Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Televiziya naxırçı İmanın fermasıdır?”


Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev Azərbaycan telekanallarının aşağı səviyyəli verilişlərini tənqid edən məqalə hazırlayıb


PİA.AZ məqaləni təqdim edir:

Hazırda Azərbaycanın efir məkanı milli TV-lərlə kifayət qədər zəngindir. Regional, peyk, kabel və internet televiziyaları o qədər əlçatımlıdır ki, Azərbaycan tamaşaçısı onların axtarışına belə lüzum görmür. Yəni milli televiziyalar yaxşı olan və olmayan layihələri ilə artıq həyatımızın ayrılmaz  hissəsinə çevriliblər. Evimizin  daimi “qonağı” olan bu telekanallar vasitəsilə biz qiyabi də olsa ölkələri, mədəniyyətləri aylarla deyil, dəqiqələr sərf etməklə öyrənə bilirik.  

Etiraf  edək ki, bu gün teleməkanda həm oxşar, həm də fərqli layihələr kifayət qədərdir. Onların bəziləri sosial mahiyyət etibarı ilə faydalıdır, baxmağa dəyər. Amma bəziləri “qaş düzəltdikləri yerdə vurub göz də çıxardırlar” - yəni sosial faydası yoxdur, maarifləndirici və tərbiyəvi deyil, amma iddialıdırlar. 

Biznes maraqların əsirinə çevrilənlər

İndi bizim TV-lər tamaşaçını ruhunu, zövqünü o qədər korlayıblar ki, daha maarifləndirici, intellektual verilişlərə baxanda diksinməyə bilmirik. Məsələn, “Mədəniyyət” kanalında teatrla, ədəbiyyatla, incəsənətlə bağlı layihələri lağa qoyuruq. Arvad-uşağa, qohum-qardaşa, dost-tanışa  başa sala  bilmirik ki, ay millət, sənə bu lazımdır.  Bu sadaladığım “qohum camiəsi” isə  üzünü çevirib Zaur Kamalın “5/5”də efiri kabab tüstüsünə bürüməsini, Mikayılın “Sevimli şou”da palatka toyunu, Elgizin “Adam içində” insan axtarışını, Elçin Əlibəylinin “Oturduğumuz yerdə” arvad-kişi söhbətini, Zaur Baxşəliyevin “Məni yarımdan soruş”unda zənəni tərəfindən “çapılması”nı, Mətanətin “Gündəliyin”də necə şpaqat açmasını seyr edir. Sonra da metroda, bazarda, xəstəxanada, məktəbdə, bir qəzetin redaksiyasında, lap elə çayxanada və ən nəhayət sosial şəbəkələrdə günlərlə müzakirəsini aparır.  Beləliklə, baxan da baxmayanı “bəxtəvər” edir. 

Əlbəttə, biz tamaşaçını mütləq “bu verilişə baxmalısan” deyə istiqamətləndirə bilmədiyimiz kimi, “baxmamalısan” da deyə bilmərik. Və yaxud da heç kim iddia edə bilməz ki, məni “buna zorlayırlar”. Bu səviyyə söhbəti də deyil, “tamaşaçı səviyyəsizdir” - deyib insanlara həqarət etmək doğru olmaz. İlk növbədə TV-lər özlərinə çəki-düzən verməlidirlər. Ona görə ki, dövlətin tezliyindən istifadə edir, ərazisində yayımlanır və vətəndaşının mənzilinə qədər gedib çıxırlar. Təbii ki, dövlət də vətəndaşını qorumaq üçün ən ali rəsmilərinin dili ilə dəfələrlə “həyəcan təbili çalıb.”   

2009-cu ilin oktyabr ayında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsində Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində  nöqsan  və  çatışmazlıqların  artması narahatçılığı ifadə olundu. R.Mehdiyev bəyan etmişdir ki, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır: “...Teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.” 

Ramiz Mehdiyev konkret telelayihələri sadalayaraq televiziya kanallarının hazırladıqları verilişlərin Azərbaycan tamaşaçısını qane etmədiyini birmənalı  olaraq vurğulamış  və ciddi dönüş yaradılmasını tövsiyə etmişdir. Təəssüf ki, o zamandan xeyli vaxt keçməsinə baxmayaraq televiziyalarımızın əksəriyyəti sadalanan qüsurları qismən aradan qaldırmış, əyləncə verilişlərin yerini isə daha “qara” layihələrlə əvəz etmişlər. Yəni cəmiyyətin gözlədiyi dəyişikliklər müşahidə olunmamışdır.  

Nazirlər Kabinetinin   2012-ci ilin aprelin 16-da keçirilən iclasında Prezident İlham Əliyev də bu məsələyə başqa istiqamətdən toxundu, xüsusən də mətbəx verilişləri ilə bağlı narazılığını ifadə etdi.  Prezident həmin verilişlərdə sağlam qida mədəniyyətinin təbliğ olunmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, mətbəx verilişlərində bəzən Azərbaycan mentalitetinə, mətbəx mədəniyyətinə, dəyərlərinə zidd hallar olur, sağlam qida mədəniyyəti təbliğ olunmur, əksinə, bu işə xələl gətirilir.

Təxminən  eyni tarixdə və ondan sonrakı dövrlərdə də Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli  Həsənov televiziyalarda Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrini, xüsusən də ziyalıları, yaradıcı kəsimi qane etməyən verilişlərin olduğunu etiraf etdi:  “Müxtəlif  dövrlərdə bunun səbəblərini araşdırmışıq. Əsas səbəb odur ki, televiziyalar reytinq arxasınca qaçır. Bəzi hallarda isə onlar yalançı reytinq göstəricilərinin köləsinə çevrilir. Milli-mənəvi dəyərlərə, Azərbaycan mentalitetinə, əhalinin tələbatına, ayrı-ayrı zümrələrin ehtiyaclarına söykənərək yaxşı verilişlər yaratmaq, ən yaxşı nümunələri ekrana çıxarmaq əvəzinə daha çox sensasiya, bayağı şou arxasınca qaçırlar. Bu da cəmiyyətin haqlı olaraq televiziyalardan narazı qalmasına gətirib çıxarır və bunu nümayiş etdirir.”

Ayrı-ayrı vaxtlarda qaldırılan bu kimi iradlardan sonra ATV-nin prezidenti, peşəkarlığına böyük dəyər verdiyimiz Vüqar Qaradağlı cəmiyyətin bu narahatçılığına “TV-lər cəmiyyətin məhsuludur” deyərək cavab verdi.  Əlbəttə, Vüqar müəllimin yanaşmasını qəbul etmək mümkün deyil. Nədən ki, TV-lər cəmiyyəti yönəltməli, vətəndaşın səviyyəsinə enməməli, onun səviyyəsini qaldırmalıdır. 

Məqsəd  televiziyalar, teleaparıcılar, layihə rəhbərlərini tənqid  etmək deyil. Onları qınamaq kimi  bir  iddiamız da yoxdur, bacarsaydıq ən azı onlar qədər biz də nə isə edərdik. Etməmişiksə, deməli, onlar bizdən bir addım irəlidədirlər. Amma necə?  Təəssüf ki, bu gün teleməkanda bütöv tamaşaçı auditoriyasını  toplaya biləcək milli TV olmasa da, çox az sayda milli telelayihələr var ki, “qara fonda”da olsa qismən baxımlıdır. 

Bu yazıda ATV-dəki həmin layihələr və onlardan bəzilərinin yaxşı və pis tərəflərini təqdim etməyə çalışacağıq. Niyə ATV? Çünki Vüqar Qaradağlıdan çox şeylər gözləyirdik və hələ də gözləməkdə israrlıyıq. Həm də müzakirəsini aparacağımız o layihələrin reytinqi yüksəkdir və guya baxımlıdırlar. 

Səni axtarıram, səndən xəbərsiz...

Xoşqədəm Hidayətqızı  jurnalistikaya qəzetçilikdən  gəlib, bir sıra layihələrə (“Üç nöqtə” qəzeti) imza atıb, sonra televiziyada  özünü  sınayıb. “Sən tək deyilsən”lə efirə çıxıb, “Səni axtarıram”la teleməkanda  qərar tutub. Biz bunu istəsək də, istəməsək də belədir. Təkcə yerli tamaşaçını yox, yaxın-uzaq ölkələrdə az-çox Azərbaycanla bağlılığı olan insanları da tele-körpülər vasitəsi ilə televiziya qarşısında oturtmağı bacarıb. Bu müddətdə müxtəlif  tribunalardan Xoşqədəmin “axtarışları”na haqlı və haqsız tənqidi fikir söyləyənlər də olub.  Xüsusən də hər bazar efirə çıxan “Səni axtarıram”ın növbəti təqdimatından sonra proqram gedə-gedə sosial şəbəkələrdə onun “qəhramanları”nın müzakirəsi aparılır. Hamı da özünə görə haqlıdır və onların hər birinin fikirlərinə hörmətlə yanaşırıq. Lakin sosial şəbəkələrdə “Səni axtarıram”ın son iki proqramının müzakirələrini saf-çürük edəndə bu layihənin cəmiyyətə həm də  faydasından söhbət açıldığının şahidi oluruq. Tamaşaçıların diqqət yetirdiyi nüanslardan ən mühümü də elə “Səni axtarıram”ın “kabinet layihəsi” olmamasıdır.  Belə düşünürlər ki, layihənin mənəvi tərəfi qismən də olsa tamaşaçıdan yanadır. Auditoriya və elə layihənin müəllifi əks-qütbdə olanları inandırmağa çalışırlar ki, “Səni axtarıram” vətəndaşın bir zəngi ilə ata-anasını ataraq uzaq ellərdə “bomj” həyatı yaşayan oğulları geri qaytarırsa, bir məktubla satıldıqları ölkələrdə işgəncələrə məruz qalan qızlarımızı bu işgəncələrdən xilas edirsə, əri arvadına, oğulu-qızı atasına, dostu-dosta yaxınlaşdırırsa, Viktoriya Balayanın Zəhra Abdullayeva olduğunu ortaya çıxarırsa, yaxşı, bəs, bunun adı nədir?  

Təbii ki, “Səni axtarıram” da qüsursuz deyil. Xüsusən də efirə dəvət olunan ekspertlərin problemə münasibətləri çox zaman tolerant olmur. Əvvəla, heç bir ekspertin açıq efirdən kimisə mühakimə etmək hüququ yoxdur, bu ağsaqqal həkim Rəşid Mahmudov da ola bilər, qarasaqqal jurnalist Seymur Verdizadə də, mühakimə məhkəmənin mövzusudur, bu birmənalıdır. Ekspert  bütün hallarda çıxış yolu göstərməlidir. Amma ekspertlər hadisələrə bir çox hallarda soyuq başla yanaşmaq əvəzinə, daha aqressiv davranırlar, bu da yol verilməzdir.   

“Səni axtarıram”ı Azərbaycan brendi kimi də təqdim etmək absurddur. Nədən ki, Xoşqədəmdən əvvəl biz oxşar layihələri qonşu Rusiya və Türkiyə TV-lərində müxtəlif formatlarda izləmişik. Xoşqədəm isə bu ideyanı bir az da təkmilləşdirərək milliləşdirib. Hansı ki, elə Azərbaycan teleməkanında başqaları da buna zaman-zaman cəhd edib, amma o layihələr XOŞ QƏDƏMli olmayıb. “Gözümüz yolda – Kimisə axtarırsız?” adlı eyni layihə ilə ANS-də efirə çıxan Ülvira Qarayeva seçiminin uğursuzluğunu qəbul edib, üzüsulu geri çəkilmək məcburiyyətində qalıb.   

“Öz aramızda” ölümə doğru...

Əlbəttə, efir məkanındakı bu tendensiya “Səni axtarıram”la yekunlaşmır, bütün kanalların studiyalarında baş verir. Hüquqşünaslar və ekspertlər az qala  efiri  məhkəmə salonuna çevirirlər. Zaur Baxşəliyevin Şəfiqə Nağıyeva adlı xanım hüquqşünası və  Elgizin Mehriban Xanlarova adlı artist eksperti isə bu işin sanki “sərrafi süxənidir”lər. 

ATV-nin bir neçə layihəsinin  müəllifi Zaur Baxşəliyevi də bu cameədə tanımayan yoxdur. Bunun da səbəbi peşəkarlıq və istedad deyil, sadəcə bütün günü efirdə olmasıdır. Bu kanal, bu adamın müəllifliyi ilə bir damın altında (studiya tərtibatı, musiqilər) eyni problemi (axtarmaq) iki verilişdə tamaşaçıya niyə “yedirdir”?  Əgər məqsəd “yesən də budur, yeməsən də”  təfəkkürü ilə tamaşaçı ovlayaraq reklam qapazlamaqdırsa, bunu onsuz da digərləri ilə edirsiniz. Yox əgər  əlahəzrət  tamaşaçının “zövqü” və rəhbərliyin ali iradəsi bir kanalda iki eyni – daha doğrusu birinin digərinin təqlidinə “bə çeşm” deyirsə, onda “toyumuz mübarək!” Bu cür oxşarlıqlar tamaşaçıda da inamsızlıq formalaşdırır, itirən isə layihə müəllifləri olmur, televiziya və cəmiyyət olur. Biri pulunu itirir, digəri isə vətəndaşının zövqünü... 

Zaurun  digər  bir şakəri də ATV-ni klinikaya çevirməsidir.  Bu televiziyanın işi deyil axı, sənin işin maarifləndiricidir, bunu  bacarmırsansa, güldür - əyləndir. 17 yaşlı Vüsalın ölümü insanları nə qədər  üzdü, kədərə boğdu, ailəsini param-parça etdi. Həkim deyir mümkündür, yaxşı bəs mümkün olanı niyə torpağın  altına göndərdilər?  Bu işi  daha professional görmək  olardı, əməliyyat  riskini nəzər  alıb, Vüsalı müxtəlif bəhanələrlə bu yoldan daşındıra, ömrünü  3-4 il uzada bilərdiniz. Təəssüf  ki, bu da baş vermədi.   

Əlbəttə, imkansıza, xəstəyə  əl tutmaq, yardımlaşmaq  yaxşı - savab əməldir. Sən yalnız bunu təbliğ etməlisən. “Sağ əlin verdiyini,  sol əl bilməməlidir” – bunu yanındakı alnımöhürlü  ekspertin Hacı Surxay daha yaxşı bilir. Amma görünür bu “şəbədə”də onun da bir ayrı missiyası var. 

Məsələnin digər tərəfi isə bu işin maliyyə tərəfidir. Hansı ki, Zaur ilk  növbədə  xəstələrinin adına hesab açmalı, efirdən onu elan etməli idi, lakin bunu da etmir.  Özünü  “dövlətdən  ali”,  “qayğıkeş”,  “daha böyük”  göstərməklə “qaz vurub, qazan dolduranda”, efiri bazara çevirəndə, bu Hacıdan 10 min, o Kərbəlayidən 15 min “paket” alıb  “Öz aramızda” üyüdəndə tamaşaçı şübhələnməkdə haqlıdır.  Bu kimi “yardımlaşma”nın acı təcrübəsini  “Space”  bizə  “Mərhəmət sorağı”nda yaşadıb. Onların aqibətini də hamımız daha yaxşı bilirik...  

İndi başqa bir xəbər gəzir ki, manıs Rəqsanə də  ATV-də “axtaracaq” -  kimi, nəyi, orası hələ  bəlli deyil.  Ay  balam, bu baməzə zənənə  deyən yoxdur ki, TV bəyəm sənin üçün naxırçı İmanın fermasıdır? Sən  zatən çılpaq fotoların və əndamınla bütün  növ medianı onsuz da zəbt etmisən. Sən nəyinki peşəkar televiziyaçı, heç  peşəkar manıs da deyiləsən, qazanmağa o qədər  “yerin” var ki... Səmərəli istifadə etsən, bir ömür bəsindir. 

Amma görünür  həmkarlarımız  “efir bənzətmələrində” israrlıdırlar. Mətbuatda və cəmiyyətin həyatında  mühüm rol oynayan sosial şəbəkələrdə bu qədər  tənqid  olunmalarına baxmayaraq geri çəkilmək istəmirlər. Həm də bir ailənin tərkibində ola-ola. Bu bilirsiniz təxminən daha çox nəyə bənzəyir: bir evdə beş uşaq böyüyür, beşinin də adı Məmmədhəsən...  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar