Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rauf Mirqədirovla şəxsi tanışlığım yoxdur”


Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova “Media forum” saytına müsahibə verib


Həmin müsahibəni təqdim edirik:

- Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan “Nida” Vətəndaş Hərəkatının üzvlərinə prokuror ağır iş istəyib və bu, onların, eləcə də valideynlərinin etirazına səbəb olub, aclıq aksiyasına əl atılıb...

- Məhkəmə hələ bitməyib, davam edir. Nəticənin, hökmün necə olacağı da bəlli deyil, bunu heç kim bilmir. Məhkəmə davam etdiyi bir dövrdə və nəticənin, hökmün necə olacağı bilinmədiyi halda prokurorun tələbinə etiraz etmək doğru deyil. Nəzərə alaq ki, bu, prosesə hansısa təsir də göstərə bilmir.

Hökmdən növbəti instansiya məhkəməsinə şikayət vermək də olar. Buna onların hüququ var. İstənilən halda prosesin sonunu gözləmək və prosesə mənfi yöndən təsir göstərə bilən, diqqəti yayındıran hərəkətlərə yol verməmək daha məqsədəuyğun olardı.

Hüquq müstəvisində araşdırılan məsələyə hüquq müstəvisində münasibət, etiraz bildirilməlidir. Bu imkanlardan yararlanmağı məqsədəuyğun hesab edərdim. Mən yenə də hər kəsdən səbirli, dözümlü olmağı və səylərini hüquq müstəvisinə yönəltməyi tövsiyə edərdim. Mənim bundan artıq bir tövsiyəm ola bilməz. Aclıq etməsinlər, çünki aclıq heç nəyə xeyir vermir. Bu, həm insanın orqanizminə mənfi təsir göstərir, həm də bu bir hüquqi prosedur deyil, sadəcə diqqət cəlb etmək üçündür. Amma bu cür diqqət cəlb etməyin məsələyə xeyri yoxdursa, təsir göstərmirsə, təsir göstərən vasitələrdən və hüququn imkan verdiyi vasitələrdən istifadə etmək məqsədəuyğun olar.

- Siz həmin gənclərin məhkəmə prosesini izləyirsinizmi? Onların kütləvi iğtişaş törətməyə hazırlaşdığı barədə ittihamlara inanırsınızmı?

- Mən bir qayda olaraq istintaqı aparılan, məhkəməsi gedən, hüquq müstəvisində araşdırılan məsələlərlə bağlı şərh verməkdən, geniş münasibət bildirməkdən yayınıram və hesab edirəm ki, doğru edirəm. Çünki istintaqı və məhkəməsi gedən hüquqi məsələyə münasibət bildirməyin, hansısa tərəfi tutmağın məsələyə ziyan vurduğunu düşünürəm.

- Jurnalist Rauf Mirqədirov dövlətə xəyanət ittihamı ilə həbs olunub. Siz Rauf Mirqədirovun yazılarını oxuyurdunuzmu və onun belə bir əməl törətdiyinə inanırsınızmı?

- Mənim onunla şəxsi tanışlığım yoxdur. Yazılarının müəyyən hissəsini oxumuşam. Amma bir halda ki, ona konkret maddə ilə ittiham irəli sürülüb, belə halda məsələyə Rauf Mirqədirovun jurnalist fəaliyyətinə, yazılarının səviyyəsinə görə münasibət bildirmək düz olmaz. Mənim də başqa bir imkanım yoxdur ki, bu arqumentin və ittihamın doğruluğunu və yaxud əksini sübut edim. Bu məsələ müvafiq qurumların işidir. Onlar bu ittihamı elan ediblərsə, deməli, əsasları var. Əsasları varsa, deməli, sübut edəcəklər. Digər şəxslər hesab edirsə ki, söylənənlər yanlışdır, onların da bunu sübut etmək üçün zamanı və imkanı var. Məsələ ilə bağlı hansısa söz, fikir söyləməyin, tərəf tutmağın tərəfdarı deyiləm. Hesab edirəm ki, jurnalistlər də ən müxtəlif yöndən fikirlər almaqla, onları yaymaqla prosesə mənfi təsir göstərən bir hal yaranmasında iştirak edirlər.

- Deputat Qüdrət Həsənquliyev Azərbaycan parlamentinə bir layihə təqdim edib. Layihə müharibə bitənə qədər Azərbaycan vətəndaşlarının Ermənistana, o cümlədən işğal altındakı Dağlıq Qarabağa gediş-gəlişini qadağan edir və belə səfərlərə görə cinayət məsuliyyəti nəzərdə tutur. Parlamentin belə bir qanun qəbul etməsi, müharibə bitənə qədər Azərbaycan vətəndaşlarının Ermənistanla əlaqə qurmasının yasaq edilməsi mümkündürmü?

- Mən o qanun layihəsi ilə tanış deyiləm. Ona görə də bununla bağlı fikir söyləmək istəməzdim. Amma Azərbaycanla Ermənistan müharibə vəziyyətində olduğuna görə istənilən vətəndaş o ölkəyə səfər edərkən Azərbaycanın müvafiq qurumları ilə məsələni razılaşdırmalıdır. Hər şey şəffaf olmalıdır. Qeyri-şəffaf olduqda müəyyən söz-söhbət yaranır. Mən bilmirəm o söz-söhbətlər üçün əsaslar nə qədərdir, hər halda bu başqa söhbətin mövzusudur. İstənilən halda düşmən münasibətdə, müharibə vəziyyətində olduğumuz ölkəyə səfər etmək qərarını təkcə vətəndaş özü verə bilməz. Düşünürəm ki, hətta bunun üçün müəyyən qadağalar olmasa belə, vətəndaş müvafiq qurumları məlumatlandırmalı və səfərinin məqsədi, məzmunu haqqında məlumat verməlidir.

Hər bir vətəndaşın özünün içərisində bir qadağa olmalıdır. Əgər o qadağa qanunda yoxdursa, vətəndaş mövcud durumu nəzərə almalıdır. Onu da nəzərə alaq ki, bu tədbirləri müxtəlif dairələr təşkil edir, onların məramı, məqsədi bəlli deyil, bəziləri haqqında şəffaf məlumat verilmir.

Bilirsiniz ki, prezidentlərin də görüşü açıq keçirilir. Baxmayaraq ki, danışıqların detalları barədə məlumat verilmir, amma o görüşlərin keçiriləcəyi haqda vaxtından xeyli əvvəl məlumat verilir, insanlar da bilir. Hər kəs bilir ki, belə bir görüş keçiriləcək, məqsədi nədir. Özünü xalq diplomatiyasının əvəzolunmaz nümayəndəsi sayanlar Ermənistana gedəndə və yaxud əks ölkədən Azərbaycana səfərlər olanda belə şəffaf davranırlarmı?

- Beynəlxalq təşkilatlar Azərbaycanın Ermənistanla əlaqələr qurmasına təkid edirmi?

- Heç kəsi zorla qolundan tutub Ermənistana aparan yoxdur. Heç kəsi hansısa tədbirə zorla cəlb edən də yoxdur. Belə təkliflər beynəlxalq təsisatların tədbirlərində, danışıqlar prosesində, hansısa görüşlərdə səsləndirilə bilər və səsləndirilir də. Deyirlər ki, bəlkə xalq diplomatiyasını işə salasınız, insanlar getsin-gəlsin, aradakı soyuqluğa son qoyulsun, bu, məsələnin həllinə təsir göstərə bilər. Belə fikirlər var və olacaq da. Amma bu o demək deyil ki, belə fikirlər varsa, biz o fikrin ardınca düşünməmiş hərəkətlər edə bilərik.

Azərbaycanla Ermənistan arasında münaqişə başlayanda hər iki dövlətin vətəndaşları düşmən mövqedə deyildi ki. Əksinə, biz dost münasibətləri içərisində idik və birdən-birə bizə qarşı belə bir qəsd oldu. Bunu xalq diplomatiyasının olmamasına bağlayıb münaqişənin həllinə də maneə sayanlar məsələyə birtərəfli yanaşanlardır, prosesin yalnız bir detalına diqqət yetirərək fikir söyləyənlərdir. Biz məsələyə kompleks yanaşmalıyıq. Xalq diplomatiyası o zaman effekt verə bilər ki, danışıqlar prosesinin koordinasiya olunmuş bütün elementləri digərləri ilə əlaqədə götürülmüş olsun, biri digərindən doğsun. Yoxsa ayrılıqda xalq diplomatiyası bu məsələdə nə verə bilər? Mən buna inanmıram və təcrübə də bunu göstərir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar