Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənimlə bağlı verilən qərar hüquqi yox, siyasidir”


Tamilla Qulami: “Qarşımı bircə şeyə görə kəsdilər – Tərtərdə qalib gələ bilərdim”


Xəbər verdiyimiz kimi, Ümid partiyasının və “125-lər” Siyasi Klubunun 95 saylı Tərtər seçki dairəsindən olan namizədi Tamilla Qulaminin namizədliyi qeydə alınmayıb. Namizədliyinin qeydə alınması üçün 450 imza tələb olunduğu halda 550 imza topladığını iddia edən T.Qulami hüquqlarının bərpası üçün məhkəmə instansiyalarına müraciət edib. 

“Yeni Müsavat”a müsahibəsində T.Qulami bu barədə geniş danışıb. Müsahibimiz son durum barədə məlumat verib: 

- Son durum bundan ibarətdir ki, Dairə Seçki Komissiyası namizədliyimizi qeydə almayandan sonra Mərkəzi Seçki Komissiyasına müraciət etdik. Müraciətimizi qeydə almayandan sonra Apelyasiya Məhkəməsinə müraciət etdik. Apelyasiya Məhkəməsi də iddiamızı təmin etmədi. Ona görə də hazırda Ali Məhkəməyə müraciət hazırlanır. Bu gün-sabah sözügedən instansiyaya da şikayət gedəcək. 

- Qeydə alınmamanıza səbəb kimi saxta imzaları göstərdilər. Bu arqument nə dərəcədə əsaslıdır? 

- İmza problemləri ola bilər. Amma 450 imzanı özüm yığmışam. Bu prosesdə şəxsən iştirak etmişəm. Tərtərin bütün kəndlərində mənim dəstəkçilərim var. Hal-hazırda da onlar ümidlərini itirməyiblər və gözləyirlər ki, məhkəmə ədalətli qərar çıxaracaq. 450 imzanı 4 gün ərzində şəxsən özüm yığandan sonra dostların təkliflərini də qəbul etdim. Dostlar dedilər ki, gedib kəndlərdə görüşdüyüm insanlardan da səs yığaq. Həmin səs yığımında dostlar iştirak etdilər, mən birbaşa olmadım. Amma onların hamısına təlim keçmişdim, prosedurları dəqiq bilirdilər. Qeydə alınmamağım qəbulolunmaz bir şeydir. 

- Nə qədər imzanın saxta olması ilə bağlı iddia irəli sürülür? 

- Dairə Seçki Komissiyasında 169 imzamı saxta sayırlar. Orda qeyd olunur ki, ərazidə yaşamayanlar var, şəxsiyyət vəsiqəsində qeyri-düzgünlük olanlar var. Amma Seçki Məcəlləsində göstərilib ki, şəxsiyyət vəsiqəsi qeyri-düzgün yazılanlar varsa – məsələn, nömrələr 8 rəqəmdən ibarətdirsə, amma imza vərəqəsində 7-si qeyd olunubsa, 24 saat ərzində namizədi çağırıb bu barədə ona məlumat verilir ki, texniki səhvi düzəltsinlər. Bizimlə bağlı bunu etmədilər. Daha bir iddia da budur ki, imzanın qoyulma tarixi başqa şəxslər tərəfindən yazılıb və ya bir neçə nəfərin əvəzinə bir nəfər imza atıb. Amma əslində necədir, bilirsizmi? Tərtərdə olarkən gördüm ki, kəndlərdəki insanların heç də hamısı qol çəkə bilmir. Ər qol çəkir, həyat yoldaşı ona baxıb, qol çəkir. Mən diqqət edirdim ki, şəxsiyyət vəsiqəsində necə qol çəkmisizsə, burda da elə qol çəkin. Adamlar deyirdilər ki, biz vəsiqə alanda özümüz qol çəkməmişik, əvəzimizə idarədə qol çəkiblər. Belə boşluqlar vardı. İndi bu boşluqlar bizə problem yaradır. Məsələn, adam Tərtərdə qeydiyyatda olandır, amma Gədəbəydə işləyir. Mən imza yığan vaxt o adam Tərtərdə olub və mən ondan imza almışam. Mənə irad olaraq bildirilir ki, həmin adam Tərtər ərazisində yaşamır. Yenə də deyirəm, şəxsiyyət vəsiqəsində qeyri-düzgünlük ola bilər, amma 100 nəfər yox. 

- Hər yığılan imzanın üzərində şəxsən özünüzün nəzarətini olubmu? 

- 450 imzanın hər birini şəxsən özüm yığmışam. Təsəvvür edin ki, Tərtər Seçki Dairəsi 169 səsi saxta sayıb, 381 imzanı etibarlı sayıb. MSK 428 səsi etibarlı, 122-i etibarsız saydı. Apelyasiya Məhkəməsi isə səslərin 439-nu etibarlı, 111-i isə etibarsız saydı. Çox fərqli rəqəmlərdir. Biz dəqiqliklə işləmişdik. İmza yığdığım hər bir şəxsi dəqiqliklə, üzbəüz xatırlayıram. Ona görə də əminliklə deyirəm ki, bu, hüquqi yox, siyasi qərardır. 

- Yaxşı, bəs bu siyasi qərarın arxasında nə dayanırdı? Hakimiyyət niyə Tamilla Qulamini seçkiyə buraxmaq istəmədi? 

- Tərtərdə kifayət qədər dostlarımız vardı. İnsanlar bilirdilər ki, mən seçkiyə qatılacam. Ona görə də axınla gəlirdilər yanıma. Onların yanına getdiyim kimi, onlar da axınla mənim yanıma gəlirdilər. 90 faiz indiki deputatı - Sahib Alıyevi tanımırdılar. Deyəndə ki, sizin deputatınız Sahib Alıyevdir, tanımırdılar. Jurnalist olduğunu deyəndə yadlarına düşürdü. Yəni, onu deputat kimi yox, jurnalist kimi tanıyırdılar. Bu gün Tərtərdən YAP-ın irəli sürdüyü namizədi dəstəkləmirlər. Mənim seçkiyə qatılmağımın qarşısının alınmasında bir məqsəd vardı – mən orda qalib gələ bilərdim. İnsanlar arasında sorğu keçirilsə, 70 faiz Tamilla Qulami deyəcəkdi. İnsanlara icra nümayəndələri tərəfindən ciddi təzyiqlər vardı. Onlar sosial kartlar alırlar, krediti olanlar var. İşsizlik geniş yayılıb. Bölgələrdəki durumu bilirsiz. İnsanları iş yeri ilə hədələyənlər oldu və sair. Orda insanlar məni atama görə tanıdılar, amma özümə görə hörməti davam etdirdilər. İnsanlar vardı ki, onlara verdiyi imzaya görə təzyiq edirdilər. O da deyirdi ki, mən necə yalandan deyə bilərəm ki, bu qız məni aldadıb, bu yaşda adamı aldatmaq olarmı? Bütün icra nümayəndələri imza verən gənclərə təzyiq edirdi. 

- Az öncə “məni atama görə tanıdılar” dediz... İlk gündən təbliğatınızda “şəhid qızı Tamilla Qulami” xətti vardı. Amma son statuslarınızdan birində oxudum ki, şəhid qızı kimi təbliğ olunmaq istəmirsiz. İlk gündən bu cür xətt aparılması kimin ideyası idi və siz niyə ondan son məqamda imtina etdiz? 

- Mənim şəhid qızım olmamla bağlı ətrafım bilirdi. Atamın doğum və şəhid olduğu günü statusda paylaşım etmişəm. Amma bunu xüsusi olaraq qabartmamışam. Bir dəfə də “Yeni Müsavat” qəzetində bir köşəm dərc olundu: “Atamın adına olan küçədən keçdim...” başlıqlı. Mənim üçün hər zaman qanun qanundur. Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyevə dedim ki, əgər mənim imzalarımda saxtalıq varsa, bunun mənim şəhid qızı olmağıma aidiyyatı yoxdur. Amma siz bilə-bilə ki, şəhid qızıyam, Tərtərdən səs topladım, bu imzaları saxta saysanız, vicdanınız qarşısında cavab verəcəksiz. Mənə orda təzyiqlər olanda qabartmadım. Bəzi qərəzli insanlar yazırdılar ki, Tərtərdə hansı evin qapısını açsan, orda şəhid övladı var. Bir dostumuz bu qərəzə belə cavab verdi ki, şəhid övladlarının hamısımı öz ayağı üzərində dayanıb bir iş görür? Bunu qərəzli olaraq ictimaiyyətə belə qələmə verdilər ki, guya mən atamın adından istifadə edirəm. Amma mən də soruşuram ki, şəhid övladı olaraq atamın adı ilə öyünməməliyəmmi? Baş verən qanun pozuntularının aradan qaldırılmasını namizəd kimi tələb edirəm, şəhid qızı kimi yox. Şəhid qızı kimi dövlətin bizə qayğısı olmalıdır. Yazımda bildirmişəm ki, biz bundan imtina etmişik. Amma dövlət hər bir vətəndaşına babalıq etməlidir, nəinki şəhid övladına. Şəhid ailəsi olmayanlar var ki, sosial problemlər içində batıblar. Mən bu gün nəyi əldə etmişəmsə - təhsil, iş - özüm etmişəm. Qardaşımla mən kiçik otağımızda, gecələr anamla bacımın yuxusunu pozmayaq deyə, işığı söndürüb, televizorun işığında dərs hazırlamışıq, o cür instituta hazırlaşmışıq. 

- Belə bir versiya da səsləndirilir ki, sizin komandanıza hökumətdən və ya qarşı tərəfin adamlarından kimisə qəsdən daxil ediblər. Saxta imzaların yığılmasını da onun əli ilə ediblər. Bu versiyanı nə dərəcədə ağlabatan hesab edirsiz? 

- Olsa olsa, cəmi bir vərəq elə ola bilər. Yaxın saydığımız bir dostumuz oldu ki, ona bir vərəqi verdim. O kəndə daha öncə getmişdim deyə həmin dostumuzu ora göndərdim. Mənə gəlib dedilər ki, ona təzyiq var. Həmin dostumuz o vərəqdə səhvlər etmişdi. Dairə Seçki Komissiyası məhz onun vərəqində olan səhvləri qabardıblar. Olsun 50 nəfər. Bu isə artıq onu göstərir ki, bu, xüsusi tapşırıqdır. 

- Həmin adam sınanmış idi? 

- Bəli. Hər halda sınandığını sanırdım. 

- Sonradan özü ilə bu məsələni aydınlaşdırmağa çalışdınızmı? 

- Təbii. Amma onun qarşımda deyəcək heç bir sözü olmadı. Mən dedim ki, “hər şeyi bir kənara qoyuram, mənə deyərdiniz ki, təzyiqlə üzləşirsiz, nəsə təklif edirlər”, sonra da o vərəqi mənə qaytara bilərdiniz. Tərtərdə dəyərlərə üstünlük verilir. Dedim, məni sevməyə bilərdiniz, amma atamı tanıyırdınız, bu torpaq uğrunda can qoymuş adamın övladına qarşı niyə belə etdiniz? Vəfa borcunu bu cürmü qaytararlar? O, heç nə deyə bilmədi. 

- Həmin adama qarşı təzyiq olmuşdu, ya şirnikləndirmə? 

- Mənə hər ikisini dedilər. Belə şeyləri eşitdim, amma üzərinə getmədim. 

- Hazırda işiniz Ali Məhkəmə mərhələsindədir. Ümidləriniz nə qədərdir? Namizədliyiniz qeydə alına bilərmi? 

- Mən Ümid Partiyasının üzvüyəm, rəhbərliyində təmsil olunuram. Ona görə də ümidimiz, inamımız var. Amma belə gedişata nəzərən baxıram ki, ciddi rəqibəm. Mən Tərtərdə bu cümləni işlədəndə camaat deyir ki, 70 faiz yox, 100 faiz deyin. Hətta namizədlər var ki, insanlarla görüşə bilərlər. Amma daha çox məni gözləyən insanlar var. İnsanlar var ki, uşaqlarını əsgərliyə yola salmaq üçün Tərtərə gediblər. Bilirsiz, çağırış başlanıb və davam edir. Həmin insanlar gəlib mənə deyirlər ki, Tamilla xanım, sizi təbrik edirik, zəfər qazanmısız. Deyirəm, axı namizədliyim qeydə alınmayıb, hansı zəfər? Deyirlər, biz bir neçə gün Tərtərdə olduq, çayxanada, evlərdə, toyda-yasda hamı sizdən danışır. Onların dediklərinə görə, insanlar “bu qıza qarşı haqsızlıq oldu, bu qız seçilib bizim millət vəkilimiz olmalıydı” deyirlər. Amma mən yenə deyirəm, bir insan yaxşı iş görmək istəyirsə, onun qarşısını heç nə ala bilməz. Mən dövlətçiliyimiz, millətimiz uğrunda ən yaxşı işləri görməyə hazıram və bunu edəcəm. Əsas məsələ budur ki, biz insanları seçkiyə gətirməyə bacardıq, partiyadaşlarım bunu bacardılar. Təbii ki, bu, seçki günündə də özünü göstərəcək. Bəzən mənə deyirlər ki, siz partiya olaraq seçkini boykot etməli idiniz. Amma düşünmürlər ki, seçkini boykot etməklə heç nəyə nail olmaq mümkün deyil. Əslində seçkiyə hər kəs qatılmalıdır ki, mübarizə olsun. Bir var hakim partiya bir nəfərlə mübarizə aparsın, bir də var on nəfərlə. Siyasət mənim üçün mövsümi xarakter daşımır. Bu işə girmişiksə, sona qədər davam edəcəyik. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar