Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ulduz”dan “Azərbaycan”a sərt ittiham


İkrah doğuran qeyri-səmimlik, Şeyx Nəsrullahlıq...


Kulis.Az şair-publisist Balayar Sadiqin "Ulduz" jurnalının son sayı ilə bağlı ekspert kimi qələmə aldığı “Ədəbi eyforiyadan qurtulmaq cəhdi” məqaləsini təqdim edir.
 
Ədəbiyyat dərgisinin ən böyük dəyəri təqdim etdiyi əsərlərin milli-mənəvi, bədii-fəlsəfi, ictimai və estetik sanbalı ilə ölçülür.
 
Estetik planda “Ulduz” jurnalı ciddi uğurlar qazanır. Doğru deyiblər, baş redaktor mətbu nəşrin simasıdır.
 
Qulu Ağsəsin poeziyası kimi rəhbərlik etdiyi jurnal da öz məxsusi keyfiyyətləri ilə seçilir. Oxucu marağını artırmaq məqsədilə baş redaktorun səyləri, onun həm də naşir və iqtisadçı bacarığını ortaya çıxarır. Mətbuatda ilk dəfə “əbədi-bədii reklam” səciyyəli poeziya, nəsr nümunələrinin disk və kitab formatında təqdim olunması, yenilikçi düşüncənin daha bir təzahürüdür.
 
Jurnalın bu sayının hədiyyəsi Qarabağ mövzusunda dəyərli sənət nümunəsi sayılan “Dolu” romanının müəllifi, görkəmli yazıçı Aqil Abbasın gəncliyindən soraq verən “Ən xoşbəxt adam” kitabıdır. Fikrimcə, dərgidə önəmli uğurlardan biri bütün istiqamətlərdə yenilik axtarışlarının gücləndirilməsidir. Əlbəttə, bütün bunlar təqdirəlayiqdir.
 
“Təqdirəlayiq” ifadəsinə söykənərək, bir məsələni diqqətə çatdırmaq istəyirəm. Jurnalda yaradıcılıq imkanlarına geniş şərait yaradılsa da, çağdaş qələm adamlarının bir çoxunda ədəbi zövqün, bədii təfəkkürün kasadlığı və ədəbi axtarış meyllərinin zəif olmasına şahid oluruq. Bəzi yazılar ədəbi kontekstdən çıxarılaraq, şou elementləri ilə “zənginləşdirilir”. Bu mövzuya sonra da qayıdarıq. İndi isə mənə həvalə olunmuş ekspert səlahiyyətinin icrasına başlayıram.
 
“Ulduz”un bu sayında təqdim olunan ədəbi-bədii nümunələrin içində çağdaş poeziyamızın görkəmli simalarından biri Adil Mirseyidin avtobioqrafik səciyyə daşıyan “Unio mistika” poeması yüksək poetik məziyyətləri, irfani dəyəri ilə böyük maraq kəsb edir. Müəllifin poetik üslubunun gözəl nümunələrindən biri olan əsər, bu yaxınlarda haqqın dərgahına qovuşan “qara sevdaların şairi”, bənzərsiz sənətkarın “son nəğməsi”ni xatırlatdı mənə və çox təsirləndim. Ruhu şad olsun, böyük şairin!
 
Poemada çağdaş qələm adamının ağrı-acılarına, daxili təbəddülatlarına irfani aspektdən ayna tutulur və “ayna” sözü bu əsərdə “qara sevdalı şairin” taleyinin poetik kodu kimi irfani mətləbə çevrilib:
 
Aynadan gülümsəyir qara sevdalı şair,
Bir az abdal bir az sufi bir az şaman və sair.
 
Bədii-ictimai və fəlsəfi siqləti heyranlıq doğuran əsərdə poetik elemetlərin, bədii-fəlsəfi düşüncənin zənginliyi, şairin daha dərin mətləblərə, şərq və qərb poetik təfəkkür sisteminin incəliklərinə vaqif olmasından xəbər verir.
Poemada metaforik düşüncənin metafizik gücü, təkcə peotik fiquraların rəngarəngliyində deyil, bütövlükdə, istedadın, yaradıcı fərdin həyatda, cəmiyyətdə, hətta ən doğma insanların əhatəsində belə tənhalığı haqqında Yaradanla pıçıldaşmasıdır. Şərq poetikasında “dörd” rəqəminin, “dörd ünsürün” dahi Nizamidən üzübəri bədii əsərlərdə işlədilməsinə çox təsadüf olunub, Adil Mirseyid də bunu məharətlə, bədii-fəlsəfi fikrin bütün çalarları ilə ehtiva edir. Məncə ədəbi-bədii sanbalı ilə poeziyamızı zənginləşdirən bu poetik sənət nümunəsini ədəbiyyatımızın, poetik düşüncəmizin uğuru kimi səciyyələndirmək olar. Əlbəttə, burada əsərin geniş təhlilinə ehtiyac yoxdur və belə əsərlər pafoslu təhlil müstəvisindən çox uzaqdır, həm də hər tənqidçinin anladığı mətləblər deyil.
 
Söhbət ədəbi təhlildən düşmüşkən, jurnalın bu sayında “Söz haqqında söz” rubrikasında tanınmış gənc tənqidçi Elnarə Akimovanın “poema yaradıcılığı” ilə bağlı icmal xarakterli yazısı haqqında da qənaətimi bölüşmək yerinə düşər. Öncə, qeyd edim ki, Elnarə xanım istedadlı alimdir. Lakin onun həm bu, həm də digər yazılarını təhlil etdiyim zaman bu fikri hasil etdim ki, gənc tənqidçinin elmi təfəkkürü hələ kifayət qədər zənginləşməyib. Sovet stereotip düşüncə sistemindən qurtula bilməməyi, onun yetkin ədəbiyyatşünas kimi formalaşmasına mane olur. Gənc tənqidçinin poema janrı haqqında bilgiləri mənə orta məktəbin ədəbiyyat müəlliminin səviyyəsini xatırlatdı, xüsusən də sovet təfəkkürlü, partiya mövqeli müəllimin düşüncələrini... Bəlkə də belə kəskin danışmağım yerinə düşmür, lakin susmaq, ədəbi mövqe sərgiləməmək də vicdan məsələsidir. Onun “poemada intelektual manevr”, “odlu misralar” və s. şablon ifadələrinə bir az güldüm də. Doğrudanmı, poeziyamızda Xaqani dövründən bəri poema yazan şairlər Nizami, Füzuli, A.Səhhət, M.Hadi, H.Cavid, R.Rza, Ə.Kərim, S.Vurğun, Qabil, B.Vahabzadə, M.Araz, N.Həsənzadə, C.Novruz, F.Qoca, R.Rövşən, M.Günər olmuşdur, görəsən gənc tənqidçi “və sair” dediklərinin içində M.Müşfiq, S.Rüstəm, M.Rahim, İsa İsmayılzadə, Vaqif Bayatlı, Ağacəfər Həsənli, Adil Cəmil, Ənvər Əhməd, Adil Mirseyid, Qəşəm Nəcəfzadə, Əsəd Cahangir, Şəmsi Vəfadar, Mehman Qaraxanoğlu kimi dəyərli poemalar yazmış müəlliflərin adını niyə çəkmir? İcmalda adları çəkilən bəzi şairlərin poema kimi təqdim olunan nəzm nümunələrində “poeziya ətri” verən bir misra da tapmaq olmur. Axı, müəllif bir ədəbiyyatşünas, bir tənqidçi kimi bu müəlliflərin poema yaradıcılığı haqqında ən azı məlumata malik olmalı idi. Doğrudanmı, Mikayıl Müşfiqin, Vaqif Bayatlının, İsa İsmayılzadənin və s. sənətkarlarımızın poemalarının poetik səviyyəsi onun icmalda adını dəfələrlə çəkdiklərindən aşağıdır? Bu cür ədəbi konyuktura, istedadlı alimin, gənc tənqidçinin obyektivliyinə şübhə yaradır. Belə ədalətsiz ədəbi yanaşma meylləri, çağdaş ədəbi cameənin ən naqis xüsusiyyətlərindəndır.
 
Apardığım təhlillər nəticəsində aydın oldu ki, Elnarə xanım istedadlı alim olsa da, klassik şərq poetik sisteminin, islam fəlsəfəsinin mahiyyətinə kifayət qədər bələd deyil. Yoxsa, islam əxlaqına zidd fikirləri təqdir etməzdi. Məsələn, “lənətlənmiş cənnət” ifadəsi. Mən hələ qərb bədii-estetik düşüncəsinin incəliklərindən danışmıram. Məncə, mövzuyla bağlı ciddi hazırlığı olmadan aparılan təhlillər bəsit səciyyə daşıyır. Yaxud, bədii mətnə aid olmayan fikirləri hər hansı əsərə şamil edərək, poetik nəfəsdən məhrum əsərləri təqdir etmək də təəssüfləndirici haldır.
 
Məsələn, Elnarə xanım yazır: “Əsərdə müəllifin təsvirlərə, təmtəraqlı ədalara meyl etməməsi, eyni zamanda obrazlı, rəvan dili rəğbət doğurur”. Onun nümunə gətirdiyi mətnlə bu cümlədəki fikirlər heç uzlaşmır və haqlı sual doğur ki, müəllif “təmtəraqlı ədalara meylləri” tənqid etdiyi halda bəs bu nə təmtəraqdır?
 
Poema janrı ilə bağlı fikirlərini ümumiləşdirən Elnarə xanım yazır: “Çağdaş şeirdə müşahidə olunan müasir ədəbi təmayüllər, müxtəlif estetik-fəlsəfi cərəyanlara meyllərə, intellektual düşüncənin önə keçməsi halları ilə rastlaşmadıq. Halbuki, R.Rzanın, Ə.Kərimin, R.Rövşən poeziyasının bariz nümunələri var ki, bu xüsusda layiqli əsərlər sayılırlar”.
 
Cümlənin quruluşundakı səhv bir yana qalsın, görəsən gənc tənqidçi, təkcə bu üç böyük şairin adını çəkməklə, bütövlükdə, çağdaş poeziyamızın digər görkəmli simalarını niyə unudur? Məqsədi bilinmir...
 
Yaxud: “Poetik dilin cazibəsi hiss olunmur, obrazlılıq, dil axıcılığı prosesi öz yerini şairin fikri deyib keçmək ədasına verib” –  cümləsindəki fikri çağdaş poemaların hamısına şamil etmək də absurddur. Yenə də, müəllifin əsassız fikri poeziyamızın müasir durumu ilə müqayisədə miskin görünür.
 
Bu yazıyla bağlı fikirlərimi yekunlaşdıraraq bildirirəm ki, lirik-fəlsəfi sənət nümunələrində bədii xarakter axtarmaq gün işığında şam yandırmağa bənzəyir.
 
“Ulduz”un “Şeir vaxtı” rubrikasında istedadlı gənc şairə Leyla Əliyevanın təqdim olunan şeirlərində zərif qadın duyğularının, qadın ruhunun səmimi və poetik ehtivası diqqəti cəlb edir. Tanınmış qələm sahibi Əyyub Qiyasın tərcümələri uğurlu alınıb. Qeyd edim ki, Leyla xanımın bəzi şeirlərini rus dilində internetdə oxumuşam. Bu şeirlərdə zəngin rus poeziyasından gəlmə poetik ritmin, intonasiyanın, şərq təfəkkürünün genetikasındakı poetiklik ilə improvizə olunması çox maraqlı bədii effekt doğurur. Məncə, bu şeirlərin hər misrasında sevən və iztirab çəkən zərif qadın qəlbinin çırpıntıları duyulur.
 
Bu kövrək “Şeir vaxtı”ndan ayrılıb jurnalın “Diskusiya klubu” rubrikasına üz tuturam. Öncə, ürəyimdə bu rubrikanın aparıcısı, çox istedadlı yazıçı Təranə Vahidlə “salamlaşıb”, “diskusiyanı dinləməyə başlayıram”. Neçə deyərlər, söhbətin elə “bismillah”ından məlum olur ki, diskussiya adı altında keçirilən bu tədbir poetik təfəkkürü ilə seçilən şair, lakin çoxunun “tanınmış tənqidçi” etiketi ilə tanıdığı Əsəd Cahangirlə (“Azərbaycan” jurnalının baş redaktor müavini – red) gənc yazıçıların növbəti görüşüdür. Bu rubrikanın mahiyyəti gözəldir, lakin şablon fikirlər yorucudur. Qeyd edim ki, burdakı söhbətin məğzi dəfələrlə internet saytlarından Əsəd Cahangir və burdakılardan daha artıq gənc yazarlarla diskussiya şəklində təqdim olunub. Heç bir yenilik vəd etməyən, dəfələrlə internetdə yayılmış və ədəbi aktuallığını itirmiş fikirlərə jurnalda səkkiz səhifə yer ayrılması da uğurlu cəhət deyil. Əsəd Cahangirin peşəkar kimi gənc yazarlarla “məzələnməyi”də diqqətdən yayınmır. Məsələn, “Mənim üçün ən böyük mükafat odur ki, tanımadığım bir oxucu poemamdan bir misra desin, yaxud desin ki, mən sizin filan yazınızı, kitabınızı oxudum, xoşuma gəldi, yaxud gəlmədi”.
 
Görəsən, ifadə etdiyi bu fikrə Əsəd özü inanırmı?! Onun qeyri-səmimiliyi ikrah doğurur. “Məncə, Əsəd Cahangirin ədəbi tənqidçi obrazı “Müsibəti-Fəxrəddin” faciəsindəki Rüstəm bəylə müəyyən mənada uzlaşır... “Mən” həmin Rüstəm bəyəm ki...” Gənc yazarların “mürid” heyrəti ilə verdikləri suallar və Əsədin Şeyx Nəsrullahsayaq cavabları da ədəbi aktuallıqdan uzaq nəsnədir.
 
Çox qəribədir, gənclər Əsəd Cahangirin poeziyası ilə tanış deyillər və deyəsən buna heç həvəs də göstərmirlər. Görəsən, poeziyanın çətin janrında maraqlı nümunələr yaratmış Əsədlə bu janr və digər sənətkarlıq məsələləri ilə bağlı fikir bölüşmək, diskussiyanı bu istiqamətdə aparmaq daha maraqlı olmazdımı? Çünki bu diskussiyada gənclər çox inamsız danışırlar, sanki məcburiyyət qarşısında Əsədin böyük ədəbiyyatçün əhəmiyyəti olmayan ədəbi-tənqidi baxışlarını çözməyə cəhd edirlər. Lakin, Əsəd Cahangirin poeziyada özünəməxsusluğu daha çoxdur, nəinki, ədəbi-tənqidi baxışlarında. Əlbəttə, bu fikrimi əbədi-bədii və elmi dəlillərlə sübut etmək iqtidarındayam. Yeri gəlmişkən, Əsəd Cahangirin poemalarını ilk dəyərləndirənlərdən biri də mən olmuşam.
 
Bu diskussiyaya yekun vuraraq deyirəm ki, “kim yatmış, kim oyaq” bədii sualının cavabı belə təsir bağışlayır: “Əsəd yatıb, hamı oyaq”. Qeyd etmək lazımdır və vacibdir ki, ədəbi gəncliyin taleyini, ədəbi “oriyentiri”, sənət mövqeyi naməlum yazarların ümidinə qoymaq sağlam dəyərlərə xidmət etmir.
 
Jurnalda daha bir müsahibə xarakterli yazı verilib. Burda da Fərid Hüseynin qonaq qismində dəvət elədiyi, maraqlı yazıçı Natiq Məmmədlidir. Jurnalın bu sayında Fərid Hüseynin 6 şəkli fotosessiya kimi yer alıb. Bu müsahibədə də ədəbiyyatın özündən, yəni bədii mətndən daha çox ədəbiyyat ətrafında söhbət gedir. Nədənsə mənə elə gəldi ki, müsahibə aparanın roman və hekayə haqqında təsəvvürləri çox məhduddur. Yoxsa belə bir yöndəmsiz fikir işlətməzdi. “Roman və hekayələrinizi oxuyandan sonra belə bir nəticəyə gəlirəm ki, daha çox dövrü ifadə etməyə çalışırsınız...”
 
Natiq Məmmədlinin bu sayda çap olunmuş “Xəlbir” hekayəsi bir daha onun məxsusi yazıçı üslubuna malik olmasını təsdiq edir. Fikrimcə, çağdaş nəsrimizdə dolğun hekayələr müəllifi kimi Natiq Məmmədlinin xüsusi yeri var.
Jurnalın “Təbriz eli” rubrikasına baxanda yadıma nədənsə Şəhriyardan öncə Şah İsmayıl Xətai düşdü və xüsusən onun haqqında deyilən: “Şah İsmayıl Təbrizə, ruh bədənə qayıdan kimi qayıtdı”.
 
Gözəl şairə Fərqanə Mehdiyevanın öz ağrılarını unudaraq, Şəhriyar ocağının varisi, şairin oğlu Hadi ilə müsahibəsi səmimi təsir bağışlayır.
 
Bir daha qeyd etmək məcburiyyətindəyəm, jurnalın bu sayında müsahibə xarakterli yazılar çoxluq təşkil edir və bu da yeknəsəqlik yaradır.
 
“Ustad” rubrikası jurnalda çox maraqlı səslənir. Xalq şairi Hüseyn Arif əfsanələşmiş ədəbi simalardandır. Ədəbiyyat adamlarına onun maraqlı dünyagörüşə malik olması çoxdan bəllidir və bu gün də onun haqqında xoş xatirələr söylənilir. Məncə, “Unutmayaq: “O, elə şairdir, bir də tapılmaz” cümləsini işlətməyə ehtiyac yoxdur. O, Hüseyn Arifdir.
 
“Ustad” rubrikasındakı şeirlərin ədəbi gəncliyin dünyagörüşünə təsir edəcəyinə inanmaq istərdim.
 
Görkəmli şair Vaqif Bəhmənlinin öz ekspert yazısında təqdir etdiyi “Qısa fikirlər xəzinəsi”nə bu dəfə türk düşüncə tarixinin mütəfəkkir simalarından biri Cəmil Mericin obrazlı düşüncələri Cəlal Bəydillinin təqdimatında sərgilənir. Dünya ədəbiyyatında bu ədəbi formanın maraqlı nümunələrini R.Taqor, J.Renar və s. qüdrətli qələm sahibləri də yaratmışlar. Belə obrazlı fikirlərin jurnalda yer alması keyfiyyət göstəricisidir.
 
Növbəti ünvanım “Qürbət şeirləri”dir. Ənənəvi formada yazmasına rəğmən çağdaş poeziyamızda poetik ruhu ilə diqqət çəkən Baloğlan Cəlilin yeni şeirləri həqiqi poeziya nümunələri kimi “Ulduz”un bu sayını zənginləşdirir. Bu şeirlərdə yurd sevgisi, doğma ocağa bağlılıq, Qarabağ ağrısı məxsusi poetik detallarla sözün yaddaşına hopub. Bədii sanbalı və ictimai mündəricəsi ilə seçilən “Şəhidliyin uca zirvəsi” şeirində türk dünyasına, böyük Atatürkə səmimi sevginin poetik təcəssümünü görürük. Sanki bu təravətli şeir nümunəsi “Çanaqqala keçilməz” deyən böyük Atatürkün harayına ehtiramın güzgüsüdür. Qürbətdə də Qarabağ ağrısı ilə yaşayır şair Baloğlan Cəlil. Poetik əlvanlığı ilə seçilən bu şeirlərdə ictimai-fəlsəfi mündəricə sənətkarlıq məziyyəti kimi diqqətdən yayınmır.
 
“Tərcümə saatı” rubrikasında Mark Tvenin hekayəsini dilimizə çevirən gənc dostuma demək istərdim ki, indi belə tərcümələr oxucuya heç nə vermir.
 
Knyaz Qoçaq bizi cavan rus şairi A.Şerbak-Jukovun yaradıcılıq nümunələri ilə tanış edir. Çox təqdirəlayiq zəhmətdir. Məhz çağdaşlıq prinsipi dünya ədəbiyyatına inteqrasiyamıza zəmin yaradacaq. Məncə, belə şeirlər bəzən orijinalı, yaxud sətri tərcüməsi ilə verilsə, daha yaxşı ədəbi effektə malik olar. Şeirlərdə maraqlı axtarış meylləri diqqət çəkir.
 
Qələminə hörmət bəslədiyim Hicran Hüseynovanın “Pritça”dakı “Hanı o ədalət?” bədii sualını böyük maraqla oxudum. O, “zövq” sözünün etimologiyasından qaynaqlanaraq, cəmiyyətin içindəki zövqsüzlüyə və bundan doğan ədalətsizliyə etirazını yığcam və səmimi düşüncələrlə ehtiva edərək, pritçanın bədii ümumiləşdirməsinə bir çimdik kinayə qataraq, bu yazıya dərin ictimai məzmun verə bilmişdir.
 
Buradan da imzasını çoxdan tanıdığım istedadlı şair-tədqiqatçı Sona Xəyalla “Sələflərimiz” rubrikasında “görüşə” gedirəm. O, istedadlı şair olmaqla yanaşı, həm də ciddi tədqiqatçıdır. Bu tədqiqat yazısı da gərgin əməyin, dəyərli axtarışın nəticəsidir.
 
7 rəqəmi müqəddəs rəqəmlər sırasındadır. Jurnalın 77-ci səhifəsində “Hücrə” rubrikası qərar tutub və bu hücrədə Aləmzər Sadıqqızının “Ömrümün söz şəkli” adlı avtobioqrafik səciyyəli kövrək notlarla dolu yazısını, müəllifin öz fərdi dərdini, iztirablarını, ədəbi-bədii müstəvidə ictimailəşdirməyə cəhd etməsi kimi qəbul etmək olar.
 
“Dərgidə kitab” rubrikasının məramı xoşdur, ədəbi gəncliyə qayğı məqsədi daşıyır. Əfsanə Laçın imzalı gənc yazarın “multfilm” səciyyəli “Yeddi nağılı”nın kitab kimi təqdimatının nəyə lazım olduğu məlum deyil, hər halda seçim doğru deyil. Milli ruhumuzun təravəti duyulmayan, sintetik düşüncələrin istedad etiketi kimi təqdimatını həqiqi istedadlara haqsızlıq sayıram.
 
“Örnək” rubrikasından bəhs etməyi bilərəkdən axıra saxladım. Müasir nəsrimizdə sanballı əsərləri ilə diqqət çəkən istedadlı nasir İlqar Fəhminin rus dilindən çevirdiyi “Meşədə” hekayəsini həvəslə oxudum. Yapon ədəbiyyatının dəyərli imzalarından olan Akutaqava Runoskenin bu hekayəsində milli koloritin, xarakterin yüksək sənətkar məharəti və maraqlı yazı texnikası ilə ehtivasını görürük. Novella elementlərindən bacarıqla istifadə edən yazıçı bu kiçik əsərdə cəmiyyətdəki təbəddülatlara, böyük mətləblərə, insan xislətinə xas olan psixoloji nüanslara yaradıcı ustalıqla işıq salır, qısa cümlələrlə dolğun xarakter yaradır.
 
Hekayədə tamahkarlıq, harama meyllilik, pozğun şəhvət hissi, yalançılıq və s. bu kimi naqis amillər insanın faciəsinin səbəbi kimi həyat faktına əsasən bədiiləşdirilib. Digər tərəfdən yazıçı cəmiyyətdəki ictimai haqsızlıq, rüşvətxorluq, ədalətsizlik faktorlarını da bu sıraya daxil edir.
 
Əsərdə yazıçının ən böyük ideyası milli ruhun, milli xarakterin ölümsüzlüyünün nişanəsi kimi insanın şərəf və ləyaqət hissini həyatdan üstün olmasını cəmiyyətə çatdırmaqdır və bu əsərin bədii həllində təsdiqini tapır.
Jurnalın uğurları göz qabağındadır. Təklif edirəm ki, jurnalda çağdaş ədəbi prosesi təhlil edən icmal xarakterli yazılar mütəmadi yer alsın. Ədəbi axtarış aparan müəlliflərə yaşından asılı olmadan jurnalda yer verilsin. Jurnalın ədəbi istiqaməti gənclik təmayüllü olduğu üçün “Səngər” vətənpərvərlik rubrikası da fəaliyyət göstərsin. Qulu Ağsəs vətənpərvər ziyalı və şair olduğu üçün inanıram ki, jurnalın səhifələrində gənc ədəbi qüvvələrin vətənpərvərlik duyğularının poetik ifadəsinə tez-tez rast gələcəyik.
 
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar