Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən nə Qubad İbadoğlunun, nə də Arif Hacılının tərəfdarıyam”


“İsa bəyin daha aydın şəkildə şərh verməsini, aydınlıq gətirməsini istəyərdim”


Müsavat Partiyasının VIII qurultayından iki aya yaxın vaxt keçsə də, qurultay və başqanlıq seçkisi hələ də müzakirə edilir. 

Başqanlığa namizədlərdən olmuş Tural Abbaslı Musavat.com-a müsahibəsində həmin müzakirələrdən, partiyadaxili gərginlikdən, narazılıqlardan, yeni başqanın fəaliyyətindən, həmçinin fraksiya gözləntilərindən danışıb. 

- Müsavatda qurultaydan sonra gərginlik artıb. Artan narazılıqlara və gərginliyə münasibətiniz maraqlıdır...

- Özümdən götürsəm, həyatımın böyük bir hissəsi Müsavatla bağlıdır. Artıq 15-ci ildir ki, Müsavat Partiyasının üzvüyəm və təbii ki, belə hadisələrin olması bizi ağrıdır. Fərqi yoxdur,- razı, yaxud narazıların, istənilən tərəfin dediyi fikirlər partiyanın imicinə xələl gətirir, dolayısı ilə partiyanı zəiflədir. Müsavat Partiyası həmişə daxilində çox demokratik partiya olub, üzvləri öz fikirlərini sərbəst şəkildə demək, tənqid etmək, hətta mətbuata bildirmək gücündə olublar. Partiyanın nizamnaməsində belə nəzərdə tutulub ki, Müsavat Partiyasının hər hansı bir üzvü partiyanın istənilən qərarlarını istər açıq şəkildə, istər iclaslarda tənqid etmək hüququna malikdir və bu tənqidə görə də heç bir cəza, yaxud da tənbeh tədbiri görülə bilməz. Yəni bu, bizim nizamnamədə belə təsbit olunub. Təəssüf ki, son zamanlar, qurultaydan sonra yaranan situasiyada bir qədər tənqid səsləndirən insanlara qarşı aqressiya yarandı, onlar qovulmaqla təhdid olunurlar, xəbərdarlıq alırlar. Bu da sağlam mühit yaratmır. Bütün bu məsələlərin aradan qaldırılması üçün ilk növbədə məsuliyyət hazırkı rəhbərliyin və hazırkı rəhbərin şəxsən üzərinə düşür. Çünki bütün səlahiyyətlər onun əlindədir və dolayısı ilə partiyada sabitliyin, stabilliyin yaradılması da onun əlahiddə borcudur. Təəssüf olsun ki, partiya rəhbəri də üzvləri ilə hədə-qorxu dilində, təhqir dilində, MNTK-nın düzgün olmayan qərarları ilə, xaric etmələrlə vəziyyəti daha da gərginləşdirir. Mən çox istəyərdim ki, tez bir zamanda bir toplantı keçirilsin, bütün bu məsələlər səmimi müzakirə predmetinə çevrilsin. Mən əminəm ki, belə bir toplantı olsa, bütün bu neqativ hallar aradan qalxar. Çünki hamımız müsavatçıyıq. Hamımız Müsavatın qalib gəlməsi uğrunda mübarizə aparırıq. Belə insanların, məqsədləri Azərbaycan olan insanların dil tapmaları daha asan olacaq. Odur ki, əminəm belə bir zəmin yaradılarsa, konsensus axtarılarsa, mütləq tapılacaq. Mən öz adıma qeyd edirəm ki, istənilən diskussiyada iştirak etməyə hazıram. Təki Müsavat güclü olsun, partiyamızın mövqeyi möhkəmlənsin və 2015-ci ildəki parlament seçkilərinə daha güclü bir Müsavatla gedək.

- Noyabrın 23-də Müsavat ümumrespublika müşavirəsi keçirdi. Müşavirədən sonra partiyadan, rəhbərlikdən gözləntiləriniz necədir?

- Gözləntilərim var. Toplantının müsbət tərəfi odur ki, hər tərəf öz fikrini açıq şəkildə bildirdi, mətbuat, sosial şəbəkə vasitəsi ilə yox, açıq-aşkar bildirdi, öz mövqeyini ortaya qoydu. Problemlərin həllini istəyən insanlar üçün bir xeyli düşünmə predmeti verildi. İndiki rəhbərliyə ən azı iki-üç gün zaman tanımağın tərəfdarıyam ki, bir niyyət göstərici hərəkət etsinlər. Yoxsa sözdə qucaqlaşma, birlik olacaqsa, reallıqda isə onlardan olmayanlar, narazılar təklənəcəksə, bu, eyni proseslərin davamını gətirəcək və müşavirə də statistikadan başqa bir şey olmayacaq. Yəni partiyanın ümumi maraqlarına xidmət edəcək bir proses olmayacaq.

- Keçmiş başqan İsa Qəmbər bu məsələlərlə bağlı sosial şəbəkədə yazdığı statusda, mətbuata verdiyi açıqlamada qurultaydan narazı olan yüzlərlə müsavatçını dolayısı ilə hakimiyyətə işləməkdə ittiham edib. Siz də narazılardan birisiniz. Açıqlamanı necə qarşıladınız?

- İsa bəyin o statusunu hərə özünə sərf edən mənada yoza bilər. Çünki o, qeyd edib ki, baş verənlər Müsavat- hakimiyyət qarşıdurmasıdır. Dolayısı ilə məsələ siz dediyiniz kimidir. Yəni bu məsələni mən şərh etmək istəməzdim. Çünki istəməzdim ki, İsa bəy Müsavatın, fərqi yoxdur 51 ya 49 faizini hakimiyyətin maraqlarına xidmət etməkdə ittiham etsin. İnanmıram ki, İsa bəy belə fikirdə olsun. Məğlub, ya qalib tərəfin iki faiz səs fərqi var. Odur ki, mən bu statusun, şərhin daha aydın şəkildə yaxın zamanlarda açıqlanacağını gözləyirəm. İsa bəyin daha aydın şəkildə şərh verməsini, aydınlıq gətirməsini istəyərdim. Güman etmirəm ki, İsa bəy elə demək istəyib, Müsavatın bir hissəsinin hakimiyyətlə anlaşdığını demək istəyib. Əksinə, əks halda mən öz adıma çox üzülərəm ki, belə bir ittihamın hədəfi oldum. Əslində İsa bəy müşavirədə də bununla bağlı açıqlama vermədi. Baxmayaraq ki, iştirak edənlərin əksəriyyəti açıqlama verilməsini istəyirdi. Amma İsa bəy demədi. Yəqin bir bildiyi var. Xüsusi maraq və diqqətlə o şərhi gözləyəcəm. O söz ki, deyilmir və zamana buraxılırsa, deməli çox önəmli məsələdir. 

- Sizcə, hadisələrdə əsas diqqət mərkəzində olan Qubad İbadoğlu nə dərəcədə haqlıdır?

- Mən nə Qubad İbadoğlunun, nə də Arif Hacılının tərəfdarıyam. Onların mövqeləri var və özləri də öz mövqelərini kifayət qədər mətbuatda açıqlayıblar. Qubad İbadoğlunun da haqqlı tərəfləri var, Arif Hacılının da haqqlı və haqqsız tərəfləri var. Mən düşünürəm ki, burada ən haqqlı tərəf elə mən özüməm.

- Yeni başqanın mətbuatda tez-tez dialoq və sülh çağırışı səslənir, ardınca da Müsavat partiya olaraq, Divan olaraq narazıların əleyhinə hədələyici bəyanatlar verir. Narazılar qovulur, hədələnir, xəbərdarlıq alır. Sizcə bu təzad nəylə bağlıdır?

- Bu, doğrudan da təzadlı vəziyyətdir. Mətbuata bir açıqlama verib, əməldə başqa işi görmək həmin açıqlamada səmimiyyətin olmamasının göstəricisidir. Dialoqa açıq olduğunu və istənilən müzakirəyə açıq olduğunu bəyan edən yeni rəhbər kimisə partiyadan xaric etməməlidir. Hətta nəzərə alsaq ki, bu xaric olunan şəxs keçmiş başqanlığa namizəddir. Və yaxud kiməsə töhmət verilməməlidir. Bugünkü çox həssas durumda bu, ağır nəticələr verə bilər. İndiki addımlar dialoq bəyanatından irəli gələn addımlar deyil. Mən bu bəyanatı səmimi hesab etmədim. Çünki Arif Hacılı dedi ki, dialoqa hazırdır, gərək bunu əməldə göstərəydi, işdə sübut edəydi. Narazıları bir araya toplayaydı, yığaydı, problemləri müzakirə edəydi, bu, daha real dialoqdur. Yoxsa sözdə bir şey, əməldə bir şey. Buna görə onun səmimiliyinə heç kim inanmır. 

- Arif Hacılının narazılarla görüşməməsi nəylə bağlıdır? Doğrudur, o, deyib ki, qapısı hamının üzünə açıqdır, ancaq indiyədək heç kimlə görüş olmayıb.

- Arif Hacılının mövqeyi belədir ki, görüşə hazırdır və qapısı da hamının üzünə açıqdır. Amma qurultaydan sonra bir nəfər də olsun narazı şəxs razı vəziyyətə gəlməyib, fikrini dəyişməyib, proseslərlə barışmayıb. Əksinə, qurultaydan sonra proseslərlə barışan və seçkinin nəticələrini şübhəyə almayan mən də narazılar sırasına qatıldım. Çünki qurultaydan sonrakı bir ay müddətindəki idarəçiliklə, bir ay müddətindəki yanaşmalarla barışa, razılaşa bilmədim. Odur ki, belə vəziyyətdə görüş olubsa da, deməli bu, faydasız görüş olub. Yəni burada səmimi niyyət, mövqe önəmlidir. Siyasi iradə lazımdır ki, görüşdə nəticə əldə oluna. Əgər hansısa görüş təyin olunur və yenə ultimativ dildə danışılırsa, hədə-qorxular gəlinirsə, təbii ki, nəticə verməyəcək. Qapım açıqdır o deməkdir ki, həm də güzəştə, kompromisə hazırdır. Hər hansı bir ümumi razılığa gəlmək üçün bəzi mövqelərdən geri çəkilməyə hazırdır. Yəni kompromis olmasa, razılıq əldə oluna bilməz. Fərq etmir, kompromis həm razı, həm narazı tərəfdə olmalıdır. Amma mən düzəm və öz düzlüyümü sübut edirəm kimi görüşlərin bir mənası yoxdur. Belə olacağı təqdirdə, bu görüşlər formal xarakter daşıyacaq. 

- Narazılar vəziyyətdən çıxmaq üçün müəyyən təklifləri müzakirə edirlər. Bunlardan daha çox müzakirə ediləni fraksiya məsələsidir ki, bütün narazı namizədlər görüşüblər də. Fraksiya hazırlıqları nə yerdədir?

- Bununla bağlı işçi qrupu yaradılıb. Burada həm keçmiş namizədlər, həm keçmiş Divan üzvləri, keçmiş müşavirlər, hazırda bəzi rayon təşkilatlarının rəhbərləri olan şəxslər daxildirlər. Geniş tərkibli işçi qrupudur və bu işçi qrupu artıq fraksiyanın yaradılması ilə bağlı işlər görür. Fraksiyanın yaradılması və partiya daxilində nizamnamə çərçivəsində fəaliyyət göstərilməsi ciddi şəkildə müzakirə edilməkdədir. Danışıqlar yekunlaşmaq üzrədir. Əgər işlər planlaşdırdığımız kimi getsə, tezliklə fraksiya yaradılacaq, elan olunacaq. Fraksiya partiyanın işinin daha da inkişaf etdirilməsi, daha da qabağa getməsi üçün fəaliyyət göstərəcək. Alternativ proqramlar, təkliflər verəcək, partiyanın işinin güclənməsinə xidmət edəcək. Birbaşa niyyət budur. 

- Son olaraq, sizcə, Müsavat Partiyası parçalanacaqmı? 

- Parçalanma... Mən buna inanmıram. Çünki Müsavat uzun illərin partiyasıdır və burada yüzlərlə təcrübəli siyasətçi var. Hamımızın ambisiyalarımız nə olur olsun, məramlarımız nə olur olsun özümüzü haqlı görsək də, hamımız müsavatçıyıq. Müsavat adına vurğun insanlarıq, Müsavatın əsgərləriyik. Ona görə inanmıram ki, Müsavatda parçalanmalar olsun, yaxud yeni partiya yaransın. Ola bilsin, istefalar olsun. Amma inanmıram ki, partiya parçalana. Ən azından mən və tərəfdarlarım qətiyyən Müsavatın parçalanması və yeni partiyanın yaranmasının tərəfdarı deyil. Biz Müsavat Partiyası daxilində fəaliyyət göstərib bu hakimiyyətə qalib gəlmək niyyətindəyik.

P.S. Tural Abbaslı bu müsahibəni  Arif Hacılı ilə görüşməzdən bir gün öncə verib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar