil alırdım, oradan da bu təşkilata işə keçdim.

– Bu təşkilatda işləməyə necə keçdiniz, bu barədə qısa məlumat verə bilərsinizmi?

– Universitetdə oxuyarkən məni oraya dəvət etdilər. Sonra orada zabit oldum.

– Yəni KQB-nin zabiti oldunuz?

– Bəli, orada zabit oldum.

– O vaxt KQB-də türk zabit təkcə siz idiniz, yoxsa başqaları da var idi?

– Türk var idi, ancaq az idi. Ruslar və başqa millətlərdən olanlar çox idi. Bu işdə türk millətindən çox az adam var idi.

– Lütfən, daha bir söz soruşum. Siz KQB-yə daxil oldunuz, nə işlə məşğul idiniz? Çünki bu, xəbəralma, yəni casusluqla məşğul olan bir təşkilatdır.

– Bu, elə bir casusluq deyil. Dünyada kəşfiyyat aparmaq casusluq deyil. Bilirsiniz, bunu kim hansı ölkəyə qarşı aparırsa, həmin ölkə ona casus deyir. Amma kimsə başqa bir ölkədə bunu edirsə, bu, casus deyil. O, öz ölkəsinə xidmət edir, casus deyil. Bu, şərəfli bir vəzifədir. Türkiyədə də belə olubdur. O vaxtlar mən məktəbdə oxuyurdum. Türkiyədə MAH təşkilatı var idi. Siz cavansınız, bəlkə xatirinizdə deyil. O vaxt belə bir təşkilat var idi, ona MAH deyirdilər, indi onun adı MİT olubdur.

– O vaxt siz orada rütbə aldınız. Əsasən hansı işlə məşğul olurdunuz?

– Elə bir şey deyil ki, bu barədə geniş danışım. Geniş danışsam, gərək sizinlə beş saat söhbət edək. Ona görə də vaxtınızı belə şeylərə itirməyin.

– KQB-də olduğunuz illər, aylar barədə qısaca məlumat verə bilərsinizmi?

– KQB-də günlərim, aylarım çox olub. 25 yaşımdan başlayaraq orada 27-28 il işləmişəm. Ən kiçik zabit rütbəsindən – leytenantdan generaladək yüksəldim.

– Siz general idiniz?

– Bəli, general idim. O vaxt sovet generalı olmaq çox şərəfli vəzifə idi. Bu rütbəyə hər adam çata bilməzdi.

– Türk dünyasından Sizdən başqa general çıxdımı?

– Məndən sonra çıxdı, mənə qədər yox idi. Orduda vardı, amma KQB-də mənə qədər türk generalı olmamışdı.

“Türkiyə bu müharibəyə qoşulsaydı, gərək Qafqaz da qoşulaydı”

– Siz KQB-də çalışırdınız. Təbii ki, bu təşkilata İkinci dünya müharibəsindən sonra daxil olmuşdunuz. Türkiyə İkinci dünya müharibəsinə qoşulmadı. Türkiyənin bu siyasəti o vaxt necə qarşılandı, necə qiymətləndirildi?

– O vaxt biz Türkiyənin dünya müharibəsinə qoşulmasından çox qorxurduq. Yəni belə bir təhlükə var idi ki, Türkiyə dünya müharibəsinə qoşulsun. Amma Türkiyədə ağıllı adamlar oldular. Türkiyənin İkinci dünya müharibəsinə qoşulmasına imkan vermədilər. Çünki Türkiyə bu müharibəyə qoşulsaydı, gərək Qafqaz da qoşulaydı. Necə olacaqdı – bunu demək mümkün deyil. Burada ordu çox idi. Mən o vaxt bu barədə düşünürdüm. Amma müharibədən sonrakı illərdə, yaşa dolandan sonra tarixə, bu işlərə baxanda gördüm ki, – mən Türkiyənin dövlət adamları ilə görüşlərimdə də bu barədə dəfələrlə demişəm, – çox vacib bir hal odur ki, Türkiyə dünya müharibəsinə qoşulmadı.

– Əgər Türkiyə İkinci dünya müharibəsinə girmiş olsaydı, müharibənin nəticəsi dəyişə bilərdimi?

– Yox, dəyişə bilməzdi.

– Yəni demək istəyirsiniz ki, Türkiyə məğlub olacaqdı?

– Türkiyə də Almaniya kimi məğlub olacaqdı. Amma bilirsiniz ki, Almaniyanın məğlubiyyətindən bir az əvvəl Türkiyə Almaniyaya müharibə elan etdi.

– O vaxt Sovetlər İttifaqındakı bir türk kimi, Siz yəqin ki, Türkiyənin müharibəyə girməsini istəmirdiniz?

– Bəli, Türkiyənin müharibəyə girməsini istəmirdim. Əgər Türkiyə müharibəyə girsəydi, müharibə Qafqazda gedəcəkdi. Çünki almanlar gəlib Qafqaz dağlarında durmuşdular. Bakıya girə bilmirdilər. Bilirsiniz ki, o vaxt bütün Sovetlər İttifaqı ordusunun nefti Bakıdan gedirdi. Əgər Bakının nefti olmasaydı, Sovetlər İttifaqının qələbəsi bəlkə də mümkün deyildi. Müharibədə qələbənin əldə edilməsində Azərbaycan neftinin müstəsna, fövqəladə xidməti, rolu var. Amma Türkiyə bu savaşa girsəydi, burada, Qafqazda müharibə başlayacaqdı. Burada kim müharibə edəcəkdi? Burada türk türkə qarşı müharibə edəcəkdi. Burada sovet ordusu rus ordusu da var idi. Amma burada türklər, azərbaycanlılar da yerləşirdi. Ona görə də Türkiyənin bu müharibəyə girməməsi tarixdə çox önəmli bir haldır.

– O vaxt eyni zamanda Siz kəşfiyyatçı idiniz. Stalinin o vaxt Türkiyəyə qarşı siyasəti necə idi? Çünki Siz illərlə bu işin içində olmusunuz?

– O vaxt Türkiyəyə düşmən münasibəti bəslənilirdi. Çünki Türkiyə Almaniya ilə bir blokda idi. Ona görə də Türkiyəni düşmən hesab edirdilər. Amma eyni zamanda Türkiyənin savaşa girməməsi Sovetlər Birliyi tərəfindən çox yaxşı qəbul olunurdu.

– Yəni Sovetlər Birliyi Türkiyənin savaşa girməsini istəmirdi?

– Əlbəttə ki, istəmirdi.

– Kommunist Partiyasına Siz o vaxt daxil oldunuz?

– Bəli, Kommuist Partiyasına müharibə vaxtı, 1943-cü ildə daxil olmuşam.

– Partiyaya Siz özünüz daxil oldunuz, yoxsa Sizi qəbul etdilər?

– Bilirsiniz ki, o vaxt vəziyyət belə idi. Kommunist Partiyası elə bir hörmətli partiya idi ki, burada başqa bir partiya yox idi, hər bir gənc, yəni gənclərin əksəriyyəti, – o vaxt komsomol, gənclər təşkilatı var idi, – bu təşkilatdan sonra Kommunist Partiyasına daxil olmaq imkanı alırdısa, bu, onun üçün şərəf idi. Mən də o vaxt istedadlı bir gənc idim, yəni tanınan bir gənc idim. Ona görə də mənim Kommunist Partiyasına daxil olmağım çətin olmadı.

– Naxçıvanda tanınırdınız, yoxsa bu bölgədə?

– O vaxt partiyaya girəndə məni ancaq Naxçıvanda tanıyırdılar. Amma KQB-də, Azərbaycanda da tanıyırdılar. Kommunist Partiyasına daxil olanda gənc idim. 20 yaşım var idi.

– Sizi kim qəbul etdi? Partiyaya özünüz daxil oldunuzmu?

– O vaxt partiya komitəsi var idi. Onlar imtahan edirdilər, sual verirdilər. Partiyaya qəbul olunmaq asan iş deyildi.

– Parlaq zəkalı insanları partiyaya qəbul edirdilər?

– Bəli, zəkalı, etibarlı insanlar o vaxt Kommunist Partiyasına qəbul oluna bilərdilər.

– Partiyaya qəbul olunandan sonra Sizin ilk vəzifəniz nə oldu?

– Partiyada elə bir vəzifəm olmadı. Mən KQB-də işləyirdim. Partiyanın üzvü o demək deyildi ki, gərək onun partiyada bir vəzifəsi olsun. KQB-də çalışırsan, amma Kommunist Partiyasının üzvüsən.

– Siz 20 yaşında Kommunist Partiyasının üzvü oldunuz. Xatirinizdədirmi ki, Siz bu işləri doğru və yaxud yanlış etmisiniz?

– O vaxt mən hesab edirdim ki, mən bunları çox doğru etmişəm. İndi də hesab edirəm ki, doğru etmişəm.

– Nə üçün fikirləşirsiniz ki, doğru etmisiniz?

– Çünki o vaxt həyat belə idi. Mən bu ölkədə doğulmuş, təhsil almış, böyümüş bir insanam, bu quruluşu, cəmiyyəti sevmiş bir adamam. Mən orada yanlış heç bir şey etməmişəm.

– O vaxt kommunist sistemi Sizə tərs görünmürdü ki?

– Xeyr, kommunist sistemi mənə tərs görünmürdü. Bunu dəfələrlə demişəm, – həyatımın bütün mərhələləri mənim üçün əzizdir. Heç bir şeyi yanlış etməmişəm. Nə etmişəmsə, hamısını doğru etmişəm. Heç bir şeyə də heyfslənmirəm.

– Sizdən daha başqa şeylər soruşmaq istəyirəm. O vaxtlar Sovetlər Birliyi və orada yaşayan insanlar, Komminist Partiyası bizə çox soyuq görünürdü.

– Kommunistlərin istisi də, soyuğu da var. Hər bir insan insandır. Kommunist olan insanı kommunist soyutmur ki, yəni onun istisini çıxarmır ki! O da insandır. Hər ölkədə insanın yaxşısı da var, pisi də var. Sizin dildə desək, iyisi də, kötüsü də var.

İrandan da, Türkiyədən də məlumatlar toplayırdıq”

– İkinci dünya müharibəsi başa çatdı. Siz o vaxt KQB-də işləyirdiniz. O vaxtdan sonra Sizin həyatınızda hansı yeniliklər oldu?

– Ondan sonra mən KQB sistemindəki ən yüksək məktəblərdə – Moskvada, Peterburqda oxudum.

– Bu məktəblərdə hansı ixtisaslara yiyələndiniz?

– KQB, sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxudum. Müharibədən əvvəl mən memar olmaq istəyirdim. Müharibəyə görə bu pozuldu. Sonra mən siyasətə qoşulduğuma görə tarix fakültəsini bitirdim, tarix elmini öyrəndim. KQB-nin ən yüksək məktəblərini bitirdim, hamısını da çox gözəl. Yəni mən harada oxumuşamsa, – biz əla deyirik, sizdə isə ən yüksək deyirlər, qiymətlərlə oxumuşam.

– KQB-nin məktəblərində Siz hansı ölkənin, yaxud xalqın tarixini, türk tarixinimi, Osmanlı tarixinimi öyrənirdiniz?

– Orada bütün tarixləri – Osmanlı, rus, Avropa, qədim yunan, Çin tarixini də – hamısını öyrənirdik.

– Bunların içərisində İslam tarixi də var idimi?

– Bəli, İslam tarixi də var idi.

– Daha sonra Siz Azərbaycanda, Naxçıvanda partiyanın baş katibi vəzifəsinə yüksəldiniz, elədirmi?

– Yox, Naxçıvandan 1948-ci ildə oxumağa getdim. Ondan sonra Bakıda çalışmağa başladım. Bakıda mən çox böyük pillələrdən keçdim.

– Hansı pillələrdən?

– Bilirsiniz, KQB sistemində çox mərtəbələr var. Onlar onun daxilindədir. Mən çox gənc vaxtlarımdan ən yüksək mərtəbəyə qalxdım.

Azərbaycanda, Bakıda olarkən Sizin vəzifəniz nə idi?

– Burada mən böyük bir idarənin başçısı idim. Yəni KQB-də həm xarici kəşfiyyat, həm də daxili kəşfiyyat sahəsinə rəhbərlik edirdim. Sonra Azərbaycanda KQB-nin sədr müavini, daha sonra isə sədri oldum.

– O vaxt kəşfiyyat sahəsində Sizi ən çox hansı ölkələr maraqlandırırdı – İran, Türkiyə…?

– Nə barədə?

– Yəni məlumat toplamaq baxımından ən çox maraq göstərdiyiniz sahə…

– Hamısından – İrandan da, Türkiyədən də, Amerikadan da toplayırdıq.

– Ən çox hansı sahədə – siyasi? Hərbi, iqtisadi sahələrdə məlumatlar toplayırdınız?

– Ən çox hərbi məlumatlar. Bir də biz Sovetlər Birliyinə qarşı casusluq edib, məlumatlar toplayıb öz ölkələrinə vermək istəyənləri çox arayırdıq.

– Ələ keçirdiyiniz adamlar oldumu?

– Bəli, çoxlarını yaxaladıq. Eyni zamanda digər ölkələrdə də bu işləri gördük.

– Heç Türkiyədən də yaxaladığınız adamlar oldumu? Məsələn, neçə nəfər yaxalandığı yadınızdadırmı?

– Xatirimdə deyil.

– O vaxt yaxaladığınız adamlar içində indi Türkiyədə yüksək vəzifə tutanlar varmı?

– Yox, xatırlamıram. Bunlar çoxdan olub.

– Siz burada Azərbaycan KQB-sinin sədri idiniz…

– Bəli, mən Azərbaycan KQB-sinin sədri idim. Bu, azərbaycanlı, türk üçün çox əhəmiyyətli bir vəzifə idi. Çünki mənə qədər Azərbaycanda 1920-ci ildən bəri KQB-nin heç bir sədri azərbaycanlı olmamışdır. Bu vəzifədə həmişə ruslar, ermənilər, yəhudilər və digər millətlərdən olan adamlar işləmişdilər. Mən ilk türk, azərbaycanlı – Heydər Əliyev idim ki, KQB sədri olmuşdum.

– Bu vəzifədə Sizdən sonra kim oldu? Siz buradan Moskvaya getdiniz, deyilmi?

– Yox, mən buradan Moskvaya getmədim. Mən KQB-nin sədrliyindən Azərbaycan Respublikasının rəhbəri oldum, yəni Azərbaycan KP MK-nin birinci katibi oldum. Birinci katib indiki mənada respublika prezidenti demək idi.

– Buradan Moskvaya, Siyasi Büroya getdiniz, deyilmi?

– Bəli, buradan Moskvaya getdim.

“Məni Moskvaya işləməyə Andropov dəvət etdi”

– Orada uzun müddət yaşadınız. İndi gəlin, Moskvadan dünyaya baxaq.

– Mən Moskvaya 1982-ci ilin dekabrında getdim. Bu belə oldu. Mən Bakıda işləyirdim, amma burada çalışarkən Moskvada Siyasi Büro üzvlüyünə namizəd idim. Bu da Azərbaycanın tarixində ilk dəfə baş vermişdi. Yəni Sovet hakimiyyəti qurulandan bəri Azərbaycan rəhbəri heç vaxt burada işləyə-işləyə Moskvada Siyasi Büronun tərkibində olmamışdır – nə üzv, nə də üzvlüyə namizəd. Mən ilk dəfə 1975-ci ildə, burada rəhbər ikən Siyasi Büro üzvlüyünə namizəd seçildim.

– 1970-ci ildə rəhbər oldunuz, 1982-ci ildə isə…

– Xeyr, mən 1969-cu ildə Azərbaycanın rəhbəri oldum. Rəhbər olmaq avtomatik surətdə Siyasi Büronun üzvü olmaq deyil. Məndən əvvəl də, sonra da burada nə qədər rəhbərlər olmuşdu. Onların heç biri Siyasi Büro tərkibinə seçilmədi.

– Amma Siz seçildiniz.

– Mən altı il Azərbaycana rəhbərlik etdikdən sonra eyni zamanda, Siyasi Büro üzvlüyünə namizəd oldum. Bu o deməkdir ki, mən həm Azərbaycanın rəhbəri idim, həm də Siyasi Büro üzvlüyünə namizəd olduğum üçün SSRİ rəhbərliyinə daxil idim. 1982-ci ildə Brejnev vəfat etdikdən sonra Andropov baş katib seçildi. O, məni Moskvaya dəvət etdi. Büronun üzvü, həm də baş nazirin birinci müavini işləyim. Baş nazirin 12 müavini var idi. Siyasi Büronun isə cəmi 10 üzvü var idi. Amma mən həm Siyasi Büro üzvü, həm də baş nazirin birinci müavini olduğuma görə, o vaxt Sovetlər Birliyinin rəhbərliyində üçüncü-dördüncü şəxs idim.

– 1982-ci ildən Sovetlər İttifaqı süquta uğramağa başladı.

– Yox, süqut 1982-ci ildən başlamadı. Süqut 1985-1986-cı illərdən başladı.

– O zaman Siz bu sistemin çökdüyünü görürdünüzmü?

– Bəli, artıq görürdüm. Mən 1987-ci ilin sonunda istefaya getdim.

– Brejnev vəfat etdi, Andropov gəldi. Siz Moskvaya getdiniz. Qorbaçov gəlməzdən öncə orada idiniz.

– Mən Qorbaçovla da bərabər işlədim.

– 1940-cı ildən etibarən Siz həm KQB-də, həm də partiyada işlədiniz. 1969-cu ildən Azərbaycanın rəhbəri, 1982-ci ildən isə Sovetlər Birliyinin rəhbərlərindən biri oldunuz. Bu müddət ərzində sovet rəhbərlərindən Sizə ən çox kim təsir göstərib, onların ən ağıllısı, ən çalışqanı kim idi?

– Bilirsiniz, bu məsələ belədir. Brejnev 18 il ölkəyə rəhbərlik etdi. 1982-ci ildə vəfat etdi. Brejnevin vaxtında mən Azərbaycana rəhbər seçildim. 1969-cu il idi, Brejnev məni Moskvaya çağırdı və təklif etdi ki, Azərbaycanın rəhbəri olum. Mən imtina etdim, istəmirdim. Çünki KQB əməkdaşı, general, bu işin mütəxəssisi kimi mən Azərbaycan Respublikasına rəhbərlik etməyi özüm üçün bəlkə də çətin hesab edirdim. Amma onlar xahiş etdilər. Mən də buna razılıq verdim. Mən Brejnevlə çox işlədim. 1969-cu ildən 1982-ci ilədək, yəni təxminən 14 ilə yaxın Brejnevin rəhbərliyi altında işlədim.

– Brejnevi ondan əvvəl tanıyırdınızmı?

– Yox. Tanıyırdım, ancaq şəxsi tanışlığımız yox idi. 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra Brejnevlə təmaslarımız çox oldu. Ondan sonra daim əlaqədə olurduq.

– Brejnev türk dünyasına necə baxırdı?

– Brejnev də, Andropov da türk dünyasına, əslində Sovetlər İttifaqının rus olmayan xalqlarına çox normal münasibət bəsləyirdilər.

– Yaxşı, ən pis münasibət kimin dövründə oldu?

– Qorbaçovun dövründə.

 “Qorbaçovu seçənlərdən, ona səs verənlərdən biri də mənəm”

– Bəs Qorbaçovdan əvvəl?

– Qorbaçovdan əvvəl Andropov bir il rəhbər oldu, öldü. Ondan sonra bir il Çernenko oldu, o da vəfat etdi. 1985-ci ildə biz Qorbaçovu seçdik. Qorbaçovu seçənlərdən, ona səs verənlərdən biri də mənəm.

– Bəli, Qorbaçov dövrü başlandı və Siz Moskvadasınız.

Moskvada Qorbaçovla birlikdə işləyirdik.

– Sovet sistemi yavaş-yavaş çökürdü, deyilmi? Siz bunu nə vaxt hiss etdiniz?

– 1986-cı ildə. Hiss etdim ki, sistem tədricən süquta uğrayır.

– Sizcə, bu sistem niyə çökdü?

– O vaxt mən belə düşünmürdüm, amma sonrakı təhlillər göstərdi ki, bu, məhz belə olmalı idi, sistemin çökməsi labüd idi.

– Niyə labüd idi?

– Bilirsiniz, bu quruluş dünyadakı bütün quruluşlardan fərqli idi. Ya gərək bütün dünya sovet sisteminə keçəydi, ya da gərək sovet sistemi dağılaydı. Artıq sovet sistemi özünün bütün proqramlarını yerinə yetirə bilmirdi, Qərb isə getdikcə güclənirdi. Qərbdə iqtisadiyyat çox gücləndi, yüksəldi, Stalin dövründə Sovetlər Birliyi qapalı cəmiyyət idi, yəni dünya ilə heç bir əlaqəsi yox idi. İnsanlar xaricdə – Almaniyada, Fransada nələr baş verdiyini bilmirdilər. Elə bilirdilər ki, həyat elə budur, bundan artıq həyat yoxdur. Stalin öləndən sonra qapılar açıldı, insanlar xaricə getdilər-gəldilər, iqtisadi əlaqələr genişləndi. Get-gedə insanlar gördülər ki, Qərbdəki həyat bizdəkindən firavandır. Qərbdə hürriyyət var, burada o qədər yoxdur, iqtisadiyyat Qərbdə daha yaxşıdır. Bu fərq isə get-gedə çoxaldı. 20, 30, 40-cı illərdə insanları mübarizəyə qaldıran, səfərbər edən sovet quruluşu, sistemi artıq buxova çevrildi, işləmədi. Ona görə də sistem yavaş-yavaş çökməyə başladı.

– 1985-ci ildən Qorbaçovla bərabər işlədiniz?

– Biz Qorbaçovla Brejnevin vaxtından bir yerdə çalışırdıq, o da Siyasi Büroda idi, mən də, yan-yana otururduq. Ancaq 1985-ci ildə biz onu baş katib seçdik. Yenə də bərabər işləyirdik. Yəni Siyasi Büronun üzvü, baş nazirin birinci müavini baş katiblə hər gün təmasda idi. O vaxt sistem belə idi.

– O vaxt Qorbaçovla Sizin aranızda narazılıq başladı. Bu, nədən oldu?

– 1986-cı ildə ilk dəfə Qorbaçov Sovetlər Birliyinin tərkibindəki türkdilli respublikaların rəhbərlərini çıxarıb, onların yerinə rusları və başqa millətdən olan adamları təyin etməyə başladı. Mən onda anlatdım ki, belə etmək olmaz. Onunla bir neçə dəfə belə söhbətim oldu. Nəhayət, 1986-cı ilin dekabrında Qazaxıstanın rəhbəri Kunayevə qarşı ədalətsizlik oldu. Kunayev qazax, türk idi. O, 22 il orada bu vəzifədə çalışmışdı. Onun vaxtı gəldi, yəni o, vəzifədən istefa verməli idi. Mən ona qarşı olan ədalətsizliyə etiraz etdim. Digər tərəfdən, o, istefa verəndən sonra onun yerinə Moskvadan Qorbaçova yaxın, rus millətindən olan bir adamı təyin etdilər. Mən Qorbaçova söylədim ki, bunu etmək olmaz. Qazaxıstan böyük bir respublikadır. Kunayev qazaxdır, o, 22 ildir ki, oraya rəhbərlik edib. Bundan əvvəl də bu respublikaya rəhbərlik edənlər qazaxlar olublar. Amma indi Qazaxıstana başqa millətdən olan bir adamı rəhbər göndərmək doğru deyil. O, mənə dedi ki, qazaxlar özləri bunu rica ediblər. Ancaq yanlış deyirdi, əslində belə şey yox idi. Mən bilirdim ki, bunu qazaxların hamısı istəmir. Ola bilər, bəziləri istəsinlər, amma hamısı istəmir. Bu, doğru siyasət deyil.

Qazaxlar yeni təyin olunan adamı qəbul etmədilər. Orada gənclər ayağa qalxıb üsyan etdilər. Onların bir çoxlarını həbs etdilər, bəziləri həlak oldular. Sonra araşdırmalar aparıb “Qazaxıstan millətçiliyi” barədə qərar qəbul etdilər. Yəni qazax xalqına qarşı bir qərar çıxardılar. Mən buna qarşı da etiraz etdim.

Tək bu deyildi. Şimali Qafqazda bir çox kiçik müsəlman respublikaları var. Məsələn, Kabardin-Balkar Muxtar Respublikasının rəhbəri Malbaxov da müsəlman idi. Qorbaçov onu çıxarıb, yerinə Sibirdən bir rusu gətirib qoymaq istəyirdi. Mən buna da, digər belə məsələlərə də etiraz etdim. Siyasi Büroda mənim – bir türkün, müsəlmanın olması onlar üçün əlverişli deyildi.

– Təbii ki, Siz bütün bunlara qarşı çıxdınız. Əslində KQB kimi böyük bir kəşfiyyat təşkilatı var idi. Yəni Qorbaçov Qazaxıstandakı bu vəziyyəti kəşfiyyatdan aldığı məlumatlara görə idarə edirdi, yoxsa ona yanlış məlumatlar verilirdi? Siz bu işin içində idiniz,bu barədə Sizə etibarlı məlumatlar gəlmirdimi?

– Qorbaçov doğru kəşfiyyat məlumatlarını yox, özü istədiyi məlumatları alırdı.

– Yəni o, oradakı vəziyyəti və KQB-nin üzvlərini özü istədiyi şəkildə istiqamətləndirirdi?

– Bəli. O vaxt KQB məlumatları mənə vermirdi.

– Siz artıq kənarda qalmışdınız?

– KQB kəşfiyyat məlumatlarını ancaq Qorbaçova verirdi.

– O da yəqin ki, bu məlumatlar əsasında hərəkət edirdi. Siz buna qarşı çıxdınız, sonra mübahisə etdiniz?

– Yox, elə bir böyük mübahisə olmadı. Doğrudur, bir neçə mübahisəmiz oldu, sonra mən gördüm ki, işləmək mümkün deyil, istefa verdim.

– Siz istefa verdikdən sonra Naxçıvana döndünüz?

– Yox, istefa verib, qalıb orada yaşadım. 1987-ci ilin sonundan Moskvada yaşamaqda davam etdim. 1988-ci ildə mənə qarşı kampaniya qaldırdılar ki, Heydər Əliyev Azərbaycanda bunu düzgün etməyib, onu düzgün etməyibdir, bu yanlış olub, o yanlış olub. Azərbaycanda da bəzi pis adamlar Qorbaçova qoşuldular, məni ləkələmək, hörmətdən salmaq istədilər. Mənim haqqımda qəzetlərdə yazdılar. Etiraz etmək istədim, amma buna imkan vermədilər.

Bax, o quruluşa mən sonralar nə üçün etiraz etdim? Çünki imkan vermədilər ki, mən öz hüquqlarımı qoruyum, müdafiə edim. Qəzetlərdə mənim əleyhimə yazılar yazırdılar. Mən qəzetin redaktoruna zəng edirəm, – onların hamısı məni tanıyır, mən də onları tanıyıram, – deyirəm ki, mənə imkan ver, balaca bir cavab yazım. Deyir ki, olmaz. Televiziyada mənim haqqımda deyirlər, televiziyada mənim yaxın adamım olan, baş nazirin birinci müavini işləyərkən mənə tabe olan, yəni əlimin altında çalışan bir adama zəng edirəm ki, icazə ver, mən də beş dəqiqəlik cavab verim. Deyir ki, olmaz. Yəni bir tərəfdən məni təhqir etmək, ləkələmək olar, ancaq mənim cavab vermək imkanım yoxdur.

– Siz Sovetlər Birliyi baş nazirinin birinci müavini işləyərkən Azərbaycanın inkişafında mühüm rol oynamısınız. Neft sənayesinin, ölkənin sənayesinin inkişafı üçün çox böyük işlər görmüsünüz.

– Bilirsiniz, mən 1969-cu ildə Mərkəzi Komitənin birinci katibi olanda 14 il Azərbaycanda çox böyük xidmətlər göstərmişəm. Zavodlar, fabriklər, yollar, elektrik stansiyaları, binalar, xəstəxanalar, mədəniyyət sarayları, ali məktəblər, universitetlər tikilib. Bakıda hansı binaya baxsan, deyəcəklər ki, bunu Heydər Əliyevin vaxtında tikiblər. Bunun çoxunu mən burada işləyərkən etmişəm. Azərbaycanın rəhbəri olakən Sovetlər Birliyinin vəsaitindən, imkanlarından çox faydalanıb respublikamızda, Bakıda, digər şəhərlərdə bu işləri gördüm. Gördüyünüz bu binanı da mən tikdirmişəm. Təkcə bu bina deyil.

14 il burada çalışdım. Beş ildən artıq Moskvada işləyərkən orada yenə də Azərbaycana daha çox vəsait ayırmaqla, respublikamızın işlərini daha da irəliyə aparmaqla məşğul oldum. Mən üst-üstə 20 il bu işləri gördüm. Ancaq 1987-ci ilin sonunda istefaya getdim. Vaxtı itirməmək üçün demək istəyirəm ki, 1990-cı ilədək Moskvada yaşadım. Mən Moskvada heç bir siyasi fəaliyyətlə məşğul olmadım.

O vaxt Sovetlər İttifaqında, Qorbaçov hakimiyyətində mənə qarşı çox mənfi münasibət yarandı. Onlar məni bir millətçi kimi ittiham etmək istədilər. Hətta məni təqib etməyə başladılar. Məni həbs etmək istədilər.

1990-cı ilin yanvarında Azərbaycana qarşı bir təcavüz edildi. Onda mən Moskvada idim. Mən o vaxt Moskvada bununla əlaqədar keçirilən mitinqə getdim. Orada Qorbaçovun Kommunist Partiyasının, Sovetlər Birliyinin əleyhinə sözlər dedim. Onları məhkum etdim ki, siz Azərbaycana qarşı ədalətsizlik, təcavüz etmisiniz, insanlar şəhid olub, qan tökmüsünüz, siz cinayətkarsınız. Bundan sonra məni həbs etməyə çalışdılar. Qəzetlərdə mənim əleyhimə yazılar yazdılar.

Mən Moskvada daha beş ay yaşadım. Məni həbs etməyə çalışdılar, oradan çıxıb buraya gəldim. Gələndə məni buraya buraxmırdılar. Azərbaycana rəhbərlik edənlər, yetirdiklərim, tələbələrim olan adamlar məni Azərbaycana buraxmırdılar. Azərbaycana gəlmək istəyəndə Moskvadan da, buradan da mənim qarşımı almaq istədilər. Mən gələndə Bakıda bir kişini, ziyalı bir insanı gecə öldürdülər. O gəlib hava limanında məni qarşılayacaqdı. Onu vurub öldürdülər ki, məni qorxutsunlar. Dedilər ki, Heydər Əliyev gəlsə, onu da öldürəcəyik. Amma mən 10 gün keçəndən sonra Bakıya gəldim.

Burada – binaları, evləri qurduğum, yaratdığım şəhərdə mənə yaşamağa yer vermədilər. Üç gün qardaşımın evində qaldım. Ondan sonra mənə xəbərdarlıq etdilər ki, sən buradan çıxmalısan. Dedim ki, mən haraya çıxacağam? Bildirdilər ki, ya Moskvaya, ya da haraya istəyirsən qayıt. Mən Moskvaya qayıda bilməzdim. Buradan təyyarə ilə Naxçıvana getdim.

– Siz buradan Naxçıvana gizli, yaxud açıq getdiniz?

– Yox, buradan Naxçıvana gizli getdim. 1990-cı ilin iyun ayında Naxçıvana gəldim. Naxçıvanda məni insanlar bağrına basdı, qucaqladı. Bakıda da insanlar məni çox yaxşı qarşılayırdılar. Ancaq məni camaat arasına çıxmağa qoymurdular. Naxçıvanda bir il sərbəst yaşadım, heç bir şeylə məşğul olmadım. Amma insanlarla görüşürdüm. Onlara söyləyirdim ki, Sovetlər Birliyi, Kommunist Partiyası dağılacaqdır. Mən Kommunist Partiyasından Moskvada çıxmışdım. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı mən Kommunist Partiyasını tərk etdim və Sovetlər Birliyinə qarşı çıxdım. Naxçıvanda Kommunist Partiyasının, Sovetlər Birliyinin əleyhinə və Azərbaycanın müstəqil dövlət olması ilə əlaqədar təbliğat aparmağa başladım.

– Siz Naxçıvanda olarkən Bakı ilə əlaqələriniz var idimi?

– Heç bir əlaqəm yox idi. Yəni mən buraya gəlmirdim. Ancaq mənim yanıma buradan çox adamlar gəlirdi. Mənim gəlib-getməyim yasaq idi. Mən Naxçıvanda yaşayırdım, onlar da məni qoruyurdular. Yenə də deyirəm, amma Bakıdan yanıma çox adamlar mənimlə görüşmək, bəzi şeyləri öyrənmək, məsləhət almaq üçün gəlirdilər. Mən də onlarla görüşürdüm. Alimlər, ziyalılar, elm adamları yanıma gəlirdilər.

1991-ci ilin sentyabrında Naxçıvan əhalisi ayağa qalxdı, meydanlarda dörd gün tələb etdi ki, Heydər Əliyev Naxçıvana rəhbər olmalıdır. Mən istəmirdim. Çünki Sovetlər Birliyi kimi bir fövqəldövlətin rəhbərliyində olmuş bir adam kimi gəlib Naxçıvana, kiçik bir muxtar respublikaya rəhbərlik etmək mənim üçün o qədər də yararlı bir şey deyildi. Mən bunu özümə sığışdırmırdım. Amma xalq gəlib məndən rica etdi, meydanlarda dörd gün bunu tələb etdi, mən də bunu qəbul etdim. Qəbul etməyim də çox gözəl, yaxşı oldu. Nə üçün? Çünki Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvan Azərbaycandan ayrılmış bir vəziyyətdə idi, Azərbaycanın yolu kəsilmişdi, elektrik işığı, istilik, qaz yox idi. Naxçıvan çox ağır bir şəraitdə idi.

Naxçıvanın rəhbəri olduğuma, hörmətimə, gördüyüm işlərə görə muxtar respublika ayağa qalxmağa başladı. Türkiyə ilə Naxçıvan arasında körpü tikdik. Körpü tikilib qurtarmamışdan əvvəl Süleyman Dəmirəl məni Ankaraya dəvət etdi. Süleyman Dəmirəllə mən 1968-ci ildən dost idik. Mən burada çalışarkən Türkiyənin baş naziri kimi o, ilk dəfə Azərbaycana gəlmişdi. Burada ilk görüşümüz olmuşdu, sonra isə əlaqələrimiz davam etmişdi. Mən Moskvada çalışanda da onunla əlaqələrimiz var idi. Ona görə də Naxçıvana gələn kimi o, mənə diqqət yetirdi, yəni qayğı göstərdi. Məni Ankaraya dəvət etdi. Süleyman Dəmirəl mənim üçün Naxçıvana təyyarə göndərdi. Ankaraya getdim, görüşdük. O, Naxçıvana yardım etdi. Biz körpünü istifadəyə verdik, Türkiyəyə yol açıldı. Sonra Türkiyədən elektrik xətti çəkdik. Digər elektrik xəttini isə İrandan çəkdik. Bundan sonra məni İrana dəvət etdilər. Rəfsəncanı da mənə təyyarə göndərdi. Tehrana getdim, onunla da əlaqə qurdum. Biz Naxçıvanı qaldırdıq, yaşatdıq.

– Naxçıvandan sonra Azərbaycanın paytaxtına gəldiniz?

– 1993-cü ilin iyununda Azərbaycanda vətəndaş müharibəsi başlandı. Gəncədən silahlı adamlar gəlib burada Elçibəy hakimiyyətini devirdilər. Bu zaman insanlar gəlib dedilər ki, Azərbaycan dağılır, qardaş qanı tökülür, vətəndaş müharibəsi başlayıbdır, mən Bakıya gəlməliyəm. Gəlmək istəmədim. Çünki doğrusunu deyim, mən Bakıdan küsmüşdüm. Burada bu qədər xidmət göstərməyimə baxmayaraq, mənə qarşı belə münasibət bəslənildiyinə görə küsdüm. Dedim ki, ömrümün sonunadək Naxçıvanda yaşayacağam. Əbülfəz Elçibəy dörd gün ərzində hər gün təyyarə göndərirdi, ancaq mən gəlmirdim. Nəhayət, gəldim gördüm ki, burada işlər, vəziyyət necədir? Gəlib gördüm ki, Azərbaycan dağılır, parçalanır, qardaş qardaşı öldürür. Mən gələndən sonra bir həftə ərzində danışıqlar getdi, sonra parlament sədri seçilməyimə razılıq verdim. Amma iki gün sonra Əbülfəz Elçibəy buradan gizli olaraq qaçdı. Respublika prezidentsiz qaldı. Mən prezidentin səlahiyyətlərini üç-dörd ay icra etdim. Ondan sonra məni prezident seçdilər.

– İcazənizlə, Türkiyə-Azərbaycan əlaqələri məsələsinə toxunaq. Çünki proqramımız sona çatmaq üzrədir. İndi Türkiyə ilə yaxın əlaqələriniz vardır. Bakı-Ceyhan neft kəmərinin çəkilib-çəkilməməsi məsələsi tez-tez gündəliyə çıxır. Vəziyyət nə yerdədir?

– Bilirsiniz, Türkiyə Azərbaycanda imzalanmış ilk neft müqaviləsinin iştirakçısıdır. Müqavilə imzalananda orada Türkiyənin payı 1,75 faiz idi. Müqavilə imzalanandan sonra mən Azərbaycanın payı hesabına bunu 5 faiz artırdım, 6,75 faiz oldu. İyun ayında biz “Şahdəniz” yatağının birgə işlənməsi barədə yeni bir müqavilə imzaladıq. Türkiyə bu müqavilənin də iştirakçısıdır. Orada Türkiyənin payı 9 faizdir. İlkin neftin ixrac edilməsi üçün iki neft kəməri marşrutunu müəyyənləşdirdik. Bu xəttin birincisi Rusiya ərazisindən keçərək Qara dənizin Novorossiysk limanına gedir, digəri isə buradan Gürcüstanın Qara dənizdəki Supsa limanına, Türkiyənin yaxınlığına çıxacaq. Böyük boru xəttinin çəkilməsi barədə danışıqlar gedir. Yəni biz bu boru xəttini iki-üç ilə müəyyənləşdirməliyik. Şübhəsiz, mənim ürəyimdən keçən bu xətti Ceyhana çəkməkdir.

– Necə fikirləşirsiniz, bu boru xətti Ceyhana çəkiləcəkmi?

– Onun çəkilməsi tək məndən asılı deyil. Bu konsorsiumda 11 neft şirkəti var. Burada Amerikanın da, Norveçin də, Rusiyanın da, İngiltərənin də şirkətləri var.

– Sizcə, buna kim mane olur?

– Mane olan yoxdur. Bu məsələ hələ həll edilməyibdir. Mən kimin mane olduğunu deyə bilmərəm. Mən bilirəm ki, kimsə bunu istəmir.

– Bunu bilirsiniz?

– Bəli, bilirəm. Amma bu məsələnin həll edilməsinin vaxtı hələ çatmayıb. Onun həlli üçün hələ vaxt var. İndi bu barədə danışmağın əhəmiyyəti yoxdur. Hər şeyi vaxtı gələndə həll edəcəyik.

– Türkiyənin iş adamları Azərbaycana sərmayə qoyurlar. Onlara deyəcəyiniz bir söz varmı?

– Mən türkiyəli iş adamlarını buraya çox dəvət edirəm. Bu günlərdə Bakıda Azərbaycan-Türkiyə əməkdaşlıq şurasının iclası oldu. Türkiyənin dövlət naziri Namik Kamal Zeybək də bu iclasda iştirak edirdi. Azərbaycanın baş nazirinin müavini Abid Şərifov bizim tərəfimizdən bu işlərə rəhbərlik edir. Burada keçən iclasda araşdırmalar aparıldı. Mən türk iş adamlarının böyük heyətini qəbul etdim. Bu gün də televiziyadan istifadə edib deyirəm: Türkiyənin iş adamlarını Azərbaycana dəvət edirəm. Təkcə ticarət üçün yox, sərmayə qoymaq üçün. İndi dünyanın ən böyük şirkətləri Azərbaycana sərmayə qoyurlar, respublikamıza gəlirlər. Məsələn, Norveç kimi kiçik bir ölkənin 50 şirkətinin hazırda burada ofisi var. Amerikanın 60 şirkətinin, İngiltərənin 60 şirkətinin Azərbaycanda ofisi fəaliyyət göstərir. Yaponiyalılar da Bakıya gəlirlər, onlar da burada ofis açıblar. Ona görə də Türkiyənin iş adamları buraya daha çox gəlməlidirlər. Azərbaycanın iqtisadiyyatının gələcəyi çox genişdir. Türkiyəli iş adamlarına bir daha deyirəm ki, gecikməyin, erkən gəlin, daha yaxşı yer tutun. Azərbaycana gələn iş adamlarına hər cür yardım edilir. Gələnlər çoxdur, amma bundan da çox iş adamlarının gəlməsi lazımdır.

– Cənab prezident, proqramımız sona yetdi. Lütf edib bizi qəbul etdiniz. Artıq 53 dəqiqədir ki, Sizinlə söhbət edirik. Təbii ki, Sizinlə 53 saat da belə söhbət etmək kifayət deyildir. Çünki Siz bir tarixsiniz, tarixdə silinməz iz qoyan lidersiniz. Buna görə Sizə çox təşəkkür edirik. Azərbaycan televiziyasının əməkdaşlarına da minnətdarıq. Hamınıza təşəkkür edirik, çox sağ olun.

– Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Sizin bu imkanlarınızdan istifadə edib öz hörmətimi, ehtiramımı, salamlarımı Türkiyə Cümhuriyyətinin bütün vətəndaşlarına çatdırıram. Türkiyə Cümhuriyyətinə, dövlətinə, xalqına öz sevgimi, məhəbbətimi bildirirəm. Türkiyə ilə azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri sarsılmazdır. Bunu artıq heç kəs sarsıda bilməz. Azərbaycanın dövlət müstəqilliyi yenilməzdir, dönməzdir, əbədidir. Azərbaycan əbədi müstəqil bir dövlətdir. Müstəqil dövlət kimi Azərbaycan Türkiyəni özünə ən yaxın bir qardaş, dost ölkə kimi qəbul edibdir. Mən Türkiyədə olarkən demişəm ki, biz bir xalq iki məmləkət, iki dövlət, bir xalqıq. Bu sözləri Türkiyədə indi çox adamlar təkrar edirlər. Bu sözləri bir daha deyirəm. Bu, o deməkdir ki, xalqlarımız bir kökdən olan xalqlardır. Biz bir dildə danışan xalqlarıq. Ənənələrimizin, adətlərimizin hamısı eynidir. Adlarımız da, bütün həyatımız da eynidir. Xalqlarımız bu köklər əsasında əsrlərdən-əsrlərə dost kimi yaşayıblar. Bu dostluğumuz da əbədidir.

Hazırladı: Xaqani SƏFƏROĞLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar