Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Seymurun evlilik təklifinə 2 il sonra hə dedim“


Nigar Yaqublu: “Evliliyimi hiss edə bilmirəm - o içəridə, mən burda...”


Onun bir məşhur zarafatı var idi. Atası Tofiq Yaqublu həbsdə olanda, redaksiyamıza tez-tez gəlir, söhbətləşir, bütün məsələlərə reaksiyasını zarafatla “məhbus ailəsi olaraq hesab edirik ki...” deyə başlayırdı. 

Bəy azadlığa çıxdı, Nigar Yaqublunun, Yaqublular ailəsinin üstündən də “məhbus ailəsi” statusu götürüldü. Amma aradan bir neçə ay keçəndən sonra N.Yaqublu sürpriz şəkildə yenidən məhbus ailəsinə çevrildi. Bu dəfə siyasi məhbus Seymur Həzi ilə ailə qurmaqla. 

Türmə divarları arasında baş tutan nikah, onun detalları, pərdəarxası isə avqustun 1-dən etibarən maraq mövzusudur. 

PİA.AZ bildirir ki, “Yeni Müsavat”a müsahibəsində N.Yaqublu bu evlilikdən ətraflı danışıb:

- Nigar, öncə ondan başlayım ki, bu evlilik xəbəri olduqca qəfil, təəccübləndirici oldu. Facebookda sizin  statusunuzda “evləndi” sözünü görəndən gecə saatları idi və açığı şok oldum.... 

- (Gülür) Çox adam elə bildi ki, əlim səhvən həmin düyməyə dəyib və evləndi sözü yazılıb. 

- Bunun zarafat ola biləcəyi ehtimalı da ağla gəldi ilk dəqiqələrdə. Bu reaksiyanın səbəbi nə idi? İnsanların buna inanmamasının səbəbi sizin hər şeyi daha öncədən paylaşmamanızla bağlı idi, ya...? 

- Məsələ nəyisə afişə edib-etməməkdən getmir. Çox xoş bir şeydir əslində. Sadəcə, onun evlilik təklifinə razılıq cavabı verməyim çox qəfil oldu. Məndə qərar ani oldu. Bu evlilik təklifi 2 il bundan qabaq olmuşdu. 2014-cü il avqustun 1-də evlilik təklifi olmuşdu. Həmin vaxt, avqustun 5-də isə Nərgizin nişanı olacaqdı, ona hazırlaşırdıq. Özüm də o əhvalda deyildim. Atam həbsdə idi, qayğılar çox idi. Ata həbsdə olanda isə ümumiyyətlə, evlənməyi düşünmürdüm. Hətta evlilik təklifinə dərhal cavabım belə oldu ki, inanmıram alınsın, ümid vermək istəmədim.

- Bəs həmin vaxt o təklifin özü sizin üçün qəfil oldumu? 

- Əlbəttə. Gözləmirdim. Qadınıq, ilgini-filan hiss edirik. Amma birbaşa təklif gözlənilməz oldu. Bununla belə, cavab da qəfil verildi və düşünmədiyimi dedim. Ailənin durumu məlum idi, ata həbsdə idi. Hətta Seymuru yaxından tanımırdım. İctimaiyyətdən, mətbuatdan bələd idim, işində ciddi peşəkar olduğunu bilirdim. Bununla belə, evlilik ciddi məsuliyyətdir. Amma bu təklif bir il sonra yenə təkrarlandı, Seymur həbsxanadan bu təklifi etdi. 

- Amma həmin müddətdə ünsiyyət davam edirdi, hə? 

- Ünsiyyət çox sıx deyildi. Ayda bir dəfə evə zəng edərdi. Çox rəsmi danışardıq, günümüzün necə keçməsi, bayırdakı yeni xəbərlər və sair. Bir müddətdən sonra bu zənglər aktivləşməyə başladı. Hətta mən onun ilk təklifinə “yox” cavabı versəm də, o öz şansını yenidən yoxlamaqda israrlı görünürdü, bu şansı qaçırmaq istəmirdi. 

- Və bir gün “hə” dediz... 

“Ailəmə dedim, evlilik təklifi gəlib Seymur Həzidən. Soruşdular ki, nə düşünürsən...”

- Bəli, bu ünsiyyət sıxlaşdı, zənglər intensivləşdi. Seymur evlilik təklifini israrla təkrarlamağa başladı. “Mənimlə evlənərsənmi, həbsxanadayam, burda evlənərsən” dedi. Ona ilk dəfəki kimi yox demədim. Amma bildirdim ki, fikrimin qətiləşməsi üçün səninlə bir dəfə görüşüb, üzbəsurət danışmalıyam. Hökumətimiz də “sağ olsun”, bizim görüşməyimizə imkan vermədi. Bir dəfə söz verdilər görüş üçün. Əvvəl icazə verilsə də, sonra onunla görüşəcək şəxsin mən olduğumu biləndə bu icazədən vaz keçdilər. Artıq onda anladım ki, bu görüş alınası deyil. Son dəfə zəng edəndə dedim ki, sənədləri hazırla (gülür). Seymur təəccübləndi. Mən də dedim, bəs evlənmə təklifi etməmişdin? Sən içəridə, mənsə bayırda sənədləri hazırlamağa başlayaq. Ən çox sənədləşmə vaxt apardı, içəridə prosedurlar uzanırdı. Biz sənədləri hazırlamağa başlayanda, ailələr tanış oldu. Biz hazırlaşırdıq, amma ailələr kənarda idi. Daha doğrusu, razı idilər, sonradan da tanış oldular. 

- Klassik elçilik, nişan və sair olmadı... 

- Yox, təbii. Biz prosesi başlamışdıq, sənədləri düzəldirdik. Məsələ ailələrimizin bir-birini tanıması idi. Həmin ana qədər yaxın qohumlar belə bilmirdi xəbəri. Xalam, bibim, xalam qızları və sair... Onlar da tanışlıq günündə bildilər.

- Nə idi bu gizliliyin səbəbi? 

- Nərgizdən sonra elə bir əhval-ruhiyyəm də yox idi, elə dəhşətli həvəsli deyildim. O olsaydı, bəlkə də hər şey tamam fərqli olardı. Amma indi əsas razılıqdır: mən belə istəyirəm. Digər tərəfdən də, mən Azərbaycanda evliliklə bağlı uzun çəkən get-gəlləri, bütləri sındırmaq istədim. İstəmirəm hər şey cəmiyyətin insanlara zorla təlqin etdiyi qaydada olsun. Bunu birinci kimsə etməlidir ki, davamı da gəlsin. İnsanlar da görsünlər ki, hər şeyi qəlibə uyğun şəkildə etmək vacib deyil. 

- Təklifdən 2 il sonra ona “hə” cavabı verdiz. Həmin cavabı verməyinizə nə təkan verdi? Söhbət təkcə stereotipləri qırmaqdan gedirdi? 

- Xeyr, bu, mənim həyati qərarımdır və mən bundan sonra onunla həyat keçirəcəm. Stereotip qırmaq naminə belə məsuliyyətli qərar verə bilmərəm. Sadəcə, mənim ən dar anlarımda mənə çox dəstək oldu. İnsan mənə nə qədər ulaşa bilməsə də, hiss elədim ki, yanımdadır. Bəzi umduğum insanlardan görmədiklərimi belə ondan görmüşdüm. Hətta həbsdə olanda da... 

- Yəni onun sizə münasibəti siz həbsdə olan vaxtdan var idi? 

- Mən onu həbsdən sonra bir dəfə görmüşəm. Onda istək daha çoxdan olub. Mən o, təklif edən an bilmişəm. Mən həbsdə olmazdan əvvəl onda belə istək olub. Sonra mən həbsə düşmüşəm, o, vaz keçməyib. O, mənlə bağlı uzun illərdir düşünüb, amma mənim onunla ünsiyyətim, düşüncəm 2 ildir. 

- Elə sual da budur. Bir insanı, evlənəcəyin insanı tanımaq üçün bu müddət yetərli oldumu?

- İnsanlar birgə 40 il yaşayır, amma bir-birini tanımır. Amma ən azı Seymur bizim cameədəndir, kafalarımız uyğundur. Həbsxana həyatını görüb. Hətta mən türmədə olanda heyranlarım mənə sovqat göndərirdilər. Kamera yoldaşlarıma zarafatla deyirdim ki, “sroku srokuma uyğun gəlməsə, evlənən deyiləm” (gülür). O qədər zarafatla dedim ki, axırda başıma gəldi. 

“Seymura zarafatla dedim, mənim qədrimi bil, səninlə evlənməkdən ötrü nə davalar qaldırdım"...

- Nə qədərdir Seymur bəyin müddəti? “Srokun srokuna” uyğun gəlir? 

- Onda bu ayın 29-da 2 ili tamam olur. Ona 5 il cəza veriblər. Zarafatla deyirəm ki, bəxtin gətirdi ki, “srok”un məndən artıq oldu, yoxsa evlənməyəcəkdim sənlə. İndi türmə yolu gözləyirəm. Mənim qənaətimə görə, bu ölkədə ciddi kişi defisiti var. Qadının özünə həyat yoldaşı seçməsi üçün seçim azdır. Hər aspektdən təhlil edib, qərar vermişəm. Ağıl, məntiq və təbii istək əsasında verilən bir qərar idi. 

- Ailədəki hər kəs rahatlıqla razılıq verdimi? Yoxsa qızlarının bir məhbusla evlənməsinə tərəddüd hissi keçirdilər? 

- Mən məhbəs həyatı yaşamasaydım, ailədə məhbus olmasaydı, bəlkə də birmənalı qarşılanardı. Özüm də artıq illərdir bu işin içindəyəm, həbs həyatı nə deməkdir, bilirəm. Ona görə də dərk edirdim ki, o evlilik imzasını içəridə və ya bayırda çəkməyimin heç bir fərqi yoxdur. Mahiyyəti eynidir. Məkan fərq eləmir. Ailəm bu məsələdə ciddi olaraq dəstək olur. Mənim qərarlarıma da sayğı ilə yanaşırlar. Heç tərəddüd də olmadı. Mən xəbər verdim ki, evlilik təklifi gəlib Seymur Həzidən. Soruşdular ki, nə düşünürsən? Dedim, qəbul etmişəm, evlənməyi düşünürəm.  Soruşdular ki, “necə”, dedim, “həbsxanada”. Bununla da müzakirə bitdi. Uşaq deyilik, özümüz öz qərarlarımızı veririk, ailəmiz də ona sayğı duyur. Çətinliklərə gəlincə... Birinci dəfədirmi çətinlik çəkirik? Bu da olsun onlardan biri. 

- Amma klassik Azərbaycan toyu olacaq yəqin ki. Seymur bəy azadlığa çıxandan sonra.... 

- O baxır şəraitə, situasiyaya. Seymur nə vaxt azadlıqdan çıxacaq və sair. Bu haqda danışmamışıq. Amma nə məndə, nə də Nərgizdə elə bir tələb olmayıb ki, filan şey belə olmalıdır, el adətinə uyğun belə keçirilməlidir. Nərgiz də xoşlamırdı belə qəlibləri. Əsas odur ki, iki insan bir-birinə uyğun olsun. 

- Hər dəfə zarafata salırıq. Amma deyəsən, bu “məhbus ailəsi” statusu sizin ailədən əl çəkmək fikrində deyil. İllərdir, sizin missiyanız olub. 

- Sözsüz, hər kəs istəyər ki, həyat yoldaşı yanında olsun. Çünki mən evliliyimi hiss edə bilmirəm - mən bayırda, o içəridə. Hətta birdən düşürəm ki, doğrudanmı evliyəm? Nənəm o gün zarafatla soruşur ki, a bala, sən yenədəmi türməyə yemək daşıyassan? (gülür). Həbsxanaya hər həftə görüşə gedəndə yemək aparıram. Texniki baxımdan çətinlik olur sadəcə, ona da öyrəşmək asandır. Hətta ata türmədən çıxandan sonrakı bir-iki ay adaptasiya ola bilmirdim. Hər həftə sonu çatanda düşünürdüm ki, yenə sovqat hazırlamalıyam. 

- Məsələyə bir az pozitiv tərəfindən baxaq. Yəqin ki, bu cür evliliyin bir romantik tərəfi də olur. Türmə divarları, həsrət, gün saymalar, məktublar...

“Nənəm o gün zarafatla soruşur ki, a bala, sən yenədəmi türməyə yemək daşıyacaqsan?”

- Mən yəqin ki, o romantik tərəfi türmədən çıxandan sonra görəcəm. Ancaq zənglər olur. Məktub yazmaq olmur, oxuyurlar çıxanda. Özəl bir şeylərin başqası tərəfindən oxunmasını da istəmir insan. Hər şey dar çərçivədə, minimal olur. Sən o minimaldan işıqlı bir şeylər tapmalı və yararlanmalısan ki, şükür bu da var, buna da şükür. 

- Sizə qanunla görüş verirlər?

- Nikahdan sonra ayın 9-da görüşdüm Seymurla. Ayın sonunda yenə gedəcəm. 

- Uzunmüddətli görüş də verməlidilər sizə, doğrudur? 

- Elə bir şey var. Sadəcə, həbsxananın şəraiti o qədər pisdir ki, nikahın rəsmiləşdirilməsi üçün görüş otağından istifadə etdik. Seymur bunun üçün müraciət etmişdi. Ona da o şərtlə razılıq vermişdilər ki, 3 günlük görüşə yazılacaq. Mənimsə həmin gün görüşdə qalmaq fikrim yox idi. Elə görüşləri də 3 aydan bir verirlər. Seymur hər şey yaxşı olsun, nikah prosesi normal yerdə həyata keçsin deyə o otaqdan istifadə etdi. O da balaca, hər tərəfi ağ kafelli, xlor qoxuyan bir yerdir. Sadəcə, ən lüksləri bu idi deyə, Seymur istəyib ki, nisbətən normal yerdə olsun. 

- Bəs nikah prosesi necə keçdi? Məmur klassik şəkildə soruşdu, siz cavab verdiz...? 

- Hər şey hazır idi. Avqustun 1-də Ədliyyə Nazirliyi imkan vermədi. Sonra isə proses baş tutdu. Cəmi 2 dəqiqə çəkdi. Heç soruşmağa da ehtiyac qalmadı ki, razısız, ya yox? Göstərdilər ki, filan yerə qol çəkəcəksiz. Qol çəkdik, şəhadətnaməni verdilər. Sonra məni prosedur qaydalarına uyğun otaqdan çıxdım. Sonra görüş aldım, söhbət etdik. 1 saat boyunca. Ailəsi, bacısı, qardaşı, mən... hamımız orda idik. 

- Nə danışdız? Gələcək planlardan, həmin günün özəlliyindən... 

“Türmədən çıxandan sonra xaricdə təhsilimizi davam etdirmək istəyirik”

- 1 saata nə danışmaq olar? Elə bil yerlərimiz dəyişmişdi - mən bəy idim... (gülür). Ona dedim ki, mənim qədrimi bil, səninlə evlənməkdən ötrü nə davalar qaldırdım. İlk gün türmənin qabağındakı videolara baxıram - əlimdə sənədlər, qanundan, evlənmə hüququndan danışıram. Cəmiyyətdə də bir yenilik oldu. Həbsxanada da bir nikah oldu. 

- Qarşıda qanunla 3 il var. Seymur bəyin azadlığa çıxacağı tarixə tam 3 il qalıb. Proqnozlarınız necədir? Əfvmi, məhkəməmi...? Hansısa formada azadlığa tez çıxması mümkündür? 

- Atada necə, bunda da elə. Bu qədər məhbusluq təcrübələrim olub. Heç vaxt heç bir ümidə köklənməmişəm ki, bu bayram çıxacaq, ya o biri bayram. Normal məntiqə əsaslanmayan bir idarəçilik olduğu üçün normal məntiqlə də gözləntilərim yoxdur. Nə vaxt olacaqsa olacaq. 

- Amma siz ər evinə köçməmisiz... 

- Xeyr. Ortaq qərarımız belə olub ki, mən o çıxana qədər öz evimizdə qalım. Ananın səhhətində ciddi problemlər var, onu tək qoya bilmərəm. Amma Seymurun ailəsi ilə əlaqələr, ünsiyyət sıxdır. 

“Nərgiz olsa, hər şey fərqli olardı, hər şey...”

- Amma gənc ailə olaraq yəqin gələcək planlarınız barədə danışmısız... 

- Onun çıxacağı vaxt dəqiq bəlli olmadığı üçün birmənalı planlar da qurmaq olmur. Amma mən aradakı problemlərə görə magistr oxumamışam. O da təhsilini davam etdirmək istəyir. İlk məqsədimiz odur ki, çıxandan sonra Avropada təhsilimizi davam etdirək. Əsas çıxmasıdır. O filmdə deyilir e... Mənim işim üç hissədən ibarətdir: birinci, bəyin çıxmasıdır.... (gülür)

- Nərgiz sağ olsa, çox sevinərdi... 

- Nərgiz olsa, hər şey fərqli olardı, hər şey... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar