Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türk bizim düşmənimizdir“



Bir neçə il öncə "Sən türk kişisisən" adlı məqaləmdə indi yazacağım mövzuya toxunmuşdum


Bəzilərimizin Qanlı, bəzilərimizin isə Şanlı adlandırdığımız 20 Yanvar faciəsini milli birlik nümayiş etdirərək başucalığı ilə yola saldıq, qarşıdan isə Xocalı soyqırımı yaxınlaşır. Amma bu faciələrə tədrisimizdə və ədəbi nümunələrimizdəki ürəkaçmayan münasibəti gördüyüm və narahat olduğum üçün yenidən toxunmağı nəzərə aldım. Çünki bu cür hallara sistemsiz münasibət göstərib təbliğini edərək özümüzə xeyirdən çox, ziyan vurmuş oluruq. Bu ağır düşmən zərbələrindən 20 ildən çox zaman keçir, amma hələ də nəyi necə və harda təqdim edəcəyimizin yolunu tapa bilməmişik, məncə. Bu dəfə də, 4 yaşlı qızımın xəbərlərdə erməni sözü eşidərkən "Ata, ermənilər bizim uşaqlarımızı, kişilərimizi öldürüb eee" deyərək qaçıb gizlənməsi bu yazını yazmağa bir daha vadar etdi.
 

Bəli, Xocalı soyqırımı bir xalqın bir xalqa qarşı törətdiyi ən qəddar, insanlıqdan uzaq bir qətliamdır. Bunu hamımız bilir, ən yüksək səviyyədə də dünyaya çatdırıb erməniləri ifşa etməyə çalışırıq. Onu dəqiq bilirəm ki, kim nə deyir desin, kimin əlindən nə gəlir, onu da etməyə çalışır. İstər ölkəmizdə, istərsə də xaricdə. Lakin yuxarıda da qeyd etdiyim kimi, bu təbliğatlar planlaşdırılmamış şəkildə həyata keçirilir və eyni hədəfə vurmadığından sanki bumeranq kimi özümüzə dəyir. Bu cür təbliğatlar aparıldıqda ideoloqlarla yanaşı, sosioloqların və psixoloqların da fikrinin nəzərə alınmasını vacib sayıram. Çünki siyasət yerli və xarici yöndə aparıldığı kimi, milli mənafeyi əks etdirən təbliğat da yerli və xarici olaraq bölünməlidir. Əcnəbilərə düşmənimiz haqqında danışarkən nəyi deyiriksə, öz övladlarımıza onun eynisini demək heç də doğru deyil.

 
20 ildir ekranlarımızda  bu faciələri açıq və çılpaqcasına təqdim etməklə yetişməkdə olan gəncliyin ruhunu tapdaladığımızın, qürurunu sındırdığımızın fərqində belə deyilik. Yadınızdadırsa, Azərbaycan torpaqlarının işğal olunması daha çox 1992-ci il fevral ayındakı QaradağlıXocalı soyqırımlarından sonra sürətləndi. Ermənilər tərəfindən təbliğat elə qurulmuşdur ki, həmin hadisə həmin gündən başlayaraq məlum videolarla göstərilməyə başladı. Və beləcə döyüşə hazırlaşan bığ yeri təzəcə tərləmiş gəncin kadrlardakı vəhşiliyi görüb istər-istəməz bədəninə üşütmə düşdü. Sonra isə əsir düşməmək üçün erməni adı eşidən kimi qaçmağa başladı. Elə bu da erməninin istədiyi idi... Və beləcə el arasında  "erməni qan gördü", "ermənilər toyuqdur" deyib ermənini güc hesab etməyən millət erməninin gücündən və əzazilliyindən qorxub torpaqları boşaltdı.

Hə, bizə onda çatdı ki, sən demə erməni yüz illərdir ki, uşağının qulağına "türk sənin düşmənindir" deyə pıçıldayır və bu ruhda böyüdür. Ən böyük bəlamız hamı işləyəndə yatmağımız və sonradan oyanıb onları təkrar etməyimiz və bu təkrarda da yanlış etməyimiz olan xüsusiyyətimizi yenə yaşatmağımızıdır. Beləcə o gündən biz də başladıq uşaqlarımıza bağçadan, ibtidai sinifdən ermənilərin bizim başımıza gətirdiyi oyunlardan, bizi necə öldürməyindən, məhv etməyindən can-dildən danışmağa. Orta məktəb müəllimlərinin əksəriyyəti plan doldururlarmış kimi Xocalı faciəsi yaxınlaşdımı, Xocalı faciəsindəki tükürpədici şəkilləri düzərək bir sərgi düzəldir, bir az interaktiv metodlardan yararlana bilən müəllimlər isə video lenti tapıb körpəcə uşaqlara izlədirlər. Bu, bağçadan ta 11-ci sinif şagirdlərinə qədər göstərilir. Yeniyetmələrə, bəlkə də, bu cür təbliğatla nəsə demək olar, amma 12-13 yaşına çatmayan uşaqlara bu cür təbliğat anti-təbliğatdır. Bu, birmənalıdır. Zənn edirəm ki, əksəriyyətiniz mənimlə razılaşar, razılaşmayanlar da bir-iki babat psixoloqla məsləhətləşsə pis olmaz, ən azından məsələnin mahiyyətini anlayar. Çünki bəzən mübahisə məqamlarında əks fikirdə olan dostlarımız deyir ki, ermənilər uşağa qundaqda deyir: "Türk bizim düşmənimizdir". Bəli, mən də razı. Amma gəlin mahiyyətə baxaq, o uşağına deyir ki, sənin düşmənin kimdir, mən də deyirəm bax düşmən bizim başımıza hansı oyunlar açıb, gör bizi nə günə qoyub? Zənn edirəm ki, fərq aydındır.

Digər bir tərəfdən də bəzən bağçada uşaqlara bu mövzuda elə şeirlər öyrədirlər ki, deməyə söz tapmırsan. Məsələn, 4 yaşlı bir uşağın "Ağla, qərənfil, ağla" şeirini deməsi heç bir metodikaya sığmır. Çünki uşaq şeir deyəndə sevinə-sevinə,  nazlanaraq ifadə edir. Hələ şeiri deməmişdən öncə yerində nazlanması, əzilib-büzülməsi və "ata, şeirdən qabaq belə etməliyik", - deyib şeirə başlaması, yaşının hələ bu cür məsələləri anlamamasından xəbər verir. Gəl indi bir uşağın ədalarla şeiri deməyi və şeirin daşıdığı mənanı uzlaşdır görüm, necə uzlaşdırırsan!

Deməli, tədqiqatlar zamanı alimlər, birələri bir bankaya salıb qapağını açıq qoyurlar. Görürlər ki, bu birələr bankadan neçə dəfə yüksəyə tullanaraq qaçırlar. Sonra bankanın ağzına qapaq qoyurlar və bir müddət belə saxlayırlar. Tullandıqca başları qapağa dəydiyindən, bir müddətdən sonra artıq daha kiçik hündürlüyə tullanmaqla kifayətlənirlər.  Araşdırmaçılar qapağı götürəndən sonra görürlər ki, artıq birələr bankanın ağzından yuxarı tullana bilmirlər. Ora qədər tullanıb-düşürlər. Yəni “boyları” qədər...  İnsan da belədir, bir insana onun kim olduğunu daha tez-tez desən, həmin insan buna inanacaq və öz daxilindəki potensialdan xəbərsiz böyüyəcək. Necə ki, özünü toyuq balası hesab edən qartal edirdi. Hə o da var ki, toyuq balası da, qartalın yanında böyüsə, ən azından qartalın xarakterini götürəcək, toyuğun yox.

Buna görə də, əziz müəllim dostlar, əziz təhsil işçiləri, siz Allah, bu cür yalançı və ya zərərli təbliğat formasından vaz keçin, gəlin, sizli-bizli düşünən və qanan insan yetişdirək. O, ağlı kəsəndə onsuz da, həyatı dərk edəcək. Yadıma gəlir ki, sovet təhsilində almanlar nə qədər vəhşi, faşist kimi təqdim edilsələr də, sonda "bizimkilər" qalib gəlirdi. Yeri gələndə ruh yüksəkliyi yaratmaq üçün bədii obrazları belə böyük qəhrəmanlar kimi təqdim etməkdən də istifadə etməliyik.

Hörmətli bağça, məktəb direktorları, bəlkə siz iclaslarda bu məsələyə son qoyasınız. Heç olmasa ibtidai siniflərdə bu cür tədbirlərin keçirilməsinə icazə verməyəsiniz.

Əziz həmkarlarım, gəlin biz tənbəlliyin daşını atıb yaradıcılıq nümayiş etdirək, yeni bir ideya meydana gətirək, ən azından o tədbirləri qəhrəmanlarımızın şücaətləri ilə əvəz edək, ruhu yüksəldək, coşduraq, insanlığı oyandıraq ki, gələcəyimiz kor, qorxaq, cılız, gözüqıpıq, özgüvənsiz böyüməsin.

P.S. Əminəm ki, bunu oxuyan hansısa bir vətəndaşımız etdiyim bu təklifi düzgün anlayıb, yanlış qənaətə gəlməyəcək. Bir uşağı formalaşdırarkən onun qüsurlarını, zəif nöqtələrini üzünə vurmaq və daima tənqid edib alçaltmaq doğru yanaşma deyil. Həmin uşaq böyüyəndə qorxaq, namərd, şəxsiyyəti qüsurlu olur. Ona onun böyük olduğunu, güclü olduğunu, saf qan sahibi olduğunu deyin ki, özgüvəni və heysiyyəti zədələnməsin. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar