Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəbiristanlığı gəzib, dolaşıb çıxanda sanki təmizlənirəm“


Qənirə Paşayeva – bu imzanı ən vacib xəbərlərin sonunda eşitməyə vərdiş etmişdik


Çoxdandır o təqdimat “sign off” kimi səslənməsə də, bugünkü gənc jurnalistlərin bir çoxu ona görə jurnalistikaya gəldiyini etiraf edir. Harada qaynar xəbər var idisə, Qənirə Paşayeva orada idi. Hətta uşaqlarına, nəvələrinə ona görə “Qənirə” adı verən valideynlər tanıyıram.
 
Televiziya elə bir yerdir ki, bir dəfə ora düşdünsə ya dabanına tüpürüb qaçırsan, ya da onunla yaşayırsan. Bu sevgini heç nə boğa bilməz. Bəs televiziya ilə nəfəs alan, onu həyat tərzinə çevirən bir insan ondan necə uzaq qala bilib? O vaxtdan bu vaxta nə dəyişdi, həyat onu haralara apardı? Öz ölümünü necə təsəvvür edir?  Onunla dünyaya şanslı gəlməsindən tutmuş, Leyli ola bilməməsinə qədər bir çox şeylərdən danışdıq. Deyəsən, heç nə dəyişməmişdi, hətta səsindəki əvvəlki qətiyyət də. 

PİA.AZ xəbər verir ki, Publika.az “Siyasətsiz siyasətçi” rubrikasının bu həftəki qonağı Tibb Universitetini televiziyaya dəyişən tanınmış jurnalist, millət vəkili Qənirə Paşayevadır.
 
- İş, tədbirlər, ön cəbhədə görüşlər, xarici səfərlər. Hərdən adama elə gəlir ki, Qənirə Paşayevaya 24 saat bəs eləmir. Necə çatdırırsınız bu qədər işi?

- Bilirsiniz, bunu çatdırmaq asan deyil, amma kiçik yaşlarından uşağa zamanı necə idarə etməyi öyrətmək lazımdır. Yəqin ki, mən bunun üçün valideynlərimə borcluyam. Uşaq vaxtdan biz zamanla çox nizam-intizamlı olmuşuq. Səhər tezdən məktəbə gedirdik, məktəbdən sonra musiqi məktəbi, musiqi  bitəndə şahmat dərsləri, şahmat dərsləri olmayan günlər də dram-teatr dərslərinə, xarici dil dərslərinə gedirdik. Bizim hər həftəlik, hər aylıq kitab normalarımız var idi və onları oxuyub ailəmizlə müzakirə edirdik. Zaman elə seçilmişdi ki, bizim üçün boş vaxt qalmırdı. Uşaqlığımdan bu yana  xatırlamıram ki, hansısa uşaq oyunları və ya bu kimi şeylərlə məşğul olum. Həmişə faydalı, bizə lazımlı olacaq işlərlə məşğul olmuşam. Sonra da buna alışdım və institut illərində də bu davam etdi. Həm də o zaman ailənin də yükünün bir hissəsi mənim çiynimdə oldu. Hər zaman çalışmalı olduğuma görə, zaman mənim üçün çox dəyərlidir.
 
Mənim bir gündəliyim var, orada səhər saat 8-dən gecəyə qədər nə etməliyəm, kimlə danışmalıyam, hansı məsələni həll etməliyəm - onlar yazılır. Bundan başqa gün ərzində əlavə olaraq nələrsə də çıxır. Hətta bəzən qarşıdakı bir həftənin proqramları hazır olur. Öncədən planlaşdırılan işlərin gündəliyimdə saatlarla qrafiki olur. Amma həmişə  də hamısını yetişdirmədən axşama qaralayıram. Təbii ki, bitməyənlər də qalır. Ümumiyyətlə, zamanı daha doğru istifadə etmək vərdişi uşaqlıqdan mənə kömək edə bilir.
 
- Mətbuatımızda, televiziyada jurnalist Qənirə Paşayevanın yeri görünür. Darıxmırsınız əvvəlki işiniz üçün?

- Yox, açığı, belə xüsusi darıxmıram. Bəlkə də, işlərimin çoxluğundan, maraqlı olduğundan darıxa bilmirəm. Həm də ona görə darıxmıram ki, hər zaman yazıram, bəlkə də, yazmasam, darıxaram. Çünki mən həyatım boyu yazmışam, elə bir gün olmayıb ki, yazmayım. Televiziyada ya publisistik, ya analitik, ya xəbər, informasiya olsun, ən azı iki-üç xəbər yazmadığım günü xatırlamıram. Davamlı şəkildə xəbərin, analizlərin içində olan və yazan insan birdən-birə yazmaqdan ayrıldığı zaman asan deyil, çox ağırdır. Mən bəlkə, ona görə xüsusi darıxmadım ki, yazmağa davam elədim, bunu atmadım. İndi də müxtəlif məqalələr yazıram, hansısa məsələlərlə bağlı mövqeyimi açıqlayıram və ya publisistik yazılarım olur, kitab yazıram. Hansısa bir qurumun işçisi deyiləm, özüm istədiyim qədər, gücümün çatdığı qədər yazıram. Amma jurnalistika illərim üçün çox darıxıram. Orada gözəl günlərim olub, gözəl dostluqlarımız qurulub, gözəl xatirələrim var. Ona görə də jurnalistika illəri mənim üçün çox dəyərlidir, əzizdir. Həyatı çox dərindən öyrəndiyim, insanları da, dünyanı da tanıdığım illər idi. Amma deyim ki, jurnalistika üçün darıxmağa vaxtım da var, darıxmıram və darıxanda da yazıram.
 

- Xatirələrlə bağlı danışdınız. Mənim yadıma gəlir, o zaman ümummilli lider Heydər Əliyev ANS-in kollektivi ilə görüşmüşdü və sizin haqqınızda dedi ki, bu iynə batıran jurnalistlərdəndir...

- (Gülür) O qədər çox xatirələr var ki... Allah ona qəni-qəni rəhmət eləsin, bizim ümummilli liderimizlə çox gözəl xatirələrimiz var. Biz ondan çox  şeyi öyrəndik. Onunla bərabər səfərlərdə olan bütün jurnalistlərdən soruşsanız, yəqin ki, onların hamısı bunu deyər. O, hər zaman bizimlə söhbət edirdi, hansısa məsələlərlə bağlı fikirlərini bildirirdi. Biz onun fikirlərindən, məsləhətlərindən, tövsiyələrindən, səfərlərdən o  qədər çox şey öyrənmişik ki... Mənə elə gəlir ki, mən də daxil olmaqla onunla səfərlərdə olan jurnalistlərin hamısının həyatında Heydər Əliyevin xüsusi və özəl yeri var. Mən hələ məsələnin o tərəfini demirəm ki, işinin çoxluğuna baxmayaraq o necə diqqət edirdi, bizə bir ata  qayğısı ilə yanaşırdı, necə gəlməyimizi, harada qalmağımızı, yemək yeyib-yeməməyimizi, ümumiyyətlə bütün qayğılarımızla  maraqlanırdı. Hər zaman bizim daha çox bilgili olmağımız üçün zamanın azlığına baxmayaraq söhbət edərdi. Ona görə də onun həyatımızda özəl yeri var və hər zaman sayğı ilə, sevgi ilə xatırlayacağıq.
 
- Tələbəlik illərinizi necə xatırlayırsınız, peşiman olmamısız həkim işləmədiyinizə görə?

- Yox, peşiman olmadım. Çünki mən Tibb Universitetində oxuduğum illərdə televiziyada çalışırdım. Və həkim olmaq  arzusunda olmamışdım. Həkimlik çox gözəl sənətdir, çox önəmli peşədir, bu sahədə çox yaxşı dostlarım var və həkimlik mənim ən çox dəyər verdiyim sənətlərdən biridir. Amma mənim həyata yanaşma tərzim budur ki, insan dəlicəsinə sevdiyi işlə məşğul olmalıdır. Mənim uşaqlıqdan arzum jurnalist olmaq idi və mən həmişə məktəbdə divar qəzetinin redaktoru olmuşam. O zaman sovet dövrü idi və jurnalistikanın bugünkü imkanları yox idi. Mərkəzi televiziya və bir neçə dövlət qəzeti var idi və orada iş tapmaq, özünü təsdiq etmək, istədiyin kimi özünü jurnalistikada ifadə etmə imkanları asan deyildi. Valideynlərim, xüsusən də anam,  hər zaman deyirdilər ki, əgər səni bu sənətə getməyə vadar edən yazmaqdırsa, həkim olaraq da yaza bilərsən, ürəyin istədiyin mövzularda yazılarla çıxış edərsən. Mən məktəbdə ən yaxşı oxuyanların önündə gələrdim, şərəf lövhəsində həmişə şəkillərim birinci olardı, məktəbi “5”lə bitirmişdim. Baxmayaraq ki, qızıl medal alma haqqımı mənim əlimdən öz atam almışdı, çünki  məktəbin direktoru idi. O, bilirdi ki, mən qızıl medal alsam, Tibb Universitetinə bir imtahan verəcəkdim. Elə olsaydı, kimyadan imtahan verəcəkdim və anam kimyaçı olduğuna görə, mən kimyanı əla bilirdim, hər zaman kimya olimpiadalarının iştirakçısı olmuşam. Ona görə də birinci il universitetə daxil olmağın yüzdə doxsan doqquz şansı əlimdə olmuşkən atam 4 imtahan verəcəyimi bilə-bilə mənə qızıl medal vermədi. Dedi ki, sənin buna haqqın var, amma deyərlər ki, atası  məktəb direktoru olduğuna görə qızıl medal aldı. O zaman test də yox idi və mən 4 ağır imtahan verərək Tibb Universitetinə daxil oldum.
 

Bir də nənəm anamı həkim görmək istəmişdi, amma o həkim olmamışdı, ona görə nənəm, anam - hamı mənim həkim olmağımı istəyirdi. 1991-ci ildə Tibb Universitetinə daxil oldum və ondan sonra Azərbaycanda jurnalistika inkişaf etməyə başladı. Yeni müstəqil fikirli qəzetlər, ANS-in simasında ilk müstəqil  televiziya açılmağa başlayanda, mən hesab elədim ki, öz arzumun arxasınca getməliyəm. Atıq bunun üçün imkanlar yaranıb. Ailədə heç kəsə demədən televiziyaya getdim və işləmək istədiyimi bildirdim. Yadımdadır ki, elə ilk müraciət elədiyim gün məni çəkilişə göndərdilər ki, “get görək qabında nə var”. Həmin material efirə getdi və dedilər ki, səni işə götürə bilərik. Yəni o zaman ANS-də səhər proqramının rəhbəri  Aida xanım idi. Onun mənə çox böyük dəstəyi oldu, bunu heç zaman unutmaram. Vahid Mustafayev süjetimə baxdı və “sən işləyə bilərsən” dedi. Mən də bunu təsdiq etmədən evdə demək istəmirdim. Artıq bir sabah süjetim efirə gedəcəkdi və evdən çıxıb işə gedən atamdan xahiş etdim ki, 10-15 dəqiqə yubansın. Ondan sadəcə oturub  televiziyaya baxmasını istədim. O, mənim hazırladığım  süjetə baxdı və dedi ki, mən razılıq verirəm, get çalış. Anam da razılıq verdi, amma bir şərt qoydu ki, Tibb Universitetini bitirim. Çünki onu atmaq olmazdı. Mən artıq oxuyaraq çalışırdım. Amma sonra Bakı Dövlət Universitetini qazandım. Hüquq fakültəsinə daxil oldum, sonra Dövlət İdarəçilik Akademiyasında davam elədim. Elmi işimi orada müdafiə elədim. İndi də Elmlər Akademiyasında davam edirəm. Oxumaq həyatımız bitmədi...
 
- Qənirə xanım, bir sual vermək istəyirəm, bilmirəm bunu soruşmaq nə qədər uyğundur, plastik əməliyyat etmişdiniz deyəsən, buna nədən ehtiyac duydunuz?

- Mən həyatımda plastik əməliyyat eləməmişəm. Buna pis baxmıram, amma müəyyən yaş həddindən sonra. Müəyyən yaş həddindən sonra bəzi sənət sahibləri var ki, onların buna ehtiyacı ola bilər, qüsurlu insanlar var ki, bu qüsurun aradan qaldırılması onun üçün lazımlıdır. Bəzən özüm kənddə, rayonda olanda dovşandodaq və ya digər qüsurları olan uşaq görəndə həkimlərimizə müraciət edirəm ki, kömək edək. Çünki həmin uşaq əziyyət çəkməsin. Amma  mən indiyə qədər hansısa plastik əməliyyata ehtiyac duymadım. Yaşım hələ o qədər çox deyil,  bəlkə də gələcəkdə ehtiyac hiss edərəmsə, bunu edərəm. Əgər bir insan hesab edirsə ki, bu ona lazımdır, bunu etmək istəyir, bu onun həyatıdır. Mən də lazımlı hesab etdiyim anda onu edərəm.
Bir də mənim bir əməliyyat qorxum var. Çünki mən uşaqlıqda keçirdiyim burun travmasından sonra onu aradan qaldırma əməliyyatı o qədər ağrılı keçib ki, məni yəqin ki, o dəhşətlər qorxudub. Uşaq olanda hündür bir ağacın başından yerə yıxılmışam. Onda mənim burun çəpərim, damarlarla bərabər bir tərəfə doğru əyilib. Onda bu əməliyyat narkozla edilmirmiş. Valideynlərim bunun üçün Azərbaycandan kənara da baş vurublar. Uzun müddət əməliyyat olunmadığıma görə bu məndə ciddi nəfəsalma problemi yaratmışdı.
 
- Neçə yaşınız var idi o zaman?

- Bu mənim orta məktəbdə oxuduğum illərdə idi. Onda əməliyyatlar bu qədər inkişaf eləməmişdi, indi isə çox asandır, narkozdan istifadə olunur. İnstitutda oxuduğum illərdə  nəfəsalma çox ciddi problemə çevrilmişdi. Burun çəpərinin sındırılması, onun yerinə qoyulması, burnunuzda pambıqlarla yaşamaq, o qədər ağır günlər yaşamışdım ki, mənim içimdə bəlkə də, illərin xofu qalmışdı. İnstitutda oxuduğum, həm də televiziyada çalışdığım o illərdə əməliyyat etdirdim. Çox xoş olmayan xatirələrim var bununla bağlı. Onunla da nəfəsalma problemimin bir qismi həll olundu.
 
- Qənirə xanım, vəsiyyətnamə yazmışdınız, mətbuatda da bu açıqlandı. Öz ölümünüzü necə təsəvvür edirsiniz? Ümumiyyətlə, ölüm haqqında düşünürsünüzmü?

- ...Fikirləşirəm, hər gün fikirləşirəm. Mən yuxudan durandan yatana qədər ölüm haqqında fikirləşirəm. Çünki ölüm haqqında fikirləşmək mənə gerçək bir insan kimi o günü başa vurmağa kömək edir. İstəsəniz təcrübədən də keçirə bilərsiniz. Çünki siz fikirləşəndə ki, bir gün həyatda yoxsunuz, ölüm bir anidir, səhərdən axşama kimi bir neçə dəfə ölümü düşünsəniz, həmin gün mənfi iş görmək, mənfi şeylər danışmaq,  kiminsə qəlbini sındırmaq  istəməyəcəksiniz. Çalışacaqsıınız ki, insanlar üçün müsbət işlər görməyə can atasınız. Ona görə də, insan ölümü hər zaman düşünməlidir. Mən hər gün yuxudan duranda Allaha şükür edirəm ki, bir gün də mənə dünyaya gözümü açmağa icazə verdi və bu gözəl günəşi görə bildim. Yatanda  sabah oyanmaya biləcəyimi düşünərək şükür edirəm ki, mənə bir gün də yaşamağa möhlət verdi. Bütün günü də elə yaşamağa çalışıram ki, yatmaq üçün başımı qoyanda vicdanı rahat olum, çünki o son başımı qoyduğum ola bilər. Mən bunu öz kitabımda da yazmışam - “Ölümlə dialoq”da. Mən o ölümlə dialoqu sıx-sıx yaşayıram. Ona görə də insan ölümü düşünməkdən qorxmamalıdır. Əgər o hamı üçün hər dəqiqə varsa, nədən qorxmalıyıq?
 
Mənim o qədər sinif yoldaşlarım var ki, onlar artıq həyatda yoxdurlar. Biz bir yerdə məktəbə getmişdik, bir yerdə oxumuşduq. İndi arada qəbiristanlığa gedirəm və onların qəbrini ziyarət edirəm. Bəzən məndən soruşurlar ki, niyə bu qədər qəbiristanlığı ziyarət etməyi sevirsən? Deyirəm ki, bəlkə də, inanmayacaqsızınız, amma mən bu qəbiristanlığı gəzib, dolaşıb çıxanda sanki təmizlənirəm. Həyatı bir az da  daha dərindən anlaya bilirəm. Ona görə də qəbiristanlığı gəzməkdən qorxmayın. Baxın, bu insanlardan nə qalıb? Kimlər idi o insanlar? Onların içərisində elə insanlar var idi ki, var-dövləti dünyaya sığmırdı, elə insanlar var idi şanı-şöhrəti dünyaya sığmırdı. Nə qaldı onlardan? Bir quru daş qaldı. Bir də bir şey qaldı – ya biz onların yanından ötəri baxıb keçirik ya da ayaq saxlayıb “Allah rəhmət eləsin!” deyirik. Mən oranı  gəzəndən sonra deyirəm ki, Qənirə, bax, diqqətlə bax, bir zamanlar o adamlar da sənin kimi baxırdılar. Bir zamanlar kimlərsə də sənə belə baxacaqlar. Və bu dünyadan nə aparacağımı ciddi düşünürəm. Bu həyatın hər anında nəfsimlə mübarizədə mənə yaxşı kömək edir.
 
- “Ölümlə dialoq”dan danışdınız, yeri gəlmişkən, sizin çox xoşuma gələn “Ana” şeriniz var. Orada belə bir ifadə işlədirsiniz – “Mən Leyli ola bilmədim...” Niyə Leyli ola bilmədiniz ki?

- Yox, burada fərqli anlamlar var. Bu mənim duyğularımın fərqli anında yazılmış şeirdir. Sadəcə, orada verilən mesaj odur ki, dünyada bizi qarşılıqsız sevən iki qüvvə var. Onun biri yaradandı, o bizi qarşılıqsız sevir və ikincisi anamızıdır. Ana bizi qarşılıqsız sevir və hər anında, hər çətinliyinda övladının yanında ana var. Ana başqa bir anlayışdır. Mən “Mələklərim” adlı başqa bir yazı da yazmışdım. Orada yazmışam ki, ana Allah-Taalanın bizə göndərdiyi bir mələkdir, o hər dəqiqə, hər an sənin yanında olacaq. Sadəcə ona ana adı verilib. Yaradan sən dünyaya gələndə “Mən neyləyəcəyəm?”, “O çətin anlarımda nə olacaq?” suallarını verən zaman “Mələklərin sənə kömək edəcək” deyir. O mələklərin adını sorduqda isə “Onu sən ana deyə tanıyacaqsan” deyir. Ona görə anamın mənim həyatımda özəl yeri var. O, həyatımın hər anında “Mən sənin yanındayam” deyib. Həyatın pis üzündə də, yaxşı üzündə də, ağrısında da... Anam sadəcə ana yox, həm də mənim müəllimim olub. Gerçəkdən də müəllimim olub, həm də həyatda  müəllimim olub. Biz anamla bərabər oxumuşuq dünya ədəbiyyatını, müzakirələr eləmişik. Anam fəlsəfəni çox sevir, biz bu gün də onunla çeşidli fəlsəfi cərəyanlarla bağlı saatlarla müzakirələr edirik. Atamın həyatımda başqa bir yeri var, amma anam ana olmaqla yanaşı bir müəllim kimi də yanımda olub. Bu anama ithafən çox şeyləri söylədiyim bir  şeirdir. (gülür). Gəlin özəl həyata girməyək, bu  suallara heç zaman cavab vermirəm və hesab edirəm ki, ora toxunulmazdır. İnsanların toxunulmaz olan şeyləri var – bu yaradanla olan münasibətidir, ikincisi isə insanın ailəsi ilə münasibətləridir. Mən həmişə bu mövzuları mətbuatdan uzaq saxlayıram. Hansısa ümumi fikirlərimi söyləyə bilərəm, detallara girmədən.
 
- Qənirə xanım, sizin musiqi təhsiliniz də var, deyəsən pianoda ifa etməyi bacarırsınız. Hansı musiqiləri xoşlayırsınız, sevdiyiniz musiqilər varmı?

- Bu yəqin ki, atamın xidmətləri idi. Atam hesab edirdi ki, övladları musiqini anlamalıdırlar. O, qız övladlarının təhsilinə və hərtərəfli olmasına xüsusi önəm verirdi və ətrafda da hamıya qızınızın mütləq oxumasını təlqin edirdi. Biz zəngin ailə olmamışıq, orta səviyyəli ailə olmuşuq. Atam və anamın həyat prinsiplərində hansısa yollarla çox pul qazanma anlayışı olmayıb. Nə qazanıblarsa, onu başqalarıyla bölüşüblər, yoxsulla, kasıbla, ailəsi həbsdə olanla. Mən ikinci sinifdə oxuyanda yadıma gəlir ki, atamla anamın qonşu otaqdan söhbətini eşitdim. Anam atama deyirdi ki, biz evimizdəki bütün pulu toparlasaq, ancaq bu pianoya yetər. Amma qarşıda qış gəlir, isti geyimlər də almalıyıq, bunun xeyri-şəri var, əlimizdə ehtiyat da saxlamalıyıq. Bəlkə, bu pianonu gələn ilə saxlayaq. Atam dönüb anama dedi ki, lazım olsa, ötən ilki paltarlarımızı geyinəcəyik, az yemək yeyəcəyik, az pul xərcləyəcəyik, amma o qız o  musiqi məktəbinə gedəcək və o piano da alınacaq. Ona görə də atamın mənə aldığı o pianonu ölənə qədər evimin ən gözəl əşyası olacaq. Onun mənası sadəcə piano deyildi, onun mənası bir atanın qız övladının inkişafına verdiyi dəyər idi.
 
Bəli, mən 7 il piano sinfində musiqi təhsili almışam. Bunun üçün atama çox minnətdaram. Yaxşı yadımdadır, yuxarı sinifdə oxuyurdum, musiqi dərslərinə getmək çətinlik törədirdi. Ona dedim ki, mən musiqiçi olmayacağam, mənə rəsmi diplom lazım deyil, bəlkə bunu buraxım. O zaman atam dedi ki, səni musiqi məktəbinə musiqiçi olmaq üçün göndərməmişəm. Səni ora ona görə göndərdim ki, gerçək musiqinin nə olduğunu anlaya biləsiniz. Mən həmişə atama rəhmət diləyirəm ki, o, bizim musiqi zövqümüz üçün uşaqlarının hamısını musiqi məktəbinə verib. Mən də yəqin piano sinfində oxuduğuma görə klassik musiqini çox sevirəm. Cazı çox sevirəm, amma bununla  yanaşı Azərbaycan sənətkarlarının əsərlərini də, folklor musiqisini də, muğamı da, sazı da çox  sevirəm. Yetər ki, o mənim ruhuma yaxın olsun. Ruhuma  uyğun da musiqiləri dinləyirəm. O isə dəyişir, bir gün saz, bir gün muğam, bir gün klassika ola bilər.
 
- Qənirə xanım, bəs özünüzü bəxti gətirən adam hesab edirsiniz?

- Təbii. Birincisi ona görə ki, mən atalı-analı doğulmuşam. Bu elə dünyaya şanslı gəlməkdir. Düzdü atam dünyasını dəyişib, amma mən artıq o zaman işləyirdim, yəni mən atalı-analı böyümüşəm. Allah məni dünyaya sağlam gətirib, demək ki, mən şanslıyam, çünki dünyada o qədər insanlar var ki, bir dəfə ətrafı görə bilmək üçün nələrini qurban verməzlər. Mən bir dəfə bununla  bağlı yazı da yazmışdım. Yazmışdım ki, insanlar dünyanın 7 möcüzəsi deyəndə Misir piramidaları, Çin səddi və digərlərini sayır. Əslində dünyanın 7 möcüzəsi görmək, eşitmək, danışmaq, duymaq, hiss etmək, toxunmaq, sevmək ... bunlardır. Bunlarla dünyaya gələn insanlar şanslı insanlardır. Mənim həm də həyatda yaxşı müəllimlərim oldu, bunun üçün özümü həmişə şanslı hesab edirəm. Həyatda qarşıma pis insanlar da çıxdı, amma həm də həyatda qarşıma çox yaxşı insanlar da çıxdı. Yaxşı insanlar mənə çox dəstək oldular,  pis insanlara görə də özümü şanslı hesab edirəm, çünki onlar da mənə  bir çox şeyləri öyrətdilər. Onların da qarşıma çıxması üçün təəssüflənmədim, onların insanlıq mövqeləri mənə başqa prizmadan baxaraq başqa şeyləri də öyrətdi. 41 yaşım var, bu qədər ömür sürmüşəmsə, şanssız ola bilərəmmi? Allah mənə 41 il yaşamaq şansı verib. Mən bayaq da vurğuladım, mənim elə sinif yoldaşların var ki, indi həyatda yoxdurlar. Bir dəfə bununla bağlı bir yazı da yazmışdım. Əgər sizin bu gün yeməyə çörəyiniz varsa və sabah nə yeyəcəyəm deyə düşünmürsünüzsə, əgər sizin sağlamlığınız varsa və qala biləcəyiniz heç olmasa, kiçik də olsa bir eviniz varsa, dünyanın statistikasına baxdığınız zaman siz dünyanın 25 faiz ən şanslı insanları qrupuna girirsiniz. Çünki dünyanın 75 faizinin belə bir şansı yoxdur. Ona görə də tək özümü deyil, siz, fotoqraf  - hamımız özümüzü dünyanın ən şanslı insanları saymalıyıq. Bunun da dəyərini bilərək şükür etməyi bacarmalıyıq.
 
- Qənirə xanım, idealınız Janna Dark olub deyəsən, ananızın sizinlə bağlı bir müsahibəsində bu barədə oxumuşdum...

- Yox, mənim xüsusi idealım olmayıb heç zaman. Mən çox insanlardan çox şeyi öyrənmişəm. Uşaqlıqda da belə olmayıb. Özümə ideal götürdüyüm insanlar çox olub və onların hərəsinin bir tərəfini  - kiminsə savadını, kiminsə cəsarətini, kiminsə həyatın hər ağrısına rəğmən yıxılmamasını, mübarizəsini ... Hər pisliyə rəğmən pislik etməyən, yaxşılıq edən insanlardan öyrənməyə çalışmışam. Belə insanların sayı onlarladır və bu gün də öyrənirəm.
 
- Necə fikirləşirsiz, Milli Məclisdə qərar vermək daha çətindir, yoxsa ailədə?

- Hər ikisində çətindir. Əgər insan bir qərar verirsə, onun məsuliyyətini daşıyır. Heç birində asan deyil. Çünki cəmiyyət də ailələrdən ibarətdir, ikisində də doğru qərar vermək üçün çalışmalısan. Bir şey də var ki, ailədə səhv qərarın qurbanı 2-3 nəfər ola bilər, amma cəmiyyət üçün verdiyiniz qərarın xətası olarsa, onun qurbanı da daha çox insan ola bilər. Yəni məsuliyyət baxımından Milli Məclisdə qərar vermək daha çətindir, amma məsuliyyət baxımından hər iksi mənim üçün daha məsuliyyətlidir.
 
- Vaxtınız çox məhduddur, bilirəm və son olaraq, sizdən bir fikrə münasibət öyrənmək istəyirəm. Sizcə, əsl qadın obrazı necə olmalıdır?
Bəzən kişi kimi qadın deyirlər,  bu qadın üçün təhqir deyilmi?

- Heç zaman sevmədiyim bir sözdür. Çünki bu əslində qadını aşağılayan bir ifadədir. Kişi kimi qadın deyəndə, belə çıxır ki, qadın ikinci sinifdir, zəifdir. Ona görə də bir qadın güclü görünürsə, ona kişi kimi qadın demək qadının aşağılanmasıdır. Mən bu ifadəni sevmirəm və yanımda da deyildiyi zaman “qadın kimi qadındır” deyirəm. Çünki qadın kişidən heç nə ilə geri qalmır, tam əksinə, Qurani-Kərimdə “Cənnət anaların ayaqları altındadır” deyilir. Yaradan  özündən sonra yaratma gücünü ana olma missiyasıyla qadına verib. Əgər kimsə qadına yuxarıdan aşağı baxırsa, ona yazıqlar olsun. Dünyaya kişi kişi kimi, qadın isə qadın kimi gəlir və sadəcə onların hüquqları bərabər olmalıdır. Bizim  dediyimiz qadın-kişi bərabərliyi anlayışında da söhbət hüquq bərabərliyindən gedir. Amma qadının qadın, kişinin də kişi missiyası var və bu dəyişməz qalmalıdır. Qadın öz evinin xanımıdır, yemək bişirəcək, ailəsinin xidmətində duracaq, ana kimi, həyat yoldaşı kimi, övlad kimi, qız kimi öz missiyasını yerinə yetirəcək. Mən “qadın öz evinin xanımı olmalıdır” fikrini qəbul edirəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar