Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Flora xanımı bağrına basdı: Bəs Nuru Paşa?..

Fazil Mustafa
Millət vəkili

Bir müddət öncə Şuşada keçirilən "Xarı Bülbül" festivalını televiziya ekranından canlı yayımda izlərkən tamaşaçılar arasında xalq artisti Flora Kərimovanı görəndə arzuladığım tədbirin baş tutduğunu düşündüm. Əminəm ki, birbaşa ölkə rəhbərliyinin xüsusi göstərişi ilə bunu etmişdilər və bu, dövlət adına ən ibrətamiz bir davranış idi.

İndi də günün bəlkə də ən anlamlı xəbəri böyük sənət adamımız Flora xanım Kərimovaya "Şərəf" ordenin və Prezidentin fərdi təqaüdünün verilməsi oldu. Düşünmürəm ki, hansısa orden və ya təqaüd Flora xanım üçün ömrünün-gününün bu çağında hansısa arzuladığı hədəf sayılardı. Sadə, mütavazi yaşamını bundan sonra da davam edəsiydi və Azərbaycan sənət dünyasında elə bir kapital yığmışdı ki, bu məmləkət və onun insanı durduqca o səsin canlılığında öz ruhunu təzələyəcəkdi, şirin bir nostalgiya anları yaşayacaqdı. Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Hacıbaba Hüseynov, İslam Rzayev, Flora Kərimova, Akif İslamzadə və adını çəkə biləcəyim onlarla sənət adamının qarşısında təqdimatda hansısa titulu işlətmək belə yersizdir. Bir də bu adların, təqaüdlərin, orden-medalların protokol və ya ölkənin reallıqları nəzərə alınaraq verilməsi dövlətin işi olsa da, cəmiyyətdə həmişə layiq olan və olmayanların ayırımı üzrə dəyərləndirilir. Bu adı alanların bir qismi onsuz da sənətin qan yaddaşında qalmırlar və hansısa inzibati yollarla bunu həmin yaddaşa pərçimləmək də mümkünsüzdür.

Burada sadəcə söhbət dövlətin Flora xanıma münasibətindən gedir. Azərbaycanın nadir istedad sahibi olan şəxsiyyətlərinin sayı elə də çox deyil. Hamımız faniyik, bu insanları dövlətdən küsülü vəziyyətdə saxlamaq olmaz. İqtidarı qoyun sevməsin, tənqid etsin, ancaq dövlət məbədinin qapısını bu insanlara heç bir halda bağlamaq olmaz.

Şuşa işğaldan azad olunandan sonra biz yalnız düşmənin dağıtdığı torpaqları deyil, həm də siyasətin dağıtdığı münasibətləri bərpa etməliyik. Oradakı minalar qədər buradakı minaları da təmizləməliyik. Niyə böyük Məhəmməd Əmin bəyin Bakıda yaşadığı mənzili dövlət büdcəsindən ayrılan vəsaitlə alıb xaricdəki əşyalarını ora toplamayaq? Axı itib-batacaq? Niyə insanlarımız bu böyük şəxsiyyət haqqında bu muzeyi ziyarət edib öz şərəfli tarixi keçmişi barədə düşüncə sahibi olmasınlar? Milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə münasibət də kökündən dəyişməlidir. Verin küçələrdən, məktəblərdən, parklardan birinə adını. İdarəetmə anlayışını yanlış hesab edirsiniz, anlayışla qarşılayıram. Axı bundan sonra idarə etməyəcək ki? Ancaq dövlətin öz yaxın tarixinə sayğı ilə yanaşması dövlətin özünün nüfuzu üçün çox-çox vacib amildir. Nuru Paşa bu məmləkəti xilas edib, bir vəfa borcumuz var, bu şərəfli komutanın adını bir hərbi məktəbə vermək də mümkün deyil? Bu il rəsmi səviyyədə 140 illik yubileyi qeyd olunmayan Azərbaycanın ikinci baş naziri Nəsib bəy Yusifbəyli Batumda həbsxanada olan Nuru Paşanı xilas etmək üçün Böyük Britaniya kimi bir dövlətlə konfliktdən qorxmayaraq gizli silahlı qrup yaradaraq onu həbsxanadan qaçıranda demişdi ki, Nuru Paşanın qarşısında millətimin namus borcu var, onu darda buraxa bilmərik. İndi namus borcumuz olan adama sərgilədiyimiz münasibətdən razıyıqmı? Doğrudanmı ruhən bizə yabançı Rixard Zorgenin Azərbaycana bağlılığı qədər də onun bağlılığını görmürsünüz?

Bu ilin may ayında gözəl şairimiz Musa Yaqub dünyasını dəyişdi. Ölümündən az öncə ölkə prezidenti "xalq şairi" adını vermişdi. Yəni sevinirəm ki, dövlət öz şairini o dünyaya küsülü yola salmadı. Ramiz Rövşənə də o dəyəri verdilər, məşhur filmdə deyildiyi kimi, söhbət başqa şeydə deyi, sadəcə "diqqətli olmaqdadır". Bu günlərdə dövlət xətti ilə dəyərli sənətkarımız Cavanşir Quliyevin dəvət olunaraq Şuşaya aparılması nə qədər anlamlı bir jest idi. Ona da layiq olduğu dəyərin verilməsi vacibdir, iddia etdiyi hansısa qadağalar varsa götürülməlidir ki, bu müqəddəs dövlətlə küsülü vəziyyətdə qalmasın.

Düşünürəm ki, eyni jesti iqtidarı sərt tənqid edən yaşı 90-nı haqlamış dünyada sayılan yazarlarımızdan olan Çingiz Hüseynova da qarşı etmək lazımdır. Artıq böyük qələbədən sonra bu şəxsiyyətlərin iqtidarla münasibətini bir kənara qoyub, dövlətə sevgisini qiymətləndirmək lazım. Burada adını xatırlatmadığım şəxsiyyətlər ola bilər, əslində söylənənlər hamısına aiddir. Türkiyə uzun illərdən sonra Ənvər Paşanın məzarını Pamir dağlarından gətirib hörmətlə Vətəndə dəfn etdi. Nazim Hikmət uzun illərdən sonra məmləkətində layiq olduğu dəyərinə qovuşdu. İdeologiyaların, düşüncələrin, dünyagörüşlərin barışmazlığı hər zaman onlardan ucada dayanan dövlətə zərər vurmamalıdır. Dövlət bütün xalqındır, millətindir, hər hansı iqtidar-müxalifət savaşı, ziddiyəti dövlətin zəifləməsinə gətirib çıxarmamalıdır.

Bunları ona görə deyirəm ki, bu iqtidarın başında duran İlham Əliyev tariximizin ən böyük qələbəsinin memarıdır, erməni məsələsini də sonadək addım-addım çözməyi öz qətiyyəti ilə bacaracaq, ancaq bundan öncə öz içimizdə cəmiyyətin şəxsiyyət olaraq qəbul etdiyi beş nəfər də olsa, on nəfər də olsa, dəyərlərin dövlət adına dəyərləndirilməsindən qorxmamalıyıq.

Flora xanıma verilən əslində təqaüd və yaxud orden deyil, bu hadisə millətin sevdiyi sənət korifeyini dövlətin qucaqlamasıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar