Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sıxlığın olması normal haldır“- polkovnik


Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev son günlər rayon maşınlarının paytaxta girişinə qadağa qoyulması ilə bağlı yaranan narazılıqlarla əlaqədar müsahibə verib


PİA.AZ həmin müsahibəni oxucularına təqdim edir.

- Rayon maşınlarının paytaxta girişinə qadağa qoyulmasından bir aya yaxın müddət keçir. Bu müddət ərzində tətbiq edilən qadağa paytaxtda sıxlığın qarşısını alıbmı?

- Bu müddət ərzində əvvəlki vaxtlarla müqayisədə paytaxtda nəqliyyat sıxlığı xeyli azalıb. Bu həm paytaxt sakinlərinin, həm də regionlardan Bakıya gələn insanların şəhərdə rahat, sərbəst hərəkət etməsinə səbəb olub. O cümlədən paytaxt Bakıda ekoloji vəziyyətin normallaşdırılmasına çox müsbət təsirlər göstərib. Bizə gələn çoxsaylı müraciətlərdən də bəlli olur ki, xüsusilə paytaxt sakinləri şəhərdə yaradılmış mövcud vəziyyətdən çox məmnundurlar.

- Qeyd edirsiniz ki, paytaxtda sıxlığın qarşısı alınıb. Amma biz yenə səhər və axşam saatlarında paytaxtda əvvəlki kimi sıxlıq və tıxacın şahidi oluruq...

- Sıxlığın olması normal haldır. Bu dünyanın bütün iri şəhərlərində yaşanan prosesdir. İnsanların iş vaxtının iki saat ərzində başlaması istər-istəməz yollarda nəqliyyat sayının çox olmasına səbəb olub. Baxmayaraq ki, bəzi iş yerlərində işin başlama və bitmə vaxtlarında müəyyən dəyişiklik olub, eləcə də təhsil müəssisələrində dərslərin başlama və bitmə vaxtlarında dəyişiklik edilib. Sözsüz ki, yenə də qeyd edirəm ki, əvvəlki vaxtlarla müqayisədə kifayət qədər sıxlıq azalıb. İstənilən halda pik saatlarda nəqliyyatda az da olsa sıxlıq olmalıdır. Həmin vaxtda şəhərdə hərəkət edən nəqliyyat vasitələrinin sayı çox olur və yolların o nəqliyyat vasitələrini buraxma qabiliyyəti elə də çox deyil.

- Deyirsiniz ki, bu qadağa barədə ictimaiyyətdən müsbət reaksiyalar alırsınız. Amma biz mətbuatda, demək olar ki, hər gün bu qadağa ilə bağlı narazılıqların şahidi oluruq ki, bir Azərbaycan vətəndaşının öz avtomobili ilə paytaxta girişinə necə qadağa qoyula bilər? Siz ancaq müsbət reaksiyalar eşidirsiniz?

- Təbii ki, belə yaradılmış vəziyyətdən narazı qalan insanlar da var. Çünki onlar öz avtomobilləri ilə paytaxta giriş-çıxış edə bilmirlər. Məhdudiyyətin qoyulması həmin insanlarda müəyyən qədər narazılığa səbəb olub. Amma insan özü ictimai nəqliyyatdan istifadəyə öyrəşəndən sonra mənə elə gəlir ki, onların da problemi olmayacaq. Paytaxta ətraf regionlardan, yaxın şəhərlərdən gələn insanlar da fərqi, yəqin ki, yaxın zamanlarda hiss edəcəklər. Sözsüz ki, bu boyda məsafəni fərdi nəqliyyat vasitəsi ilə gəlib getməklə ictimai nəqliyyatla gəlib-getməyin arasında fərq çoxdur. Bu həm vaxt, həm avtomobilə çəkilən xərc baxımından, eləcə də yanacağa görə ödənilən vəsaitləri topladıqda ayın axırında kifayət qədər vəsait edir. Yəqin ki, insanlar bu qadağanın onlar üçün səmərəli olmasını hiss edəcəklər.

- Sürücülər yol polisi ilə birgə qadağaya müəyyən çarələr tapdıqlarını bildirirlər. Deyirlər ki, yol polisinə 10 manat veririk, o da Xırdalan yolundan bizi paytaxta buraxır.

- Əsas etibarilə şəhərə giriş hissələrində müvafiq postlar yaradılıb. Paytaxta daxil olmaq istəyən şəxslərin hərəkətinin qarşısı alınır. O ki qaldı hansısa məbləğ verib kiməsə hörmət etməklə başqa yol göstərilməsinə, bu, inandırıcı hal deyil. Əgər kimsə belə bir halla rastlaşıbsa, konkret olaraq bizə müraciət etsin. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə o məsələni araşdıraq. Belə hallar baş verirsə, onların aşkarlanmasında və həmin əməkdaşın iltizam məsuliyyətinə cəlb edilməsində çox maraqlıyıq. Yəni bunu hər kəs bilsin. Bir daha deyirəm ki, kim elə bir halla rastlaşıbsa, BDYPİ-yə müraciət etsin.

- Bu qadağa ilə bağlı məsələ müzakirə olunanda da bildirmişdiniz ki, əslində mahiyyət o deyil ki, rayon qeydiyyatında olan maşınlar Bakı qeydiyyatına düşsün, Bakı nömrəsi alsınlar. Amma qadağa qüvvəyə minəndən sonra şahidi oluruq ki, sürücülər ASAN Xidmətə müraciət edib, 500 manat pul verməklə Bakı qeydiyyatına düşürlər və nömrə alırlar.

- Kimsə gəlib birdən-birə Bakı qeydiyyatına düşmür. Hər halda onun işi buradadır ki, o Bakı qeydiyyatına düşür. Onun gündəlik olaraq gəlib-getməsindənsə, Bakıda yaşaması daha əlverişli olar, nəinki başqa-başqa regionlardan gündəlik gəlib-getməsi. Belə olan halda o, avtomobilini Bakı şəhərinin qeydiyyatına salacaq və şəhərdə elə bir problemi olmayacaq.

- Sistemdə sürücünün Bakı və ya rayon qeydiyyatında olub-olmaması necə əks olunub?

- Mərkəzi informasiya sistemində hər bir nəqliyyat vasitəsinin hansı ərazidə qeydiyyatda olması barədə, eləcə də həmin avtomobilin idarə edilməsi üçün hansı şəxsə etibarnamə verilməsi haqqında məlumatlar bizdə mövcuddur. Ona görə də istənilən avtomobili idarə edən şəxsin hara qeydiyyatında olması və yaxud nəqliyyat vasitəsinin hansı ərazidə qeydiyyatda olmasını müəyyənləşdirmək çox asandır.

- Ən çox narazılıq yaradan məqam Bakıda yaşayıb, amma avtomobili rayon qeydiyyatında olan sakinlərlə bağlıdır. Onlar uzun illərdir ki, Bakıda yaşayır, iş yerləri də buradadır, amma maşınla hərəkətlərinə qadağa qoyulub. Bunu nə dərəcədə ədalətli hal hesab etmək olar?

- Məsələ burasındadır ki, Azərbaycanda "Olduğu və yaşayış yeri üzrə qeydiyyat haqqında" qanun var. O qanuna əsasən, şəxs yaşadığı yerə gəldikdə həmin ərazidə mütləq pasport qeydiyyatına alınmalıdır. Çox əfsuslar olsun ki, bu gün bizdə əksər insanlar qeydiyyatsız yaşayırlar. Onların daimi qeydiyyatda olduqları yerlə ümumiyyətlə əlaqələri olmadığından adi yol hərəkəti qayda pozuntusuna görə belə həmin şəxsləri tapmaq bir az çətin olur. Yəni onların qayda pozuntusu üzrə bütün müvafiq sənədlər qeydiyyat üzrə olduqları ünvana göndərilir. Amma ünvanlarında heç kim olmur. Bu yolla həmin şəxslər məsuliyyətdən yayınmağa çalışırlar. Eləcə də onların digər məsələlərlə bağlı tapılmasında da müəyyən əngəllər yaranır. O baxımdan həmin şəxslər vaxtında yaşadıqları yer üzrə qeydə dursalar, elə bir problem olmaz.

- Millət vəkili İlham Əliyev Bakı-Qazax yolunun Kürdəmir-Gəncə yolu istiqamətində sürəti qeydə alan kameralarla bağlı narazılığını ifadə edib. Qeyd edir ki, radara 30 metr qalmış sürətin həddi qəflətən aşağı düşür. Məsələn, sürəti 110-dan 50-yə salmalı olursan. Bu da birbaşa qəzalı hadisəyə gətirib çıxarır...

- Sürət həddinin qəfildən 110-dan 50-yə endirilməsi təhlükəsizlik baxımından da uyğun deyil. Sürət tədricən endirilməlidir. Bunun üçün ən azından sürücünün məsafə imkanı olmalıdır. Sözsüz ki, əgər belə bir hal varsa, belə hal aradan qaldırılmalıdır. Hansı ərazidə müəyyən edilərsə, dərhal aradan qaldırılacaq.

- Magistral yollarda quraşdırlmış dəmir arakəsmələrlə bağlı sürücülərin, ictimaiyyətin də daim narazılığı var. Xüsusilə, ötən ay Bakı-Sumqayıt yolunda baş verən ağır qəza bu məsələni daha da aktuallaşdırdı. Sizin qurumun bu vəziyyətin qarşısını almaq üçün hansısa təklifləri varmı?

- Yol nəqliyyat hadisələri baş verəndə onların səbəbləri təhlil olunur. Yol hərəkətinin təhlükəsizliyinə mane yaradan istənilən qurğu ya da digər amillərin aradan qaldırılması istiqamətində təcili tədbirlər görülür və müvafiq təşkilatlara müraciətlər olunur. Dəmir konstruksiyalı çəpərlərin də bəzi yerlərdə təhlükəli vəziyyət yaratması, onların daha təhlükəsiz quraşdırılması ilə bağlı bir neçə dəfə tərəfimizdən müraciətlər olunub. Artıq "Azəryolservis" də bu yaxınlarda açıqlama verdi ki, metal konstruksiyalı çəpərlərin beton çəpərlərlə əvəz olunması prosesinə başlanılıb. Güman edirik ki, beton qoruyucular vasitəsilə yolların kənarında çəpərlər olsa, təhlükəsizlik baxımından daha məqsədəuyğun olar.(qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar