Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kim deyir ağlamaz kişi...“


İnsan həyatı gözləmədiklərinin reallaşması ilə yeniliklərə qapı açır


 Fərqi yoxdur reallaşan səni üzür yoxsa sevindirir. Bir anda təsəvvür edə bilmədiyim bir yeniliyin qəhrəmanı oldum. Elə bir yenilik ki, çağırılmamış qonaq kimi anidən var oldu. Məni məndən alan bu yenilik özümü dərk etdiyim gündən olmadığım bir mühitə sürüklədi varlığımı, cismimi... 

Bu mühit bir neçə hisslərin qarışığından yaranan fərqli, izah olunmaz duyğusu ilə özünəməxsus aura bəxş edir. Ordakı insanlarda fərqli idi. Heç bir zaman olmadığın bir şəhərə düşdüyünü fərz et. Çaşqınlıqla ətrafı, insanları müşahidə edirsən. Sənə lazım olan bu şəhərdə olsa da, nəyi necə etməli olduğunu bilmədən ortama uyğunlaşmağa çalışmalısan. Həm də bunun kökündə bir əyləncə, istirahət dayanmadan. Hə, bax dediyim mühit bu və bundan daha çox hisslər  yaşadan bir mühitdir. Mühitin insanları cismən eyni görünsələrdə, hər birinin yaşadıqları fərqlidir. Kiminin gözlərində ümid, kiminin gözlərində çarəsizlik, sevinc, məyusluq... İnsanın həyatı daha yaxşı dərk etdiyi, yeni kəşflərə meydan oxuyan, dünyanın fani olduğunu hər an xatırlada bilən o mühitin məkanı: Xəstəxana.

İyirmi beş illik həyatımda ilk dəfə olaraq 20 gün xəstəxana həyatı ilə yaxından tanış ola bildim. Burda olduğum müddətcə anladım ki, həyat yaşadığımız evin içindəkilərindən və öz beynimizdə qurduğumuz düşüncələrdən ibarət deyil. Hanı deyirlər, Həyat çöldədir. Həqiqətən də, həyatı anlamaq üçün sığındığımız məkandan kənara çıxmağı bacarmalıyıq. Dünya bizim evimizdən və ya yaşadığımız ölkədən ibarət deyil. Xəstəxana mənim üçün kəşf etmədiyim bir dünya rolunu oynadı. Orada yeni insanlarla yanaşı yeni həyat hekayələri ilə də tanış oldum. Və anladım ki, insanlığın öldüyünü düşündüyümüz dünyada İnsanlıq hələ də yaşayır. Beş barmaq bir əldə olsada, hər biri fərqlidir. Fərqə vara bilsək, yoxa çıxdığını düşündüyümüz bir çox müsbət dəyərlərin varlığını görmüş olarıq. Acılar insanları doğmalaşdırır. Hətta yad insanları belə mənəvi bağ kimi bir-birinə yaxınlaşdıra bilir. Bunun bariz nümunəsi xəstəxanalardır. Orda heç bir xəstə və ya xəstə yaxını ədavət yaratmır, rəqabət barədə düşünmür, kimsə kiməsə pislik etmir. Əksinə acılarını paylaşaraq qismən sakitləşə bilirlər. 

Həyatımın ən dəyərli insanı, valideyndən çox dostum, sirdaşım hesab etdiyim Anamın xəstəliyi bizi xəstəxanaya gətirib çıxardı. Xəstəxanadakı günlər kimi Anamın xəstəliyi bir şillə kimi gəlmişdi. Düşünsənə, ideallığın olmadığı deyilən həyatda dəyərli insanını idealın hesab edirsən. Düşünmək belə istəmirsən ki, o nə zamansa xəstəlik qarşısında acizləşə bilər. Çünki idealındakı insanı öz aləmində ölümsüz qəhrəman kimi qəbul edirsən. Qəbul edə bilmədiyim açı həqiqətimlə xəstəxananın koridorunda fikirli-fikirli gedirdim. Öz içimə o qədər qapanmışdımki, yanımdan keçən insanlara belə əhəmiyyət vermirdim. Məni fikirlərimdən ayıran bir səs oldu. Bilmirəm niyə amma bu səs məni cəlb etdi. Çönüb arxaya baxanda gənc oğlanın Əməliyyatxana otağının qarşısında yerdə oturub ağladığını gördüm. Yanından keçdiyində varlığını hiss etmədiyim bu insanın  ağlamaq səsinə laqeyd qala bilmədim. Yaxınlaşdım. “Yaxşısız?” deyə soruşdum. Ağlayaraq başını buladı. Yaxşı olmadığını anladım. Elə içdən ağlayırdı ki, nə edəcəyimi bilmədən palataya getdim. Bir stəkan su gətirib oğlana verdim, “İçin” dedim. Suyu içdikdən sonra yenə ağlamağa başladı. Nə olduğunu soruşduğumda “Anam” deyib əməliyyatxana otağını göstərdi. “Anana nə olub?” sualıma əməliyyatda olduğunu və ona bir şey olacağından qorxuduğunu söylədi. Istənilən insanın ən həssas nöqtəsinin anası olduğunu bildiyim üçün nə etməli olduğumu bilmədən “Qorxma, anan yaxşı olacaq” deyə bildim. Ayağa qalxıb gedərkən “Çox sağ ol” sözünü eşitdim. Ayaq saxladım arxaya çönüb gülümsədim. “ Buranın həkimləri yaxşıdır. Əməliyyat uğurlu keçəcək, ağlama. Özünə inamın olsun” dedim. 

Əslində dediyim bu sözlərə özüm belə inana bilmirdim. Bir insan özü ümidsizliklə yaşayırsa, necə başqasına təsəlli verə bilərdi ki?! Təsəlli boş söz yığını olduğu halda dediyim sözlərin qarşımdakını rahatladacağını düşünməzdim. O rahatlamışdı. Ağlamırdı. Gözünü qapıya dikib donmuş halda oturmuşdu. O an bir daha əmin oldum ki, “Kişilər ağlamaz” sözü necə də yersiz sözdür. Istənilən kişi ağlayar. Hətta elə ağlayar ki, qadının bəzən silah kimi istifdə etdiyi göz yaşından belə daha həqiqi, daha ağrılı olar. O oğlan sakitləşsə də, gözüm dolmuşdu. “Təşəkkür edirəm” deyib ayağa qalxdı. “Sənin anan əməliyyatdan sağ-salamat çıxıb yaxşılacaq. Amma mən onu belə bilmirəm. Çünki anam ölümlə mübarizədədir. Həmdə tam müalicəsi olmayan xərçənglə. Özünə inamın olsun. Bunu yadında saxla, güclü ol” deyib getmək istəyərkən əməliyyatxananın qapısı açıldı. Anasının əməliyyatı uğurlu keçmişdi. Xəstəxanada az-çox sevindiyim bir hadisə bu olmuşdu. Sevinmişdim çünki Ana adına layiq qadın tək övladının deyil, hər birimizin Anasıdır.  

Palatamıza gələndə anamın yenə yaxşı olmadığını gördüm. Anam məni axtarırmış. Tez-tez deyirdi, “sən fikir eləmə, mən yaxşılaşacam”. Nə zaman gözündən biraz uzaq düşsəm ağladığımı düşünürmüş. Analar hər şeyi hiss edir.  Onun yanında daim zarafatlar etməyə çalışsamda için-için parçalandığımı, xəstəxana həyətində koridorlarda ağladığımı bilirmiş. Anamı görəndə özümü ağlamaqdan zorla saxlayıb anama gülümsədim. Bəzən başqasının sevincinə şərik olmaq insanı daha güclü, mübariz edə bilir. Oğlanın anasının uğurlu əməliyyatı məndə ümid yaratmışdı. Sönmüş olan ümidim işıq saçmağa başlamışdı. Ümidli olmaq – çarəsizliyin bitdiyi andır. Ümidli olmaq – möcüzələrin reallaşa biləcəyinə inanmaqdır. Ümidli olmaq – insanı həyata bağlayan qüvvətli gücdür. Ümidin gözəl bir şey olduğunu, istənilən problemə ümidlə yanaşanda faydasını görə bildiyimizi dərk etdim...

Xəstəxanada hər gün yeni yaşantılarla üzləşirdim. Bəzən özümü dəyişdirmək istəyirdim. Anama görə ayaqda dura bilməliydim. Amma emasionallıq insana mane ola bilir. Ayaqda dik dura bilmək üçün soyuqqanlı olmağı bacarmaq lazımdır. Günlərlə çalışsamda soyuqqanlı ola bilmədim. Üzərimə düşən ətrafımda yaşananları müşahidə etmək oldu. Bəlkə də dəyişə bilməməyim özümdə bilmədən güclü edirdi məni. Ümidli olmağımın vacibliyini unutdurmamaq üçün idi. 

Bir neçə gündən sonra palataya müvəqqəti olaraq yaşlı bir qadın gətirdilər. İki gün sonra əməliyyat olunacaqdı. Savadlı, şən, pozitiv olan bu qadınakənardan baxan şübhəsizki, bəxtəvərlik verərdi. Amma heçnə göründüyü kimi deyil. Qadının yanında orta yaşlı bir qadın gəlmişdi. Qonşusu imiş.  Bir neçə saat içində yaxşı həmsöhbət ola bilmişdik. Qonşu qadının dediklərinə görə, az öncə yazdığım şən qadının üç qızı varmış. Biri Bakıda, digərləri xarici ölkədə ailə qurub yaşayırlar. İmkanları yaxşı olsada, heç biri anasını sahiblənmir. İllərdir qonşu qadın ona baxıcılıq edir. Bunu biləndə çox təəccüblənmişdim. Necə ola bilərki, səni böyüdüb boya –başa çatdıran, təhsilli olmağına imkan yaradan valideyni heç olmamış kimi silib atasan. Qadın iki gün sonra əməliyyata girdi. Əməliyyat uğurlu keçdi. Qadın sevinirdi amma Ana olaraq ovlad sevgisindən məhrum olmuşdu. Çox şən insanların daxilində dərin hüznləri olur. Bu qadın o tiplərdən idi ki, özü də bilmədən insana güclü olmağı öyrədirdi. Çəkdiyi əziyyətlərə görə layiqli qarşılıq almamağına rəğmən həyatdan soyumamış, əksinə hər kəsə həyatı sevməyi məsləhət görürdü. Belə optimist ananı sahibsiz qoymaq nə dərəcədə doğrudur bilmirəm. Amma buna əminəm ki, anaların göz yaşları kirli vicdanları təmizləyir bəzən. Ananın pisi yaxşısı yoxdur. Ana anadır. İnsanların yaxşı və ya pis mənəviyyatlısı var. Bu isə, Ana adına xələl gətirəcək qədər əsaslı səbəb sayılmaz. Analar bizə təkcə həyat vermir. Həmdə öz həyatlarını bizə bəxş edirlər. Ana yeganə varlıqdır ki, onun sevgisi təmənnasızdır. İnsan nə qədər yaşlanırsa yaşlansın, daim anaya möhtacdır. Ana öz canı ağrıyanda belə bizi düşünən, bizə görə narahat olan, ömrünü şam kimi bizim yolumuzda əridən yeganə qadındır. 

Uşaq doğulanda onun dünyada yaşaması üçün hər şeyindən keçəcək olan bir mələk vardır. Varlığını ona verəcək, hər zaman onu düşünəcək, onun üçün yaşayacaq. O mələk heç bir zaman onu tək qoymayacaq. Bütün nəvazişi, sevgisi o körpənin üstündə olacaq. Sevgisiylə, ruhuyla, cismiylə o körpəni böyüdəcək. O mələyin adı – Anadır...

Gülşən Şərifova
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar