Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Toy oliqarxları”na böyük zərbə


Şadlıq evləri bağlanır


Dövlət yas mərasimlərinin tənzimlənməsindən sonra toy biznes sektorundakı xaotik vəziyyəti də qaydaya salmağı nəzərdə tutur; bunun üçün xüsusi qanun layihəsi hazırlanır; həyata keçirilən həbslərin fonunda bir sıra populist islahatlara da start verilir... 

Siyasi hakimiyyətin yas mərasimlərindəki dəbdəbənin, verilən ehsan süfrələrindəki israfçılığın aradan qaldırılmasına hesablanan addımları xalq arasında yüksək rəğbətlə qarşılanıb. “Yeni Müsavat” xəbər verir ki, bunu qəzetin poçtuna gələn məktublar, telefon zəngləri və jurnalistlərin mövzuya dair keçirdiyi sorğular təsdiq edir.

Qəzetimizə çatan bilgilərə görə, hakimiyyətin hər ay xidməti məqsədlərlə keçirdiyi sorğuda əhali tərəfindən ən çox bəyənilən addım da bu olub.

Doğrudur, Qafqaz Müsəlmanları İdarəsinin  (QMİ) rəhbəri Allahşükür Paşazadənin ticari məqsədlərlə istifadə etdiyi yas mərasimlərinin təşkili sektoru hələlik dövlətin bu kursunu sabotaj etməklə məşğuldur. Şeyxin ehsan və yas zalları əvvəlki kimi, zəngin müştərilərdən sifariş alır və onlar nə istəyirsə, onu da icra edir. Lakin bu məsələdə dövlət quruluşları inzibati metodları işə salıblar; bu baxımdan Şeyximizin sabotajı uzun müddət davam edə bilməz.

“Yeni Müsavat” qəzetinin bu mövzunu manşet yazısına çevirməkdə məqsədi isə xronika təqdim etmək deyil. Əksinə, daha sensasional və əhalinin bütün kateqoriyadan olan üzvlərini maraqlandıran bir plan haqda ictimaiyyətə anons verməkdir.
Məlumat bundan ibarətdir: hakimiyyət yas mərasimlərinin təşkili ilə bağlı atdığı addımları toy məclislərinə də şamil etməyə hazırlaşır. Hamıya məlumdur ki, bu sahədə vəziyyət daha biabırçıdır -  toy məclislərinin təşkilindəki hədsiz təmtəraq, israfçılıq, yarış atmosferi bir ictimai bəla halına gəlib. Əksəriyyəti vəzifəli məmurlara məxsus olan şadlıq sarayları demək olar ki, hər gün qiymətləri artırır, bununla bərabər, insanların istismarı, soyulması da yüksələn xətt üzrə davam edir. Böyük bir biznes şəbəkəsi, sənaye halına gəlib çıxmış toy mərasimləri Azərbaycanda qonaq olan hər kəsi heyrətləndirən israfçılığa yol açır. Həm də burada hər şey mafiya qaydaları üzərində qurulub və amansızdır. Bəzən toy sahibləri restoranların pulunu ödəyə bilmirlər -  dəvətlilər az gəlir, ya da nəmər pulları az yığılır -  bu zaman hətta təzə evlənən cütlükləri, ya da onların yaxınlarını şadlıq saraylarının işçiləri girov kimi saxlayır, borc pulları gec tapanlar toylarının ilk gecəsini şadlıq sarayında girov kimi qalırlar. Buradaca qeyd edək ki, belə bir hadisə “Yeni Müsavat”ın keçmiş əməkdaşlarından birinin də başına gəlib: yalnız redaksiya borc kimi qalan məbləği yığdıqdan sonra əməkdaşı olan bəyi və onun xanımını şadlıq evindəki girovluqdan qurtara bilmişdi. 

Bu cür hallar böyük ictimai qınaq və qəzəb dalğası yaradır. İctimai mühiti, milli dəyərləri korlayan bu cür hallar millətə yas mərasimləri zamanı baş verən neqativlərdən daha ağır zərbə vurur. Bu baxımdan, son həbslərlə ictimai rəydə müəyyən qınaqlar qazanan hakimiyyətin növbəti populist addımı gözləniləndir.

Məlumatlara görə, hakimiyyət bu problemin kökdən və inzibati həllindən başqa, həm də qanun layihəsi hazırlayır. Həmin layihə ictimai sektordakı müəyyən qaydaları dəyişməyi hədəfləyib. O cümlədən də, yas və toy mərasimlərinin təşkili qaydalarını tənzimləmək qaydaları burada özünü əks etdirəcək.

Burada məsələnin ən sensasional cəhəti isə budur ki, ölkədə göbələk kimi boy verən şadlıq sarayları şəbəkəsi tam nəzarətə götürüləcək və bu sarayların bir çoxunun təyinatı məcburən dəyişdiriləcək. İndiki şadlıq saraylarının əksəriyyəti  ticarət-əyləncə və idman-əyləncə komplekslərinə çevriləcək. Onlara itirdikləri gəlirləri bu sahədə kompensasiya etmək imkanları yaradılacaq. 

Məlumatları şərh edən siyasi ekspertlərdən biri “Yeni Müsavat”a deyib ki, avtoritar tipli hakimiyyətlər daim populist və özünə ictimai rəydə pozitiv gətirən addımlar atmağı sevir və bu, onun xarakterindən doğan bir zərurətdir: “İqtidarın metro stansiyalarında ticarəti yığışdırması minlərlə vətəndaşın xoşuna gəlmədi və etiraz yaratdı. Bunlar qəzet-kitab satıcıları, redaksiyalar və digər satıcılar idi. Lakin sonradan məlum oldu ki, prezidentin şəxsi iradəsi ilə atılan bu addım metro istifadəçisi olan 100 minlərlə vətəndaşda rəğbət yaradıb və təqdir alıb. Stansiyaların təmizlənməsi, oradan xaosun yığışdırılması hər gün metroya girib-çıxan azərbaycanlıların təqdirini qazanmaya bilməzdi. Yas məclislərində ehsan süfrələri ilə bağlı hakimiyyətin müdaxiləsi də ilk öncə Naxçıvanda sınaqdan çıxarıldı - hətta Vasif Talıbov kimi müstəbid də bu addımlarına görə təqdir qazandı. İndi onun Azərbaycan boyunca tətbiqi də eyni reaksiya doğurub. Lakin dərhal da qoşma tələb ortaya çıxıb: ”Bəs toy məclisləri? Axı orada vəziyyət daha  biabırçıdır. Hakimiyyət niyə bu məsələni yoluna qoymur?"

Və budur, hakimiyyət bu məsələni də yoluna qoymaq üçün bu payız hərəkətə keçəcək və yuxarıda qeyd etdiyimiz hərəkətləri həyata keçirəcək.

Siyasi ekspert deyir ki, zaman irəlilədikcə, siyasi hakimiyyət ictimai rəydə ona bu cür rəğbət qazandıra biləcək addımları artırmaq ehtiyacı hiss edəcək. Bu zaman “cəngəllik kapitalizmi” dövründə əlinə böyük sərmayə yığmış və hazırda biznes sektorunda ciddi paya sahib olan regional oliqarxiya sıradan çıxarılacaq: “Öncə onların bir çoxunu siyasi hakimiyyətdə, hakim partiyada rəy və ixtiyar sahibi olmaqdan məhrum etdilər. Onlar mafioz tipli, bu hakimiyyəti də özlərinə borclu bilən regional əsaslarla zəngin olan, oliqarxlaşan simalar idilər. İndi isə onları biznes sektorundan da çıxardıb atacaqlar. Və bu zaman xalqa əyləncə və teatr lazım olsa, hakimiyyət buna da gedəcək və bu cür gözdən salınmış oliqarxlar ”əsərin mənfi qəhrəmanı" obrazında şəbih iştirakçısı olacaqlar".

Hər kəs düşünə bilər ki, “toy sənayesi”, şadlıq sarayları biznesi yüksək dərəcədə gəlir verir, minlərlə iş yeri deməkdir və hakimiyyət buna getməyəcək. Lakin xatırladırıq ki, metrostansiyalardakı biznes nöqtələri də yüksək gəlir verirdi və ayda 10 milyonlarla manat dövriyyəsi var idi. Orada bir neçə min insan ruzi qazanırdı. Buna baxmayaraq, siyasi hakimiyyət oranı bağladı. “Toy sənayesi” ilə də bu cür rəftar ediləcək. 
Bir neçə ay sonra ölkədə toy məclislərinin təşkilində tamam başqa standartlar və sistem müşahidə edəcəyik. O zaman bu mövzuya bir daha qayıdarıq. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar