Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən xristian mələklərlə işləyir, adamları iyləyib müalicə edirəm”


Azərbaycanda qədimdən bəri insanların taleyi ilə bağlı xəbərlər verən, öncəgörmə ilə məşğul olan insanlar olub. Onlar indi də var. Falçı, baxıcı, ekstrasens və s. adlar altında fəaliyyət göstərirlər


Cəmiyyətdə belələrinə birmənalı münasibət yoxdur. Savadlı insanlar belə şeylərə tarixən inanmayıb, falçılığı, öncəgörməni hoqqabazlıq, əllaməçilik, xurafat və mövhumatçılıq, dindarlar isə haram və günah əməl sayıb.

Amma bu adamlara inananlar da az deyil. Nəinki az deyil, hətta düşünüləndən də çoxdur. Onların "daşdan keçən arqumenti" də var. Adətən belə iddia edirlər ki, bu insanlara “anadangəlmə vergi” verilir və bu verginin dərəcəsinə uyğun olaraq da hərəsinin öz öncəgörmə, müalicə, tale oxuma və s. metodu olur. Doğrudanmı belədir?

PİA.AZ xəbər verir ki, virtualaz.org saytı bu sualla 2011-ci ildə “Space” televiziyasında yayımlanan “Ekstra hiss” layihəsinin qalibi olmuş Lamiyə İsmayılovaya müraciət edib. Özünü “falçı, görücü” yox, daha çox ekstrasens adlandıran L.İsmayılova ilə söhbəti təqdim edirik.

-Lamiyə xanım, falçılar son vaxtlar yaman artıb. Son zamanlar yalançı falçılara da çox rast gəlinir. Bunu nə ilə əlaqələndirərdiniz?

-Hazırda insanların problemləri başından aşıb-daşır. Bu da insanların bəzi psixoloji sarsıntılar keçirməsinin nəticəsidir. Belə problemlərlə üzləşən insanlar bilmir ki, kimə müraciət etsin. Bunun nəticəsi olaraq psixoloji cəhətdən zəif olanlar yalançı falçıların güdazına gedirlər. Psixologiya, parapsixologiya, astrologiya elmlərindən xəbərdar olan biri kimi deyə bilərəm ki, insanların psixoloji zəifliyindən istifadə edib onları aldatmaq olmaz. Çünki belə bir çətin vəziyyətə düşən insanlar bizlərə inanıb müraciət edirlər. Onların inamını doğrultmamaq və aldatmaq insanlıqdan kənar bir addım olardı.

-Siz falçısınız, yoxsa ekstrasens?

-Mən ekstrasensəm. Falçı fal açır və insan taleyinə baxır. Biz “ekstrasens” deyəndə ekstra gücə sahib olan insanları nəzərdə tuturuq. Yəni söhbət güclü hissiyyata malik olan insanlardan gedir. Ekstrasens insanı bioenerji vasitəsilə müalicə edir. Hazırda bəzi cahil insanlar falçıya da, az qala qaraçıya da “ekstrasens” deyir. Halbuki belə deyil. Qaraçıların kiminsə falına baxması onların ekstrasens olmasına dəlalət etmir. Ümumiyyətlə, “ekstrasens” sözünü işlətmək həm elmi-mədəni baxımdan məqsədəuyğundur, həm də söhbət bu sahədə biliyi olan insanlardan gedir. Ekstrasens güclü hissiyyata malik olmaqla bərabər həm də psixologiya elminə dərindən bələd olmalıdır. O, parapsixologiyanı bilməklə yanaşı insan energetikasını balanslaşdırmağı bacarmalıdır.  Əgər ekstrasens enerjini düzgün şəkildə istiqamətləndirə bilmirsə, deməli, o, ekstrasens deyil. Bir də görürsən hansısa falçı deyir ki, mənə yuxuda vergi verilib. Bəli, həmin falçı müəyyən sahədə insanın taleyi ilə bağlı bir neçə fakt deyə bilər. Amma onlar insanı müalicə edə bilmirlər. Gördükləri işlər müəyyən həddə qədərdir.

-Sizə müraciət edən insanları hansı üslullarla öyrənib müalicə edirsiniz?

-Mən insanları bir çox üsullarla müalicə edirəm. Onlardan da biri qoxudur. Bu, ilk baxışdan sadə görünsə də əslində çətin bir prosesdir. Mənim yanıma müxtəlif xəstəliklərə yoluxmuş insanlar gəlir. Mən onlardan mənfi enerjini çıxarandan sonra çox əziyyət çəkirəm. Elə hallar olur ki, həmin mənfi enerji mənə keçir və bundan uzun müddət əziyyət çəkirəm. Bunu hər insan bacarmır.

-Bəs siz necə bacarırsınız?

-Özümdən asılı olmayaraq insanı iyləyir və onun haqqında müəyyən informasiya əldə edirəm. Düzdür, ictimai yerlərdə bu cür hallar tez-tez baş vermir. Məsələn, siz bu otağa girəndə sizi də iyləməyə başladım, amma tam iyləyə bilmədim. Elə insanlar var ki, onları tez iyləyirəm.

-Hansı xəstəlikləri müalicə edirsiniz?

-Bir çox xəstəliklərin öhdəsindən gəlməyi bacarmıram. Mən müəyyən xəstəlikləri əlimdəki biotokla müalicə edirəm. Bunun üçün sadəcə müraciət etmək lazımdır. Mənə müraciət edən insanlardan bir də görürsən biri zəng edib deyir ki, qolum çıxıb, gəlim yanınıza, müalicə edin. Təbii ki, belə insanları qəbul etmirəm. Mən insanı o zaman müalicə edirəm ki, həmin adamın dərdinə çarə tapılmır. Elə insanlar var ki, öz orqanizmini kimyəvi maddələrlə, dərmanla zəhərləmək istəmir və istəyir onu mən müalicə edim. Belə halda köməyim dəyir. Amma məsləhət görürəm ki, ilk növbədə həkimə müraciət etsinlər.

-Kimisə sağaltmısınızmı heç?

-Misal olaraq deyim ki, bu yaxınlarda bir insanın bədənindəki xərçəng şişlərini əlimdəki biotokun gücü ilə əritmişəm. Ancaq mənə qədər həmin adama həkimlər də kömək edə bilməyiblər. Amma elə xəstəliklər var ki, onlarla bacara bilmirəm. Buna yalnız mənimlə təmasda olan qüvvələrdən informasiya alandan sonra qərar verirəm.

-Siz də falçılar kimi hansısa məchul qüvvələrlə işləyirsinizmi?

-Xeyr. Mən qoruyucu mələklərlə işləyirəm. Onlarla demək olar ki, daim təmasda oluram. Biz gecələr oturub söhbət edirik. Xəstələnən zaman onların mənə çox köməyi dəyir. Hamısının ad-familiyasını bilirəm. Amma onların adları ərəb adları deyil. Bu qüvvələrin adını insanlar içində çəkmək olmaz. Onlar həmişə mənimlə yatır. Qəribə hisslər keçirirəm. Birdə görürsən ki, qorxulu vəziyyətə düşürəm. Həmin qüvvələrlə kontakta girəndə mənə inanılmaz dərəcədə güc gəlir. Məndə xristian ruhudur və ona görə də xristian mələklərlə işləyirəm. Onlar müxtəlif quruluşda olurlar. Amma dini inancım İslamdır. Özümü müsəlman hesab edirəm və bu dünyadan da Allahın izni ilə müsəlman kimi ölüb gedəcəm.

Onu da deyim ki, məndə əslində 3 dinin gücü var - müsəlman, xristian və yəhudilərin inandığı dinlərin gücü. Ancaq ən çox xristian gücündən istifadə edirəm. Hər bir dinin özünə görə gücü var. Azərbaycanda ekstrasenslər müsəlman üsulundan istifadə edə bilmir. Məsələn, müsəlman üsulundan Türkiyədə daha yaxşı istifadə edirlər. Qardaş ölkədə bu işlərlə məşğul olan kişilərə “cinci”, qadınlara isə “cadı” deyirlər. Məndə xristian üsulu anadangəlmədir. Əgər ekstrasensə bu üsulda güc verilməyibsə, o, bu yolda uğur qazana bilməyəcək. Bir çox ekstrasenslər istəyir ki, xristian üsulu ilə işləsinlər. Amma onlarda alınmır. Hətta bir neçəsi xristian dinini qəbul edib ki, bəlkə ona güc gələ. Halbuki bu güc insana anadangəlmə verilir. Mənə isə bu güc nəsildən-nəsilə ötürülüb.

-Deyirsiniz ki, informasiyanı kosmosdan alırsınız. Bu necə olur?

-Kosmos Allahın qanunudur. Kainatda olan informasiyaları ala bilirəm. İnsan bədənində 7 bədən qatı və çakrası var. Çakralar kosmosla əlaqə mərkəzidir. Çakranın ən yekəsi insanın təpəsinin düz ortasında yerləşir. Əgər insanda  7-ci çakra açıqdırsa, o, kosmosdan informasiyanı alıb-ötürə bilər. İnsan alnının üstündə isə 6-cı çakra yerləşir. Bu isə görmə qabiliyyətidir. Bunun vasitəsilə informasiyanı görə bilərsən. Mənə kosmosdan gələn informasiya müxtəlif cür olur. Bu, səsdən tutmuş görünüşə kimi ola bilər.

-İnsan taleyinə necə baxırsınız?

-Mən taro və arakula kartlarının vasitəsilə insanların taleyi ilə bağlı bəzi məlumatlar verirəm. Gördüyünüz bu arakula kartlarından Azərbaycanda heç kəsdə yoxdur. Bundan yalnız mən istifadə edirəm. İstifadə etdiyim kartlardan da biri mayyalıların kartıdır.

Mayyalıların kartı

Bir də görürsən ölümlə bağlı mənə informasiya gəlir. Təbii ki, bu, müəyyən insanlara aiddir. Mən indi insanın üzünə baxıb onun öləcəyini deyə bilmərəm. Çünki bu, insana ağır psixoloji zərbə olar.

Amma elə olub ki, bir insana onun yaxın qohumunun rəhmətə gedəcəyi barədə demişəm. Həmin insan da qohumunun ölümünə hazırlaşıb.

-Bildiyimizə görə, sizə xaricdən işləmək təklifi gəlib, amma getməmisiniz. Niyə?

-Məni bir çox ölkələrə dəvət ediblər. Amma heç yana getməmişəm. Şükür Allaha, burada dolanışığım pis deyil. Ümumən götürəndə Azərbaycanda güclü ekstrasenslərə şərait yaradılmayıb. Bu gün efir vasitəsilə meydanlara çıxan yalançı ekstrasenslər çoxdur. Halbuki bu insanların bilikləri sıfra bərabərdir. Mən elə insanlarla birgə efirə çıxmaq istəmirəm.

-Deyilənə görə vaxtilə “Space” telekanalında gedən “Ekstra hiss” layihəsinin qalibi olmaq üçün 7000 manat pul vermisiniz...

-Bu sualı bir çoxları mənə verib. Təbii ki, bu, yalandır. Burada puldan heç bir söhbət gedə bilməz. Çünki mən yalançı ekstrasens olsaydım, insanları müalicə edə bilməzdim. “Ekstra hiss” layihəsinin qalibi olmaq da mənim üçün əsas göstərici deyil. Mən ümumiyyətlə kölgədə qalan, amma öz işimi dürüst icra edən insanlardanam.

-Ekstrasenslərin ən əsas müştəriləri adətən imkanlılar, məşhurlar olur. Yanınıza məşhurlardan kim gəlib-gedir?

-Ən çox müğənnilər gəlir yanıma. Onların arasında cavanları çoxluq təşkil edir. Məsələn, yanıma başqa ölkədə yaşayan müğənni gəlimişdi. Dedi mənə kömək elə, burada işlərim yaxşı getsin. Həmin qadın müğənniyə köməyim çox dəydi. Bugünkü gün də həmin insan efirlərdən düşmür. Maraqlısı odur ki, bir müğənni işləri qaydasına düşəndən sonra mənə bir neçə dəfə müraciət edib.

-Qadın müştəriləriniz çox olur, yoxsa kişi?

-Ən çox kişilər gəlir. Cavan oğlanlar xoşladıqları qızların şəkillərini götürüb gəlirlər yanıma. İstəyirlər ki, onları həmin qızlarla tanış edim. Amma etmirəm. Axı bura sevgi məntəqəsi deyil. Mən çox işləri öz üzərimə götürmürəm. Yanıma gələnlərin çoxu evli kişilərdir. Mən kiminsə ailəsini dağıtmaq fikrində deyiləm. Məsələn, əgər qız subay oğlanı istəmirsə, həmin oğlana heç bir köməyim dəyə bilməz. Amma istəsəm, nəsə edə bilərəm. Bu, Allahın iradəsinə zidd olduğundan belə şeylərdən uzağam. Bəli, gəzən kişini öz ailəsinə qaytarmaq üçün qadınlara çox köməyim dəyir.

Qeyri-adi istəkləri olan adamları da çox görmüşəm. Bəzən bir çox kişilər öz arvadlarının kimdən hamilə olması ilə bağlı dəqiq məlumat almaq üçün yanıma gəlirlər. Təbii ki, müraciət edən kişilərin heç birinin arvadı başqa kişidən hamilə qalmayıb. Bu, sadəcə bir qısqanclıqdır.

Keçən dəfə bir kişi mənə deyir ki, bax gör arvadım kiminlə yatır. Mən də dedim ki, onun həyatında sizdən başqa heç kəs yoxdur, əgər şübhəniz varsa, öz yoldaşınızı güdün. Həmin kişi mənə nə cavab versə yaxşıdı: “Arvadım bütün günü anamın yanındadır, onu necə güdüm?” Yəni belə sarsaqlar da olur.

Bu yaxınlarda yanıma bir vəzifəli şəxs gəlmişdi. Məndən xahiş etdi ki, onun keçmişinə baxım. Cavabım isə “əgər siz öz keçmişinizi bilirsinizsə, məndən niyə kömək istəyirsiniz” oldu. Həmin vəzifəli şəxslə bir az söhbət edəndən sonra onun ağlında bəzi problemlərin olduğunu gördüm. Deməyim budur ki, mənim işim o qədər də asan deyil. Çox yoruluram...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar