Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neft Azərbaycan üçün uzun müddət çörək ağacı olacaq”


İlham Şaban: “Azərbaycan vətəndaşı bu on ildə neftin 39 dollar qiymətini də yaşayıb, 143 dollar qiymətini də...”


Son günlər neftin qiymətində kəskin dəyişikliyin müşahidə olunması büdcəsinin əsasını neft pulları təşkil edən digər ölkələrdə olduğu kimi, Azərbaycanda da həssaslıqla izlənilir. 

Müşahidələrimiz onu deyir ki, əvvəlki dövrlərdə Azərbaycan vətəndaşlarında neftə belə maraq yox idi. Lakin indi insanlarımız neft xəbərlərinə daha həssas yanaşırlar. Paralel şəkildə dollar ajiotajı, manatın devalvasiya təhlükəsi, bahalıq gözləntisi və digər məsələlər vətəndaşların qayğılarını artırıb. 

Durumu "Caspian Barrel" Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanla birgə təhlil etməyə çalışdıq. Azərbaycanın karbohidrogen ehtiyatları, ölkəmizin perspektiv taleyi və digər məsələlər müsahibimiz tərəfindən kifayət qədər ciddi şəkildə təhlil olunub.

- İlham bəy, Azərbaycanda neft hasilatının azalmağa getdiyi bir zamanda vətəndaşlarımızın, deyəsən, neft mövzusuna marağı artıb. Sizcə, bu, nə ilə əlaqədardır?

- Əslində vətəndaş elə həmin vətəndaşdır, sadəcə, indiki durumda onun neftə olan marağı sırf sosial-iqtisadi amillərdən qaynaqlanır. Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki,  neftin qiyməti 80, 90 və 100 dollardan yuxarı olanda vətəndaşın maraqları tam başqa idi. Onu öz təsərrüfatını qurub-yaratmaq, olanını genişləndirmək və sair gündəlik məsələlər maraqlandırırdı. Bu zaman onun yadına düşən neftin qiyməti deyildi. Ən çox müzakirə obyekti - mən deyərdim ki, deyingənlik obyekti - isə “bizə neftdən heç nə çatmadı” formasında olan söz-söhbətlər idi. Elə KİV-lərin, qeyri-hökumət təşkilatlarının və xarici təşkilatların da araşdırma mövzusu son 10 ilə yaxın neft gəlirlərindən kimə nə qədər düşməsi statistikası ətrafında olub.  Həmin ərəfədə isə ölkəyə külli miqdarda neft vəsaitləri daxil olurdu. Yeri gəlmişkən, 2005-2014-cü illərdə təkcə Neft Fondunun daxilolmaları 115,8 milyard ABŞ dolları təşkil edib. Onların da ölkə vətəndaşları arasında müxtəlif üsullarla paylanma mexanizmləri mövcud idi. Bunlar leqal və qeyri-leqal hissələrə bölünürdü. Leqal o idi ki, dövlətin büdcəsi ildən-ilə görünməmiş sürətlə böyüyürdü. Məsələn, əgər 2005-ci ildə Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin həcmi cəmi 150 milyon manat idisə, 2008-ci ildə bu göstərici 3,8 milyard manata, 2009-cu ildə 9 milyard manata, 2011-ci ildə pik həddə isə - 11,35 milyard manata çatmışdı. 

Yəni bu qədər vəsait büdcəyə təkcə Neft Fondu vasitəsilə daxil olursa və təbii ki, istənilən halda bundan yararlananlar olur. Məsələnin dərinliyinə getmədən belə demək olar ki, hətta mənimsənilən vəsaitlər belə ikinci və üçüncü “emal” zamanı sadə vətəndaşlara gəlib çatırdı. Düzdür, bunun həcmləri arasında məsafə çox böyük olsa da, ancaq necə deyərlər, aktiv olanlara ötən iki “beşilliyi” xoş-beşlə başa vurmağa kifayət etdi. 

İndi isə büdcənin əsas donoru olan neft birdən-birə ikiqat dəyərdən düşüb və hökumət də başlayıb xərcləmələri kəsməyə...Özü də kifayət qədər. Nəticədə neft gəlirləri başlayıb zəncirvari şəkildə əksər əhaliyə təsir etməyə: büdcədən meqalayihələr alanların sifarişləri azalıb, tikinti-təmir işləri minimuma enib. Təbii ki, bundan yararlananların sayı və gəliri də adekvat şəkildə azalıb. Əvvəllər bu və ya digər şəkildə həmin gəlirdən bəhrələnənlərin özlərinin yaratdıqları özəl strukturların vəziyyəti pisləşib və ya orada çalışanların əmək haqları azaldılıb. Nəticədə bu, ümumilikdə alıcılıq qabiliyyətinə təsir edib. Günahkar kimi isə ortaya neft çıxıb və beləliklə də bir vətəndaş marağı yaranıb ki, neftlə bağlı axırımız necə olacaq. Məsələnin məğzi bundadır...

“Hələ ki 40 milyon tondan artıq neft hasil edirik, neftin ən aşağı qiymətində  belə neft və neft məhsulları ixracından 10 milyard dollardan  çox vəsait qazanırıq”


- Biz də həmin vətəndaşdan biri: bəs axırımız necə olacaq?

- Əslinə qalsa, dramatik bir vəziyyət  yoxdur. Çünki əzəldən Azərbaycan vətəndaşını hökumət digər neft ölkələrindəki kimi hansısa sosial rifahlara öyrətməyib ki, indi onları kəssin və bundan insanların əksər hissəsi şoka düşsün. Bu gün neftin qiyməti faktiki olaraq 2005-ci illər səviyyəsindədir. Azərbaycan vətəndaşı bu on ildə neftin 39 dollar qiymətini də yaşayıb, 143 dollar qiymətini də...Azərbaycanda reallıqda pulsuz faktiki heç bir xidmət yoxdur. Təhsil və səhiyyə pulsuz olsa belə, praktikada yalnız quru adı var. Adicə normal uşaq bağçasının xərcləri orta əmək haqqının yarıdan çoxunu təşkil edir. Diqqət yetirin, sadaladığım bu amillər əslində hökumət üçün neftin aşağı qiymətində təhlükəsizlik yastığı rolunu oynayan əsas vasitədir. Məhz onun vasitəsilə hökumət istədiyi dövrə qədər büdcə xərcləmələrini idarə edə bilər. Axı büdcənin istehlakçıları pulsuz və ya dividentlər şəklində ondan hansısa imtiyazlar tələb etmirlər. Digər neft ölkələrində isə ölkə vətəndaşlarına gəlirlərdən asılı  olaraq sosial paketlər nəzərdə tutulub. Hətta heç bir resursu olmayan Türkiyə belə öz vətəndaşları qarşısında bir sıra sosial öhdəliklər daşıyır.

- Belə çıxır ki, bu gedişlə vətəndaşlar birtəhər öz başlarını saxlayacaq, hökumət isə qlobal işlərlə məşğul olmaqda davam edəcək?

- Ümumən götürsək, belə demək mümkündür. Baxmayaraq ki, artıq bu 10 ildə vətəndaşın yaşayış minimumu da dəyişib, onun dünyaya baxışları da daha əvvəlki kimi deyil. Çünki kommunikasiyası müəyyən qədər artıb, əvvəlki kimi məhdud çərçivə həyatında yaşamır. Ona görə də artıq Rusiyada rublun, Qazaxıstanda təngənin vəziyyətini görüncə özü qərar verir ki, gedib ehtiyatda olan manatını dollara dəyişsin, ya yox. O mənada artıq Azərbaycanın maliyyə rəsmilərinin hansısa çıxışına və şərhinə elə bir ehtiyac yoxdur. 

- Yəni deyirsiniz sadə vətəndaş aktiv həyat tərzini seçib?

- Söhbət adi vətəndaşdan getmir, aktiv vətəndaşdan gedir. Bütün dünyada belədir. Cəmiyyətin lokomotivi aktiv vətəndaşlar olur, digərləri onlara baxıb hərəkət edir. Məsələn, bizdə biri dollar dəyişdi, o biri ona baxdı, beləcə tələbat yarandı və sonu çox maraqla bitdi: hamı devalvasiya gözləyirdi, ancaq Mərkəzi Bank manatı bərkitdi. Baxmayaraq ki, valyutadəyişmə məntəqələrində dollar qıtlığı məsələsi yenə aktual olaraq qaldı. Hökumət hələ ki bu prosesi inzibati üsullarla nəzarətdə saxlaya bilir.

- İlham bəy, qayıdaq neft məsələsinə: Azərbaycanın yaxın perspektivdə iqtisadiyyatının neft amilindən qurtulacağı nə dərəcədə realdır və real deyilsə, neftə nə qədər ümid bəsləyə bilərik?

- Azərbaycan hökuməti 5 il əvvəl ortaya bir proqram irəli sürdü (Azərbaycan 2020: Gələcəyə baxış - İnkişaf Konsepsiyası) ki, 2020-ci ildə onun iqtisadiyyatı artıq neftdən asılı olmayacaq. Bu inkişaf konsepsiyasına görə Azərbaycanın qeyri-neft sektoru artıq 5 ildən sonra adambaşına düşən ixrac həcmini 1000 ABŞ dollar həcminə çatdırmalıdır. Gömrük Komitəsinin rəsmi məlumatına görə, cari ilin I yarımilliyin yekunlarına əsasən, qeyri-neft sektorumuz 870 milyon 795 min dollarlıq məhsul ixrac edib. Bu, ümumi ixracatın 14%-i deməkdir, yəni yerdə qalan pay xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisinin üzərinə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin əvvəlinə əhalinin sayı 9 milyon 593 min nəfər olub. Yəni adambaşına qeyri-neft sektorunun ixracı hazırda illik göstərici ilə cəmi 90,77 dollardır. Daha doğrusu, tuşlandığımız hədəfdən 11 dəfə az. Təbii ki, bu templə göstərilən nailiyyətləri əldə etmək mümkün deyil.

Hökumətin daha çox vurğuladığı bir məsələ də yaxın 5 ildə ÜDM-də neft payının 25%-dək azalmasıdır. Bu zaman digər sektorların, İKT, kənd təsərrüfatı, turizmin yüksək inkişafı ölkənin qeyri-neft sektorunun əsas istiqamətləri kimi göstərilir. 2010-cu il Azərbaycan neftinin pik dövrü olub. O zaman 50,8 milyon ton neft hasil edilib. Onda sənaye sektoru 66% təşkil edirdi. Bunun da əsas hissəsi neft-qaz sektorunun payına düşürdü. Kənd təsərrüfatının ÜDM-də payı 9,3%, İKT-nin payı 2,8%, turizmin payı isə 1%-dən bir qədər çox olub. 2015-ci ilin I yarımilliyin  yekunlarında kənd təsərrüfatının ÜDM-də payı 5,6%, İKT - nin 1,9%, turizminki isə 2,9% olub. Bu arada sənaye sektoru 36%-dək azalıb. O da neftin qiymətlərinin azalması və təbii ki, 2010-cu illə müqayisədə hasilatın 20%-dək düşməsi nəticəsində əldə edilib.

Sualın ikinci hissəsinə gəldikdə isə onu demək olar ki, neft hələ bizim gələcəyimizdir, baxmayaraq ki, qaza keçidi elan etmişik. 

- Düzü, sonuncu fikirləriniz anlaşılan olmadı. Əksəriyyət nefti keçmiş sayarkən siz “gələcəyimizdir” deyirsiniz...

- Təəccüblənməyin! Hələ ki 40 milyon tondan artıq neft hasil edirik, neftin ən aşağı qiymətində  belə neft və neft məhsulları ixracından və onların servisindən 10 milyard dollar, bəlkə bir qədər də çox vəsait qazanırıq. Özü də bu dediklərim mənfəətdir. Təmiz mənfəət. Qeyri-neft sektorunun ixracı isə ümumi rəqəmdir, onun mənfəəti heç zaman açıqlanmır, heç bilinmir ki, 10%-dir, bəlkə 5%-dir, ya 15%. Ancaq ümumi bir rəqəmdir. Ona görə də neft Azərbaycan üçün hələ uzun müddət çörək ağacı olaraq qalacaq. Bu müddət mənim anlamımda dəyər baxımından - illik 10 milyard dollar ətrafında - minimum 15-20 il çəkəcək. Məsələ belədir ki, “Azəri-Çıraq-Günəşli” yataqları üzrə müqavilə 2024-cü ildə bitir. Ancaq müqavilə müddəti bitənədək oradakı bütün nefti hasil etmək mümkün olmayacaq. Azərbaycan geoloqlarının hesablamalarına görə,  o müqavilə sahəsində ən azı 300 milyon tonadək çıxarıla biləcək neft ehtiyatı var.  İkincisi, Xəzərin dərin hissəsində kəşf edilmiş və kəşf ediləcək qaz yataqlarında həmçinin kondensat da olur. Kondensat yüngül neftdir. Özü də kifayət qədər ehtiyatlara malikik Xəzərdə. Bu amilləri nəzərə alsaq, neft hələ bir neçə beşilliyə ölkəyə o gəliri verə biləcək ki, onun qeyri-neft sektoru çox güman ki, bu gedişlə heç 10 il sonra da həmin zirvəyə yüksəlməyəcək. 

Mən bir şeyi diqqətinizə çəkmək istəyirəm ki, qarşımıza gələn beşillikdə hər şey neft-qaz amili ilə bağlıdır: ən iri layihələr, ən böyük investisiyalar,  ölkə xaricində həyata keçirilən layihələr, ölkəyə real gətirilən vəsaitlər. Ona görə də təhsildə də neft sektoruna maraq böyükdür. Əgər neft eramız bitsəydi, onda “neftə” belə maraq olardımı?  

- Bəs qaza olan ümidlər barədə nə demək olar? Bu məsələdə də nikbinsiniz?

- Qaz məsələsi bir balaca qəlizdir, çünki onun ixracı mürəkkəbdir və bir sıra amillərlə bağlıdır. Elə biz durduğumuz yerdə 3 həftədə iki dəfə əsas ixrac kəmərimiz partladıldı. Ancaq xoşbəxtlikdən hər iki halda qaz ixracı olmayan zaman baş verdi. 

Oxucularımız bilməlidirlər ki, “Şahdəniz-2"  layihəsi çox kapitalyönümlü layihədir. Məsələn, ”Şahdəniz-1" layihəsinə cəmi 5,1 milyard dollar kapital qoyulmuşdusa və bu xərcə Türkiyə sərhədinə qədər ümumi buraxıcılıq gücü 7,2 milyard kub metr olan ixrac boru kəmərinin inşası da daxil idisə, indi təkcə “Şahdəniz-2" layihəsinin özünə - qazı hasil edib sahilə gətirmək üçün - 28 milyard dollar vəsait gərəkdir.

-Bu qədər fərqin yaranmasının səbəbi nədir? 

- Əvvəlki layihədə hasilat dayaqlar üzərində quraşdırılmış platformadan həyata keçirilir. Özü də deyim ki, çox yaxşı nəticələrlə. Ötən il bircə platformadan 10 milyard kubmetrə qədər qaz hasil edilib və hasilatda 5 quyu vardı. Siz onların məhsuldarlığını təsəvvür edin. İndi tempi saxlamaq üçün bp şirkəti daha bir quyu qazıb istismara verib. 

“Şahdəniz-2"də də platforma olacaq. Ancaq oradan hasilat həyata keçirilməyəcək. Bu, Xəzərdə ilk ”vışkasız" (buruqsuz-E.P.) platforma olacaq. O, dənizin dayaz hissəsində quraşdırılacaq və texniki funksiya yerinə yetirəcək. Hasilat isə dənizin 550 metr dərinliyindəki manifoldlardan - robotlaşdırılmış hasilatçı qurğulardan - həyata keçiriləcək. Bu da Xəzər üçün tam texnoloji bir yenilik olacaq. Bundan sonra isə qazı hasil etmək üçün 6800-7100 metr dərinliyində quyular qazılacaq. Onların bir çoxu artıq öncədən qazılır. 

Həmin manifoldlardan platformaya və oradan sahilə qazı daşımaq üçün təqribən 500 km uzunluğunda sualtı boru xətləri çəkiləcək. Ümumiyyətlə, “Şahdəniz-2" geoloji baxımdan çox çətin bir yataqdır. Oradan qazı çıxardıb dünya bazarına 3500 km nəql etmək isə daha bir mürəkkəb məsələdir. 

Ona görə də...qazın Avropaya nəqli 2021-ci ildən başlayacaq və ilk beşillik lazımdır ki, şirkətlər yatırdıqları külli miqdarda vəsaitləri müqavilə ilə müəyyən olunmuş çərçivədə qaytara bilsinlər. İkinci məsələ isə ondan ibarətdir ki, qazın Avropada qiyməti proqnozlara görə, 2025-ci ilə qədər heç də baha olmayacaq. Ancaq bəxtimiz gətirsin ki, ondan sonra baha olsun, necə ki, “Azəri-Çıraq-Günəşli” layihəsində ilk neft bazara çıxanda neft 10-15 dollar arasında idi, böyük neftimiz çıxanda isə bundan dəfələrlə yüksək oldu...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar