Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Karvan” öz-özünə yanır, yoxsa yandırılır?!



Sumqayıtdakı “Karvan” ticarət mərkəzi yenə yandı.


 Budəfəki yanğın ötən il oktyabrın 19-da baş vermiş yanğından güclü deyildi

Amma yenə də zərərçəkənlər var. 

Budəfəki yanğın ötən ilkindən fərqli olaraq can aldı.

Yanğının ilkin ehtimal olaraq qısaqapanmadan olduğu deyilsə də ötən ilki yanğın kimi bu yanğının da bilərəkdən törədildiyi iddia olunur.

Bu iddiaları bu gün virtualaz.org saytının ticarət mərkəzində olan müxbiri ilə söhbətində zərərçəkənlər dilə gətirib. Onlar belə yanğınların təsadüfən baş verə biləcəyinə inanmır.

Əvvəlcə ötən ilki yanğın haqda. Ötən il oktyabrın 19-da saat 19:30 radələrində “Karvan” ticarət mərkəzində dəhşətli yanğın oldu. Yanğın nəticəsində 4 mərtəbədən ibarət ticarət mərkəzinin 23700 kvadratmetr sahəsi külə döndü. 1000-ə yaxın ticarət obyekti yararsız hala düşdü, ticarət mərkəzinin özünə 2 milyon manat, sahibkarlara isə yüz minlərlə manat dəyərində ziyan dəydi. Malını yanğından qurtara bilənlər növbəti zərbəni oğrulardan aldı. Ötən ilki yanğın oğurluq faktları ilə də gündəmə gəlmişdi.

Dünən axşam baş verən yanğının qarşısı isə tez alındı deyə faciənin miqyası nisbətən kiçik oldu. Zərər də ötən ilki kimi olmadı. Gecə saat 10 radələrində başlayan yanğının miqyası ötən ilkinə nisbətən kiçik olsa da yenə də maddi, mənəvi, fiziki baxımdan zərər çəkənlər oldu. Ticarət mərkəzinin bütün mərtəbələrini bürüyən yanğın 600 kv/m ərazini külə çevirdi.

Bu yanğında zərərçəkənlərin sayının az olmasının səbəblərindən biri də yanğın baş verən ərazidə mağazaların əksəriyyətinin boş olması olub. Belə ki, ötən ilki yanğından sonra ticarət mərkəzinin bu hissəsindəki mağazalar yararsız hala düşdüyündən burada kimsə ticarətlə məşğul olmağa maraq göstərməyib. Binanın əsasən 1-ci mərtəbəsində mağazalar çox olub. 2-ci mərtəbəsində isə iki paltar mağazası, bir lombard və bir də dərzi dükanı fəaliyyət göstərirmiş. Elə əsas zərər də bu obyektlərin sahiblərinə dəyib. 200-dən çox mağazadakı mallar, əsasən pal-paltar isə qatı tüstüdən yararsız hala düşüb.

Yanğının ilkin başvermə səbəbi kimi qısaqapanma göstərilsə də mağaza sahibləri bununla razılaşmır. Onlar belə bir hadisənin mümkün olmasına inanmırlar. Çünki ticarət mərkəzində 24 saat mühafizə var. Dükan sahibləri sual edir: əgər belə dəhşətli yanğınlar olursa, mühafizəçilər niyə gec xəbər tutur?

Ötən il səsləndirilən fikirlərlə builki rəylər yenə də eynidir. Satıcıların əksəriyyəti əmindir və bunda israr edir ki, bu yanğın Sumqayıtda daha “yağlı” ticarət nöqtələri uğrunda savaşan yerli mafiozların “əl işi”dir və ya ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovla qərəzi olan şəxs və ya şəxslər bu cür əməllərə əl atmaqla başqa niyyətlər güdürlər.

“Bazar sahibi nə etsin? Yandırırlar...”

Ticarət mərkəzində lombard dükanı işlədən Zeynal Rüstəmov da zərəçəkənlərdəndir. Z.Rüstəmov virtualaz.org saytının müxbiri ilə söhbətində dedi ki, hər iki yanğın ona və ailəsinə ciddi ziyan vurub: “Keçən il baş verən yanğında mağazamız yararsız vəziyyətə düşmüşdü. Qızım birinci mərtəbədə paltar satırdı. Mağazası yandı. Sonra gəldi ikinci mərtəbəyə. Bu dəfə də yanğın oldu, mallar yanmasa da hamısını his-tüstü pis günə qoyub. Biri də satış üçün yararlı deyil. Mənim işlətdiyim bu mağaza onsuz da bərbad idi. Yağış yağanda su içəri dolurdu. Yanğından sonra dükanın şüşələri sınıb, içərini his basıb. Dükanda olan kompüter, printer, sənədlərin hamısı yararsız hala düşüb. Ötən il dəyən ziyana görə səsimizi çıxarmadıq. Heç kim də kömək eləmədi. Bu dəfə də kömək edən olmayacaq. Bu mağazaların hamısı icarəyə götürülüb. Heç kimin də sığortası yoxdur”.

Z.Rüstəmov deyir ki, ticarət mərkəzinin ötən ilki yanğından sonra yalnız dam örtüyü təmir olunub. Burada tikinti işlərinin aparılmasına icazə verilməyib: “20 gün olardı ki, təmir işlərinə başlanmışdı. Amma yanğın oldu, hər şey batdı”.

Ticarət mərkəzinin bilərəkdən yandırılması ehtimalı ilə Z.Rüstəmov da razıdır. Zərərçəkəndən bazar rəhbərliyindən hansısa yardımın edilib-edilmədiyini soruşduq. Cavabı belə oldu: “Bazar rəhbəri nə etsin? Yandırırlar da...”

Ölən və yaralanan fəhlələr

Yanğın zamanı bazarda çalışan 5 fəhlə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Lakin fəhlələrdən biri - 1967-ci il təvəllüdlü İlqar Əliyev ölüb. O, tüstüdən boğulub.

Bəs fəhlələrin gecə vaxtı ticarət mərkəzində olmasının səbəbi nə idi?

Öyrənirik ki, ticarət mərkəzində ötən ilki yanğından sonra başladılmış təmir işlərində çalışan fəhlələr elə burada da gecələyirmiş.

Ölən İ.Əliyev İmişli rayon sakinidir. Yaralanlardan Ramiz Əhmədov və Ramil İsmayılov Şirvan, Nicat İsmayılov isə Salyan rayon sakinləridir. Müxtəlif rayonlardan gələn və burada günəmuzd işləyən fəhlələr qalmağa yerləri olmadığından gecələri ticarət mərkəzinin boş mağazalarının birində yatırmış. Hadisə şahidləri yanğının fəhlələr yatdıqdan sonra baş verdiyini deyir.

“60 minlik malım yandı, keçən il də mallarım məhv olmuşdu...”

Dünənki yanğında ən çox zərər çəkən Bahar xanım adlı ticarətçidir. Qadın paltarları satan Bahar xanımın 60 min manata yaxın dəyəri olan malı kül olub. O, mağazasından bir dənə də olsun salamat əşya çıxara bilmədiyini deyir. Yanğından geriyə qalan sadəcə malların siyahsı olan dəftərdir...

Bahar xanım da ticarət mərkəzinin  qısaqapanmadan, elektrik xətlərindəki nasazlıqdan yanmasına inanmır. O, bu yanğının kimlərsə tərəfindən qəsdən törədildiyini düşünür.

“Keçən il baş verən yanğında mallarım yanmamışdı. Amma his və yanğınsöndürən maşınların vurduğu su bütün mallarımı zay eləmişdi. Heç birini nə sata bildim, nə də geri qaytara. Keçən il də bu qədər malım zay oldu. Bu mağazanı yenicə icarəyə götürmüşdüm. Əlimdə-ovcumda nə varsa, hamısını vermişdim mala. Dükandan çıxara bildiyim yalnız borc dəftərləri oldu. Bu dəftərlərdə də yeni aldığım malların siyahısı və borclar yazılmışdı. 50-60 minlik malım məhv oldu...” - deyə Bahar xanım ona dəyən ziyandan danışarkən bildirdi.

Bahar xanımı ən çox qəzəbləndirən ona ötən ilki yanğına görə mağazanın icarə pulunda güzəşt edilməməsidir: “Əvvəl işlədiyim mağaza keçən il yanandan sonra bu mağazanı götürdüm. Amma mənə yer pulunda güzəşt etmədilər. Dedilər ki, verməlisən, vəssalam...”

“Bəyin kostyumu yandı”

Ticarət mərkəzinin ikinci mərtəbəsində dərziliklə məşğul olan, amma adının çəkilməisini istəməyən zərərçəkən isə bunları dedi: “Nə qədər sifariş götürmüşdümsə, hamısı yanıb məhv oldu. Bu gün axşama bəy kostyumu təhvil verməli idim, amma yandı. Səhər zəng vurdum ki, dükan yanıb, get özünə yeni kostyum al. Bu da bizim xeyrimiz. Kostyumu 5 manata düzəldəcəkdim, 80 manat verib təzəsini almalıyam. Amma şükürlər olsun ki, tikiş maşınlarım yanmayıb. Mağazaya 200 manat icarə pulu verirdim”.

Zərərçəkənlərin əksəriyyəti ilə söhbət eləmək imkanımız oldu. Bəzi mağaza sahibləri mətbuata danışmağın heç bir faydasının olmadığını dedilər. İddia edirlər ki, hətta əksinə, mətbuata danışanda sonradan onlara başağrısı yaradırlar. Ona görə də zərərdidələrin çoxu dərdlərini deməkdən imtina etdilər.

Amma etirazlarından da qalmadılar. Adlarının çəkilməsini istəməyən satıcılar dərdlərini, şikayətlərini dilə gətirərək bir ağızdan “ürəkləri istəyəndə yandırırlar”, “nə oyun varsa, yenə yandırdılar”, “imkan vermirlər ki, bir tikə çörək qazanaq”, “kiminsə kimdənsə xoşu gəlmirsə, gəlib buranı yandırır” kimi fikirlər səsləndirdilər.

İndi isə “Karvan”dakı müəmmalı yanğınlarla bağlı digər maraqlı məqamlar haqda...

Dünənki yanğın 9 gün sonra baş versəydi, düz 1 ili tamam olacaqdı. 9 gün sonra - oktyabrın 19-da “Karvan” ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun ad günüdür. Bu - məsələnin bir ilginc tərəfi.

Ötən il A.Əhədova ad günündə “sürpriz” olub və ya ediblər. Ticarət mərkəzinin sahibi ötən ilki yanğın xəbərini restoranda özünə ad günü keçirərkən alıb. Bu il də A.Əhədova ad günü qabağı “hədiyyə” oldu. Görünür, bu “hədiyyə” ötən ilkindən azca ucuz alınıb...

Daha bir maraqlı məqam hər iki yanğının iş vaxtı bitəndən sonra baş verməsidir. Keçən ilki yanğın saat 19:30-da, dünənki yanğın isə 21:00-da baş verib. Ticarət mərkəzində iş vaxtı saat 19:00-da başa çatır.

Səbəbinin adı “qısaqapanma” olan müəmmalı yanğınların nəticəsi olaraq belə fikirlər də səsləndirilir ki, ticarət mərkəzi fəaliyyətini artıq birdəfəlik dayandıracaq. Səbəb kimi isə baş verən ardıcıl yanğınlar və təhlükəsizliyin təmin edilməməsi göstərilir.

Bu gün ticarət mərkəzində olarkən demək olar ki, yanğınsöndürmə lövhələrinə rast gəlmədik. Bir dənə yanğınsöndürmə balonu gördük. O isə istifadəyə yararsız idi. Satıcılardan yanğınsöndürmə lövhələrinin olub-olmamasını soruşduq. Aldığımız cavab belə oldu: “Keçən ilki yanğından sonra hamısı yoxa çıxdı. Əvvəl bir-iki yerdə quraşdırmışdılar”.

Hər kəsdə suallar, şübhələr doğuran bu yanğınların əsas səbəbi nədir? Bu yanğınları kim və hansı məqsədlə törədə bilər?

Ötən ilki yanğından sonra bu suallar ticarət mərkəzinin sahibi Ağamirzə Əhədova da verilmişdi. A.Əhədovun cavabı isə belə olmuşdu: “Allah onların cəzasını verəcək inşallah”.

Onların, yəni kimlərin? Sual hələ də açıq qalır. Amma Əhədovun boş yerə kiməsə qarğış eləməsi də inandırıcı deyil. Görünür, nəsə bilir ki, belə deyir...

Əgər ticarət mərkəzi həqiqətən də bilərəkdən yandırılıbsa, A.Əhədovun arzusu çin olmadı, Allah bunu edənləri cəzalandırmadı. Onlar “Karvan”ı bu il də yandırdı...

Ardıcıl yanğınlardan sonra səslənən fikirlərdən biri də budur ki, Sumqayıt şəhərinin mərkəzində yerləşən bu ticarət mərkəzində gözü olan, yanğınlar “törədən” bəlli-başlı şəxslər və onların burada böyük əyləncə mərkəzi tikdirmək kimi bir arzusu var. İddialara görə, həmin şəxslər bu arzu ilə alışıb-yanırlar deyə “Karvan”ın yandırılmasını da sifariş və ya təşkil edirlər.

Amma bir daha deyək ki, bunlar sadəcə olaraq Sumqayıtda dolaşan rəylərdir. Onların nə dərəcədə düz olmasını araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.

Bütün qaranlıq sualların cavabını zaman keçdikcə tapa biləcəyik. Amma hələlik görünən budur ki, “Karvan”ın dərdi var, elə “Karvan”ı özünə dərd edənlər də. Bazar ona görə yanır...

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar