Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Eyni situasiyanı ANS bağlananda da gördük” - Nurlan Ağa

PİA.az Ərzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutu Jurnalistika kafedrasının doktorantı Nurlan Ağanın (Salamov) Yenisabah.az-a müsahibəsini təqdim edir:

- Doktorantura tələbəsi kimi Azərbaycan mediasının bugünkü vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə, Zərdabi ideologiyasını qoruya bilmişikmi?

- Zərdabi ideologiyasını biz istəsək də, qoruya bilməzdik, çünki jurnalistika elə bir sahədir ki, burada zamanın tələbləri çox tez dəyişir. 2011 və 2021-ci ili müqayisə etsək, arada 10 illik fərq var, lakin inkişaf 10 illik yox, 100 illikdir. Rey Kurzvel deyirdi ki, inkişaf elə bir mərhələyə gəlib çatacaq ki, bir əsrlik yox, min illik inkişaf yaşanacaq. 1875-ci ildən bəri və ya Azərbaycanda “Aydınlanma” hərəkatının ilk mərhələsi ilə 2021-ci ili biz müqayisə edə bilmirik, çünki hər şey çox fərqlidir. Sadəcə əsas dəyərləri qoruyub saxlamaq lazımdır.

Azərbaycan mətbuatı bunu qorumalıydı, lakin bacarmadı, bunun həm subyektiv, həm də obyektiv səbəbləri oldu. Ən çox da obyektiv səbəblər təsir göstərdi. Çünki demokratik cəhətdən baxdıqda kifayət qədər azad olmayan ölkələrdə mətbuatın da vəziyyəti ağır olur. Azərbaycan mətbuatı ən çox bundan əziyyət çəkir. Azərbaycan mətbuatı, əslində, bir çox cəbhədə vuruşmaq məcburiyyətində qalır və bunun da səbəbi həmin o imkansızlıqlardır.

Dünyanın hər yerində şou jurnalistikası var, amma digər yerlərdə maarifçiliklə məşğul olan digər versiyalar da var. Məsələn, Habertürk TV-də diskussiya proqramlarında saatlarla elmi müzakirələr aparılır. Elmi müzakirələr üçün ayrıca proqramlar da mövcuddur. Biz Azərbaycan televiziyalarında bunu görmürük. Elmi müzakirəyə, ümumiyyətlə, yer verilmir, diskussiya proqramları isə çox azdır. Bu cəhətdən Zərdabinin görmək istədiyi şey nə həmin vaxt, nə indi özünü doğruldur. “Əkinçi” də iki illik bir proses oldu. Sonra davamı təbii ki, gəldi, amma proses çox çətinliklə davam edirdi. Çünki Çar Rusiyasının təsiri vardı, sonra sovetlər təsir göstərdi.

Bugünkü dövrdə də eyni şeylər yaşanır və bu sıxıntı altında qalmış mətbuat məcburdur ki, özünü ayaqda tuta bilsin, qəzet kağız ala, sayt işçisinə maaş verə bilsin. Bunun üçün də onlara elmi müzakirə yaramır. Tutaq ki, proqram yaratsaq, o proqramı aparacaq olduqca mütaliəli bir aparıcı tapmaq lazımdır, tutaq ki, aparıcı tapdıq, çıxış edən elmli ekspert tapmalıyıq, onlar azlıq təşkil edir, elmi aydın diksiya ilə dərindən təhlil edən az sayda alimimiz var, hər dəfə verilişə eyni adamı dəvət etmək isə yorucu olacaq.

- Mətbuatdakı 30 illik fərqi müqayisə etməyinizi istərdim. Azərbaycanda az da olsa, nələrinsə müsbətə doğru dəyişdiyini düşünürsünüzmü?

- 30 ildə dünyada çox böyük bir inkişaf yaşanıb. Azərbaycanda isə müsbətə doğru inkişafın olduğunu demək bir qədər çətindir. Məsələn, Türkiyədə televiziya 1968-ci ildə qurulub, Azərbaycanda isə nə qədər əvvəl bu proses baş verib. Lakin bu gün Türkiyə ilə Azərbaycanın televiziya kanallarını müqayisə etsək, təkcə say baxımından böyük fərq görərik.

Üstəlik, bizdə bir tərəfdən də qalanları bağlayırlar. Seçim çox azdır, izlənilən isə müəyyən dərəcədə İTV və AzTV-dir, ARB-ni isə insanlar sadəcə izləməyə məcbur qalırlar. Çünki verilişlərdə keyfiyyət olmur. Əksəriyyət məcbur onlayn televiziya kanallarına üz tutur. Amma bu, belə olmamalıdır. İzləyici televizorun qarşısına oturduqda orijinallığı tapmaq üçün onun çoxlu seçimi olmalıdır. Əslində, televiziya zibilliyi də olmamalıdır, lakin bu gün biz variant az olsa da, Azərbaycan televiziyalarında onu görürük. Olduqca paradoksal vəziyyətdir.

Televiziyamızda müəyyən dərəcədə inkişaf 2019-cu ildən ortaya çıxmağa başladı. AzTV bir qədər formatını dəyişdi. İTV isə çox böyük inqilab elədi, xüsusilə “3D” verilişi çox əhəmiyyətli idi. Bununla ərəb, islam, şərq, türk coğrafiyasında robot aparıcılı ilk tənqidi xarakter daşıyan veriliş ekrana çıxdı. Azərbaycan mətbuatının təməlində, “Molla Nəsrəddin”, “Zəmbur” kimi jurnalların təməlində satirik məzmun vardı, yəni düşüncə tariximizdə tənqid olub, onların davamçısı isə həmin “3D” verilişi və İTV ola bilər. Ona görə bu televiziya daha çox sevilir.

Buradakı inkişafda Avropa Şurasının rolu böyükdür. Çünki İTV Azərbaycanın Avropa Şurasına üzv kimi qəbul edilməsinin şərtlərindən biri idi. 2001-ci ildə Azərbaycan üzv kimi qəbul olunanda belə bir öhdəliyi üzərinə götürdü. Hazırda Azərbayn İTV-dən imtina etsə, Avropa Şurasından da çıxmalıdır. Ona görə də Avropa Şurası İTV üzərindən bir basqı qura bilir. Buna görə də İTV nisbətən azad imkanlara sahibdir.

2019-cu ildə ölkədə müxalif hərəkat daha çox alovlandı, Azadlıq meydanında ard-arda mitinqlər təşkil olundu və ardınca feminist aksiyaları keçirildi və Avropanın diqqəti daha çox Azərbaycana yönəldi. Elə bu zamanlar İTV inqilabı oldu, rəhbərlik dəyişdi, Balakişi Qasımov gəldi və çox gözəl yeniliklər elədi.

Lakin bildirim ki, 2001-ci ilə qədər də müəyyən hazırlıqlar vardı, məsələn, 1998-ci ildə senzura, ölüm hökmü, daha sonra Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunub, jurnalistikanın nəzarəti isə jurnalist təşkilatlarına verilib. Bundan sonra Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası yaradıldı.

- Hazırda Azərbaycanda çoxluq təşkil edən xəbər saytları barədə nə deyə bilərsiniz?

- Keyfiyyətə baxdıqda nəticə o qədər də ürəkaçan deyil. Əvvəldə də qeyd etdiyim kimi, elmi müzakirələrə çox az yer ayırırlar, bu, sadəcə tanınmayan bloqlar formatında baş tutur. Bakı Fəlsəfə İnstitutu, Bakı Tədqiqat İnstitutu olmalıdır ki, onların da çoxunun təməli xaricdən gəlir. Amma böyük bir təşəbbüs olaraq bu tip şeyləri gömürük. Sadəcə “Belə-belə işlər” səhifəsini müəyyən mənada boşluğu doldurduğunu, qısa formada maarifləndirici videolar hazırladığını deyə bilərik. Burada xüsusi məqam da var ki, həmin səhifəyə maraq çoxdur. Çünki Aristotelin də dediyi kimi, hər insan təbiəti gərəyi bilmək istəyir. Öyrənmək, bilgiyə aclıq insanın təbiətində var. Bu azərbaycanlılara da aiddir. Biz onlara bilmələrinə ehtiyac olan şeyləri göstərsək, müsbət nəticə görəcəyik. Çünki Lord Reyzin də dediyi kimi, çox az insan nə istədiyini, ondan da az insan nəyə ehtiyacı olduğunu bilir.

Təəssüf ki, bugünkü iqtisadi əsaslar, kapitalizm insanların ehtiyacı olan bilgini vermək istəmir. Saytlarımız da elə bundan əziyyət çəkir.

- Azərbaycanda mətbuat azadlığının hansı səviyyədə olduğunu ehtimal edirsiniz?

- Mətbuat azadlığı indeksini ölçən qurumlar var və biz statistikaya əsasən, Azərbaycanın bu məsələdə çox aşağı sıralarda olduğunu deyə bilərik. Bütün dünyada senzura var, bu, çoxdan tənqid edilən bir şeydir. Con Keynin “Media və demokratiya” kitabını oxuduqca Azərbaycan mətbuatını izah etdiyini düşünürsən, ancaq o, əslində, Britaniya mətbuatından yazırdı. Yəni eyni şey orada da var. Həmçinin Fransa, Almaniya, Birləşmiş Ştatlar, İspaniya, İtaliyada da var. Amma biz burada nisbət dərəcəsini əsas götürürük. 1997-ci ildə Avropa İttifaqı komissarlarının konfransında Lunaço Violante rüşvətlə bağlı belə bir ifadə işlədir: “Korrupsiyadan heç bir ölkə sığorta olunmayıb”. Yəni hər bir ölkədə bu baş verə bilər. Sadəcə biz onun qarşısını almalı və araşdırmalıyıq.

Belə bir situasiya olduğunu tez ifşa edib vəziyyətin yaxşılaşdırılması üçün çalışmalıyıq. Norveç mətbuatında da senzura var, amma fərqimiz nədir? Orada bir yanlışlıq olduqda bu, üzə çıxarılır, araşdırılır, ölkə gündəminə gətirilir və həll edilir, yəni üstü örtülmür. Çünki bir ölkəni əhatə edən problem ancaq ifşa olunaraq həll edilə bilər. “Watergate” skandalı Niksonun hökumətdən istefa verməsinə səbəb oldu və bunu jurnalistika etdi, bunu “Der Spiegel” kimi jurnallar elədi. Fərqimiz budur. Azərbaycanda fövqəl bir hadisə baş verdikdə Prezidentin məsələ ilə bağlı açıqlama verməsi gözlənilir. Bundan sonra mətbuat onu araşdırır. Halbuki bu, tərsinə olmalıdır. Çünki bütün azadlıqların həyata keçirilməsinə dövlət nəzarət edir, mətbuat isə dövlətə nəzarət edir. Mətbuat belə bir azadlıqdır.

- Bəs sizcə, yaxşı jurnalisti necə olmalıdır?

- Yaxşı jurnalist hərtərəfli biliyə malik olmalıdır. Bilmədiyi mövzuda danışmamalı, yazmamalı, sərhədlərini bilməlidir. Azadlıq və hüquq insanın sərhəddini bilməsidir. Bir mövzunu dərindən araşdırmadan onun haqqında danışılmamalıdır. Məsələn, general Polad Həşimov şəhid olan zaman cəbhədə ara qarışmışdı. Bizim kafedra müdirimiz mənə mesaj yazıb bu mövzu ilə bağlı bir yazı hazırlamamı təklif etmişdi. Lakin mən müəllimə təklifi üçün təşəkkür edərək bunu edə bilməyəcəyimi bildirdim. Çünki mövzu haqqında bilsəm də, yazacaq səviyyədə məlumatlı deyildim.

Daha sonra isə məlumat toplayaraq doktorantura seminarımı bu mövzuda yazdım və bu gün müəllim mənə eyni şeyi təklif etsə, həmin yazını yaza bilərəm. Çünki o mövzuda nə qədər kitab əldə edib oxudum. 1823-cü ildəki vergi dəftərlərindəki Qarabağın azərbaycanlı əhalisi ilə erməni əhalisinin nisbətinə qədər öyrəndim, ona görə də bu gün özümü həmin mövzuda danışacaq səviyyədə hesab edirəm, dərindən təhlilə isə hazır olduğumu düşünmürəm.

Yaxşı jurnalist də dayanacağı yeri bilməli və dayandığı yerdə elə hərəkətlər etməlidir ki, onun addımlamağını o dayandığı yerdəki nüfuzu müəyyənləşdirməlidir. Yəni onu hərəkətləri irəli aparmalıdır.

- Bildiyiniz kimi, elə müharibə dövründə əksəriyyət medianın bərbad vəziyyətə salınmasından gileyləndi. Cəbhə jurnalistlərinin informasiyanı vaxtında çatdırmadıqlarını, bir çox məlumatı Türkiyə kanallarından əldə etdiklərini dedilər. Necə düşünürsünüz, həmin vaxt problem jurnalistlərdə idi, yoxsa onların təmsil etdiyi media qurumlarında?

- Problem nə jurnalistlərdə, nə də onların təmsil etdiyi media qurumlarında idi. Təmələ gəldiyimizdə problem Azərbaycan mediasının belə bir vəziyyətlə qarşılaşmamağında idi. Eyni situasiyanı biz 2016-cı ildə ANS bağlananda da gördük. Azərbaycan mediasında bu cür hazırlıqlar görülmədiyi və ya bura çərçivələmənin daha basqın olduğu bir yer olduğu üçün belə halları gördük. O jurnalistlər və media qurumları bəlkə də sadəcə peşəkarsızlıqlarına görə məhz belə nəticə yaşamadılar. Çünki onlar nəyi nə vaxt və necə edəcəklərini çox yaxşı bilirdi, amma qorxduqları və ya bir xəbər gözlədikləri üçün heç nə eləmirdilər. “Yaz, çək və ya yayımla” əmri gəlmədiyi üçün addım atmırdılar.

Günəşli yatağında yanğın olmuşdu və neftçilər çox böyük zərər görmüşdü, həmin vaxt o xəbəri Azərbaycan mətbuatı dura-dura, ilk “Reuters”in Bakı bürosu verdi. Özü də bu hadisə ölkənin paytaxtında baş vermişdi. Çünki bizimkilər xəbər gözləyirdi, “Reuters” isə belə bir şey gözləmirdi. Təməl elə bunda yatır.

- Bir həftə əvvəl iki həmkarımız Kəlbəcərdə vəzifə başında şəhid oldu. Bu faciənin baş verməməsi üçün media orqanının atmalı olduğu hansısa addım vardımı? Hesab etmirsinizmi ki, onları heç olmasa, zirehli maşınla təmin etmək mümkün olardı?

- Şəhid həmkarlarımıza ilk əvvəl Allahdan rəhmət diləyirəm, bu hadisəyə çox üzüldüm. Bu hadisənin təməlində bir insan ölümü, bir ailənin ümid işığının sönməsi var və çox ağırdır. Ümid edirəm ki, bu hallar təkrarlanmaz.

Reallığa baxdıqda isə jurnalistika elə budur, dünyanın ən təhlükəli peşələrindən biridir. Jurnalist reportaj anında yaralana, jurnalistin başına daş düşə, hətta ölə də bilər, ancaq hadisə anında mütləq orada olmalıdır. Bu hadisədə can alan mina idi, nə qədər çox təhlükəsizlik tədbiri görülmüş olsaydı da, o, torpağın altına basdırılmış bir şeydir. Düzdü, müəyyən səhlənkarlıqlar var, çünki müharibənin bitməyindən çox vaxt keçib. Lakin prosesin necə irəlilədiyini bilmədiyim üçün mövzuda dərinliyə varmağım mümkün olmur. Məsələn, mən deyə bilərəm ki, bir neçə ay keçib, həmin ərazini təmizləmək olardı, lakin bəlkə də mina o qədər çoxdur ki, onu etmək mümkün olmayıb. Fikrimcə, tədbir alınmış olsaydı belə, bu hadisə baş verəcəkdi.

Çox qəribə bir situasiyadır, ancaq dediyim kimi, jurnalistika təəssüf ki, budur. Həmin ərazidə bir hərbçilər, bir jurnalistlər vardı, onlar eyni qədəri paylaşırlar. Bax bu dərəcədə ağır bir peşədir. Cəsarət, peşəkarlıq tələb edir. Lakin təbii ki, mümkün qədər hər şey təhlükəsiz formada təşkil olunmalıdır. Dostoyevski deyir ki, birinci səhvin qəza, ikinci xəta, üçüncü isə seçimdir. Ona görə də təki bunlar qəza mərhələsində qalsın.

- Bir çoxları Azərbaycan mediasındakı bugünkü nöqsanları Əli Həsənovun və Vüqar Səfərlinin adı ilə bağlayır və artıq bu şəxslərin ikisinin də mediada yeri yoxdur. Hətta KİV DF də ləğv edilib. Buna baxmayaraq, mətbuatda fövqəl bir yenilik olduğunu düşünürsünüzmü?

- Hakslinin “Cəsur Yeni Dünya” əsərində hipnopediadan danışılan belə bir səhnə var. Orada uşaqlara yuxudaykən onlara müəyyən məlumatlar öyrədilir. Təlqin olunur ki, Nil Afrikanın ən uzun, dünyanın isə ikinci ən uzun çayıdır. Missisipidən sonra gəlir. Uşaq ayılanda isə Nil deyən kimi o yuxuda təlqin olunanı danışmağa başlayır. Ancaq sual verəndə ki, dünyanın ən uzun çayı hansıdır? Uşaq bunu bilmədiyini deyir. Yəni elm elə bir şeydir ki, mövzusunu bilmədən, onun özünü bilə bilməzsən.

Vüqar Səfərlinin, Əli Həsənovun özləri bu gün olmasalar belə, mətbuatda hipnopediya kimi bir şey qoyub gediblər. Nə soruşulsa artıq əzbər deyilir, fərqli baxış bucaqları, fərqli fikirləri səsləndirmək hələ də təhlükəli hesab olunur. Fövqəl bir yenilik olduğunu da düşünmürəm, var ancaq çox azdır. İTV, AZTV ilə bağlı sadaladığım müsbətə doğru dəyişikliklər isə onlardan öncə olmuş şeylərdir.

- Sizcə, yeni yaradılan Medianın İnkişafı Agentliyi KİV DF-nin mətbuata vurduğu zərəri aradan qaldıra biləcəkmi?

- Medianın İnkişafı Agentliyinin KİV DF-nin vurduğu zərəri aradan qaldıracağını düşünmürəm. Gözəl işlər görsə, nə yaxşı. Çünki biz İslam Şərqinə demokratiya öyrətmişik, bu gün yenə eyni şeyi etmək istəyirik. Nəyisə tənqid edəndə onu sevmədiyimizi deyirlər, lakin əksinə, insan bir şeyi sevəndə, inkişafını görmək istəyəndə daha çox tənqid edir. Bizim mətbuatımız ağır sınaqlardan keçib. Azərbaycanın tarixinə yaraşan bir inkişaf olmalıdır. Medianın İnkişafı Agentliyinin belə bir təşəbbüsü göstərməyi və bu yolda çalışmağı isə hər birimizin arzusudur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar