Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yengə” körpüsü


Çingiz Özgür yazır


Yaltaqlıq - insanların özünüdərkindən üzübəri ən aktual ittiham olub. Hamı ondan şikayət edib. Özündə olmadığından yox, başqalarında olduğundan şikayət edib həm də. Heç kəs özündə də olduğunu boynuna almayıb, amma hər kəs ömrü boyu ən azı bir dəfə də olsa, bunda ittiham olunub. Günümüzdə yenə də aktualdı, həmişəki kimi. 
 
Sən demə, bilmədiyim tərəfləri də az deyilmiş. Məsələn, müəllim dostumun bu yaxınlarda mənə danışdığı bu hadisədəki kimi. Hadisə sovetlərin dağılhadağıl vaxtlarında baş veribmiş. Dostum deyir:
 
- Bizim kəndin əsas hissəsi çayın bir tərəfində yerləşirdi. Cəmi bir ev vardı çayın o tayında. Kəndin aşağısında çayın bir tərəfi dağlar idi, amma yuxarı getdikcə, hər iki tərəfə torpaqlar genişlənirdi. Kənd gəncləşib, əhali artdıqca həm yuxarıya, həm də aşağıya doğru böyüyürdü. Əvvəlcə o tayda bir-bir evlər peyda oldu, sonra əməllicə artdı bu evlər və bir də gözümüzü açdıq ki, kəndin yuxarısında, çayın o tayında böyük bir məhəllə yaranıb. Yaranıb yaranmağına, amma yol problemi çox ciddidir. Daha doğrusu, yol yox, körpü. Bir xeyli adamın yaşadığı məhəlləni, çayın üstündə qoyulmuş iki ağacdan ibarət körpüdən başqa, heç nə birləşdirmir kəndə. Maşınlar çayda su az olanda çaydan keçir, amma su çoxalanda maşın əlaqəsi tamam kəsilirdi, hətta su bir az da çoxaldımı, ya da babat bir sel gəldimi, həmin o ağac körpünü qabağına qatıb aparırdı, camaat qalırdı yolsuz, yolağasız...
 
Xülasə, məhəlləyə körpü lazım idi !
 
“O tay” məhəllənin və kəndin başbilənləri yığışdılar, məsləhətləşdilər. Biri dedi “yuxarıya” yazaq, o biri dedi, əşi, nə yazmaq, üzünə duraq... Yox ee, qarışdırdım, o biri dedi, əşşi, nə yazmaq, yığılaq özümüz gedək. Yığıldılar, getdilər rayona, özü də lap yuxarıya. Hə, bizim rayonun hökuməti rayonun yuxarısında yerləşir axı. Getdilər rayonun yuxarısındakı “yuxarı” ilə görüşdülər, danışdılar, dərdlərini dedilər. Deyildi ki, baxılacaq, amma baxılmadı...
 
Körpü məsələsi kəndin qlobal probleminə döndü. Aşağı-yuxarı hər ailənin, hər tayfanın “o tayda” yaşayan qohumu, əqrəbası vardı. Gediş-gəlişlər, danışıqlar, diplomatlar demiş, intensivləşməyə başladı. Di gəl, hər dəfə vəd verilirdi , amma iş yox idi. Məhəllənin gənc sakinlərindən olan Dadaş ha deyirdi ki, məni də aparın, aparmırdılar. Nədi-nədi, Dadaş danışanda bir az yubana-yubana danışır, belə pis çıxmasın, azca kəkələyir.  
 
Növbəti dəfə gediləndə, getməli olanlardan birinin işi çıxır, Dadaş da görür ki, maşında yer var, tez ağ köynək, qara pencəyini geyir, gəlir oturur maşına . Deyirlər, ta yaxşı, aparırıq, amma dinmə haa...
 
Sən demə, rayonun böyüyü, hər dəfə nəsə bir söz tapıb, mız qoyurmuş. Ay “sizin çayın suyu onsuz da azdı”, ay nə bilim, “o taxta körpünü bir az yaxşı düzəldin, ötüşün”. Bu dəfə de deyir ki, üzü yaya gedir, su azalacaq. Camaat deyir, yox əşi, maşallah, qışda qar yaxşı olub, su çətin azala. Başçı deyir, körpünüz var da, gərək evinizə maşınla gedəsiz, körpüdən keçin gedin?! Kəndçilərim qayıdır ki, bəs, o körpüdən iki adam yan-yana keçə bilməz, vallah, o körpüylə alınmır. Başçı da qayıdasan ki, “əşi, bir-bir keçin də, gərək qol-boyun keçəsiz?”
 
Baaa... Ta Dadaşı saxlamaq olar? Orta məktəbdən yadında qalan tək hərəkəti edir, əlini qaldırıb söz istəyir və deyir:
 
- Yyooldaşş bababaşçı! Bibibizim uşaxlarımız bööööyüyüb ee... Bu gün-saaabah evləndirəcəyik. İndi bu gggəlin kökökörpüdən keeeçəndə, buuunun yeeengələri hardan keçsiiinn???
 
Bir həftə sonra, böyük maşınlar, kranlar, inşaatçılar gəldi. Körpünün tikintisi başladı, nə başladı. Elə bil, hər şey kəndin aşağı başında hazır dayanıbmış, maşınlar, kranlar, beton piltələr. Heç bir ay keçmədi ki, körpü hazır oldu.
 
Açılışa lap yuxarıdan gələcəkdilər. Gəldilər də! Məktəb uşaqlarının şer deməsi, Dadaşın anasının yandırdığı üzərriyin tüstüsü, bu tüstünün fonunda, rəhbərliyə yaxınlaşıb təşəkkür edən ağsaqqallar, televiziya üçün götürülən təşəkkür müsahibələri... Hər şey lap yuxarı səviyyədə təşkil edilmişdi. Axşam bütün kənd camaatı televizorun qabağına yığılıb, gündüz şəxsən iştirak elədikləri “Körpü açma” mərasimini izləməyə başladılar. Kənd camaatı baxa bilsin deyə, lap yuxarıdan tapşırılmışdı ki, veriliş gedən vaxt işıq söndürülməsin. O vaxtlar kəndlərdə işıq məsələsi çox ciddi problem idi axı. Uzağı iki saat yanıb, iki saat sönürdü, amma niyəsə həmişə işığın sönən iki saatı, daha çox çəkirdi. Yayınmayaq...
 
Televizorda gördük ki, ağsaqqallardan biri çıxış edib, deyir, bu körpü on yeddi kəndi birləşdirir. Ta bilmədik, ağsaqqal hansı on yeddi kəndi nəzərdə tuturdu. Hə, bir də, kənd ağsaqqalları rəhbərliyə yaxınlaşan vaxt, ağsaqqallardan birinin Dadaşın anasına, yandırıb tüstüsünü rəhbərliyə tərəf verdiyi üzərriyə işarə edərək, “gözümüzə soxma görək” - mənasında verdiyi işarə düşmüşdü. Babat gülməli alınmışdı. Gülüşdük...
 
Bütün danışıqlar, söhbətlər o istiqamətdə idi ki, dövlət bizim kəndə böyük bir hədiyyə verib. Hətta verməyib, bağışlayıb. Bir kimsə də demirdi ki, bəs bu körpüləri, yolları kim tikməlidi bu xalq üçün. Heç mən də demirdim. Nəyimə lazım idi axı. Bəli, sağ olsun hökumət, “on yeddi kəndi” birləşdirən körpünü bizim kəndə saldığına görə!
 
Bir neçə ay sonra rayonun başqa bir kəndində körpü salındı. Balaca rayon olduğundan bilirdik ki, o kənddə də körpü tikilir. Açılışı televiziyadan izlədik. Yenə də işıq söndürülmədi. Həm körpü tikən, həm də işığı söndürməyən hökumətdən niyə narazı olasan ki? Allah balalarını saxlasın!
 
Səhərisi kənd meydanında, çox möhkəm mübahisə başlanmışdı. Mövzu digər kənddəki körpünün uzunluğu idi. Televizorda baxanlar, heç cür müəyyən edə bilmirdilər, o kənddəki körpü uzun və böyük idi, yoxsa bizim kənddəki. Maraqlı mövqelər vardı, hərə bir söz deyirdi, amma razılığa gələn yox idi. Birdən hamı dayandı və mənə tərəf döndülər. Orta yaşlı bir kəndçim “bunu bilsə-bilsə, müəllim biləcək” ədasıynan sual verdi:
    - Məllim, axşam baxırdın?
    - Hə....
    - Sən nə hiss elədin, o böyük idi, yoxsa bizimki?
   - O kənddəki böyükdü.
   - Televizordan bilmək olmur axı, ay məllim. Odey, toy kasetlərində məni elə göstərir, elə bilərsən Vandamam, Cimiyəm, zadam ...
   - Mən televizordan bilmədim ki...
    -Həə? Görmüşdün o körpünü? Yolun düşmüşdü o tərəflərə? - Səsi “ çox şükür, mübahisə bitdi” formatına, sakit tona keçdi.
    - Yox, görməmişdim...
     - Bəs nədən bildin ay məllim? - səs yenidən yüksəldi.
     - Nədən biləcəm. Görmədin, o kənddəkilər bizim kənddəkilərdən daha çox yaltaqlanırdı???
      Dağılışdıq... (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar