Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsəlmanların NATO-su”nda “inqilab”


Nüfuzlu generalın təyinatı regionu silkələdi


Son günlər Yaxın Şərq mətbuatının ən çox müzakirə etdiyi mövzulardan biri Pakistan ordusunun keçmiş rəhbəri general Rahil Şərifin yeni təyinatıdır.

Xatırladaq ki, Səudiyyə krallığı istefada olan və böyük döyüş təcrübəsinə sahib generalı «müsəlmanların NATO-su»na – İslam Hərbi Koalisiyasına qərargah rəisi təyin edib. 

39 İslam dövlətini birləşdirən bu alyansın əsas hədəfi terrorizmə qarşı mübarizədir. 

İndi bu təyinatdan sonra əksəriyyət diqqətlə bu mövzunu təqib edir: son günlərə qədər «ölü doğulduğu» iddia edilən alyans general Şərifin gəlişi ilə güclənə, nüfuz qazana biləcəkmi?! 

Elə Strateq.az da lenta.ru-ya istinadla bu suala cavab tapmağa çalışıb.

***

Səudiyyə öz hərbi alyansını qurmaq ideyasını uzun müddət əvvəl gündəmə gətirmişdi. Yaxın Şərqin taleyinin Vaşinqtonda, Londonda, Moskvada həll olunması Ər-Riyadın xoşuna gəlmirdi. Bir tərəfdən də ABŞ-la münasibətlərin soyuqlaşması krallıqda ciddi təşviş yaratmışdı. 

2015-ci ilin dekabrında kral Salman terrorizmə qarşı mübarizə aparmaq üçün İslam hərbi koalisiyasının (İMAFT) yaradıldığını elan etdi.  

Sünni dövlətlərinin birliyi

Baş qərargahı Ər-Riyadda yerləşən birliyin əsas hədəfinin Suriya, İraq, Yəmən və Liviyada ekstremistlərə qarşı mübarizə olduğu açıqlandı.

Alyansa 34 dövlət daxil oldu. Bir neçə ay sonra onların sayı 39-a yüksəldi.

İran, Suriyaİraq istisna olmaqla, bütün müsəlman dövlətləri alyansa dəvət edildi. İMAFT faktiki olaraq, sünni dövlətlərin birliyi olmuşdu. 

Səudiyyə tələsirdi. 2015-in dekabrı İraqSuriyadakı döyüşlərdə qırılma nöqtəsi oldu. Suriya ordusu Rusiya qırıcılarının dəstəyi ilə açar hesab olunan ərazilərə nəzarəti ələ keçirmişdi və Hələbin azadlığı uğrunda əməliyyata hazırlıq gedirdi. 

Kürdlər Rakka-Mosul yolunu bağlamışdı, İraq ordusu Ramadaya girirdi. Radikal islamçıların tezliklə məhv ediləcəyi ehtimalı güclənməyə başlamışdı.

Səudiyyəli strateqlərdə əminlik yaranmışdı ki, regionda yeni gücə tələbat var. Bu güc bir tərəfdən radikal islamçılara müqavimət göstərəcək, digər tərəfdən də İslama qarşı mübarizə aparan Qərblə heç bir bağlılığı olmayacaq.  

2016-cı ilin mart-aprel aylarında Ər-Riyad IMAFT-da təmsil olunan 21 ölkənin ordusunun iştirakı ilə nümayişkaranə təlimlər keçirdi.

Hətta kral Salman bəyanat da verdi ki, nə vaxtsa müttəfiqlərlə birgə Suriyaya girib oranı radikal islamçılardan təmizləyəcəklər.

İlk uğursuzluq

Lakin sınaq döyüşü – alyans üzvlərinin Yəməndəki hərbi əməliyyatı gözlənilən nəticəni vermədi. 

Məlum oldu ki, qələbə üçün təkcə pul kifayət etmir. Yaxşı hazırlığa, motivasiyalı orduya da ehtiyac var. Bu məsələdə isə xeyli axsama vardı.

Uğursuzluqdan sonra regionun savaş qabiliyyətli üç ölkəsi Yəməndəki hərbi əməliyyatlardan geri çəkildi. Türkiyə və Pakistan əvvəldən öz ordusunu göndərməmişdi. Misirdən gələn hərbi kontingent isə kiçik idi və təbii olaraq gedişata təsir göstərə bilmirdi.

Səudiyyə özü də Yəməndə xüsusi uğur qazana bilmədi. Ər-Riyad belə qənaətə gəldi ki, Türkiyə və Pakistansız "müsəlmanların NATO-su"nu qurmaq mümkün olmayacaq.

Sultan cənuba gedir

Səudiyyə Türkiyə ilə bu istiqamətdə 2015-ci ilin dekabrından işləməyə başladı.

Ər-Riyada səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılamağa şəxsən kral Salman özü getdi. Tərəflər strateji tərəfdaşlıq haqda saziş imzaladılar. Bir neçə ay sonra kral Türkiyəyə səfərə gəldi.

Ankaraya da, Ər-Riyada da tərəfdaşlıq hava kimi lazım idi. Ərdoğan çoxdan başa düşmüşdü ki, Avropa Birliyinin yolunu hələ çox gözləmək lazım gələcək. Ona görə də türk lider Yaxın Şərqdə öz nüfuz dairəsini formalaşdırmağa qərar verdi. 

Bunun üçün ona tərəfdaş lazımıydı ki, böyük pul ehtiyatları olan Səudiyyə də ən uyğun namizəd idi. Üstəlik səudlar söz verdilər ki, Misirdəki son çevrilişdən və prezident Məhəmməd Mursinin devrilməsindən sonra münasibətləri kəskin pisləşən Qahirə ilə Ankaranın arasını düzəltməyə köməklik edəcəklər.

Türkiyənin əməkdaşlığa hazır olması krallıq üçün böyük hədiyyə idi. 78 milyon əhalisi olan, NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyə kimi, Səudiyyəni də ABŞ-ın Yaxın Şərqdəki addımları narahat edirdi.

Türk jurnalist İlnur Çevik bu barədə belə yazmışdı: «Bizim ölkələrimiz regionun aparıcı oyunçularıdır. Onlar ortaq tarixi mirasa sahib olduqlarının, eyni maraqları bölüşdüklərinin fərqindədirlər. Və Qərb ölkələrinin Yaxın Şərqin xəritəsini öz şəxsi maraqlarına uyğun dəyişdirmək cəhdlərini qəbul edə bilmirlər».

Nəticədə krallığın Türkiyənin «İncirlik» hərbi bazasında yerləşən qırıcıları İŞİD-i bombalamağa başladı. Səudiyyənin vəsaiti hesabına silahlar alındı. Türkiyə hazırda bu silahlarla Suriyada döyüş aparır. Lakin Suriyanın şimalında savaşı hələ ki tək davam etdirir.

Həm dost, həm rəqib

Pakistanla məsələ isə bir qədər mürəkkəbdir. Ər-Riyadla İslamabad eyni anda həm müttəfiq, həm də rəqibdilər.

Krallıq İslam aləminin özünün nüvə bombası olsun deyə, pakistanlılara maliyyə yardımı edir.

Pakistandan olan hərbi kontingent isə kral ailəsinin mühafizəsində iştirak edir. Bununla belə, İslamabadı Səudiyyənin bütün müsəlman aləminin lideri olmaq iddiası qıcıqlandırır. 

2015-ci ildə kral Salman yeni alyansın üzvlərinin siyahısını tutanda müttəfiqlərin sırasına Pakistanı da əlavə etmişdi. Qarşı tərəf isə ona xəbər verilmədən adının siyahıya salınmasından təəccüblənmişdi.

Düzdür, zamanla Pakistan IMAFT-yə daxil olmağa razılıq verdi. Baş nazir Nəvaz Şərif krallıq qarşısında özünü borclu (1999-cu ildəki hərbi çevrilişdən – Pərviş Müşərrəf onu devirəndən sonra Şərif Səudiyyəyə sığınmışdı) hiss edirdi və dəvəti də bu səbəbdən qəbul etmişdi. 

Lakin baş nazirin razılığı hər şeyi həll etmədi. Pakistan parlamentinin deputatları yekdilliklə əsgərlərini Səudiyyənin maraqları naminə ölümə göndərməkdən imtina etdilər.

Alyansın konfiqurasiyası İslamabadı məsafə saxlamağa vadar edirdi. Pakistan sünni dövləti olsa da, orada nəhəng şiə diasporası mövcuddur.

IMAFT ilə yaxınlaşma Tehranla münasibətlərin pisləşməsinə və ölkə daxilində konfessiyalararası gərginliyə gətirib çıxaracaqdı. İslamabad isə bundan hər vəchlə qaçmağa çalışır.

Üstəlik, Pakistan iqtisadiyyatı İran neft və qazından asılıdır. Tehranın narazı qalması ölkəyə baha başa gələ bilərdi.

Pakistanı silkələyən xəbər

Və nəhayət, ilin əvvəlində xəbər yayılır ki, Pakistanın Quru Qoşunlarının keçmiş qərargah rəisi, nüfuzlu general Rahil Şərif IMAFT-da Silahlı Qüvvələrin baş komandanı postunu tutacaq.

Bu xəbər Pakistanda partlamış bomba effekti yaradır. Ər-Riyadla Tehran arasında balanslaşmış siyasət yürüdən ölkə qəfildən Səudiyyənin tərəfinə keçmiş kimi görünür.

Məyusluq Pakistan mətbuatında da açıq-aşkar hiss olunmağa başlayır. Qəzet səhifələrində «Pakistanın məşhur simalarından biri olan Rahil Şərif vətənini atıb məkrli vəhhabilərə satıldı» kimi ittihamlar görünməyə başlayır.

Şərifin yaxın ətrafı gərginliyi azaltmaq üçün hərəkət keçir.

General hansı şərtləri qoyub?

Onlar bəyan edirlər ki, general Səudiyyə qarşısında 3 şərt qoyub.

Birincisi, onu heç kim idarə etməyəcək.

İkincisi, alyans üzvləri arasında mübahisə yaranacağı təqdirdə, arbitr rolunu oynayacaq.

Və nahayət, İran mütləq şəkildə alyansa dəvət olunacaq.

Deyilənə görə, krallıq şərtlərin hamısını qəbul edib.

Bu xəbərdən sonra dünənə qədər generalın təyinatından əminliklə danışan Ər-Riyaddan ziddiyyətli açıqlamalar gəlməyə başladı. Danışıqların getdiyi, general Şərifin hələ son qərar vermədiyi də bildirildi, Ər-Riyaddan generala məlum təklifin getmədiyi də.

Mediadakı xaos dərinləşsə də, Rahil Şərif hələ ki susmağa üstünlük verir.

Təbii ki, Səudiyyə üçün Pakistanı alyansa tam şəkildə cəlb etmək və rəhbərliyi altına salmaq üstünlük olardı. Nəhəng döyüş təcrübəsi olan Pakistan IMAFT-ı dərhal ciddi bloka çevirərdi. Lakin general Rahilin təyinatı və İranın alyansa cəlb olunması özü ilə ciddi problemlər də gətirərdi. Tehran hətta razılıq versə belə, alyansı «şikəst» edərdi.

Pakistan üçün IMAFT üzvlüyü həm imkanlar, həm də təhlükə deməkdir. Prinsipcə, kompromis variant – Rahil Şərifin baş məsləhətçi təyin edilməsi də istisna olunmur. Bu, bir tərəfdən İslamabadın diplomatik izolyasiya təhlükəsiini aradan qaldıracaq, bir tərəfdən də Pakistanın öhdəliklərlə yüklənməməsinə şərait yaradacaq.

Dumanlı gələcək

Hələliksə "müsəlmanların NATO-su" ideyasının gələcəyi dumanlı görünür. Fərqli oyunçular, fərqli hədəflər və s.

Terrorizmin əsas hədəf kimi göstərilməsi bir çox suallar doğurur. O mənada ki, iddialara görə, alyansın açar üzvlərinin əksəriyyəti öz maraqları naminə ya birbaşa, ya dolayısıyla hansısa terror qruplaşmasını dəstəkləyirlər.

Alyansın konfiqurasiyası da qarışıqlıq yaradır. Məsələn, Pakistan ümid edir ki, alyans Hindistanla qarşıdurmada onun mövqelərini gücləndirəcək. Misir bu yolla Sinayda islamçılarla başa çıxmaq istəyindədir. Türkiyə ümumiyyətlə, başqa hərbi blokun üzvüdür. Və NATO ilə IMAFT arasında konflikt yaranacağı təqdirdə nə edəcəyi qeyri-müəyyəndir.

Bundan başqa, alyansa şübhəli statuslu bir neçə ölkə daxil olub. Məsələn, vətəndaş müharibəsinin getdiyi Liviya və de-fakto bir neçə hissəyə bölünən Somali kimi. 

Fələstin qurumda ayrıca dövlət kimi təmsil olunur ki, bu da İMAFT-ı avtomatik olaraq İsraillə konfrontasiyaya sürükləyir. 

Bütün bunlara baxmayaraq, Səudiyyə Pakistanın tam dəstəyini təmin edə bilsə, "müsəlmanların NATO-su"nun uğur qazanmaq üçün real şansı yarana bilər.

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar