Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tolerantlıq bizim həyat normamızdır“


Leyla Əliyeva: "Rusiyanın Azərbaycanlı Gənclər Birliyi formalaşıb və öz qarşısına qoyduğu vəzifəyə nail olub"


Moskvadakı “Swissotel” otelin konfrans zalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin “RAGB: dialoq və fəaliyyət” mövzusunda V konfransı keçirilib.

Forumun işində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti Məmməd Əliyev, RF Dövlət Dumasının, Rusiya Federasiya Şurasının, Moskva hökumətinin nümayəndələri, Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak ediblər.

Zalın foyesində RAGB-nin fəaliyyətinə, ətraf mühitin qorunması üzrə İDEA kampaniyasına, “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilmiş fotosərgi təşkil olunub, Heydər Əliyev Fondunun nəşrləri sərgilənib.

Əvvəlcə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndi.

Sonra RAGB-nin fəaliyyəti haqqında sənədli film nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan RAGB-nin sədri Leyla Əliyeva dedi: “RAGB-nin yaradılmasından yeddi il keçib. Bu gün biz inamla deyə bilərik ki, təşkilatımız formalaşıb və öz qarşısına qoyduğu vəzifəyə nail olub. Lap əvvəldən bizim məqsədimiz azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək, bütün planlarını, ideyalarını dəstəkləmək, təhsildə yardım göstərmək və bizim – Rusiyada yaşayan azərbaycanlı gənclərin ölkəmizin zəngin mədəniyyətini, qədim tarixini və ənənələrini ləyaqətlə təmsil edə bilməyimiz üçün nə lazımdırsa etmək idi. Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan gənclərinin qrupları fəaliyyət göstərir. Mən bizim regional bölmələrin fəallığını, onların səylərini xüsusi qeyd etmək istərdim. Bilirəm ki, çoxunuz bu gün bu konfransda iştirak etmək üçün uzun yol qət edib buraya gəlmisiniz. Hamınızı görməyə çox şadam və buna görə sizə təşəkkür edirəm”.

Leyla Əliyeva təşkilatın fəaliyyətinin yekunlarından söhbət açaraq qeyd etdi ki, RAGB hər il olduğu kimi, yenə Heydər Əliyev kuboku uğrunda mini-futbol üzrə çempionat, şahmat turniri, “Nə? Harada? Nə vaxt?” intellektual oyunu, “Qanın milləti yoxdur” adlı illik təmənnasız qanvermə aksiyası, tibbi profilli ali məktəblərin tələbələrinə və həkimlərə təcrübə mübadiləsi aparmaq imkanı verən böyük tibbi forum kimi aksiyalar, Lipetsk, Saratov, Kaluqa və digər şəhərlərdə tədbirlər keçirməkdə davam edir. Təşkilatın üzvləri “Etnomir” mədəniyyət və təhsil mərkəzində keçirilən festivalda, habelə Həştərxanda mini-futbol üzrə “Xalqlar dostluğu” çempionatında iştirak ediblər. RAGB bu tədbirin təşəbbüsçülərindən və təşkilatçılarından biri olub. Azərbaycan gəncləri Rusiyada uşaq evlərinə, internatlara, qocalar evlərinə mütəmadi olaraq baş çəkirlər. RAGB ekologiya və ətraf mühitin qorunması problemlərinə böyük diqqət yetirir.

RAGB-nin sədri Leyla Əliyeva dedi: “Azərbaycanın heyrətamiz, gözəl və zəngin təbiəti var. Dünyadakı 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Ölkəmizdə 11 qoruq, 9 milli park yaradılıb. Şahdağ milli parkı Cənubi Qafqazda ən böyük parkdır. Üç il bundan əvvəl ətraf mühitin qorunması üzrə İDEA kampaniyası başlanıb. Bu kampaniyanın məqsədi Azərbaycanın və bütün dünyanın gənclərini planetimizi və təbiətimizi qorumağa cəlb etməkdir. İDEA layihəsinin mövcud olduğu dövrdə böyük işlər görülüb. Biz konfranslar, seminarlar, forumlar, sərgilər təşkil edir, məktəblərdə və universitetlərdə ustad dərsləri keçirir, kitablar, jurnallar nəşr edir, filmlər çəkirik. İDEA layihəsinin əsas istiqamətlərdən biri nəsli kəsilmək təhlükəsi olan heyvanların qorunmasıdır. May ayında Azərbaycanda pişikkimilərin, Qafqaz bəbirinin qorunmasına həsr edilmiş böyük konfrans keçirildi. Bu konfransa çoxsaylı beynəlxalq təşkilatların ekspertləri gəlmişdi. Tədbirdə Soçidən olan mütəxəssislər də iştirak edirdi. Bizimlə əməkdaşlıq etdiklərinə və öz təcrübələrini bölüşdüklərinə görə onlara təşəkkür edirəm”.

RAGB sədrinin dediyi kimi, artıq neçə ildir ki, bu təşkilatın dəvəti ilə rusiyalı tələbələr Azərbaycana səfər edir, milli mədəniyyətimizlə, adət və ənənələrimizlə tanış olurlar. Leyla Əliyeva vurğuladı ki, Rusiya ilə Azərbaycanı tarixən bir-birinə bağlayan amillər çoxdur. O dedi: “Bizim ümumi tariximiz, müştərək mədəniyyətimiz, ortaq bayramlarımız və ən başlıcası – səmimi insani münasibətlərimiz var. Mənim fikrimcə, səmimi, təmiz insani münasibətlər ən başlıca məsələdir. Azərbaycanda müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə mənsub insanlar həmişə sülh və həmrəylik şəraitində yaşayıblar. Tolerantlıq bizim üçün nailiyyət deyil, həyat tərzimiz, həyat normamızdır. Çoxları bilmir ki, hələ 1918-ci ildə Azərbaycanda qadınlar səsvermə hüququ qazanmışlar. Müsəlman Şərqində ilk opera və balet Azərbaycanda yaradılmış, müsəlman qızlar üçün ilk məktəb Azərbaycanda açılmışdır.

Azərbaycanda rus ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə həmişə böyük məhəbbət bəslənib. Bu gün ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Ölkəmizdə 16 mindən çox adam rus dilində ali təhsil alır. Cənubi Qafqazda ən böyük rus diasporu bizdədir”.

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, ölkəmizin dövlət müstəqilliyinin bərpasından cəmi 23 il keçməsinə baxmayaraq, bu gün Azərbaycan güclü, suveren və müstəqil dövlətdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Son illərdə ölkə iqtisadiyyatının həcmi bir neçə dəfə artıb. Hazırda Azərbaycan postsovet ölkələri arasında bu göstərici üzrə birinci yeri tutur. Leyla Əliyeva dedi: “Əlbəttə, bu, bizim dövlətin idmana, elmə, təhsilə, tibbə, mədəniyyətə daha çox diqqət yetirməsinə imkan verir. Bu gün Azərbaycan beynəlxalq forumların və konfransların keçirildiyi arenadır. Gələn il Bakıda tarixdə ilk dəfə Avropa Oyunları keçiriləcək, 2016-cı ildə isə biz şahmat olimpiadası keçirəcəyik.

Bütün uğurlarımıza və nailiyyətlərimizə baxmayaraq, biz unutmamalıyıq ki, ərazimizin 20 faizi işğal altındadır, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün var. Artıq neçə ildir ki, beynəlxalq “Xocalıya ədalət!” kampaniyası həm Rusiyada, həm də dünyanın bir sıra ölkələrində bu dəhşətli faciə ilə bağlı tədbirlər keçirir. Biz ümid edirik ki, tezliklə Rusiyada və digər ölkələrdə bu dəhşətli faciəyə hüquqi və siyasi qiymət veriləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıda biləcəklər. İnanıram ki, əgər biz – Rusiyada yaşayan Azərbaycan gəncləri əlbir olsaq, bir-birimizi dəstəkləsək, bir-birimizi dinləsək, bir-birimizə kömək etsək, onda bütün çətinlikləri dəf edə bilərik, həmişə başımızı uca tutarıq. RAGB Rusiya Federasiyası İctimai Palatasının Gənclər və Uşaq Birliklərinin Milli Şurasında təmsil olunub. Bu isə o deməkdir ki, münasibətlərimiz daha möhkəm, səsimiz daha güclü olacaq”.

Heydər Əliyev Fondunun vitse-prezidenti vurğulayıb ki, RAGB yeni layihə həyata keçirir – xüsusi informasiya portalı yaradılıb, orada “RAGB radiosu” və RAGB televiziyası” fəaliyyət göstərəcək. Bu, gənclərimizə həm Azərbaycanda və Rusiyada baş verən yenilikləri izləmək, həm də müvafiq layihələrdə iştirak etmək, jurnalist qabiliyyətlərini inkişaf etdirmək imkanı verəcəkdir.

Leyla Əliyeva dedi: “Deyirlər, gəncliyin xüsusi enerjisi var. O, işıq və xeyirxahlıq bəxş edir. Gəlin, bu enerjini birlikdə bölüşək, ətraf aləmi daha yaxşı, ölkələrimizi daha möhkəm, daha güclü, daha maraqlı edək”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd etdi ki, azərbaycanlı gənclər müxtəlif tədbirlər keçirməklə bu ölkənin cəmiyyətinə inteqrasiya edirlər. Bu, çox vacibdir. Səfir Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilmiş Sammitindən söhbət açaraq qeyd etdi ki, həmin tədbirdə çox mühüm qərarlar qəbul edildi və bütün prezidentlər razılaşdılar ki, Xəzər dənizi dostluq və inkişaf rəmzi olmalıdır. P.Bülbüloğlu dedi: “Coğrafiya taledir. Biz Xəzər sahilində yaşayırıq, həm Rusiya, həm də Azərbaycan Xəzəryanı dövlətlərdir. Biz əlimizdən gələni etməliyik ki, ölkələrimiz sülh və dostluq şəraitində yaşasınlar”. Diplomat Rusiya-Azərbaycan ikitərəfli münasibətlərindən söhbət açaraq vurğuladı ki, bu gün Azərbaycan Rusiya iqtisadiyyatına sərmayə qoyan az sayda ölkələrdən biridir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Leyla Əliyevanın rəhbərliyi ilə bu ölkədə xeyriyyəçilik layihələri həyata keçirir. Ölkələrimiz arasında əmtəə dövriyyəsi ilbəil artır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyasında RAGB-nin rolunu yüksək qiymətləndirdi. O qeyd etdi ki, Azərbaycanda dövlət gənclər siyasətinin istiqamətlərindən biri gənclərin əməkdaşlığını və ölkə hüdudlarından kənarda gənclər təşkilatlarının inkişafını dəstəkləməkdir. İ.Babayev dedi: “Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan dövlətinin gənclər siyasətinin əsas prinsipləri RAGB-nin layihələri vasitəsilə gerçəkləşir”.

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) prezidenti Məmməd Əliyev Rusiyada Azərbaycan diasporunun təşəkkülünün tarixi və ÜAK-ın formalaşmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu barədə danışdı. M.Əliyev vurğuladı ki, RAGB üzvlərinin çoxu gələcəkdə Rusiyanın ən nüfuzlu diaspor təşkilatlarından birinin – Ümumrusiya Azərbaycanlılar Konqresinin layiqli üzvləri olacaqlar.

RF Dövlət Dumasının milli məsələlər üzrə komitəsi sədrinin birinci müavini Mixail Starşinovun qeyd etdi ki, Azərbaycan rəhbərliyi gənclərin tərbiyəsi məsələsinə, onların dünyagörüşünün formalaşmasına böyük diqqət yetirir. M.Starşinov dedi: “Sizin təşkilatınız yaxşı örnəkdir”.

Rusiya Federasiya Şurasının üzvü İqor Morozov RF Federasiya Şurasının sədri Valentina Matviyenkonun salamlarını konfrans iştirakçılarına çatdırdı və RAGB-nin çoxtərəfli fəaliyyətinə görə təşəkkürünü bildirdi.

Moskva Şəhər Mədəniyyət Departamenti rəhbərinin müavini Vladimir Filippov dedi: “RAGB Moskvanın ən güclü və dinamik gənclər birliklərindən biridir. Ondan nümunə götürürlər, onunla rəqabət aparmağa çalışırlar və bu baxımdan sizin üzərinizə böyük məsuliyyət düşür”. Onun qeyd edib ki, bu yaxınlarda Moskva meri S.Sobyaninin Bakıya səfəri zamanı 50-yə yaxın müxtəlif saziş bağlanıb. O, əmin olduğunu bildirdi ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ölkələrimiz arasında əməkdaşlığın inkişafına şərait yaradacaq.

Təşkilatın fəalları konfransda çıxış edərək, görülmüş işlər barədə danışdılar. Onlar 70 regionun azərbaycanlı gəncləri adından bu gənclərin sıx birləşməsinə və onların bütün təşəbbüslərinin dəstəklənməsinə görə RAGB sədri Leyla Əliyevaya təşəkkür etdilər.
RAGB idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın fəaliyyəti haqqında foto-hesabat təqdim etdi.

Sonra RAGB sədri Leyla Əliyeva əlaçı tələbələrə və təşkilatın fəallarına sertifikatlar və diplomlar təqdim etdi.

Rəsmi hissədən sonra konfrans öz işini “Qafqazda bioloji müxtəlifliyin bərpası üzrə beynəlxalq əməkdaşlıq: nailiyyətlər və imkanlar”, “Azərbaycan bu gün”, “Azərbaycan səhiyyəsi islahatlar yolunda” və “Bakı- 2015” seksiyalarında davam etdirdi.
Konfransın iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitablar və disklər hədiyyə olundu.

Konfrans Azərbaycanın və Rusiyanın estrada ulduzlarının iştirakı ilə qala-konsertlə başa çatdı.(azertac)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar